İsa Mehdioğlu. Nəimi haqqında bəzi bilgilər

Fəzlullah Nəimi Təbrizi (1939(40) -1394) ilk təhsilini Astarabadda alıb. Sonra Təbrizdə davam etdirib.  Gənclik illərində çətin dolanışığı ilə bağlı Təbrizdə papaqçılıqla məşğul olub. Nəimi papaqçılıq edən zaman görkəmli sufi şeyxi Şiblinin müridi olur. Onun ideyalarına yiyələnir, davamçısı kimi, qabaqcıl sufilik mövqeyindən çıxış edir. O, özünün düşüncə yaxınları  arasında qabaqcıl sufizm ideyası olan “Vəhdəti-Vücud” fəlsəfəsini təbliğ edir. Sonra isə Hürufilik təriqəti ilə məşğul olur.1386-cı ildə Təbrizdə Hürufilik təriqətini elan etməklə onun əsasını qoymuş və Hürufilik məktəbini yaratmışdır. Ona görə də “Əl-Hürufən” adı ilə məşhur olmuşdur. O bir çox müridlər, mürşidlər yetişdirmişdir. Sonra Təbrizdən Bakıya gələrək, Bakıda Hürufilik mərkəzi yaradır. Mərkəzə, müridi Əli ül-Əla başçılıq edir. Nəimi Azərbaycanı Hürufilik təriqətinin oyanış mərkəzi adlandırırdı. Bakı sufilik təriqətinin başcısı Əli ul- Əla özünün  “Kürsünamə” əsərində yazır: “Sevimli Fəzlin vəhdət günəşi ilk dəfə Azərbaycanda doğdu. O, müqəddəs ölkəmizdən biridir”. Sonra “Qiyamətnamə”əsərində göstərir ki, “Fəzl Bakıdan getdikdən sonra onun ardıcılları fəaliyyətlərini dayandırmadılar”. Nəiminin Nəsimi və başqa müridləri tərəfindən Hürufilik təriqəti İrana, İraqa, Türkiyəyə, Suriyaya və başqa müsəlman ölkələrinə yayıldı”.

Hürufilik təriqətinin əsas ideyası odur ki, “Allah özünün bənzəri kimi, yaratdığı insanın simasında özü və adı ilə təcəlla edir. İnsanın üzündə Allah adının yazılması insanda allahın təcəllasıdır deyir. İnsanın düz bədəni əlif (a) hərfidir. İnsanın burnu (L) lam  hərfidir. İnsanın qoşa gözü, hey hərfidir. Beləliklə ALLAH insanın üzünə həkk olunmuşdur deyir. Hürufilər, sözləri varlığın əsası kimi götürürlər. Qurandakı sözlər Allahın varlığı ilə insana təcəlla edir deyirlər.  Hürufilik təriqəti dünyagörüşünün bir çox cəhətlərində vəhdati-vücud fəlsəfəsindən qidalanır. Elə o səbəbdən də  vacibül-vücudçu ruhnilərin təqiblərindən yaxa qurtara bilmirdi.

Nəimi Hürufilik ideyalarının ona tuşunda (yuxusunda) gəldiyini deyirid. O,“Əlimdə par-par  yanan bir qılınc tutmuşum, bir münəccim öz elminə uyğun olaraq, onun üzərində yazıb ki, “bir neçə üsyan olacaq”. Bu üsyan sözündən sonra bir neçə dəfə  “Astarabadlı Fəzl” sözləri yazılmışdı və həmin qılınc mənim əlimdə idi” deyir.

Nəimi həbsdə olan zaman, “Cavidan-Namə” (əbədiyyət haqqında kitab) əsərini yazır və orada Hürufilik təriqətinin yollarının icra olunması haqqında bilgilər verir.

Fəzlullah gələcək taleyini yuxusunda görməsi haqqında öz əsərində yazır: “Cümadi-əl-Üla ayında tuşumda gördüm ki, çərşənbə günü bir çolaq adam məni edam etməyə gətirdi. O məni öldürdü. Ancaq gördüm ki, mən ölməmişəm, sağam.”Nəimi “Vəsiyyətnamə” əsərini də tustaq olanda, ölümünə hökm veriləcəyinə inanandan sonra yazmışdır.

Nəiminin Hürufi görüşləri bütün insanların, dinindən, irqindən asılı olmayaraq, bir ilahi eşqlə sevilməsini və qorunmasını təbliğ edir. Nəimiyə görə, Allahın varlığının təbiətdə, əşyada, xüsusilə insanda təcəssümü mövcuddur.  Nəimi Hürufilik dünyagörüşünü vəhdəti-vücud fəlsəfəsi əsasında aydınlaşdıraraq deyir:  “Quranda göstərilir ki, Allah insana nəfəs verərək onu cana gətirmişdir. Belə olan halda Allah insandadır. Allah insan simasında təcəlla etmişdir.”

Hürufilik təlimində ulu Tanrı həm özünə bənzətdiyi insan sifətində, həm də ilahi səsdə və hərflərdə təcəlla edir. Nəimi idrak prosesində nitqdə hərflərin, ağlın, ruhun roluna xüsusi yer vermişdir.

Nəimi “Cavidannamə” (“Cavidani-Kəbir” – böyük əbədilik, “Cavidani-Səğir”) əsərində təsəvvüf baxışlarından istifadə etmişdir. O, təsəvvüf və hikmət elmlərində yüksək rütbəyə çatmış, hürufiliyin sirləri haqqında tədqiqat aparmışdır.

Nəimi dünyanın yaradılışında özündən öncəki sufilərin qəbul etdiyi dörd ünsürün varlığını əsas götürərək deyir: “Dörd ünsürün vəhdəti olan aləm dərk ediləndir və onu insan dərk etməlidir”. O, deyir: “Bu aləm, əbədi dövrü inkişaf prosesindədir. Hər bir öncəki pillə özündən sonrakının başlanğıcıdır”. Nəiminin bu dünyagörüşü aləmin tədricən, təkamül yolu ilə yaranma ideyasına dayanır. İslamın və onun kitabı Quranın şərhçisi kimi tanınan Nəimi, əslində daha çox onların inkarı meylində durur. Nəiminin ideya mərkəzində ilahiləşdirilmiş və hər şeyə qadir insanın ağlını ön plana çəkən nəzəriyyə durur.

Nəimi dönəmində xalq arasında sufilərin nüfuzu o dərəcədə yüksək olmuşdur ki, onlara “işıq tayfası” (burada işıq Allaha yaxın, nur mənasında işlənir) adını vermişlər. Sufilərin nüfuzunu xalq arasında azaltmağa çalışan ruhanilər, onlara şər atmaqdan da çəkinmirdilər. İslam tarixçisi Əbdür-Rəhman öz əsərində yazır: “Nəiminin yaratdığı bu təriqət çoxlu yandaş toplamış, öz küfrü ilə Cığatayların və başqa ərəb olmayan xalqların çox kəsimini zəhərləmişdi”. Bir çox belə şərlərdən sonra, Əmir Teymur onu dinsizlikdə suçlandıraraq 1394-cü ildə Əlincə qalasında edam etdirir. Nəimi orada da torpağa qoyulur. Nəiminin ölümündən sonra da ruhanilər onun davamçılarına qarşı,  dövlətin əli ilə, əllərindən gələni edirlər, onların kitablarını yandırır, özlərini öldürürdülər.

Deyilənə görə Nəiminin canlı yadigarı olan başdaşı hələ də Əlincə qalasında durur. Çox yazıqlar olsun ki, bu gün onun varisləri, qəbri üzərində, ona yaraşan məbəd ucaltmırlar. Bir də təssüflənirəm ona görə ki, onun əsərlərini bu gün Azərbaycanlılar oxuya bilmirlər. Əldə heç bir çevrilmiş əsəri yoxdur.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv