Araz Gündüz. Vətən nə halda?

Kimsənin millətçilikdə qınaya bilməyəcəyi, əksinə, bəzilərinin guya öz xalqını təhqir etməkdə suçladığı Cəlil Məmmədquluzadə 1916-cı ildə Azərbaycanın sərhədlərini belə cızmışdı:
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.
– Haradır Azərbaycan?
– Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun.

Nəzərə alsaq ki, Mirzə Cəlil siyasi ambisiyalardan uzaq, hər cür şovinist meyllərə qarşı olan, demokratik və humanist bir mütəfəkkir idi, onda onun bu xəritəni cızmaqda güddüyü məqsədin, heç bir illüziyaya qapılmadan, sadəcə, tarixən Azərbaycan adlanan əraziləri tanıtmaq və ən başlıcası bu ərazini özünə vətən etmiş bir xalqın düşdüyü acınacaqlı durumu gözə çarpdırmaq olduğunu demək ən doğrusu olardı. Belə çıxır, əslində Ermənilərin uydurma “Böyük Ermənistan” şovinizmi ilə müqayisədə bizim könüllü olaraq əl çəkdiyimiz “Böyük Azərbaycanımız” olub və biz onun çox kiçik bir hissəsinə sıxışdırılmışıq və buranı da lazımınca qoruya, dəqiq və konkret sərhədləri olan bir dövlətə çevirə bilməmişik.

Azərbaycan qorxunc imperialist planları olan iki böyük dövlətin: Rusiyanın və İranın arasında qalmaqla, hər an öz dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. İran, ümumiyyətlə, Azərbaycan adlanan müstəqil coğrafi anlayışı belə tanımaq istəmir, bu adla çağırılan ərazinin tarixi İran torpağı olduğunu hesab edir və “itirilmiş” ərazilərini qaytarmaq üçün marığa yatıb fürsət gözləyir, üstəlik, vaxtı da boş keçirmədən, şiəlik əsasında formalaşan paniranist ideologiyaya əsaslanaraq, ciddi cəhdlə, ölkə daxilində öz məkrli planlarını yürüdür və əhalini də psixoloji və mənəvi baxımdan bu “gələcək birləşməyə” hazırlayır. Rusiyanın məqsədi də aydındır, o Azərbaycan adlanan bu ərazinin tarixi dövlətçilik keçmişi olmayan, ən müxtəlif etniklərin yaşadığı və “yola getmədiyiyi” “mübahisəli ərazi” kimi tanıyır və ən azından buranı özünün təsir dairəsində saxlamaq üçün hər cür çirkin planlar qurmaqdan və onları gerçəkləşdirməkdən əl çəkmir. İş o yerə çatıb ki, artıq Rusiyaya arxlanan, şimal və cənub bölgəsində getdikcə güc toplayan separatçılar Azərbaycandan özləri üçün konkret sərhədləri olan “torpaq payı” ayırmış və bu düşüncəni inadla və ardıcıl olaraq bəlli etnik qruplar arasında yaymaqda və “tarixiləşdirməkdə” gecə-gündüz demədən çalışmaqdadır.

Hələ bu harasıdır, ölkə daxilində “ziyalılığın” ən yüksək zirvəsində olduğu görüntüsünü yaradan iyrənc bir qrup ümumiyyətlə Qafqaz deyilən bölgədə Azərbaycan adlı bir coğrafi məkanın olmamasından tutmuş, separatçı etnik qruplara həmrəylik və empatiya göstərməyə qədər hər cür rəzilliyə əl atırlar. Təbliğ olunan fikir bundan ibarətdir: Azərbaycan deyilən, sonradan qondarma yolla belə adlandırılan ərazidə, yadelli, gəlmə, yerli köklü etnikləri sıxışdırıb torpaqlarını işğal etmiş yarımvəhşi türklər və onların haqlarını tapdadığı məzlum etniklər yaşayır. Bir sözlə, yaxın gəlcəkdə Azərbaycanın da, “Yuqoslaviya” kimi parçalanması üçün hər cür zəmin hazırlanır. Rusiyada və ümumən dünyada ölkəmizin “xalqlar həbsxanası” olduğu barədə fikir formalaşdırılır, üstəlik əliyevçi rejimin feodal təfəkkürə əsaslanan, insanlığa həqarət sayıla biləcək iadrəçiliyi də, bu fikirin formalaşmasında güclü bir arqument olaraq önə çəkilir.

Bu FB statusumu, dəyərli dostlarımın fikrini bizim düşdüyümüz vəziyyətin necə acınacaqlı və qorxunc olduğuna yönəltmək üçün yazdım. Bəli, vəziyyətimiz təsəvvür edilə biləcəyindən də qat-qat pisdir, ancaq ümidsiz də deyil. Sadəcə, məşhur anektotda deyildiyi kimi, “bilənlər bilməyənləri başa salmaqla” toparlanmaq və Azərbaycan naminə, xalqımızın insanca yaşaması uğruna, birgə çalışmaqdan, dünyadan payımıza düşən torpaqda insanca yaşamağın mümkün olduğu toplum yaratmaq üçün ortaya iradə qoymaqdan başqa bir çıxış yolumuzun olmadığını düşünürəm.

P.S. Yazımın daha yaxşı anlaşılması üçün bir zəruri qeydimi də bildirmək istəyirəm. Bugünkü dünya qloballaşma və bütün insanlığın etnik mənsubiyyətindən, dini-siyasi baxışlarından asılı olmayaraq birgə yaşayışını və bütünlüyünü zəruri edən şərtlər daxilində yaşamağa “məhkumdur”. Dünyanın sivil hissəs, indi sərhədlərin ən az hiss edildiyi, insanların hərəkət və fəaliyyətlərində ən az məhdudiyyətlərlə üzləşdiyi bir həyat şəraiti yaratmağa çalışır. Ancaq həm də, xalqların sahib olduğu torpaqlarda, maksimum səylə, bu şərtlərə uyğun gələn toplumlar yaratması da, bunun zəruri elementi olaraq qalır. Toplananların cəmi onda böyük olur ki, burada hər bir toplanan özü böyük bir qiymətin daşıyıcısı olsun. Biz öz “sıfırımızı” dünya xalqlarının dəyərləri üzərinə gəlməklə böyüyə bilmərik, bununla, sadəcə, varlığı hiss edilməyən, yoxluğu təsdiq olunan bir tərəf olduğumuzu ortaya qoymuş oluruq.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv