Soylu Atalı. TÜRK BOYDA DƏRDİMİZ

Bir dostumla telefon söhbətimdə çox nikbin olduğumu söylədim. Həm də halım çox fərəhlidir dedim. Təbiidir. Çünki Asif Atanın Yolu, Amalı, Meyarı adamın içini o qədər zənginləşdirir ki, düşüncələrlə dolmaq, varlığın mayasında İnsanlığın toxunulmazlığı gələcəyə dönməz bir inam yaradır. İnsan gündəlik qayğılarla yaşayır, əməklə, yaradıcılıqla məşğul olur. Belə məqamda onun yadına düşməyə bilər ki, köksündə bir ürək döyünür. Bu döyüntülər insanın əməklə, yaradıcılıqla məşğul olmasının, bütövlükdə isə varlığının və mövcudluğunun qarantıdır. Özlüyündə bu döyüntüləri yaradan və saxlayan ruhaniyyat faktıdır. İnsan nə qədər bu ölçüdən uzaqlaşsa da, özünə yadlaşıb cılızlığa yuvarlansa da, bütövlükdə bəşər gedişatını pozuntulara uğratsa da ruhaniyyatdan birdəfəlik qopub varlığına son verə bilməz. İnsan və ruhaniyyat əlaqəsi ən dərin qatlarda nüvə və elektron əlaqəsi kimidir.

Ancaq bütün bunlara baxmayaraq, zaman baxımından bizi qayğılandıran həyat və dünya sorunları insan ruhuna ağırlıq gətirməkdədir. Özəllikcə siyasi dünyanın mürəkkəbləşdirdiyi və həllinə imkan vermədiyi milli məsələlər daim ağla, düşüncəyə yük olur, dərd gətirir, kədər yaradır. Bizim üçün ən böyük etkiyə malik olan dərd, kədər türk varlığına qarşı davamlı şəkildə həyata keçirilən xəyanətlərdir. Bununla bağlı bəzi məqamlara münasibət sərgiləmək və diqqətləri ona yönəltmək istəyirik. Təəssüf doğurucu haldır ki, Ermənistan dövlətinin yaranmasına tarix bitgin şəkildə yanaşmayıb. Söhbət ötən yüzilin 18-ci ilində Azərbaycan cümhuriyyətinin yaranması ilə Bakıda, Şamaxıda, Qubada və bir sıra bölgələrdə erməni-bolşevik birləşməsi tərəfindən həyata keçirilən soyqırım məsələsindən gedir. Burada üzdəki məntiq onu göstərir ki, Azərbaycanın qurulmaqda olan, daha doğrusu, genişlənən bolşevik-rus imperiyasının sınırlarından qıraqda qalması imperiya üçün böyük itki olardı. Həm də Qərb və Avropa özü üçün təhlükə təşkil edən Osmanlı imperiyasının çöküşünü surətləndirmək baxımından çabalar göstərirdi. Osmanlının Qafqaza təsirini aradan qaldırmaq və Azərbaycanla coğrafi sınırlarını bağlamaq onlar üçün böyük önəm daşıyırdı. Deməli Ermənistan dövləti yaratmaq bir deyil, bir neçə dövlətin planına daxil idi. Özü də Şərqi Anadoludan başlayaraq İrəvan və s. bölgələrdə. Əlbəttə, məqsəd bəlli prosesləri təhlil eləmək deyil. Bizə görə soyqırımın əsas hədəfi Azərbaycanı sarsıtmaqla bütün Quzey Azərbaycan ərazisində erməni yönətim quralları tətbiq etmək və Azərbaycan türklərini öz yurdlarında etkisiz etnik topluma çevirmək idi. Yəni Ermənistan adlanan dövlət yaradılır bütün Azərbaycan (Quzey Azərbaycan) ərazisində. Beləliklə, Azərbaycan-türk dövlətçiliyinə birdəfəlik son qoyulur. Zatən İran dövləti yaratmaqla min illik türk hökmdarlığına Güney Azərbaycanda son qoydular da (hələlik)…
Osmanlı ordusunun müdaxiləsi ilə bu niyyət pozuldu və Ermənistan dövləti Azərbaycanın bir hissəsində – batı torpaqlarında yaradıldı. Sonra sovetlər bizi ermənilərlə “qardaşlaşdırdı”, soyqırımın üstünə pərdə çəkildi və tarixi cinayət hiddətlərdən silindi. Əcəba, bununla proses başa çatdımı?! Çatmadı! Sovetlər dağılandan sonra rus-erməni birləşmələrinin əli yenidən qanımıza bulaşdı. Yenidən vətənimizin bir hissəsini əlimizdən aldılar. Yenə də tarixi cinayətlər ört-basdır edildi. Amma proses dayanmayıb. Təhlükələr yenə də bizi təhdid edir. Bu gün Azərbaycanın türk toplumu xof altındadır. Zaman-zaman gah ləzgi, gah talış, gah kürd muxtariyyəti məsələsini ortaya atırlar. Buna görədir ki, bu toplumların adları Azərbaycan türklərində xof və qıcıq doğurur. Halbuki, tarixlər boyu türkün bu toplumlara qarşı basqısı baş verməyib. Bu toplumlarla iç-içə yaşayıb türk. Bu toplumlardan türkə qarşı silah kimi istifadə eləyən dünya gücləri yüzillərdir dincliyimizə, əmin-amanlığımıza qənim kəsilir. “İlan vuran alaçatıdan qorxar” deyiblər. Bizə qarşı ermənilər həmin güclərin yardımı və təhriki ilə soyqırım da törədiblər, vətənimizi də bölüblər. İndi də, Sovetlər dağılandan bəri, Yurdumuzda kürdləşdirmə prosesi və xofu yaşadılır. Biz bu təhlükəli tendensiyanı təkcə ayrı-ayrı fərdlərin yazılarında, çağırışlarında deyil, hakimiyyət səviyyəsindəki əməllərdə də müşahidə edirik. Yüksək eşalonlarda kürd kökənli adamların yerləşdirilməsi, iqtisadi bazaların ələ keçirilməsi mətbuatda bəs qədər hallandırılıb və bu məsələlər cavabsız buraxılıb. Əlbəttə, kürd kökənlilərin hansısa vəzifəni tutması qəbahət deyil, əməllərin dövlətçiliyimizi təhdid etməsi qəbahətdir.
Dünya gücləri tərəfindən tərtiblənən Orta Doğu projesinin (Yaxın Şərq lahiyəsi) əsas xətlərindən biri “Kürdüstan dövləti” nin yaradılmasıdır. Kürd toplumunu Orta Doğu xalqlarına qarşı qoymaq türk və ərəb dünyası üzərində Batının etkisini saxlamağa xidmət etdiyi bəllidir. Bu coğrafiya da dörd dövlətin ərazisindən qoparılır: Türkiyə, Suriya, İraq, İran. Əslində İran deyilən bir şey yoxdur, o ərazi Güney Azərbaycan əyalətlərini qapsayır. Deməli, yenə Azərbaycan-türk dövlətçiliyinə son qoymaq niyyəti açıq görünür. Bir tərəfdən dörd dövlətin ərazisində iş gedir, bir tərəfdən də Azərbaycan Respublikasının dövlət strukturlarında. Bizə görə Heydər Əliyevin hakimiyyətə gətirilməsi və bu komandanın 20 ildir qorunması da bu planın tərkib hissəsi kimi görünür. Baxın, H.Əliyev hakimiyyətə gətirilir və gələn kimi dövlət səviyyəsində türk dilini, türk milli kimliyini vurub sıradan çıxarır. Sonra addım-addım kürdləşdirmə siyasəti yürüdülür. Hətta bu gün Vasif Talıbovun Naxçıvanda yaratdığı rejim Naxçıvanı boşaltmağa xidmət edir. Bütün bunlar hansısa qlobal planın gerçəkləşməsinə zəmin yaratmaq deyilmi?! Düşünmək vaxtıdır. Öncə hər şey bizimkilərə nağıl kimi görünür, gerçəkliklə üz-üzə qalanda isə gec olur… Toplumu sürü halına gətiriblər. Hər kəs səhərdən axşama bir tikə çörəkdən başqa heç nə haqqında düşünə bilmir. Siyasi müxalifət dağınıq və bir-birinə qarşı qərəzli. Aydınlar susur. Düşmən isə kəskin şəkildə yorulmadan işləyir. Düşünmək vaxtıdır! Bİr araya gəlmək, ciddi müzakirələr açmaq gərəkdir, sağlam xətt qurulmalı, doğru yön müəyyənləşdirilməlidir və doğru mücadilə aparılmalıdır!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var Olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv