(Şapur Qasımiyə yüngülcə cavab)
Bu günlərdə təzadlar.az saytında “Rusiya Qazaxıstandan nə istəyir” başlıqlı bir yazıda adımın hallandırılması ilgimi çəkdi. Yazının müəllifi Şapur Qasımi adlı şəxs idi. Doğrusu, öncələr belə bir imzaya heç yerdə rast gəlməmişəm. Bu yazısını da, əslində özü ilə görüşəndən sonra oxudum. Əl telefonuma zəng eləmişdi. Yazımı oxuduğunu, ilgisini çəkdiyini dedi. Bir az da yaxından tanış olmaq, üz-üzə söhbət eləmək istəyini dilə gətirdi. Danışdıq, vaxt bəlirlədik, görüşdük. Özünün Marksist olduğunu, Leninin qurduğu sistemin Marksizmə bağlı olmadığını bildirdi. 2 saat yarıma yaxın bir vaxtda ən çox o danışdı. Arada mən də öz yolumuzun, ideyamızın anlamına yönəlik açıqlamalar verdim. Dinlədikcə “sən Marksın dediklərini deyirsən” dedi. Bir-birimizə ədəbiyyatlar bağışladıq. Dedim, bizim ədəbiyyatlarımızı vərəqləyin, sonra aydınlaşdırarıq, baxışlarımızda nə dərəcədə yaxınlıq var. Genel olaraq varmı?!
Görüşümüzdən iki gün sonra yenidən zəng elədi: “mən sizin ədəbiyyatları səhifələdim, bizim aramızda heç bir hasar yoxdur, biz əməkdaşlıq edə bilərik” dedi. Doğrusu, məndən çox yaşlıdır, mədəni adama bənzəyir, könlünü incitmək istəmirəm. Dedim, mən də sizin ədəbiyyatınızı oxuyum, sonra düşüncələrimizi bölüşərik. Sonra da saytda gedən yazısı qarşıma çıxdı. Çox ilgincdir, adam mənim yazımı təhlil edib tənqid eləsəydi, zəng edib sayğımı bildirərdim. Ancaq o, mənim yazımın anlamını tutmadan təftiş eləyib, üstəlik məni dövlətə, Türk Birliyinə düşmən çıxarır. Mənə elə gəldi, bu yazını normal düşüncədən uzaq bir adam yazıb. Ancaq dediyim kimi, biz üz-üzə oturub canlı söhbət elədik axı, bu onun yazısıdır.
Öncə onu deyim, Şapur bəyin bu yazısı dilinə, üslubuna, cümlə quruluşuna görə olduqca bərbad, oxunub anlaşılması olduqca zor olan bir yazıdır. Azərbaycan türkcəsinin qramatikasını, ilkin şərtlərlə belə, bilmədiyi anlaşılır. Məncə, nə dediyini, nə istədiyini axıracan özünə aydınlaşdıra bilməyib. Sadəcə basın yayını sistemində belə bir qarışıq-dolaşıq yazı ilə görünməyə tələsiyib. Hər şeyə marksizmin “obyektiv qanunları” açısından yanaşaraq, bir yerdə söylədiyini başqa yerdə danmaqla özünü çıxılmaz duruma sürükləmişdir. Yeri gəlmişkən, Türk milli Birliyinin gərəkliyindən danışmaqla özünün daşıdığı əqidənin prinsiplərinə qarşı davranmışdır. Axı, marksizmə görə millət anlayışı kapitalizmin uyudurmasıdır. Onun üçün milli prinsiplər deyil, genel “cəmiyyət qanunları” əsasdır… Nə isə, bu qonu geniş bir məsələdir, gərəkərsə mətbuat polemikası da açmaq olar. Hələlik isə yazıdakı dolaşıq məsələlərə, ya da belə deyək, Şapur bəyin özünü dolaşdırdığı məsələlərə aydınlıq gətirməyə çalışaq. Bir daha vurğu edirəm, yazının dili, quruluşu çox dolaşıq, çox təzadlıdır. 30-40 sözdən oluşan cümlələrini başa çatdırana qədər gərək bir neçə yol dərindən nəfəs alasan. Bu cümlələrin ortasını oxuyanda başı yaddan çıxır. Yazını oxuyan hər kəs mənim dediyimi təsdiq edə bilər. İndi isə yazıdan uzunsov bir cümləni burada alıntı kimi yazmaqla, dediklərimizə aydınlıq gətirək: “Digər tərəfdən Türk Dövlətləri Birliyinin, hətta vahid Turan Dövlətinin yaradılmasının bütün dünya türkləri üçün fövqəladə önəm və zəruriliyini mən şəxsən hələ 20 il bundan öncə Moskvada və Rusiyanın başqa şəhərlərinə o ağır dövrlərdə ailələrini dolandırmaq üçün gələn sadə, hətta savadsız Özbək, Qırğız, Qazax eləcə də Rusiyanın tərkibindəki türk bölgələrindən olan türklərin də çox yaxşı başa düşməsi, bunu çox tez-tez dilə gətirmələrinin şahidi olmuşam.”
Şapur bəy bu, başı-ayağı bilinməyən 64 sözdən, bağlayıcılardan oluşan cümləsi ilə nəyi inkar, nəyi təsdiq elədiyi bizə bəlli olmur. Yalnız bundan öncəki cümləsi ilə anlamaq olar, sözləri fırlayıb hara gəldi səpələməklə, burada dediyini anındaca inkar edir. Öncəki cümləsi belədir: “Əvvəlcə müəllifin və oxucunun nəzərinə çatdırım ki, hər hansı Dövlətlər Birliyini və ya Dövlətlər Təşkilatını nə xalqlar, nə də Xalq Hərəkatları deyil, diktator olub olmamasından asılı olmayaraq o xalqların mənsub olduqları dövlətlərin başçıları yaradır”. Buradan anlaşılan odur, Şapur bəy “Birlik”lə “Biryerdəlik” anlayışlarını tərəzinin eyni gözünə qoyur. Ona görə də dediyinin ağır gəldiyini düşünür. Gözə almaq gərək, xalqın iradəsini qıran, onu talayıb bir tikə çörəkdən asılı duruma salan diktatorların yaratdığı birlik yalnız öz hakimiyyətlərinin ömrünü uzatmağa yarayır. Bu isə xalqların öz dövləti ilə (əslində hakimiyyəti ilə), ya da dövlətlərinin başında duranların yaratdıqları özülsüz, formal qurumları ilə birliyi anlamına gəlməz. Bəs nədən Türk Dövlətləri Təşkilatının üzvlərindən biri olan Qazaxıstanın dövlət başçısı yardıma TDT-nin üzvlərini deyil, KTMT-ni çağırdı?! Axı Türk dövlətlərinin başçıları, iddia elədiyiniz kimi, Birlik yaradıblar. Bəs nədən Qazax toplumu talanmasına qarşı üsyan qaldırdı?! Axı Qazax dövlətinin başında duran adam TDT-ni yaradanlardan biridir. Türk Birliyini istəyən, bu məsələdə öz dövlət başçısı ilə baxışları üst-üstə düşən sadə toplum, “Birlik” quran diktatoruna qarşı (sizin məntiqinizə görə), güzəştə getməli idi. Getmədi! Çünkü sadə toplum onu talayanların “Birlik” adına yaratdığı quruma inanmır, güvənmir. Bu üzdən yazmışıq, dövlətin başına gələn kəs xalqın iradəsini təmsil eləməlidir ki, xalq onun yaratdığı “Birlik” adına qurumların arxasında dursun.
Qazaxıstanda baş verən olayları Moskvanın düzənlədiyini, hər şeyin Sankt-Peterburq görüşündən başladığını yazmaq, yumşaq desək, insafsızlıqdır. Burada Qazax toplumunun hiddəti, iradəsi gözardı edilir. Əslində Nazarbayevə münasibət də, özündən sonra hakimiyyətə gətirdiyi Tokayevə münasibət də, 30 il öncədən başlayan bir prosesin sonucudur.
Şapur bəy yuxarıdakı, 64 sözdən oluşan, cümləsinin davamı olaraq yazır: “Məgər bu cəmiyyət daxilində maddi nemətlərin bölüşdürülməsində kimin talan edilən, kiminsə talan edən olmasından asılı olmayaraq, milli birlik məsələsində xalq ilə diktatorun mənafeyinin üst-üstə düşməsi deyilmi?” (Müəllifin cümləsini, gərəkən durğu işarələrini artırmadan, olduğu kimi köçürürəm – S.A). – Deyil, Şapur bəy! “Milli Birlik” sözünü saqqız kimi çeynəməklə Milli Birlik yaranmaz. Bu cür qutsal anlayışı (“Milli Birlik” anlayışını) siyasi oyuna, özünün maxinasiya predmetinə çevirən kələkbazlarla xalqın baxışı heç vaxt üst-üstə düşə bilməz. “Milli Birlik” adına özülsüz qurumlar yaratmaq – sadəcə xalqın başının altına yastıq atmaqdır. Xalqı yuxuya verib onu talamağı davam eləməkdir. Mən xalqın övladıyam. Mənim üçün heç bir fərqi yoxdur – bu xalqı onun başında duranmı talayır, yoxsa Dış sömürgəçilərmi. Sizin, yoldaş Şapur Qasimi, xalqı talayıb onun haqqını oğurlayan, varlığına qənim kəsilən diktatorları deyil, məni düşmən elan eləməyiniz anlaşılandır. Axı demişdim, daşıdığınız əqidəyə görə sizin üçün millət ali dəyər deyil, sadəcə kütlədir. Biz insanı, milləti, necə gəldi yönətilən, sosial olay saymırıq, mənəvi-ruhani varlıq sayırıq. Bunun uğrunda da, gücümüz içində, mübarizə aparırıq. Pessimist də deyilik. Pessimizm – insanın, millətin yüksək varlıq olmasına inanmamaqdır. Sosial nəzəriyyələrlə insanı yönətmək, öz anlamına uyğun olmayan bir şəkildə yola verməyi düşünməkdir…
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
27 Qar Ayı, 43-cü il. Atakənd.
(yanvar, 2022. Bakı).