Faiq Balabəyli. Şuşa

Mənim qoca şəhərim, mənim uca şəhərim
neçə ilin həsrətini çəkən, yorğun şəhərim
özümüzdən çox uzaq,
könlümüzə çox yaxın
gözümüzlə görünməyən tənha, oğrun şəhərim
axır ki qayıda bildik, gözlərin aydın…

Qırmızı qoftalı, yaşıl tumanlı
ətrafı çiskinli, çənli dumanlı
Abırlı, həyalı, nurlu, imanlı
yaşıl meşələrdən qurşaq bağlayan
dumanı başına çalma tək çəkən,
yaşmaq bağlayan şəhərim
qayası, qalası, didərgin balası
hirsindən, hikkəsindən ağlayan şəhərim
axır ki qayıda bildik, gözlərin aydın…

Nizama düşəcək qarışıq küçələrin
verəcək özünə yaraşıq küçələrin
Qaranlıqlar yox olacaq, işıq küçələrin
üzünə xal kimi düşən şəhərim,
gözəldir hər tinin, guşən, şəhərim,
axır ki qayıtdıq, gözlərin aydın…

Dostum Xaqan dənizdə dözmədi
qalxdı sinənə
Səndən yan keçsin deyə, düşmən gülləsi
Özünü sipər tək taxdı sinənə
Döyüşə döyüşə tapdı şəhadət
ruhu səndə qaldı, adını
Götürüb gəldi dənizə
gəmiyə çevrildi, üzdü şəhərim
Ruhu quşa döndü başının üstə
Sərgardan sərgardan gəzdi, şəhərim.
axır ki qayıtdıq, gözlərin aydın…

Doyunca əyilib içdim suyundan
Tamı tamahlandırdı, yumdum gözümü
dadı damağıma köçdü, içimə çəkdiyim
Havanı udmaq
geri qaytarmamaq… yordum özümü
Qaratikanların, böyürtikanların
əlimi daladı, ovcumu, dizimi
amma incitmədi, beləcə açıldı günüm, səhərim
dağların qoynunda məğrur dayanan
ismətli, namuslu gəlin şəhərim,
axır ki qayıtdıq, gözlərin aydın…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv