Xaliq Bahadır İki qardaşın bir absurd teatrı

İki qardaş: Zərdüşt Əlizadə, Araz Əlizadə. Atabir, anabir qardaşlar. M.Ə.Sabirin “Beynəlmiləl”  şerindən bir parçanı azacıq dəyişikliklə yazaq: “İki qardaş, iki yoldaş bir vətəndə həmdiyiar,/Əsrlərlə ömr edib, sülh içrə bulmuşkən qərar./ Nagəhan fitneyi-iblisi-məlun oldu aşıkar”. Buradakı sonuncu misrada Rusiyanın iblis oyunları gözə çarpdırılır. Çevirməsi belədir: Birdən lənətə gəlmiş iblisin qurğusu üzə çıxdı.
Sabir bu şeiri 1905-ci ildəki erməni-müsəlman savaşı ilə bağlı yazmışdı.Şeirdəki (orijinaldakı) “iki qonşu, iki yoldaş bir vətəndə həmdiyar,/ Əsrlərlə ömr edib sülh içrə bulmuşkən qərar” barışıq yaratmaq istəyi ilə deyilmişdi. İstər Türkiyədə, istər İranda ermənilər yüzilliklər boyunca böyük dinclik içində çox gözəl yaşamış, Türklərin açıqürəkliyindən, böyük humanizmindən gen-bol yararlanmaqla iki Türk dövlətinin ikisində də (Osmanlı, Qacarlar)yüksək status qazanmışdılar. Özlərini gücsüz, Türk dövlətlərini güclü görən ermənilər iki dövlətin ikisində də özlərini başıaşağı, üzüyola, dövlətə, dövlətçiliyə bağlı toplum olaraq tanıtmışdılar. Ta İngiltərə ilə Rusiya Osmanlı ilə Qacarlar dövlətini dağıtmaq planlarına baş vuranadək.
Dünya ağalığına can atan İngiltərə ilə Rusiyanın istəkləri Orta Doğuda, konkret desək, Türkiyə ilə İranda kəsinliklə toqquşurdu. Osmanlı ilə Qacarlar dövlətini yenmədən Orta Doğuya yiyiələnmək olası iş deyildi. İki dövlətin ikisində də ermənilər dağıdıcı alət olaraq seçilmişdi…
Sonrası bəllidir: ingilis, rus ağalarının təpədən dırnağa donatdığı ermənilər Türkiyədə, Güneyli-Quzeyli Azərbaycanda əliyalın, dinc xalqı qırdıqca qırdılar.Qırğına uğrayanların toplam sayı 2,5 milyon idi!

***
Araz indi yoxdur. Getdi. Sosial şəbəkədə ardınca nələr deyilmədi!Ağlım kəsəndən bizim ölkədə ölənin dalınca belə söyüş-yamanlama görməmişdim. Bir daha vurğulayıram: nələr yazmadılar, nələr demədilər!Kimliyindən asılı olmayaraq bu, olduqca acınacaqlı görsənişdir.Onun özü yoxdur, ancaq doğmaları, yaxınları qalır. Ailəsi, uşaqları. Hamısı da oxuyur, eşidir, bilir.
Sosial şəbəkədə elələri var ən ağır sözlər yazırlar. Ən azı belələrinə “dəyərlərimizi aşıb keçməyin” demək olardı. Olmur. Nədən?O özü buna yer qoymayıb.Elə bil adam bilə-bilə arxasınca böyük bir söyüş bazası qoyub gedib. Adamlarsa indi Kəbədə şeytanı daşlayan kimi onu daşlamaqdadırlar…
Mənim Arazla yaxın tanışlığım olmayıb. Onunla günlərin bir günü Moskva metrolarının birində qarşılaşdıq. Bir ölkənin yurddaşları olaraq ötəri əl verib ayrıldıq. Haçaqsa Türkləri aşağılayan, Azərbaycan Türklüyünü yox sayan bir çıxışından dolayı onunla bağlı “Azadlıq”da kəskin bir yazım olub.Onda Türkə-Türklüyə anlaşılmaz bir nifrət vardı. Tək ondamı? Qardaşı Zərdüşt də elə deyilmi? Görəsən, nədən, niyə? İkisi də müəllim-alim ailəsində doğulub-böyüyüb. İkisinin də biliyinə söz ola bilməz. Böyük Türk tarixini bilməmiş deyillər.Ünlü Türkoloq Lev Qumilyovun yazdığını da oxumamış olmazlar: “Türk kültüründə irq ayrı-seçkiliyi yox idi”. Kültüründə irq ayrı-seçkiliyi olmayan bir etnosa bunca aqressiya nədən olsun?Bunun yerinə kilsələri belə terror, başqalarına düşmənçilik ocağı olan ermənilərə sevgi nə deməkdir? Bu bir absurd deyilmi? Nədən qaynaqlandığı bilinməyən absurd!
Zərdüşt Əlizadə ilə AXC-nin ilkin yaranış çağlarından tanışam.Onadək onu hərəkatdan tanıyırdım, ancaq uzaqdan-uzağa. Hə, bir də 1988-ci ilin 18 sentyabrı. O gün biz Üzeyir Hacıbəylinin ev-muzeyində AXC-ni yaradırdıq. AXC-nin başına da Xudu Məmmədovu gətirirdik. Nədən oldu, necə oldu- bəlli deyil: Xudu Məmmədovu elə oradaca itirdik. 1989-cu il iyulun 16-da yaradılan AXC, demək olar, BAŞQASI oldu.
AXC-də Zərdüşt bəylə mənim yolum tezliklə ayrıldı. Aradakı ideoloji ayrıntı üzündən dalaşdıq, küsülü qaldıq.
AXC hakimiyəti dönəmində mən Televizyada İnformasiya studiyasının direktoru oldum. Danışmasaq da, küsülü olsaq da, işçilərimizə Zərdüşt bəyi tez-tez çıxışa çağırmağı tapşırmışdım. Bunu nəyə görə edirdim? İstəyirdim Televiziyada alternativ düşüncəyə yer verilsin.O çağlar hakimiyət başında olan, bu gün özlərini xalqa demokrat kimi sırıyan birilərini mənim “alternativ” davranışlarım çox qıcıqlandırırdı.
Mən bir sıra başqa müxalifətçiləri, o sıradan AMİP sədri Etibar Məmmədovu da çıxışa çağırmaq istəyirdim, qoymurdular. Biriləri E.Məmmədovun Televiziyaya girişini yasaqlamışdılar. Nə oldu? E.Məmmədov piket-mitinq yoluyla Televiziyaya yolunu açdı. Hansı yaxşıydı: mənim etmək istədiyim, yoxsa piket-mitinq yoluyla əldə edilən?
Bilirəm, indi bunları oxuyub məni qınayanlar var- o çağlar olduğu kimi. Mənim E.Məmmədova, bir başqasına ayrıca simpatiyam yox idi.Bir daha vurğulayıram: mən politik plüralizmə, düşüncə özgürlüyünə, alternativ baxışlara meydan verilməsinə çalışırdım. Kimlərsa belə yanaşmanı bəyənməyə bilərlər, ancaq hamı bilməlidir: demokratiya belə olur, belə olmayan demokratiya olmur- indiki monoton, bıqdırıcı, yalnız direktiv buyruqlara bağlı, “rəhbər” göstərişlərdən asılı,bir subyektə yönəlik propaqandalarla dolu toplu Az TV-lər olur.
Zərdüşt Əlizadə planlı olaraq AXC-dən uzaqlaşdırıldı.O gedib Arazla Sosial Demokrat partiyasını yaratdı.Ölkəmizdə belə bir partiyanın yaranması çox gərəkli idi, ancaq… nə yazıqlar, onu yaradanlar gərəkənin gərəklisi ola bilmədilər. İkisi də!
İki qardaşın yararsız ortaqlığı çox keçmədən partiyada sürəkli “buxarlanma” sürəci doğurdu. Sonda kiçik qardaş böyük qardaşı partiyadan uzaqlaşdırdı. Bundan sonra Sosial Demokrat partiyası bir sıra başqa partiyalar təki adı var, özü yox  nəsnəyə çevrildi. Buna baxmayaraq, rejim Araz Əlizadəyə deputat mandatı verdi. Bunu ödülləndirmə adlandırmaq daha düzgün olardı. Araz deyil, Zərdüşt Əlizadə rejimə müxalifətdə idi. Ancaq müxalifət partiyasının lideri kimi mandat Araza verildi. Avropaya, Amerikaya göstərmək üçün parlamentdə bir Sosial Demokrat “brendi” də gərək idi.
Ölkəmizdə Sosial Demokratiya ideyalarının yayılması çox yaxşı olardı, ancaq yayılmadı. Qardaşlar toplimun təpkisini doğuracaq bir çox çıxışları, davranışlarıyla Sosial Demokratiya ideyalarının yayılmasına deyil, qısıtlanmasına yol açdılar.
Sosial Demokratiya ideolofiyasının başlıca çağırışı (devizi) belədir: “Qardaşlıq, bərabərlik, düzgünlük”. Ruscası: (“Bratstvo, ravenstvo, spravedlivost”). Bunlar bugünkü Azərbaycan toplumu üçün olduqca önəmli prinsiplərdir.Azərbaycan toplumu bu gün planlı olaraq Qardaşlıq, Bərabərlik, Düsgünlük (ərəbcə, ədalət) kimi dəyərlərdən uzaq salınıb. Göründüyü kimi, bunlar planlı olaraq dağıdılmış Azərbaycan toplumunu birləşdirəcək, dirçəldəcək, yüksəldəcək dəyərlərdir.
Xalqın (demosun) yüzdə doxsanının Türk olduğu ölkədə qardaşlar ardıcıl antiTürk çıxışlarıyla sosial demosun atasını yandırdılar, anasını ağlar qoydular.Bunlar nəyə gərək idi? Sən axı partiya olaraq, bəlli ideologiya daşıyıcısı olaraq  sosialın Qardaşlıq, Bərabərlik, Düzgünlük ideallarını gerçəkləşdirmə görəvlisisən. Sosial Demokratiya ideologiyası Azərbaycanda yaşayan bütün xalqlar üçün olduqca önəmli birləşdirici ideologiyadır. Sən neyləyirsən? Ölkədəki yüzdə doxsana qarşı çıxır, onun  varlığını açıq-açığına gözardı edirsən. Bu necə politikadır?
Z.Əlizadə bir çağlar müxalifətlə bağlı yazırdı: “Müxalifətin fəlakəti gerçək vəziyəti sərt və amansız şəkildə təhlil etməkdən çəkinməsindədir”. Buna deyərlər: gerçəyin özü! Burası, doğrudanda, müxalifətin fəlakəti, özü də çoxillik fəlakətidir. Bu yöndə mənim illərlə çalışmalarım oldu. Gerçəkləşməsinə yol verilmədi. Üz döndərdim. İstənilən partiyada durumun (gerçəkliyin) sərt, deyildiyi kimi, “amansız” analizi, buna uyğun dəyərləndirilməsi olduqca önəmlidir- yaxın, uzaq gələcəyin taktik, strateji planlaşdırılması baxımından!
Zərdüşt bəyin burada müxalifətlə bağlı dediyi bütünlüklə düzgündür, ancaq Sosial Demokratiya lideri olaraq çağında o özü niyə gərəkən analizi etməyib- bəlli deyil.
Sən özünü necə siyasətçi sayırsan, Sosial Demokratiya ideologiyasına yükləndiyin ölkədə o ideologiyanın başlıca, çoxsaylı subyektini görməzdən gəlirsən, ona qarşı çıxırsan,onun dəyərlərinə sayğısızlıq sərgiləyirsən?!O demosu (xalqı) gerçək bir demokrat olaraq sən nələrə görəsə ələşdirə bilərsən (tənqid etmək), ancaq bu ona yüksək sayğıyla, sevərək olmalıdır.Ən azı siyasətçi olaraq sən bunu etməyə borclusan. Axı, ən azı o sənin potensial seçicindir.Ortada bu ən azın da dəyərləndirməsi yoxdursa, hansı siyasətdən, siyasətçilikdən danışmaq olar?!
P.S. Sosial Demokratiya lideri A.Əlizadə iki yüz ildən artıq bir dönəm boyuncabəri Azərbaycanı bölüb-parçalayan, xalqımızı böyük qırğınlara uğradan, indi bunları Ukraynada edən Rusiya ilə bağlı deyirdi: “Rusiya müharibədə qalib gəlmək üzrədir, inşallah, belə də olacaq”.Rusiyanın patriarxı Kiril kimi, İran islam respublikasının “ali din lideri” Seyid Əli Xamenei kimi “demokrat” Araz Əlizadə də işğalçı-dağıdıcı-qantökən dövlətin, başqa sözlə, ŞƏRİN üstünlük qazanmasını istəyirdi. Özü də çox gözəl bilirdi: Rusiyanın Ukraynada üstünlük qazanması Azərbaycanın yenidən, bütünlüklə Rusiya saldırısına uğraması deməkdir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv