Deyirlər ki, cəmiyyətin inkişafı İdeyalardan yox, İstehsalatdan asılıdır. Bəs İdeyaların (İdrakiliyin, Mənəviliyin, İradəliyin) İstehsalata təsiri yoxdurmu?
İnsan – İnsan olsaydı, quldarlıq istismarı olardımı?
– Feodal istismarı olardımı?
– Kapitalist istismarı olardımı?
– Dövlət istismarı olardımı?
Deyirlər ki, insani münasibətlər iqtisadi münasibətlərdən asılıdır.
Bəs iqtisadi münasibətlər insani (iqtisadiyyatdan kənar) münasibətlərdən asılı deyilmi?
İnsan – İnsan olsaydı, quldarlıq qələbə çalardımı?
– Feodalizm qələbə çalardımı?
– Kapitalizm qələbə çalardımı?– Dövlət Mütləqiyyəti qələbə çalardımı?
Deyirlər ki, insanın dəyişilməsi son nəticədə istehsalatın dəyişməsindən asılıdır.
Bəs istehsalatın dəyişilməsi insandan asılı deyilmi?
Fatehlik Ehtirası olmasaydı – Quldarlıq yaşardımı?
Ağalıq Ehtirası olmasaydı – Feodalizm yaşardımı?
Dəllallıq Ehtirası olmasaydı – Kapitalizm yaşardımı?
Müstəbidlik Ehtirası olmasaydı – Dövlət Mütləqiyyəti yaşardımı?
Fatehlik Ehtirası – Quldarlıqdan əvvəl yaranmadımı?
Ağalıq Ehtirası Feodalizmdən əvvəl yaranmadımı?
Dəllallıq Ehtirası Kapitalizmdən əvvəl yaranmadımı?
Müstəbidlik Ehtirası Mütləqiyyətdən əvvəl yaranmadımı?
Deməli, əslində Quldarlıq – Fatehlik Ehtirasından yarandı.
Deməli, əslində Feodalizm – Ağalıq Ehtirasından yarandı.
Deməli, əslində Kapitalizm – Dəllallıq Ehtirasından yarandı.
Deməli, əslində Mütləqiyyət – Müstəbidlik Ehtirasından yarandı.
Deyirlər ki, İnsanın Heyvandan Fərqi – maddi nemətlər istehsalındadır.
Bu o deməkdir ki, insanla heyvan arasında mühüm fərq yox-dur. Hər ikisində həyatın əsası – maddi ehtiyacların ödənilmə-siylə səciyyələnir.
Deməli, İnsan – istehsalçı heyvandır.
Deyirlər ki, İnsan – son nəticədə istehsalatla müəyyən olunan ictimai münasibətlərin məcmusudur.
Bəs ictimai münasibətləri kim yaradır?
Dünyanı ayağı üstə qoymaq iddiasında olan “Qabaqcıl” Ehkam əslində Dünyanı baş-ayaq salır. İqtisadiyyata sonsuz İnam – İnsana ardıcıl İnamsızlıq yaradır.
Asif Ata. Ehkam İnamsızlığı
İyun 20th, 2020 admin