Xaliq Bahadır. Yolsuzluq yaradanlar   

Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar – başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr. Başqalıqlara yolçuluq yolsuzluğa gətirər…
Nələrdən keçib gəldik!
1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda partiyanın (ADP), qəzetin yiyəsi Sərdar Cəlaloğlu ilə qarşılaşdım. O məni görəndə alındı, duruxdu, sonra qırağa çəkib dedi:

  • Bu gün Elçibəylə aramızda sizlə bağlı söhbət oldu, o sizə görə mənimlə sərt danışdı.
  • Mənə görə niyə? – soruşdum.
  • Deyir: “Mən Xaliq Bahadırı “Azadlıq” qəzetindən uzaqlaşdırmışam, siz ona qəzetinizdə çap olunmağa şərait yaradırsız”. İnanın, sizin yazılarınızın bizim qəzetdə çıxması bizə şərəfdi, ancaq…

Qapıdanca dönüb Xaqani 33-ə gəldim. Eşitdiklərim mənim üçün söyüş yerində idi. Buna görə çox sinirlənmişdim.

Keçmiş prezident, AXCP sədri Elçibəy o boyda binada balaca, 2-3 kv metrlik bir otaqda otururdu. Olduqca acınacaqlı görsəniş idi. Ondan da acınacaqlısı keçmiş prezidentin, böyük bir partiyanın sədrinin yaxın çevrəsini oluşduranların kimliyi idi. Bütün başqa günlərdə olduğu kimi, onlar yenə Elçibəyin qapısının sağ-solunda sırayla düzülmüşdülər. Elə bil onu kimdənsə, kimlərdənsə qoruyurdular. Gündəlik olaraq onu gətirir, aparır, burada olduğu sürədə sonadək qapısının yan-yörəsini kəsdirib dururdular. Onlar özlərini “elçibəyçi” adlandırırdılar. Onlarla mənim aramda bir ucu Antalyada keçirilən “Böyük Türk qurultayına” (1993, mart) bağlı konflikt vardı – onların Antalyada dövləti, dövlətçiliyi gözdən salan davranışlarının doğurduğu konflikt.

Elçibəy AXC-ni onlara tapşırıb hakimiyətə getmişdi. Onlar bir illik hakimiyət dönəmində AXC qərərgahını korrupsiya qərargahına döndərmişdilər. Bu, Elçibəyin başlıca yanlışlarından idi: hakimiyətdən gedərkən o, dəyərli əllərə verməklə AXC-ni özünün güclü arxa-dayağı olaraq qoruyub saxlaya bilərdi. Tərsinə oldu: böyük çoxluğun hakimiyətə getməsiylə dələduzların əlinə keçmiş AXC özü bir ilin içində yenilgən duruma düşmüşdü. AXC-ni yenilgən-düşkün duruma gətirib çıxaran, 1993-ün martında Antalyada Türkiyə dövlət başçılarının qarşısında AXC hakimiyətini gülünc günə qoyan o dəstə indi, Kələkidən qayıdandan sonra, Elçibəyin yaxın çevrəsini oluşdururdu. Bununla bağlı bir neçə yazı yazıb “Azadlıq”da çap etdirmiş, o yazılarda Elçibəyi başına moşennikləri yığmaqda suçlamışdım. Onlar AXC ideyalarını gözdən salan, Elçibəyin “təmiz adam” reputasiyasını korlayan kimsələr idi. Buna görə mən Elçibəyin onları özündən uzaqlaşdırmasına çalışırdım. Çox saya bir nədənlə: Elçibəy mənim də yaradıcılarından olduğum qurumun başında dururdu!

O gün köməkçi görəvlisi Oqtay Qasımov idi. Ona Elçibəylə görüşmək istəyimi bildirdim. İçəri keçib çox çəkmədən geri döndü.

Jurnal stolunun arxasında oturmuş Elçibəy çox gərgin idi. Görünür, mənim nəyə görə gəldiyimi duymuşdu. Görüşüb oturduq. O, gərgin, mən acıqlı, soruşdum:

  • Sərdar bəyə məni “Azadlıq”dan uzaqlaşdırdığınızı demisiz?

Boğuq bir səslə:

  • Demişəm, – dedi.
  • Nəyə görə demisiz?
  • Sən məni “Azadlıq”dakı yazılarında təhqir elədiyinə görə.
  • Mən yazılarımda düşmənləri də təhqir eləmirəm, onda qalmış yaxınlar – partiya yoldaşları ola.
  • Düşmənləri təhqir eləmirsən, doğrudur, ancaq məni təhqir eləyirsən.
  • Siz o yazılarda nəyi təhqir sayırsız?
  • Mənim ətrafımı “moşennik” adlandırmağını.
  • Siz mənim onları “moşennik” adlandırmağımı özünüzə təhqir sayırsız?
  • Hə, təhqir sayıram, bu, təhqirdi.
  • Bunu özünüzə təhqir sayırsızsa, onları niyə özünüzdən uzaqlaşdırmırsız?
  • Mən onları özümdən niyə uzaqlaşdırmalıyam? – səsini qaldırdı.
  • Onlar moşennik olduqlarına görə onları özünüzdən uzaqlaşdırmalısız.
  • Bax, görürsən, – o qızğınlıqla dedi, – sən yenə təhqirə keçirsən, mənim ətrafımı moşennik adlandırırsan. Sən mənimlə düşmənçilik aparırsan
  • Düşmənçilik? Mən düşmənçilik eləmirəm, ortada gerçəkdən düşmənçilik varsa, onu siz başlamısız.
  • Mən? Mən niyə? Bu nə vaxt olub?
  • Bu olub, – dedim, – 1993-cü il aprelin 10-da.
  • Onda nə olmuşdu? – o, bir az duruxub soruşdu.
  • Onda siz məni televiziya ekranından təhqir eləmişdiz.
  • Yadımda deyil, nə demişdim?
  • Onda mənimlə bağlı demişdiz: işinin öhdəsindən gələ bilmir, görəvdən getməlidir. Bax, bu təhqir idi.
  • Bunun nəyi təhqir idi? – çaşqınlıqla, əl-qol ataraq soruşdu.
  • Bir çoxları kimi mən də bilmədiyim, başım çıxmayan yerdə iş başına gətirilməmişdim, çoxillik iş yerimdə azacıq qabağa getmişdim, professional işimi görürdüm. Buna görə “işinin öhdəsindən gələ bilmir” söyləməsini özümə təhqir sayıram. Mən işimin öhdəsindən gərəyincə gəlirdim, özüm də biriləri kimi rüşvətə qurşanmamışdım. Tərsinə, uzun illər rüşvət içində olan bir qurumda rüşvətə son qoymuşdum.

O, bir ara əllərini çənəsində çataqlayıb susdu. Elə bil nəsə demək istəyir, ancaq deməyə çətinlik çəkirdi.

  • Bilirsən, – dəyə, söz tapmaqda çətinlik çəkirmiş kimi ağır-ağır dilləndi: – Mən sizin ailənizi, soy-kökünüzü öyrənmişəm, siz təmiz, düzgün, dövlətə, dövlətçiliyə bağlı adamlarsız, ancaq, məsələ bir az başqa cürdü. – Yenə susdu, yerində qurcuxdu, handan-hana, çətinliklə dedi: – İşləri sən özün dolaşdırmışdın.
  • Mən? Mən neynəmişdim?

Əllərini stolun üstünə qoyub kəsinliklə bildirdi:

  • Sən çevriliş hazırlamışdın!

Elə bil məni tok vurdu, bir anlığa dilim-ağzım qurudu, şaşırdım. Gerçəkdən şaşırdım. Az sonra özümə gəlib, çaşqınlıqla soruşdum:

  • Siz nə deyirsiz, nə çevriliş?

O, arxayınlıqla dedi:

  • Özün yaxşı bilirsən nə çevriliş: Məmməd İsmayılı devirib, yerinə Əkrəm Əylislini gətirmək istəyirdin.

Aha, mənim üçün gərəkən ipucu! İndi mənə olub-keçənləri tələsik də olsa analiz eləmək qalırdı.

Teleradio verilişləri komitəsində Cəbhənin dayaq dəstəsini mən yaratmışdım. AXC hakimiyətə gələndən sonra yoldaşlar Şirkətə mənim sədr olmağımı istəmişdilər, mənsə Əkrəm Əylislinin sədr olmasını istəmişdim. Bununla bağlı Elçibəylə də görüşmüşdüm. O, Əylislinin sədrliyinə boyun qoymamış, bununla da qonu bitmişdi. Elçibəy Yaqub Məmmədovun kadrı olan M.İsmayılı işdə saxlamış, çox sevdiyi Səfər Alışarlını ona birinci müavin qoymuşdu. Mən isə İnformasiya studiyasının direktoru olmuşdum.

Hakimiyətdə ikisi güclü, biri az güclü üç qruplaşma vardı. Az güclü qruplaşma Elçibəyə yaxın idi. Mən qruplaşmalara qatılmırdım, ancaq o çağ üçün sağlam baxışlarına görə gərəkən yerlərdə az güclü qruplaşmaya özləri də bilmədən yardımçı olurdum. Mən onlara sonadək arxa durdum (Nə yazıqlar, o biri qruplaşmalar məni vururkən onlar liderləri ilə birgə mənə arxa durmaqdan yayındılar).

Burada sözügedən iki güclü qruplaşma İnformasiya studiyası başda olmaqla Televiziyada üstünlük qazanmağa çalışırdı. Onlar bir sıra əngəlləri çoxdan aşıb keçmişdilər, mənimlə bacarmırdılar, televiziyanın canı isə mənim əlimdə idi. Əllərində məni yenəcək kompromat da yox idi. İş qalırdı yalana, şərləməyə. Agentura yığını olan “Milli Məclisin” məni görəvdən almağa yönəlik üç qərarı oldu. Gərəkən effekt alınmadığından “çevriliş” yalanına əl atmış, Elçibəyi də çox asanlıqla buna inandırmışdılar. Üstəlik, Şirkətə yeni avadanlıq almaq üçün Elçibəyin ayırdığı üç milyon dollardan yetərincə mənimsəmələr olmuşdu. Teleşirkətdə başlayan yoxlama ən azı iki adama cinayət işi açılmaqla sonuclanacaqdı (Ola bilsin, sədr üçün o, birinci, sədrin birinci müavini üçün Naxçıvan faktından sonra ikinci oxşar cinayət işi olacaqdı). Onlar (eləcə də onlarla əlbir olan yüksək post yiyələrindən biri) yoxlamada mənim əlim olduğunu düşünməklə “bir gülləyə iki dovşan vurmaq”, bir yandan yoxlamanı dayandırmaq, o biri yandan məni ortadan qaldırmaq üçün Elçibəyi mənə qarşı yönəltmişdilər (Yoxlama mənlik deyildi, bildiyimə görə, onun arxasında AXC kadrı olan MTN əməkdaşı dururdu).

Elçibəylə görüşdə olmuş bir rejissor mənə soraq gətirmişdi: “Sizi baqaja qoydular, bir neçə günə Elçibəyin sizinlə bağlı çıxışı olacaq”. Elçibəyin durar-tutmaz mənimlə bağlı hansısa yalana inanıb,  elə bir çıxış edəcəyinə inanmadım. Sən demə…

Bildiyim faktları bir-bir ortaya qoyandan sonra Elçibəyə yalnız bunu demək qaldı:

  • Bağışla, məni aldadıblar, – sonra da dedi: – Sən gərək mənimlə görüşüb, vaxtında bunları mənə deyəydin.
  • Mən az qala bir ay sizinlə görüşməyə çalışdım, alınmadı, –
  • Niyə alınmadı?
  • Pənah Hüseynov nəyə görəsə mənim kabinetimdən hökumət telefonunu götürtmüşdü, ona görə mən “Azadlıq” redaksiyasına gəlib Qənimət Zahidlə danışırdım, o özünün hökumət telefonundan sizə zəng vururdu. Bütün zənglərə Oqtay Qasımov iki variantda qarşılıq verirdi: 1) Elçibəyin başı qarışıqdı; 2) Elçibəy yorulub yatır.
  • Ola bilməz!
  • İnanmırsız?
  • İnanmıram!
  • Oqtayı çağırın, aydınlaşdıraq!
  • Yox, istəmirəm.
  • Siz istəmirsiz, mən istəyirəm. Mən çağıraram! – deyib qapıya yönəldim.

Durub qabağımı kəsdi.

  • Ayıbdı, çağırma!
  • Bununla belə siz yenidən prezident olmaq istəyirsiz! – acıqlı-acıqlı bunu deyib qapıdan çıxmaq istəyəndə qoluma girib məni içəri çəkdi.
  • Gəl yenidən dost olaq, axşam bizə gedək, qabaqlar olduğu kimi oturaq söhbətləşək.
  • Yox, – dedim, – bundan belə bizim dostluğumuz tutan deyil, sizin dostlarınız moşenniklərdi.

Qolumu bərk-bərk tutub dilləndi:

  • Nəcəf bəylə, Sabit bəylə görüşüb danışmışam, sənə dediyimi onlara da demişəm, onlar da mənə sənin kimi cavab verdilər.
  • Demək, mən düzəm, – dedim, – moşennikləri özünüzdən uzaqlaşdırmalısız.

Qolları yanına düşdü, üzümə yazıq-yazıq baxdı, azacıq gülümsünərək:

  • Bacarmıram, – dedi, – qapıdan qovuram, pəncərədən girirlər.
  • Bacarmaq gərəkdi, liderlik, prezidentlik bacarmaq deməkdi, – deyib çıxdım.

Sən demə, Elçibəyin mənə açıb demədiyi, demək istəmədiyi daha önəmli fakt varmış – bağışlanmaz bir fakt.

Birincisi, bəlli iki qruplaşma, bu qruplaşmalara qulluq yolu tutanlar bizim Elçibəylə görüşümüzün (93-ün aprel-may ayları) qarşısını almasaydılar, bir sıra gizlinlərin üstü açılmaqla, ola bilsin, hakimiyəti yıxmağa yönəlik nələrinsə qarşısını almaq olardı. Burası indiyədək qaranlıq qalır: Pənah Hüseynov mənim kabinetimdən hökumət telefonunu niyə yığışdırmışdı? Elçibəy bunu bilirdimi, bilirdisə niyə susurdu, reaksiya göstərmirdi? Bu kimi bir çox qaranlıq sorular var. Oqtay Qasımovun sorğulanması da nələrəsə aydınlıq gətirə bilərdi. Qapının o üzündə durmuş Oqtayın (keçmiş prezident köməkçisi) çağırılıb danışdırılmasında ayıb sayılacaq nə ola bilərdi? O arada Oqtayın sorğulanması məndən çox Elçibəyin özünə gərək idi: bəlkə, o çağlar ona qarşı iş qurulubmuş? Bir ay, düz bir ay biz hökumət telefonuyla ona zəng vurduq. Hamısında belə deyilirdi: “başı qarşıqdı”, “yorulub yatır”.

Ölkənin çalxandığı çağlar olduğundan inandırıcı deyildi, ancaq… inanmayıb nə etmək olardı?

Gələcək uğurlarımız üçün çox qaranlıqları aydınlatmağımız gərəkir.

Qapı arxasındakı adam içəri çağrılmalı, sorğulanmalı idi. Ola bilərdi, sorğulama sonucunda çox önəmli gizlinlərin üstü açılardı. Burada söhbət özgə kimsədən deyil, Elçibəyin  reaksiyasından göründüyü kimi, nəyə görəsə prezidentlə bağlı yalan danışan, özü də dönə-dönə yalan danışan kimsədən-köməkçidən gedirdi. O adam bizə – tanınmış hərəkat-Cəbhə adamlarına – prezidentlə bağlı özbaşına yalan danışa bilməzdi (özü də dönə-dönə). Ölkənin qarışan çağında, günün günorta çağları “yatan prezident” obrazı yaradan, prezidenti gözdən salmağa yönəlik o yalanların arxasında hansısa güclər dayana bilərdi. Köməkçi Oqtay Qasımovla bağlı bu tezisi doğrulayacaq çox önəmli bir fakt da var. O faktı olub keçənlərlə bağlı yazdığım, pulsuzluğa görə indiyədək çap etdirə bilmədiyim kitabda göstərmişəm. Ola bilər, köməkçi burada yazılana nəsə bir don geydirə bilər, ancaq kitabdakı faktın elə tutalqası var, qaçılası yeri yoxdur!

Mənim “Azadlıq”dan “uzaqlaşdırılmağıma” gəlincə, burası Elçibəylik deyildi. Görünür, bəlli bir konyunkturşik özünü Elçibəyin gözündə doğrultmaq üçün ona öz işinə yarayan yalan söyləmiş, Elçibəy də o yalandan özü üçün yararlanmaq istəmişdi. İndilikdə (indilikdə!) ayrıntılara-detallara varmadan qısaca bildirirəm: mən “Azadlıq”dan qəzetdə baş verən bir sıra neqativ görsənişlərə qarşı çıxaraq getmişdim. Elçibəy onda yetki baxımından “Azadlıq” çevrəsindən çox uzaq idi – “Azadlıq”ın binasında otursa belə…

Bir çox baxımlardan ortada yaxınlıqdakı uzaqlıq faktoru vardı! Bir çox dış fakrorlarla yanaşı, özü öz içində izqoya çevrilən adam faktoru da vardı. Bir çox gizlinlərlə yanaşı, gizlədilməsi çətin, bilinən, görünən gerçəklər də vardı. Bütün bunlarla yanaşı, ortada özünün doğurduğu, özünün nədən olduğu gizlinlərlə gerçəklər arasında can çəkişməsində bulunan adam faktoru vardı – özü öz faciəsini yaradan adam…

 

2001-ci ilin fevralı. Redaksiyada (“Azadlıq” qəzeti) oturmuşdum. İlyas İsmayılovdan zəng gəldi.

  • İşiniz yoxdursa, bizim qərərgaha gəlin, sizi yaxşı bir adamla görüşdürəcəm.

İşim yox idi, getdim. Kabinetdə İlyas müəllimdən başqa yaşlı bir adam vardı. Qəzet oxuyurdu. Görüşdük. Üzü tanış gəlirdi, ancaq kim olduğunu unutmuşdum. İlyas müəllim bizi 3-cü mikrorayondakı “Azərbaycan xörəkləri” restoranına apardı. Onunla üz-üzə oturmuşduq. Ha çalışsam da, onu harda gördüyüm, hardan tanıdığım mənə qaranlıq qalırdı. Görünür, o mənim yaddaş axtarışımı sezmişdi, ona görə gülümsünərək soruşdu:

  • Məni tanımadız?
  • Tanımadım, – deyə mən də gülümsəyərək bildirdim.
  • Mən Abdulla Alahverdiyevəm, – keçmiş Daxili işlər naziri.
  • Bildim, – dedim, – bildim. Bayaqdan sizi harda gördüyümü, hardan tanıdığımı düşünürəm.

Abdulla Allahverdiyev. O, bir neçə ayın naziri oldu. Hakimiyət dəyişdi. Hakimiyətə qayıtmış (qaytarılmış!) H.Əliyev nazirləri yığıb tamaşa düzəltmişdi: xarakterik özəlliklərinə uyğun olaraq nazirləri bir-bir əyib aşağılayırdı. AXC generalları onun qarşısında cücəyə dönmüşdülər. Bircə ondan – bir neçə ayın naziri Abdulla Allahverdiyevdən başqa. Sözsüz, H.Əliyev çox istərdi onun qarşısında yazıq duruma düşmüş MTN generalına dediyini A.Allahverdeyevə də desin: “Özünü yaxşı apar – axı sən generalsan!” Abdulla bəyə belə deyə bilmədi: o özünü sonadək gerçək general kimi apardığı üçün! H.Əliyevə gərəkən nə idi? Hamıdan güclü olduğunu göstərməklə özünün qorxulu adam obrazını yaratmaq! – bu onun toplumu psixoloji basqı altında tutmaq üçün yararlandığı yönətim metodlarından idi.

  • Sizinlə Televiziyada görüşdüyümüz yadınızdadı? – birdən Abdulla bəy soruşdu.
  • Yadımda deyil, – yaddaşımı qurdalaya-qurdalaya bildirdim.

Abdulla bəy Televiziyaya gəlib mənimlə görüşdüyünü danışmağa başladı.

  • Hə, yadıma düşdü: gəlişinizi bildirmədən birdən qapını açıb içəri girmişdiz.

Kabinetdə oturub işləyirdim, birdən qapı açıldı, yeni Daxili işlər naziri Abdulla Allahverdiyev qapıda göründü. Onun belə gəlişi görünməmiş görsənişlərdən idi: hökumət adamlarının Şirkətə gəlişi qabaqcadan bilinərdi. Bu isə bir yenilik idi. Aramızda indi ayrıntılarını unutduğum qonuşma oldu. O, nələrsə soruşur, mən bildiklərimi söyləyirdim. Onun çıxışa gəldiyini düşünərək soruşdum: “Deyim studiyanı hazırlasınlar?” O: “Mən çıxış üçün gəlməmişəm, sizinlə tanış olmağa gəlmişəm” – deyincə quşqulandım. Daxili işlər nazirinin Televiziya əməkdaşı ilə belə tanışlıq yaratmaq istəyi elə-belə ola bilməzdi. Ondan bu tanışlıq istəyinin nədən yarandığını soruşmağa da dəyməzdi: özü bildirmirdisə, demək, belə gərəkirdi.

  • İndi sizə deyim mən ondaTeleviziyaya nəyə görə gəlmişdim? – Abdulla bəy soruşdu.
  • Hə, – dedim, – bilmək yaxşı olardı.

O, asta-asta danışmağa başladı:

  • Onda məni Televiziyaya prezident Əbülfəz Elçibəyin bir göstərişiylə bağlı getmişdim. Mən onun göstərişiylə sizi qandallayıb Bayıl türməsinə aparmalıydım.
  • Niyə aparmadız? – çaşqınlıqla soruşdum.
  • Elçibəyin göstərişindən sonra sizinlə bağlı informasiya topladım. Sonra Televiziyaya gedib əməkdaşları danışdırdım, qadınlı-kişili hamı sizin çox sərt, çox kəskin adam, ancaq çox da doğru-düzgün olduğunuzu dedi. Öyrənib-bildikərimi qayıdıb Elçibəyə dedim.
  • O nə dedi?
  • Acıqlandı, səsini qaldırdı, dedi: “Sənə nə göstəriş verilib, yerinə yetirməlisən!” Ona: “Doğru-düzgün adamları tutmaq üçün nazir olmamışam, deyib, nazir vəsiqəsini çıxarıb stolun üstünə qoydum, qapıdan çıxan yerdə məni geri qaytardı: “Gəl vəsiqəni götür, get otur yerində!”

İstər-istəməz düşünməli olursan: görəsən, Abdulla Allahverdiyevin yerində professionallıqdan uzaq, vicdansız, karyerist birisi olsaydı, necə olacaqdı? Sözsüz, göstəriş can-başla yerinə yetiriləcək, prezidenti oyuncağa çevirənlərin istəyinə uyğun olaraq suçsuz bir adam qandallanıb Bayıl türməsinə aparılacaqdı. Olduqca ilginc görsənişdir: “Korrupsioner də millətimizdi” – deyə, bir illik hakimiyəti boyunca bircə korrupsionerə, eləcə də korrupsiyaya qurşanmış bir sıra satılmış hərəkatçılara toxunmayan “dünyanın ən humanist prezidenti” düzgünlüyü azacıq da quşqu doğurmayan, bütünlüklə suçsuz hərəkat yoldaşını qandalladıb türməyə göndərirdi! Bu qurğunu quranlar kimlər idi? Onun Şirkətə ayırdığı 3 milyon dolların çoxunu Televiziyadan Nazirlər kabinetinədək basıb yeyənlər, eləcə də onu devirmək istəyənlər! Onlar bir qrupda, belə desək, Nazirlər kabineti, parlament-müsavat qrupunda birləşmişdilər. Onların istəyinə uyğun olaraq prezident seçki platformasına dönük çıxaraq KQB arxivlərini açmayacaq, KQB parlamentini buraxmayacaqdı. Sözsüz, işdə o biri güclü qrupdan olanların da rolu vardı.

Birinin lideri parlamentdə, o birinin lideri Naxçıvanda oturan iki güclü qrup gücsüz-etkisiz prezidenti yıxmaq üçün hakimiyəti içindən yeyib-dağıdırdı. Onu Xaliq Bahadırın Televiziyada “çeviliş hazırladığına” inandırmışdılar. O isə düşünməmişdi: studiya direktoru televiziyada necə çevriliş edə bilər? Deyir: “Sən Mənim Şirkətə sədr qoyduğum Məmməd İsmayılı devirib, yerinə Əkrəm Əylislini gətirəcəkdin”. Bu necə olacaqdı, necə baş tutacaqdı, burada hansı mexanizm işləyəcəkdi? – mən bunu indi də anlamıram, anlaya bilmirəm. Onun Səfər Alışarlı ilə birgə çox inandığı M.İsmayıl H.Əliyevin Televiziyaya ilkin gəlişindəcə (18 iyun 1993) işdə qalmaq üçün ona dönük çıxacaqdı: “Heydər müəllim, məni Şirkətə sədr Elçibəy qoymayıb, Yaqub Məmmədov qoyub”. Çoxdan Y.Məmmədovdan üz döndərmiş H.Əliyev bu uğursuz çıxışdan az sonra onları sədrli-müavinli birgə işdən qovacaqdı. Onlarsa Şirkətin anbarında dəyərli nə varsa bir maşına yüklədib gecəylə aradan çıxacaqdılar…

 

Rəhim Qazıyevin dediyinə görə, Seyfəlidə böyük güc toplayıb gərəkən hazırlıq işlərini görməklə Xankəndini götürəcəkmişlər. Prezident Elçibəy belə bir çağda onu çağırıb: “Sən mənə qarşı çevriliş hazırlayırsan”, – suçlamasıyla nazir postundan uzaqlaşdırıb. R.Qazıyev dönə-dönə atasının goruna and içməklə bunun yalan olduğunu, Elçibəyi bu yalana İsa Qəmbərlə Pənah Hüseynovun inandırdığını bildirir. Öz başıma gələnlər – yeri olmayan bir yalana Elçibəyin inandırıılması faktı olmasaydı, bəlkə də, R.Qazıyevə inanmazdım. Yeri gəlmişkən, başqa bir “çevrilişçi” – Surət Hüseynov – o çağlar Pənah Hüseynovla Arif Hacıyevin yaxın dostlarından biri yerindəydi. Bildiyimə görə, S.Hüseynova Milli qəhrəman adı verilməsində onlar önəmli rol oynamışdılar. Necə oldusa, dönərgə birdən döndü. Regional rokirovka baş verdi: Tofiq Seyidovun yerinə Fərəc Quliyev AXC İcraiyə komitəsinə sədr gətirildi. Fevralın 8-də Naxçıvandan Bakıya gələn F.Quliyev bircə gün sonra, fevralın 9-da, S.Hüseynovu “xain” çıxaran bildiri yayımladı. Bununla da ölkədə ara qarışdı…

İ.Qəmbər R.Qazıyevin yerinə Rusiya ilə bağlılığı quşqu doğurmayan Dadaş Rzayevi Müdafiə naziri qoydurmuşdu. Mən İnformasiya studiyasının direktorluğundan uzaqlaşdırılandan sonra studiya Səfər Alışarlıya tapşırılmışdı. Bunlar, demək olar, xaraktercə uyğun görəvləndirmələr idi.

1991-ci ildə prezident A.Mütəllibovla uzlaşma sonucunda Elçibəy çoxdankı sevimlisi olan Səfər Alışarlını Naxçıvan Televiziyasına sədr qoydurmuşdu. Altıca ayda Naxçıvan TV-də böyük yeyinti-mənimsəməyə görə prokurorluq Səfərə cinayət işi açmışdı. Elçibəy onda Səfəri prokurorluğun əlindən qoparıb Bakıya gətirmiş, sonra da Teleradio verilişləri şirkətində birinci müavin qoymuşdu. Elçibəy üçün qanunçuluq deyilən bir anlayış yox idi; onun düşüncəsinə görə, “qanunun yanından keçib getmək olar”dı. Onun “qanunun yanından keçib getmək olar” prinsipi AXC hakimiyətini bir ildə anarxiyaya, özbaşınalığa  gətirib çıxardı.

 

Qondarma suçlama ilə görəvdən alındığımdan işi məhkəməyə vermişdim. Məhkəmə boş-boşuna uzandıqca uzanırdı. Bunun “niyəsinə” Səbael rayon məhkəməsinin hakimi Şəfəq Gözəlova belə qarşılıq vermişdi: “Pənah Hüseynovla Arif Hacıyev məhkəmənin gedişinə mane olur”. Bu bir ipucu idi. Soruşulur: nəyə görə P.Hüseynovla A.Hacıyev? Aydındır: onlar AXC hakimiyətindəki iki ən güclü qruplaşmadan birinin – İsa Qəmbər qruplaşmasının başlıca funksionerləri idilər. Mənim İnformasiya studiyasının direktorluğundan uzaqlaşdırılmağım üçün İ.Qəmbər parlamentinin 3 (üç!) qərarı olmuşdu. Görünür, bu qərarlar yetərli olmadığından, M.İsmayılla S.Alışarlı qruplaşmaya qatılmaqla, ortaya çevriliş yalanı atılmışdı. Ola bilsin, bu yalanı da güvənsiz görərək, M.İsmayılla S.Alışarlı işdə mənə qarşı qondarma kompromat material quraşdırılmasını gərəkli bilmişdilər. Yeri gəlmişkən, Televiziyada uzun illər başlıca rüşvətxorlardan biri olaraq tanınan İsmayıl Ömərov tanınmış dəstəsiylə birlikdə İ.Qəmbər-P.Hüseynov qruplaşmasının aktiv yardımçılarından idi. Direktor olaraq işə başlayan kimi İ.Ömərovun işdən çıxarılması üçün raport yazmışdım, İ.Ömərov tezliklə M.İsmayılla, S.Alışarlı ilə qardaşlaşdığından üzərində  prinsipiallıqla dayanmağıma baxmayaraq, raportum sonadək baxılmamış qaldı. Özünün korrupsioner bacarığına uyğun olaraq çox keçmədən ayağısürüşkən hərəkatçılarla əlbir olan İ.Ömərov qurucularından olduğum hakimiyətdə TƏKLƏNDİYİMƏ görə məndən güclü çıxdı: o, görəv başında qaldı (İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru), mən görəvdən uzaqlaşdırıldım.

Sonra nə oldu? H.Əliyevin hakimiyətə qaytarılmasından ayrıca güc alan İ.Ömərov bir-birinin ardınca ortaya çıxardığı “Xəyanət”, “Qara yara”, “Qəsd” kimi gurultulu əliyevçi verilişlərində AXC hakimiyətinin başda duranlarını HALQAda göstərməyə başladı. Acıqlanmağa dəyməzdi: görünür, Ömərov onları necə tanımışdısa, elə də göstərirdi.

Daha bir yeri gəlmişkən, bizim Komitə sədri Elşad Quliyevin Radio üzrə müavini (KQB polkovniki), müxalifətin qatı düşməni olaraq müavinlikdən uzaqlaşdırdığımız Aqşin Babayevi İ.Qəmbər aparıb yanında mətbuat xidmətinə başçı qoymuşdu. Bu azmış kimi o, bizim yaramazlığa görə işdən uzaqlaşdırdığımız başqa birilərini də özünün mətbuat xidmətinə aparmışdı. Eləcə də İ.Qəmbərin ən yaxın yaraqdaşı P.Hüseynov Nazirlər kabinetinə Çəbhə ideyalarına yad, yağı kimsələri yığırdı…

 

Səkkiz saatlıq sağollaşma

 

İ.Qəmbərlə P.Hüseynovun ideya arxadaşı R.Arifoğlunun “YeM” qəzetində belə propaqanda aparılırdı: “ikinci birinci olmalıdır”. Bu nə demək idi? Elçibəy devrilməli, İ.Qəmbər prezident olmalıdır. Bu yöndə qurğular qurulur, işdəklər işlənirdi. Elçibəylə bağlı gerçək çevriliş planları quranlar başqaları ilə bağlı çevriliş yalanları yayıb Elçibəyi başqa yerlərə yönəltməklə bir yandan iz azdırır, bir yandan qarışıqlıq yaradır, başqa bir yandan öz güclərini artırırdılar. Ancaq… sən saydığını say, gör Heydər Əliyev nə sayır!

Uşaqlıq çağlarından sonadək Elçibəylə birgə olmuş Aydın Abbasovun (Türk Aydın) bildirdiyinə görə, prezident Elçibəy hakimiyətin içindən kimlərin onu yıxmaq istədiklərini bilirmiş. Elçibəyin H.Əliyevlə 8 saatlıq görüşü (1993, fevral) politik opponentləri aradan qaldırmaqla bağlı olub. Sən demə, H.Əliyev onları “məhv etmək üçün” hakimiyətə qaytarılıb. A.Abbasovun bildirdiyinə görə, Elçibəy özü humanist adam olduğundan onun politik opponentlərini etkisiz duruma gətirmək missiyasını belə işlərin ustası olan  H.Əliyev öz üzərinə götürüb. 8 saatlıq (səkkiz saat!) Fevral görüşündə belə bir uzlaşma əldə olunub: hakimiyətə qaytarılan H.Əliyev 1998-ci ilədək, bir beş illik dönəmdə, hakimiyətdə qalıb Elçibəyin politik opponentlərini etkisiz duruma gətirir, sonra da, “beş il bitdi” deyə, hakimiyəti podnosda (xonçada) aldığı kimi, eləcə də Elçibəyə qaytarıb gedir pensiyaçı yaşamını yaşamağa. Kələkidən qayıdandan sonra AXCP Ali Məclisində etdiyi çıxışların birində Elçibəy H.Əliyevdən danışırkən acıqlı-acıqlı dedi: “Qurnaz məni aldatdı”. Məmməd Araz belə yerdə deyib: “Bu başlarla aşıq-aşıq oynayan; Çevik əldə, ayıq başda nə günah?!”

Hakimiyətə qayıdış yollarında H.Əliyev çoxlarını aldatdı, çoxlarına öldürücü kələk gəldi. Ancaq bütün bunlara görə onu qınamaq çətindir: axı, o, KQB generalı idi; axı, o, uzun illər Azərbaycan KP MK-nın birinci katibi olmuş, Politbüroya aparılmışdı… Onun hakimiyətə qayıdışında rolu olanların hansını danışdırırsan, deyir: məni aldatdı. Onlar onu tanıya-tanıya aldanıblar, hamısı da tamah ucbatından – nəsə əldə etmək istəyindən. Dönə-dönə demək gərəkir: belədə suç aldadanda deyil, aldadılandadır.

Özünün bildirdiyinə görə, H.Əliyevə aldananlardan biri də Elçibəy olub. Elçibəy ona daha çox lider-prezident bacarıqsızlığı, yararsızlığı üzündən aldanıb. Elçibəyin qardaşı Almurad Əliyev: “Bəy Heydər Əliyevlə danışıqlarda onun birinci, özünün ondan sonra hakimiyətə gəlməyini istəyirdi. Amma Heydər Əliyev razılaşmadı, dedi, qabaqca sən gəl, sonra mən gələrəm”. Bu danışıqlar haçaq olub? AXC hakimiyətə gələndən qabaq. Baxın, ölkənin ən güclü politik qurumunun başçısı, Hərəkat lideri Naxçıvanda oturmuş bəlli bir pensiyaçı ilə başında durduğu qurumdan gizlin necə danışıqlar aparır? Açıq-açığına yenilgən danışıqlar! Sonuc necə ola bilərdi? Sözsüz, indi gördüklərimiz: bütünlüklə yoxsullaşdırılmış Xalq; bütünlüklə uğursuzluq bataqlığına batırılmış Ölkə; bütünlüklə yolsuzluğa yoluxdurulmuş Dövlət!

Soruşulana qarşılıq olaraq Elçibəy bildirir: “Hə, mən Heydər Əliyevi sevmişəm, ona görə ki, o, Romanovla vuruşurdu”. Q.Romanov Leninqrad partiya komitəsinin birinci katibi, Politbüro üyəsi idi. H.Əliyev Romanovla vuruşurmuş! Buna bişmiş toyuğun da gülməyi gələrdi. Bir də, deyək eləydi: H.Əliyev Romanovla vuruşurdu – nə olsun? Sən niyə H.Əliyevin acımasızca əzdiyi bu xalqa acımaq yerinə bu xalqı əzəni sevirdin? Deyir: “Mən bunu danmıram: 80-ci illərin əvvəllərində Heydər Əliyevin şəklindən yüz dənə çoxaldıb bütün respublikaya yaymışdım, birini də evimin divarından asmışdım”. Yoruma gərək yoxdur!

Mənsə 80-ci illərin başlanğıcında Bozqurd şəkillərini üç formatda çoxaldıb bütün respublikaya yaymışdım. 1988-ci il dekabrın 5-də ruslar bizi Azadlıq meydanından tutub Bayıl türməsinə aparanda o şəkillərdən biri – orta formatda olanı pencəyimin cibində idi. Düzü, rusların onu tapıb məni incidəcəklərindən çəkinirdim. Ancaq, elə bir axtarış olmadı…

Günlərin bir günü Elçibəy demişdi: “Məni sən yıxdın, Rəsul!” Ancaq… “məni mən yıxdım” desəydi, daha düzgün olardı. Elçibəy qanunçuluqdan uzaq olduğundan çox keçmədən ölkədə özbaşınalıq, sabotaj baş alıb gedirdi. Rəsul Quliyevdə (Rəsul Quliyev kimilərdə) suç yox idi: suç Rəsul Quliyev kimi tanınmış korrupsioneri AXC hakimiyətinin başına çıxaranda (çıxaranlarda) idi. Rüşvət, korrupsiya, sabotaj (hamısı bir yerdə – özbaşınalıq!) faktlarını qanunsuzluq doğurur. Prezident qanunçu olmayanda, qanunları qoruma qarantına çevrilməyəndə istər-istəməz özbaşınalıq qanuna çevrilir. İstənilən prezidentin Xalqa, Ölkəyə, Dövlətə sevgisi özünü qanunçuluqda göstərir, qanunçuluqda göstərməlidir. Qanunçuluq prezidentin, prezident adlanan kimsənin başlıca görəv borcudur. Qanunçu prezident qanunun sərt, dönməz üzüylə əyri kimsələri də düz yola yönəldə bilər, sərt, dönməz qanunçu olmayan, qanunlara işləklik qazandırılmayan prezident hakimiyətində düzlərin də getdikcə aşınıb-boşalıb əyriliyə yönəlməsi gözləniləndir.

Belə bir Latın deyimi var: “Sən düzəni qoru, düzən səni qoruyacaq”. Elçibəy düzəni qorumadı. Özü də çağında qorumadığı düzənin qurbanına çevrildi. Azərbaycanın gələcək az-çox demokratik prezidentləri bu faktı özlərinə görk etməlidirlər. Prezidentin Xalqa, Ölkəyə, Dövlətə sayğısı, sevgisi boşuna sözlərlə deyil, QANUNÇULUQLA – QANUNA BAĞLILIQLA ölçülə bilər, ölçülməlidir!

Qanunçuluq ildə bir neçə yol geyilib çıxarılası bayram geyimi deyil. Qanunçuluq dəyişməz düşüncə, dəyişməz davranış faktorudur. Elçibəy AXC hakimiyətinin yıxılmasında rolu olanlardan yalnız birinin adını çəkir – Rəsul Quliyevin. Ancaq Rəsul Quliyevin adını çəkməmək də olardı. Nəyə görə? R.Quliyev H.Əliyev yetirməsi olaraq AXC hakimiyətinə, belə desək, genetik olaraq yad birisiydi. Onu AXC hakimiyətində başa Elçibəy çıxarsa da, onun gözü də, ürəyi də arxada – onu yetirən, ünlü korrupsionerə çevirən kimsədə idi. Gözünün önündəki prezident çox gücsüz, bacarıqsız olmaqla onun kimi korrupsionerlərdən ötrü göydəndüşmə birisi olsa da, AXC hakimiyəti bütünlükdə az-çox yeni, demokratik yönümlü davranış düzəni ilə Heydər Əliyevin avtoritar yönətim sistemində yetişmiş kimsələr üçün əlverişsiz, özgə idi.

 

Çənə çevrilişi

 

Kimliyi, necəliyi bəlli KQB generalı ilə iş birliyi, bu iş birliyinə uyğun olaraq AXC hakimiyətində KQB agenturasına geniş meydan verilməsi, bir çoxuna yüksək status qazandırılması hakimiyətin içdən yenilməsini öncədən qarantiyalamışdı.

Demokratik hüquq dövləti qurmaq, dönə-dönə vurğulanmaqla, AXC Proqramında başlıca yer tuturdu. Bir illik hakimiyət dönəmində demokratik hüquq dövləti qurmaq yönündə bircə addım belə atılmadı. “Kadrlar Heydər Əliyevin məsləhətilə seçilib yerləşdirilirdi” (P.Hüseynov) H.Əliyevin istəyinə, planlaşdırdığına uyğun kadr politikası-kadr yerləşdirməsi uyğun yönətim sisteminin qurulmasına gətirib çıxarmaqla,  sonucda onun  hakimiyətə çağırılmasını qaçılmaz edəcəkdi. Bu üzdən də böyük inamla deyə bilərik: 93-ün iyun çevrilişi hakimiyətin özündə (içində) yetişdirilmişdi. Çevrilişi yetişdirənlər sonucda “kollektiv olaraq” H.Əliyevi çağırmaq qərarı vermişdilər. H.Əliyevi hakimiyətə qaytarandan sonra nəsə olmamış kimi “kollektiv olaraq” keçib müxalifətin başında durub keçmiş intriqalarını sürdürməklə  Əliyevlərin uzun illər hakimiyətdə qalmalarına qarantiya yaratmışdılar. Sözügedən “kollektiv qərarla” bağlı keçmiş baş nazir P.Hüseynovun dedikləri: “Mən indi də deyirəm ki, Heydər Əliyevin Bakıya dəvət olunmasının tərəfdarı və təşəbbüskarı olmuşam. Bunu heç vaxt gizlətməmişəm, indi də gizlətmirəm. Amma bu qərar dövlətin o vaxtkı rəhbərliyi tərəfindən kollektiv qəbul olunub” (“7 gün” qəzeti, 8 fevral 1997-ci il). “Kollektiv qərara” kim nə deyə bilər? Bu, bir il öncə xalq adına hakimiyətə gələnlərin xalqdan gizli kollerktiv dönüklük qərari idi!

 

Xalqa, Ölkəyə, Dövlətə Elçibəyin birinci-sonuncu ən böyük yaxşılığı AXC hakimiyətini içindən yıxanların adlarını açıqlamaq olardı; belədə onlar hakimiyət dəyişikliyindən sonra müxalifətin başına keçməklə uzun illər “müxalifət lideri” adıyla altdan-altdan hakimiyətin əlinə oynamaqla, Xalqı aldada, Xalqa kələk gələ bilməzdilər. Elçibəy nəsə olmamış kimi bunun tərsini etdi: o, Pənah Hüseynov başda olmaqla AXC hakimiyətinin içindən yıxılmasında başlıca rol oynamış qrupla birlik yaradıb hakimiyətə qayıtmaq istədi. Onlarsa ona, özü bir çıxışında bildirdiyi kimi, “Yox” dedilər. Üstəlik, o, bir çox neqativ işləriylə toplumun gözündən düşmüş Pənah Hüseynovu çox dəyərli birisi kimi topluma sırımağa girişdi…

1973-cü ildə Amerika özünün geostrateji gərəklərinə uyğun olaraq Çilidə az-çox demokratik Salvador Alyende hakimiyətini devirdi. (1973-cü ildə Çilidə edilənin oxşarını Amerikan-ingilis birliyi 20 il sonra Azərbaycanda etdi). Əlində yaraq sonadək onu devirənlərlə vuruşması bir yana, televiziya olanağı əlindən çıxmış Alyende son anda radio ilə xalqa üz tutaraq hakimiyətin içdən devrilməsində rolu olanları, aralarında generallar da olmaqla, bir-bir xalqa tanıtmış, bununla da, ölüm ayağında olsa belə, xalqına sonuncu borcunu ödəmişdi: prezident-yurddaş borcunu!

 

İ.Qəmbərin intriqaları!

 

… AXC-də, AXC hakimiyətində bütün intriqaların başında bir adam – İsa Qəmbər dururdu. İ.Qəmbər özünün başlıca xarakterik özəlliyi olan intriqa faktorunu müxalifətə keçirib bütün müxalifət birliklərini dağıtmaqla faktiki olaraq Əliyevlər hakimiyətinin başlıca qarantlarından biri oldu. Pənah Hüseynovun başlıca funksionerliyi ilə İ.Qəmbər intriqaları AXC-nin, AXC ideyalarının uğursuzluğa uğramasında böyük rol oynadı. Başlanğıcda Elçibəy düzgün yol tutmuşdu: AXC-nin sədri olaraq qalacaq, hakimiyətə getməyəcəkdi. Belədə, sözsüz, o çağlar reytinqi çox yüksək olan Etibar Məmmədov prezident seçiləcəkdi.

Çoxdan barışmaz konfliktdə olduğu E.Məmmədovun seçki uğuru İ.Qəmbər üçün dözülməz olardı. P.Hüseynovla birgə onlar çıxış yolunu Elçibəyi qabağa verməkdə gördülər. Elçibəy İ.Qəmbərin (P.Hüseynovla birgə – Pənah Hüseynovsuz nə İsa Qəmbər?!) intriqasına getməməli idi, getdi. Bu intriqan gediş isə yalnız E.Məmmədova deyil, bütün Azərbaycana uğursuzluq qazandırdı. Elçibəy onda – 1992-ci ildə – onu prezidentliyə sürükləyən İ.Qəmbər-P.Hüseynov-A.Hacıyev qruplaşması (AXC yaranandan az sonra İ.Qəmbər Cəbhə içində Cəbhə – qruplaşma yaratmışdı)  ilə bağlı demişdi: “İndi məni bəh-bəhlə prezident eləyirsiz, bir il sonra yıxacaqsız”. Nə yazıqlar, elə də oldu…

P.S. Son çağlar məni tez-tez qınayanlar olur: “Sovet dönəmindən siyasətlə uğraşmısan, ancaq qazandığın, qazandırdığın nəsə olmayıb”. Doğrudur, çox doğrudur, ancaq… bizimlə (düz yollu kimsələrlə) qarşıdurmada olanların bir çoxu, – elələrinin atası belə! – KQB agenti olub (aralarında babası NKVD “troyka”sında olan da var). Demək, biz uzun illər ayrı-ayrı adamlarla deyil, bütöv bir sistemlə vuruşmalı, çarpışmalı olmuşuq. Mən buna görə KQB arxivlərinin açılmamasını AXC hakimiyətinin başında duranların bağışlanmaz cinayəti, bağışlanmaz dönüklüyü sayıram. O cinayət, o dönüklük yalnız bizim deyil, bütünlükdə Xalqın, Ölkənin, Dövlətin uğursuzluğunda başlıca rol oynadı! Oynamaqdadır…

Ali sovet sədrliyinə yiyələndiyi ilk çağlardan sonadək düşünülmüş plan üzrə öz adamlarını strateji postlara yerləşdirməklə, İ.Qəmbər faktiki olaraq ikihakimiyətlilik yaratdı (AXC hakimiyətinə qarşı Müsavat-İsavat hakimiyəti). Başqa bir yandan, Naxçıvanda oturmuş KQB generalı birbaşa Elçibəylə P.Hüseynovdan yararlanaraq, adamlarını strateji postlara yerləşdirməklə hakimiyət içində üçhakimiyətlilik yaratmışdı. Bu faktı doğrulamaq baxımından, sonadək Elçibəyin sağ əli yerində olmuş P.Hüseynovun bir açıqlaması olduqca önəmlidir: “Biz kadrları Heydər Əliyevin məsləhəti ilə seçib yerləşdirirdik”. AXC-nin demokratik Proqramı, eləcə də demokratik seçki Platforması ilə hakimiyətə gəlmişdilər, ancaq… kadrları demokratik ideyalara bütünlüklə yad, yağı bir repressiv orqanın başında durmuş generalın “məsləhəti” ilə seçib yerləşdirirdilər. Sonuc onu hakimiyətə çağırıb gətirmək olacaqdı…

03.06.2019

 

Sonda göstərildiyi kimi, yazı 2019-un iyununda yazılıb. Yuxarıda sözü gedən qruplaşmanın öncüllüyü ilə 2021-ci ildə “Elçibəy institutu” yaradıldı. Olduqca ilginc faktdır, deyilmi? Eləcə də bu, işin fəlsəfəsinə varmayan, varmağı bacarmayanlar üçün çaşdırıcı görsənişdir: Elçibəy hakimiyətinin içində pozuculuq yaratmaqla yanaşı, Elçibəyə sayğı görsənişi. İşin fəlsəfəsi isə budur: bəlli bir gizlin baxımından Elçibəy onların, eləcə də bir çox elələrinin “əbədi” çörək ağacıdır!

P.S. Abdulla Allahverdiyev vur-tut bir neçə ay ölkəmizin İç işlər baxanı oldu. O, professional kadr idi, ancaq onun gəlişi gec idi, çox gec. Gecdən gec gəlişiylə də o, gerçək general olaraq ölkəmizin qanunçuluq tarixinə damğasını vurub getdi: düzgün işlədi, düzgünlük sərgilədi. İstər mənimlə bağlı olan fakt, istərsə də H.Əliyevin keçirdiyi yığıncaqda onun başqalarından bütünlüklə seçilən general duruşu, general çıxışı ayrıca düzgünlük, qanunçuluq görsənişləri olaraq dəyərləndirilməlidir. Başqalarının buyruq quluna çevrildiyi, sındığı, əyildiyi yerdə o, sınmadı, əyilmədi – düzgünlüyünə, qanunçu olduğuna görə!

Bir daha Latın formulu: “Sən düzəni qoru, düzən səni qoruyacaq”. Abdulla Allahverdiyev kimi düzgün, qanunçu kimsələrə üstünlük qazandıran, yüksək dəyərə çatdıran başlıca nədən budur.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv