Qazaxıstanda baş verənlər
Qazaxıstanda baş verənləri, bəlkə də, ilkin olaraq bizdəki 1990-nın yanvarı ilə tutuşduran mən olmuşdum. Dönəm 30 il öncəki olmadığından (onda ortada indiki Rusiyadan qat-qat böyük, güclü Sovet dövləti vardı) indi Putin istər-istəməz Qazaxıstanda o çağlar Sovetin yürütdüyündən seçilən politika yürütməli olur.
Putinin daha N.Nazarbayevin adamı kimi deyil, öz adamı (öz əlaltısı) olaraq hakimiyətdə bərkindirdiyi Qasım Comərd Tokayev çoxlarını şaşıran atamada bulundu. Nə etdi? Qazaxıstanda türkçü-millətçi yazıları, çıxışları ilə tanınan jurnalist Əskər Umarovu İnformasiya, toplumsal gəlişmə baxanı qoydu. Qazaxıstanda bilmirəm, bizdə bunu gözlənilməz addım sayayanlar var: Tokayev gerçəkdən Putinin əlaltısıdırsa, nəyə görə türkçü-millətçi olaraq tanınan birisini yüksək görəvə gətirir? Belə baxanda doğru sualdır, ancaq… “20 yanvar qırğınından sonra Kremlin adamı olaraq hakimiyətə gətirilən A.Mütəllibov AXC İdarə heyətində yer tutan tanınmış “türkçü-millətçi” Savir Rüstəmxanlını İnformasiya naziri qoydu. Göstərişin hardan gəldiyi bizə bəlli deyil, bizə bəlli olan budur: “türkçü-millətçi” S.Rüstəmxanlı o çağlarda olduğu kimi, indi də rusiyayönümlü Əliyevlər hakimiyəti ilə birgəlikdədir.
Bugünlər Qazaxıstanda baş verənlər hızla irəliləyərək bizdə 1993-dən sonra baş verənlərə daha çox oxşadığından mən də paralelləri bizdə 93 sonrası baş verənlər üzərində quracam. Qazaxıstanda bugünlər baş verənləri daha asanlıqla anlamaq, qavramaq üçün.
Tokayev yanvarın 11-də bildirdi: “Rusiya ordusu iki günə Qazaxıstandan çıxacaq”. İnandırıcı deyil, ancaq gəlin özümüzü inandıraq. İnandırıcı deyil, nəyə görə? Birincisi, Tokayev bir neçə gün öncə Qazaxıstana hansısa ölkələrdə yüksək düzəydə yetişdirilmiş 20 min terrorçu göndərildiyini demişdi. “Yüksək düzəydə yetişdirilmiş 20 min terrorçunu bir neçə günə etkisiz duruma gətirmək olası iş deyil. “20 min” yalanını ört-basdır etmək üçün Tokayev arada belə bir yalan da danışmalı oldu: “Terrorçular öldürülmüş adamlarını küçələrdən, morqlardan yığıb, oğurlayıb aparıblar. Gülüncdən də gülünc yalandır. İkincisi, ən başlıcası, Putin Qazaxıstan kimi bir çox baxımlardan strateji ölkəyə (belə desək, Turanın baş ölkəsinə) elə-belə gəlib getmək üçün prdu yeritməyib. Putinin amacı Qazaxıstanı GEOPOLİTİK bütöv olaraq ələ keçirməkdir, ancaq baxır hansı metodlarla.
Putin ordunun Qazaxıstanda haçağadək gərəksə, o çağadək qalacağını bildirmişdi, nə oldu? Görünür, onun özünə hansısa qorxular yaranıb. Onlardan biri- bizim bildiyimiz- Qazaxıstana ordu yeridilməsdinə Rusiyada acıqlı reaksiya doğurmasıdır. Başqası…
Hə, Putinin ordunu Qazaxıstandan tezliklə çıxaracağına inanmaq da olar: bir sıra qoşullarla.
1993 il aprelin 1-də indi üstü açılmış separatizm dönüklüyünün sonucu olaraq, ermənilər Kəlbəcəri ələ keçirdilər. Bununla da bir illik AXC hakimiyəti boyunca ölkədə saman altından su yeridənlər işlərini, demək olar, açıq, daha aktiv fazaya keçirdilər. Elçibəyin yararsız-yarıtmaz prezidentiliyi, İsa Qəmvərin qanına-canına hopmuş sınırsız intriqanlığı, passiv prezident yanında yüksək aktivliyi ilə geniş hakimiyət yetkilərinə yiyələnmiş Pənah Hüseynovun yolsuzluq davranışları bir illik dönəmdə AXC hakimiyətini iç-dış yağı güclərin asanlıqla ələ keçiriləcək yeminə çevirmişdi.
Mayın 24-də Rusiya ordusu gözlənilmədən Azərbaycandan getdi. Bu fakt indiyədək xalqa Elçibəy hakimiyətinin böyük uğuru kimi tanıdılır. O çağlar Moskvadan göndərilmiş, ola bilsin, qarışıqlıq dönəminə düşdüyündən önəm verilməmiş aşağıdakı diplomatik göndəri böyük bir qaranlığı işıqlatmaq gücündədir:
“Mayın 24-də Rusiya hərbi qüvvələrinin son bölmələri Azərbaycandan çıxarılıb. Etiraf etməliyəm ki, Rusiya hərbçilərinin bu tezliklə çıxarılması bizim üçün sirr olaraq qalır.
Rusiyanın sərhəd qoşunları hələ 1994-cü ilə kimi Azərbaycanda qalmalı idi, hərbi bölmələrin çıxarılması müddəti haqqında heç danışılmamışdı da. Buna baxmayaraq, rus ordusu Azərbaycandan çıxarıldı. İlk dəfədir ki, bütün hərbi bölmələr keçmiş İttifaq respublikasını tərk edib. Bircə Qəbələ şəhərində bir böyük radiokokasiya stansiyası qalıb. Bundan da həm Azərbaycan, həm də Rusiya istifadə edəcək. Hikmət Hacızadə, Azərbaycanın Moskvadakı Səlahiyətli nümayəndəsi. 1 iyun 1993”.
Azərbaycanın o qurğudan “istifadə etməsi” uzaqbaşı özünüaldatma ola bilərdi. Ordunun elə tez-tələsik yığışıb Azərbaycandan getməyinə gəlincə, indi yeridir, Bəxtiyar Vahabzadə demiş, baxıb (düşünüb) çortuna gedəsən. Rus ordusu çıxandan sonra nə olacaqmış? Ara qarışacaq, “qarşısıalınmaz çevriliş” axarında Moskvanın adamı hakimiyətə gətiriləcəkmiş!
Arxasında İranın, Süleyman Dəmirəlin, İngiltərənin, Rusiyanın durduğu H.Əliyev, özünün dediyinə görə, onu çox sevən prezidentin əliylə hakimiyətə gətirildi. Bəlli olduğu kimi, belə hakimiyətlər elə-belə qurulmur, qabaqcadan ortada çoxsaylı gizli görüşmələr, danışıb-bitişmələr olur: qarşılıqlı olaraq hansısa öhdəliklər götürülür. Qısaca desək, belə olur: biz səni hakimiyətə gətirəcəyik, sənsə bizim istəklərimizi yerinə yetirəcəksən. Hakimiyətə gətirmək planları ilə yanaşı, hakimiyəti bərkitmək, uzun illərə qoruyub saxlamaq planları da qabaqcadan cısılmış, bəlirlənmiş olur.
Hakimiyətə gətiriləndən azacıq sonra H.Əliyevin xalqa yönəlik iki parlaq ataması (atama- ərəbcə, təyinat) oldu: korrupsiyadan uzaq Lalə Şövkəti dövlət katibi, xalqa yaxınlığı ilə tanınan jurnalist Sirus Təbrizlini İnformasiya naziri qoydu.
Aradan bir neçə il keçmiş Lalə Şövkət ona verilmiş yüksək postu qoyub gedəsi oldu. Niyəsi belə idi. Bir gün Lalə xanım H.Əliyevə ölkəni rüşvət bürüdüyünü demiş, rüşvəti yığışdırmaq üçün yubanmadan nələrsə etməli oldcuqlarını bildirmişdi. H.Əliyev gülərək ona demişdi: “Mən pul yığmağa gəlmişəm”. Açıq, qısa, konkret. Böyük coşqu, xalqa qulluq istəyi ilə dövlət işlərinə girişmiş Lalə xanım onda nə etmişdi? Özünün dediyi kimi: “ Bundan sonra mən işdə qala bilməzdim, istefa ərizəmi yazıb getdim”.
Xalq hərəkatında öncül rol oynamış Sirus H.Əliyevdən görəv alandan sonra onunla aramızdakı jurnalist, hərəkatçı arxadaşlığı bitmişdi. Yeri gəlmişkən, H.Əliyev o çağlar dönə-dönə adasm göndərməklə mənə də görəv vermək istəmiş, mən kəsinliklə boyun qaçırmışdım. Qabaqca jurnalist sonra hərəkatçı yaxınlığından tanıdığım Sirusun bizə arxa çevirməyini ona bağışlamırdım.
Lalə xanım kimi, Sirus da ölkəni başına götürmüş rüşvət-korrupsiya faktlarına dözmədi. O özünün də yaradıcılarından olduğu YAP-da H.Əliyevin yardımçısı idi. Ölkənin baş sarayında YAP-ın qurultayı keçirilirdi. Başda oturmuş H.Əliyev çıxış üçün Sirusa söz verdi. Sirus başqa YAP görəvliləri kimi liderə xoş gəlmək üçün tribunaya əzilib-büzülən, yıpranan durumda çıxmadı. O, tribunaya mənim 70-ci illərdən tanıdığım, yaxınlıq etdiyim dik, yenilməz Sirus kimi qalxdı. Qalxdı, “ölkədə baş alıb gedən qanunsuzluqlardan” söz açmaqla hayqırtıda bulundu: “Yeni Azərbaycan partiyası simasız quldurlar partiyasıdır!” Bu, düzgünlüyü sevən, əyriliklərlə barışmaz olan Sirusun özünə ölüm qərarı idi…
Çox keçmədən Sirus işdən götürüldü. Sonralar Sirus dönə-dönə mənə zəng etdi, məni nələrəsə inandırmaq üçün mobil telefonda saatlarla (saatlarla!) danışdı, onun “səninlə görüşüb danışmaq istəyirəm” istəyi eləcə istək olaraq qaldı. Sirus “ürək tutmasından” getdi. İnanmaq çətindir- o, çox sağlam idi, ardıcıl olaraq idmanla uğraşırdı. Sirus son çıxışlarının birində hakimiyətə kəskin müxalifətə keçəcəyini bildirmişdi…
Hə, Rusiya ordusunun Qazaxıstandan tezliklə çıxarılmasına inanmaq da olar. Putin yaxşı bilir: Qazxıstanda ordu saxlamaq Moldova, Gürcüstan, Tacikstan, Ukrayna, Azərbaycan faktındın sonra ağır itkilərlə başa gələ bilər. Putin üçün indilikdə ən əlverişlisi, Belorus başda olmaqla, bir sıra ölkələrdəki kimi, başçısı bütünlüklə ondan asılı “beşinci kolon” hakimiyəti (parlamenti, hökuməti ilə birgə) qurmaqla Qazaxıstanı uzaqdan, belə desək, ONLAYN yönətməkdir! Bu, politik praktikada çoxdan özünü doğrultmuş, demək olar, itkisiz başa gələn yönətim metodudur…
Nazarbayev
Nazarbayev gördüyü bir sıra işlərə görə Sovetdən çıxmış Türk dövlət başçıları arasında daha çox avtoritet qazanmışdı. O, hakimiyətə yeni yiyələniyi çağlarda Qazaxıstanda rusların sayı az qala qazaxların sayından çox idi. Çağında çox düzgün, balanslı politika yürütməklə, ölkəsində dinc yolla qazaxların sayının rusların sayını üstələməsini gerçəkləşdirdi. Onun çoxillik düzgün, ölçülü-biçili politikasının sonucu olaraq indi Qazaxıstanda qazaxlarla rusların oranı belədir: qazaxlar- 53 %, ruslar- 30%.
Qazaxıstan doğal qaynaqları aşıb-daşan bir ölkədir. Demokratik dövlət quruculuğu yoluyla Nazarbayev Qazaxıstan bir çox baxımlardan bütün Türk dövlətləri üçün örnəyə çevirə bilərdi. Bir sıra başqaları kimi o da demokratiyadan uzaq korrupsioner rejim qurdu. Olduğundan yüz qat artıq toplumu yüksək düzəydə yaşada biləcək gəlir qaynaqlarına ailəsi, yaxın çevrəsi ilə birgə yiyələndi. Yiyələndiyi təkbaşına hakimiyət, oğurluq milyadrdlar ağlını necə apardısa, ölkə boyu anıtlarını yapdırdı, başkənd Astananın adını dəyişib Nursultan etdi. Kim bilir, daha hansı özbaşınalıqları edəcəkdi, kürəkəni Timur Qulubəyovuin qudurğan qərarı- qazın qiymətini birdən-birə ikiqat artırmağı- Nazarbayevin 30 illik düzənini bir neçə günün içində alt-üst etdi. Nazarbayevin, onuin yaxınlarının azğın-qudurğan davranışlarına 30 il dözən xalq daha dözmək istəmədi. Tarixdə belə faktlar çoxdur: toplumun illərlə yığılan acığı hansısa xırdaca bir yanlışdanmı, nədənmi böyük sosial partlayış doğurur.
Nazarbayevin yaxın adamı olaraq prezident etdiyi Tokayev ölkədəki sosial partlayış faktını qıraq güclərə, hansısa “terror” qruplarına bağlasa da, alınmadı. O “terrorçu-provakatorların” yalnız biri ələ keçmişdi, onun da Qazaxıstana konsert verməyə gəlmiş qırğız musiqiçisi olduğu ortaya çıxdı.
Ölkədə “böyük milliləşdirmə” apardığına, üstəlik, dikbaşlıq sərgilədiyinə görə Putinin Nazarbayevi devirmək istədiyini deyənləır var. İkinci, demək olar, bütünlüklə doğrudur, birinci isə yox. Nazarbayevin deyilən “milliləşdirməsi” yarımçıq idi, onun hakimiyətinin bir neçə gündə darmadağın olması da başlıca olaraq bu faktora bağlıdır. Nazarbayev o biri Türk dövlətlərində olduğu kimi klan hakimiyəti- başqa sözlə, klan diktaturası qurmuşdu. Ölkədə bir partiya vardı: onun hakimiyəti bütünlüklə mənimsəmiş Otan partiyası. Ölkəıdə müxalifətə yer yox idi. Müxalifətdən kimlərsə aradan götürülmüş, kimlərsə tutulub türməlik edilmiş, kimlərsə ölkədən qaçıb getməli olmuşdu.
Başqa postsovet ölkələrində olduğu kimi, Nazarbayevin Qazaxıstanında da xalq politikanın subyekti deyil, obyekti idi. Belədə hansı gerçək “milliləşdirmədən”, eləcə də hansı gerçək sosial-ekonomik gəlişmədən danışmaq olar?! Düzdür, Azərbaycana baxmış Qazaxıstanda aylıqlar, pensiyalar Azərbaycanda olduğuindan yüksək idi, ancaq bu, istər ölkənin doğal qaynaqlarının bolluğuna, istərsə də o qaynaqlartın doğurduğu milyardlar baxımından, istərsə də normal yaşayış baxımından yetərli deyildi. Bu üzdən Azərbaycan xalqının illərlə dözdüyünə qazax xalqı dözmədi.
Nazarbayevin qazax xalqından 80 milyard dollar oğurladığı bildirilir. Onun ailəsinin Dubayda, Londonda, başqa yerlərdə milyonlarla dollar dəyərində mülkləri olduğu deyilir. Nazarbayevin korrupsiya piramidasını oluşduranlardan olan Tokayev deyir: “Ölkənin başlıca gəlirləri Nazarbayevin çevrəsinin əlində toplanıb. Bunlar xalqa qaytarılmalıdır”. Bunu deyən bilirsiz kimdir? Rusiyada korrupsioner oliqarxiya rejimi qurmuiş Putinin prezidentlikdə bərkindirdiyi adam.
”Nazarbayev öldürülüb” deyənlər var. Çox istərdik böyük sayğı ilə “ağsaqqal” adlandırılan Nursultan sağ olsun. Sağ olsun, xalqdan oğurladığı milyardların Tokayevlə Putin arasında necə bölüşdürüldüyünü görsün!
Qazaxıstan qırğını
Qazaxıstan prezidenti Tokayev sosial istəklərlə ayağa qalxan xalqı qırdırıb gözünü qorxutmaq üçün işğalçı Rusiya ordusunu ölkəyə çağırdı. Üstəlik, onlara “xəbərdarlıq etmədən” xalqa atəş açmaq göstərişi verdi. Bunlar, bir dövlət başçısının edəcəyi, etdiyi ən böyük satqınlıq, dönüklükdür. Bunun başqa adı yoxdur, olamaz.
Gözlər iki yönə dikilmişdi: ABD başda olmaqla Batıya, bir də qardaş Türkiyəyə. Batıdan kəskin reaksiya gözləntiləri boşa çıxdı. Batı hələ də pişik quyruğuyla oynayan kimi Putinlə oynamaqdadır. Putin isə öz işindədir: bir-bir postsovet ölkələrini ələ keçirir.
İkinci dünya savaşı oncəsi olanlar olur: o çağlar Hitlerin işğalşı politikalarına göz yuman Batı indi Putin işğallarına göz yumur. Bu, birilərinin düşündüyü kimi, gücsüzlükdən deyil. Hitlerlə bağlı Batı dövlətləri çağında gərəkən qərarı verə bilmədikləri kimi, Putinlə də bağlı gərəkən qərarı verə bilmirlər. Söhbət özəl çıxarlara yönəlik separat xosunlaşmalara son qoyacaq kollektiv qərardan gedir.
Batı uzaqda, Türkiyə yaxındadır. Ancaq, faktlardan göründüyü kimi, bu yaxınlığın özündə də ayrıca bir Batı uzaqlığı var. 2020-ci ilin noyabrında biz bunu işğalçı Rusiya ordusu Azərbaycana yeridiləndə görmüşdük. İndilərsə Qazaxıstanda gördük. Coğrafiya yaxınlığı da, genetik yaxınlıq da özünü işdə, gerçəkdə doğrultmadı. Nədən?
Batının Türk dövlətləri ilə bağlı realpolitikası ortadadır. Burada demokratik dəyərlərə bağlılıq (Batının bağlılığı) diplomatik ritorikadan uzağa getmir. Başlıca güdük nədir: geoekonomik çıxarlar. Geopolitik deyil, geoekonomik çıxarlar! Geoekonomik çıxarlara üstünlük verilməsi üzündən postsovet diktatorların bütün şıltaqlarına göz yumulur. Demokratiya, insan hüquqları ilə bağlı deyilənlər sözdən uzağa getmir. Yeni ABD prezidenti Bayden özgürlük istəyən xalqların yanında olacaqlarını, onlara arxa duracaqlarını bildirmişdi. 2005-ci ildə, oğul Buş dönəmində, demokratiya uğrunda çarpışma aparacaq xalqlara yardım etmək üçün Amerikada “çevik yardım korpusu” yaradıldığı bildirilirdi. Bildirdilər, bitdi.
Bunlar hamısı az da olsa, anlaşılandır: diktatorlardan gələn qazanc xalqdan (demokratik hakimiyətdən-xalq hakimiyətindən gələ biləcək qazancdan qat-qat artıqdır. Bəs Türkiyə, Türk qardaşlığı?
Azərbaycana Rusiya işğal ordusu yeridiləndən sonra biz Türkiydən gözlədiyimizi görmədik-günlərlə susqunluq sərgiləndi. Sonra Çavuşoğlu, Hulusi Akar dilləndi. Qazaxıstan olaylarında da bizlə olanlar oldu: Çavuşoğlu günlər sonrası çıxıb: “Qazaxıstanın yanındayıq”, dedi. Hulusi Akarın günlər sonrası dediyi budur: “Qazaxıstandan hər hansı xahişi olarsa, Ankara ona hər cür yardım göstərməyə hazırdır”. Onlar ikisi də indi Qazaxıstanla bağlı dediklərini Azərbaycanla bağlı demişdilər.
Biz Türkiyənin Rusiya kimi güclü olmadığını bilirik. Bəs Türkiyənin başında duranlar necə, bunu bilmirlərmi? Bilmirlərmi qardaş Türkiyəni qoyub, işğalçı Rusiyadan ordu çağıran, özü də “20 min terrorçu” yalanıyla xalqını qırdırmaq üçün çağıran Tokayevin Türkiyəlik işi yoxdur. Belədə “Qazaxıstanın yanında olmaq” nə deməkdir? Uzaqbaşı, diplomatik etiket! Soruşmaq gərəkir: nerəyədək?
Rusiya ordusundan sonra Türkiyə ordusunu Qazaxıstana kim çağıra bilər, bunun hansı gerçək, hansı işlək mexanizmi var? Gerçək parlament yox (Azərbaycandakı kimi), gerçək hökumət yox, xalqsa çoxyönlü Putin ordusunun basqısı altında.
Rusiya ordusunu çağırmaq hüququ olanın səni çağırmaq hüququ olmadığını Türkiyə olaraq, Türkiyə dövləti olaraq ÖNCƏDƏN görmək gərəkdi. Öncədən görmək, öncədən gərəkənləri etmək! Onda bütün Yer üzünü qorxudub titrədən “Turan-Türk birliyi”, “Turan ordusu” kimi yeri olmayan, gerçəkliyə söykənməyən boşuna bağırtılara, boşboğazlıqlara gərək olmadığı da bəlli bilinərdi.
Putinin KTMT adına yaratdığı diktatura-korrupsiya konsorsiumudur, sənin “Türk dövlətləri təşkilatı” (TDT) adına yaratdığın nədir? KTMT medalının o biri üzü: başında durduğu xalqı yağıcasına soyub yağmalayan, onun dirçəlişinə yol verməyən korrupsioner rejimlərin birliyi.
Ərdoğan kimdir?
İnternetdə Ərdoğanın çoxillik, çoxsaylı yalanları ilə bağlı yekə bir klip var, kim istəsə baxa bilər. Adam 18 illik hakimiyəti boyunca 18 milyon yalan danışıb. Ərdoğanın dediyinə görə, onun başında durduğu Türkiyə dünyanın ən gəlişmiş, ən böyük ekonomikalarından biridir. Ancaq BVF-nin göstəricilərinə görə, Türkiyə 21-ci yerdədir, indiki geriləmə tempinə uyğun olaraq, ilin sonunadək 22-ci yerə düşəcək. Uzun illər dünyadakı ən böyük 20 ekonomika sırasında olan Türkiyə indi bu sıradan başıaşağı yuvarlanmaqdadır.
Hə, iş elə o baş anlayışındadır: Ərdoğan bütün diktatorlar kimi Türkiyənin başını yeyə-yeyə uzun sürədən bəri hakimiyətdə qala bilir. Bütün başqa diktatorlar kimi, Ərdoğanın da başlıca yönətim yarağı yalandır. Bir çağlar özünün, partiyasının “2023-cü il hədəfindən” dəm vurmaqla xalqı aldadan Ərdoğan indi, Türkiyəni irəliləyən demokratiya, gəlişən ekanomika yolundan döndərəndən sonra, xalqı “2053-cü il hədəfləriylə” aldatmağa girişib.
Ortadakı gerçəklik baxımından Ərdoğanın “Turan-Türk birliyi”, “Turan ordusu” söyləmələrini də onun aldadıcı “hədəflərindən” saymaq olar. “Halva, halva deməklə ağız dada gəlmədiyi kimi, Türk birliyi, Türk ordusu da boşuna çığır-bağırla, qurama yığıncaqlarla oluşası, başa gələsi deyil. Azərbaycanda Məhəmmədəmin, Türkiyədə Atatürk qabaqcıl düşüncələri ilə Türk birliyinə aparan yolun ən sağlam, ən uğurlu özülü, başlanğıcıdır. Azərbaycanda Əliyevlər, Türkiyədə Ərdoğan başlanğıcdan özlərinin hakimiyət atamalarına uyğun olaraq o iki Ulusal Öndərin ikisinə də yağılıq sərgiləməkdədir.
Məhəmmədəmin deyir: “Bütün diriliklərin ən dəyərlisi ulusal (milli) dirilikdir”. Atatürk Türklük tarixində “ulusal hegemonluq” teoriyasını yaratmış öndərdir. 1993-dən Azərbaycanda olduğu kimi, 2002-ci ildən Türkiyədə başlıca ulusal faktor-Türk faktoru arxa plana keçirilib, keçirilməkdədir.
Ərdoğan hakimiyətinin ilkin çağlarında demişdi: “Biz Kamalizmi qafalardan silmək üçün minarələr süngümüz olmalıdır”. Bu projesinin uğurla gerçəkləşdirilməsi üçün Ərdoğan nə etdi? Diyanət vəqfinə Kültür baxanlığına, bir sıra başqa baxanlıqlara ayırdığından qat-qat artıq pullar ayırmaqla ölkədə saysız mədrəsə-mollaxana-imam hatip oxulları açdı. Nə demişdi? “İmam hatip oxulları (mollaxanalar) bu millətin göz bəbəyi olacaqdır”. Bugünkü Türkiyədən gördüyümüz kimi, Ərdoğan Marksın “din tiryəkdir” tezisini bütünlüklə doğruldan birisidir. Tək Ərdoğan deyil, bütün diktatorlar ölkədə dinin geniş yayılmasına çalışırlar. Diktatorlar dindən qanunsuz, antihumanist hakimiyətlərini qoruyub saxlamaq üçün yararlanırlar.
Son illər 20 min həkim Türkiyədən baş götürüb gedib. Türkiyədən Avropaya, Amerikaya böyük beyin axını var. Türkiyə gəncləri ardıcıl axınla Batı ölkələrinə gedirlər. Ərdoğan nə deyir: “Getsinlər, onlar bizim ölkəmizə gərək deyillər”. Belə düşüncə, delə davranış, belə danışıq istənilən dövlət baçısının satqınlığı, xalqa, dövlətə dönüklüyü deməkdir. Gənclik istənilən dövlətin damarlarında yeni qan, yeni güc, yeni enerji deməkdir. Bu baxımdan antiulusal-antixalq politikaları ilə gənclərin ölkədən getmələrini stimullaşdıran istənilən dövlət başçısı başında durduğu xalqın yağısı deməkdir. Oxumuşlar, qabaqcıl düşüncə kişiləri Ərdoğanın yaratdığı cəhalət ortamı ilə barışmayaraq, cəhalət ortamına dözməyərək ölkədən axınla gedirlər. Bu fakt Türkiyəni yenmək görəvlisi olan Ərdoğanın uğuru, Türkiyənin uğursuzluğu, daha doğrusunu desək, faciəsidir!
Atatürk deyir: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”. Ərdoğan cəhaləti Türkiyənin başlıca düşməninə dönüşdürüb.
Ərdoğan bir çağlar belə demişdi: “Mən Böyük Orta Doğu Projesinin eş başqanıyam”. Olsun, ancaq bu projenin strategiyasını dövlət katibi Hilları Klinton belə açıqlamışdı: “Türkiyə içində olmaqla 22 dövlətin sınırları dəyişdiriləcək”. Projenin başılıca görəvlisi olan Toni Bleyer özlərinin bir sıra geopolitik sorunlarını aradan qaldırmaq üçün Orta Doğuda dini geniş yaymaq gərəyindən danışmışdı.
18 illik hakimiyəti boyunca, Ərdoğan Türkiyəni demokratik hüquq dövləti olaraq Sovet koloniyasından çıxmış Türk dövlətləri üçün görüb-götürəsi örnəyə çevirə bilərdi. Ancaq o,Türkiyəni demokratiya yolundan diktatura yoluna yönəltdi. Türkiyə politikasına dövlət düzəyində yalanı, yaltaqlığı, oğurluğu, korrupsiyanı, söyüşü, oponentlərini nə yolla olur-olsun aşağılama, qaralama görküsünü Ərdoğan gətirdi. Beləliklə, Ərdoğan yeni Türk dövlətlərini qabaqcıl, demokratik Türkiyə düzəyinə qaldırmaq yerinə, Türkiyəni Türk dövlətlərinin qaramat düzəyinə endirdi.
Ərdoğanın ən seçkin uzantılarından olan Çavuşoğlu bir çağlar demişdi: “Daha fazla imam hatip lisesi açacağız”. Bu adam uzun illər Avropa Şurasında görəv yiyəsi olub, düşüncəsi, dünyagörüşü budur. Bunlar Türk dövlətləri üçün Türkiyəni aşağı-yuxarı sivil oxullarıyla tanınan çəkici ölkəyə çevirmək yerinə, mollaxanaya çevirdilər.
Mədrəsədən çıxmış Ərdoğanın qurmaq istədiyi Turan-Türk biriliyi mədrəsə-mollaxana düşüncəsi, dünyagörüşü üzərində qurulacaq bir projedir. Nazarbayev bir çağlar Türkiyəyə düzgün çağırışda bulunmuşdu: “Bizim ölkəmizə başqa düşüncə ilə deyil, Türk düşüncəsi ilə gəlin”. Nazarbayev bununla yetinməmiş, Türkiyədən göndərilən Ərdoğan uzantılarını-mədrəsə adamlarını Qazaxıstandan bütünlüklə qovmuşdu.
Ərdoğan bir ay öncə “Türk dövlətləri təşkilatı” yaradanda yazmışdım: “Bizə diktatorların, diktaturaların birliyi deyil, demokratik liderlərin, demokratiyaların birliyi gərəkdir”. Ərdoğanın oxşar gedişləri ilə bağlı qabaqkı illərdə də bir sıra yazılar yazmışam. Qabağıma bizdəki “turançı” elçibəyçi-ərdoğançı adı ilə tanınalar çıxıblar. Onların belə bir tipik özəlliyi var: ölkədəki antidemokratik-antixalq xarakterli yönətim sistemi, o sistemin doğurduğu çoxsaylı uğursuzluqlar veclərinə deyil. Onlar “dövlət, dövlətçilik” ritorikası ilə pərdələnməklə o sistemə arxa durmaqdan da çəkinmirlər. Ərdoğan kimi onlar üçün də bir dənə başlıca, bağırtılı “hədəf” var: “Turan-Türk birliyi” Türk ordusu”. Qalan nə olur-olsun, necə olur-olsun! Çağdaş dünya düzəninə uyğun, toplumu gəlişdirib yüksəldəcək, könlünü açacaq Demokratik Hüquq dövləti qurmaq kimi “balaca, önəmsiz” ideyalar onlara yaddır.
“İranı dağıdacağıq, Çinə bayraq taxacağıq” kimi bayağı, aldadıcı çağırış-qışqırıqlar onların düşük düşüncəsində indiyədək geniş yer tutmaqdadır. Onlardan biri, özünün dediyinə görə, 20 ildən bəri siyasətdən getmiş birisi, 2020-ci ildə hansı çağırışlasa birdən-birə ortaya çıxıb İnternet tv-dən dünyaya bağırdı: “Rusiyanı dağıdacağıq!” Ərdoğanın da illərdən bəri etdiyi budur: boşuna bağırtılar: “EYYY Amerika!.. EYYY Avrupa!..” Sonrası boşboğazlıqdan sonra gələn… boşluq!
Atatürkün bu sözləri bizim hamımıza görk olmalıdır: “Böyük xəyallar ilə özümüzü aldadan, görə bilmədiyimiz işləri görə bilən kimi göstərən saxtakar insanlardan deyilik. Bir çox böyük, xəyali işləri görmədən görmüş kimi görünmək sonucunda bir çağ ölkəyə, millətə bütün dünyanın düşmənçiliyini, pis istəyini, acığını qazandırdıq. Biz Panislamizmi gerçəkləşdirmədik, yalnız “gerçəkləşdiririk, gerçəkləşdirəcəyik” dedik. Düşmənlər isə gerçəkləşdirməmək üçün bizi qabaqlayaraq “öldürərəm” dedilər. Pantürkizmi gerçəkləşdirmədik, yalnız “gerçəkləşdiririk, gerçəkləşdirəcəyik” dedik. Yenə “öldürərəm” dedilər. Bütün savaş budur. Bütün dünyada qorxu yaradan anlayış budur. Gəlin, gerçəkləşdirə bilmədiyimiz, bilməyəcəyimiz belə anlayışlar ətrafında coşub, düşmənlərimizin sayını, bizə olan pis yanaşmalarını artırmaqdansa, doğal durumumuza, yasal (qanuni) durumumuza qayıdaq, həddimizi bilək. Biz yaşamağı, bağımsızlığımızı sevən bir millətik. Yalnız bunun üçün yaşamımızı (həyatımızı) əsirgəmədən veririk”.
Uzaqgörən Atatürk “Türkiyə Sovetlərin dağılacağı günə sağlanıb, özgürlük qazanan Türk ulusları ilə yaxınlaşma yolu tutmalıdır”, demişdi. Atatürk ərəblərin Türklərə bəlli dönüklüyündən çıxış edərək, bunu da demişdi: “Türk oğulları bir daha Ərəbistan çöllərində qanını axıtmayacaq”. Ərdoğan nə etdi? Uzun illər ərəbçilik yolu tutmaqla “Yeni osmanlı” imperiyası qurmaq avantürasına baş vurdu, Türk oğullarını erməniliyə arxa duran ərəblik üçün ölümə göndərdi. Ərdoğan uzun “odisseyadan” sonra Türk dövlətlərinə üz tutdu. O çağadək çox işlər görmək olardı. Ancaq o üztutma da Türklüyə deyil, ideyaca Rusiyadan qopub ayrılmamış Türk dövlət başçılarına üztutma idi…
Feysbuk polemikasından: “Düzdür, Türkiyənin ekonomikası geriləyir, ancaq hərbi sənayesi yalnız inkişafdadır”. Biz bu yolu keçib gəlmişik. Açunun ən böyük dövləti olan Sovetlər birliyi ekonomikanı başlı-başına buraxaraq, bütün gücünü ordu sənayesinə yönəltmişdi. Nə oldu? Çökdü, dağıldı! Geriləyən ekonomika geriləyən, yoxsullaşıb yoxsullaşan, sonucda yüksək dağıdıcılıq enerjisinə yüklənən xalq deməkdir. Ən düzgünü gəlişən, yüksələn ekonomika ilə topluma yüksək yaşayış yaratmaq deyilmi? Amerika, Yaponiya, böyük ekonomikası, üstün texnologiyaları ilə tanınan balaca Niderland, balaca İsrail dövləti kimi. Yer üzünün ən çox süd verən inəkləri İsraillə Niderlanddadır. (Özləri yetişdiriblər). Türkiyənin dırnağı boyda olan Niderland yüksək texnologiya nədənilə təkcə aqrar sektordan ildə yüz milyard avro gəlir götürür. Ərdoğanın gətirib çıxardığı Türkiyə taxılı Meksikadan, samanı Bolqrıstandan alır…
Türklər olaraq biz çox güclüyük-Tanrıdan-doğadan gəlmə Türklük özəlliyimizlə güclüyük. Bizə o gücün düşünülmüş, SƏSSİZ birliyini yaratmaq gərəkdir. Bunu edə bilsək, gücümüzə güc çatmaz. Bunu edə bilsək, üstün gücümüzlə açuna Türkün DÜZGÜNLÜK DÜZƏNİNİ yaya bilərik. Bunu edə bilsək…
Atatürk deyir: “düzgünlük ölkənin özülüdür”. Düzgünlük özül üzərində oluşmayan, oturuşmayan ölkədə toplumsal-ulusal birlik ola bilməz. Biz bunu özümüzün, ölkələrimizin görkümüzdən görürük, bilirik. Turana-Türk birliyinə gedən yol ayrı-ayrı ölkələr olaraq bizim özümüzdən keçir: doğru-düzgünlüyə bağlı Türk özəlliyimizdən keçir. Ərdoğanın yaratmaq istədiyi birlik korrupsioner rejimlərin birliyidir. Bu isə sonucda korrupsioner birlik deməkdir.
Başqa bir yandan, Ərdoğan din özüllü Türk birliyi qurmaq istəyindədir. Bu isə bizim özlüyümüz-doğamızla uyuşmaz bir düşüncə ürünüdür. Yüz il qabaq Yusif Akçura demişdi: “Türk-islam sintezi” imprialistlərin qurğusudur. Din özüllü Turan olamaz!”
Mənim oturuşmuş düşüncəmə, baxışıma görə, Türk birliyi (Turan) dil, kültür birliyindən doğmalı, o birlik üzərində qurulmalıdır. Gerçək, ideallarımıza uyğun Türk birliyi-Turan yalnız Dil-Kültür ortaqlığında çağdaş düşüncə ilə qurula bilər. Çağdaş düşüncəyə yüklənmiş demokratik hüquq dövlətlərinin birliyi olaraq qurulan TURAN yalnız bizim özümüz üçün (Türklər üçün) deyil, bizimlə çağdaş düşüncəni bölüşənlərin hamısı üçün sevgi, sevinc dolu ucsuz-bucaqsız bir ölkə olar: ən başlıcası, DOĞRU-DÜZGÜNLÜK, ÖZGÜRLÜK ölkəsi!
Turan tütəyi- başqa sözlə, çoban tütəyi. Nədən? Görünənlərdən. Bizə Turan adına bütöv bir ansambl gərəkdir-Türk Kültür ansamblı. Bu isə sosial-ekonomik baxımdan sıxıntısı olmayan özgür toplumla uzun sürəli çalışma gərəyi deməkdir.
Ortaq dəyərimiz olan Türk Törəsində deyilir: “Bölüşərik-tox olarıq, bölüşmərik-yox olarıq”. Bu gün bütün Türk dövlətlərinin başında Türk Törə kültüründən (qanunçuluqdan) uzaq, “bölüşmərəm” düşüncəsinə bağlı, “bölüşmərəm” dirənişinə sarılı kimsələr durursa, hansı Turandan danışmaq olar?!
Son olaraq. Ərdoğan çıxışlarının birində demişdi: “Çobanlığın fəlsəfəsini anlamayan insan yönətəməz. Mən də bir çobanam”. Çoxillik hakimiyət görküsündən göründüyü kimi, Ərdoğan çobanlığın fəlsəfəsini gözəl anlayır. Bu isə bütün diktatorlara özgü özəllikdir: onlar çobanlığı yaxşı bacarırlar, ancaq belə bacarıq xalqı yalanla, din yoluyla sürüyə çevirməklə gerçəkləşdirilir.
Diktatorların yaxşı bildiyi bir fəlsəfə varsa, o da çoban fəlsəfəsidir. Belədə xalqa qalan özünü sürüləşdirilməkdən qorumaqdır!
13.01.2022.