Surət Hüseynov–“suç keçisi”
Surət Hüseynov getdi, yoxluğa vardı, bitdi, qurtardı. Sosial şəbəkə söyüşlə doldu. Ən pisi isə bu söyüş xoruna bir sıra jurnalistlərin də qatılmağı oldu. Bunlar daha çox hakimiyətlə müxalifət arasında var-gəldə bulunan özgüdükçü jurnalistlər idi. Guya bu xalqı, bu ölkəni, bu dövləti çox sevirmişlər, Surət isə “satqın”, “vətən xaini” imiş. Bildiyimiz kimi, belə düşüncə, belə baxış xalq arasında da geniş yayılıb.
92-93 gerçəklərini yaxşı bilən, o gerçəklərin içindən keçib gələn bir sıra tanınmışların, politik adı daşıyan birilərinin o xorda korifey rolunda çıxış etmələri ayrıcadanışılası qonudur. Kimlərsə başlarını başlara qataraq bilmədiklərindən bildikləri kimi danışırkən, onlar bildiklərindən bilmədikləri kimi danışaraq toplumu aldadırlar.
Sən demə, Surət olmasaymış AXC hakimiyəti yıxılmayacaqmış, xalq isə demokratik hüquq dövlətində çox gözəl yaşayacaqmış. Nə oldu? Surət Hüseynov “4 iyun qiyamını törətməklə AXC hakimiyətini devirdi”,- bu, xalq arasında geniş yayılmış, demək olar, daşlaşmış düşüncədir. Buna görə xalqı qınamaq çətindir: xalq eşitdiyini deyir. Ölkədəki bir sıra müxalifət başdaduranlarına da belə gərəkir, əlverişli olduğu,işlərinə yaradığı üçün: 93-dən bu yana ölkədə baş verənlərə görə kim söyülür- söyülsün, təki onların adları çəkilməsin, xalq onları başlıca suçlular olaraq tanımasın. Bax, belə yerdə kəsinliklə “suç keçisinə” gərək yaranır.
Gerçəkçi, doğruları xalqa çatdırmağı özünün professional borcu sayan juralistika (başqa sözlə, yurdsevər jurnalistika!) belə yerdə çox gərəklidir. Gərəklidir: gerçəkləri ortaya çıxarmaq, doğruları bildirmək baxımından.Edvard Abbey deyir: “Yurdsevər bütün çağlarda ölkəsini öz hökumətindəın qorumağa çalışmalıdılr”. Sözün geniş anlamında bizdə indi jurnalistika bolluğudur, ancaq daha çox hibrid ürün olaraq yetişdirilən bu jurnalistikada yurdsevərlik yox yerindədir. Burada yurdsevərlik yerinə özəl çıxarları üçün hökumətə-dövlətə qulluq yolçuluğu var.
“Mərdi qova-qova namərd eləyərlər”, deyimi var. Surətin başına o gəldi.
Bilənlərin dediyinə görə o, könüllü orduya çox yardım eləmişdi. Yaraq-sursat almışdı, Ukraynadan pilotlar gətirmişdi…
Aralıq çevrilişi
1992-ci il mayın 15-də AXC A.Mütəllibovu devirməklə hakimiyətə gəldi.İ.Qəmbərov Ali sovetin sədri oldu. İ.Qəmbərov qruplaşmasının qızğın çalışmaları sonucunda AXC sədri prezident adayı olmağa boyun qoyacaq, sonra da iyunun 7-də prezident seçiləcəkdi. AXC sədri Ə.Əliyev prezidentlik görəvinə başlayanadək İ.Qəmbərov, demək olar, bütün strateji postlara adamlarını (AXC içində “Müsavat” partiyası) yerləşdirəcəkdi. AXC sədri olaraq Ə.Əliyeviçoxdan dişünə vurmuş İ.Qəmbərov da, onun başlıca qrup yoldaşları olan P.Hüseynovla Arif Hacıyev də yaxşı bilirdilər: Ə.Əliyevprezidentliyindəformal olaraq AXC adını daşısa da, gerçəkdə hakimiyətonların əlindəolacaq. Onların qorxuları bircə o çağlar reytinqi çox yüksək olan Etibar Məmmədovdan idi, onu da Ə.Əliyevin əliylə etkisiz duruma gətirdilər. Ə.Əliyev onlara da, Naxçıvanda oturub bütün Azərbaycanı əl altında tutan H.Əliyevə də uzağı bir illiyə gərək idi.
Gərəkən əkləmə. O gün, mayın 15-də, AXC qərargahına, Sahil bağına, minlərlə adam toplaşmışdı. Ayaz Mütəllibovun bir gün öncəki qayıdışı, parlament tribunasından müxalifətə yönəlik kəskin çıxışı adamlarda acıq doğurmuşdu. Ortaya adamları qızışdırma faktı da çıxmışdı. Qurban Məmmədov tez-tez qərargahın balkonuina çıxaraq xalqa Naxçıvanda oturmuş H.Əliyevin göstərişlərini çatdırırdı: “Heydər bəy sizi hakimiyətin üzərinə getməyə, Ayaz Mütəllibovu devirməyə çağırır”.Mobil telefonun olmadığı o çağlar AXC H.Əliyevlə birbaşa bağlantı qurmuşdu.
İ.Qəmbərovçoxdan özünə komanda yaratmışdı. Onun güdüyü çağı çatınca Ə.Əliyevi yüngülcə itələyərəık hakimiyətə yalnız de-fakto deyil, eləcə də de-yure yiyələnməkidi. O, komandasını qıraqda deyil, AXC-də, AXC sədrinin gözü baxa-baxa “Müsavat partiyası” adı altında,Cəbhəni içindən parçalamaqla yaratmışdı. Ə.Əliyev isə ona xeyir-dua vermişdi. 1990-cı ilin yanvarında İ.Qəmbərovun AXC-ni içindən parçalamaqla yaratdığı ŞADP (Şimali Azərbaycan Demokrat partiyası) ilə başlatdığı bu sürəc Ə.Əliyevin yararsız (bəlkə də,özünə yararlı) sədrliyi üzündən Cəbhəni qaçılmaz olaraq uğursuz sonluğa sürükləyirdi.
Sədr-prezident komandası: varla yox arasında
Ə.Əliyevin komandası ilə bağlı elçibəyçilər iki qrupa bölünüblər. Onlardan bir qrupu deyir: “Elçibəyin komandasi yox idi”. O biri qrup deyir: “Elçibəyin komandası onu satdı”.
Ə. Əliyev AXC yaranandan öncə “Varlıq” qrupunu yaratmışdı. Formal olaraq mən də o qrupda idim. Nə üçün formal? Sonradan bəlli olduğu kimi, o, regional qruplaşma idi. Ə.Əliyevin regional özüldə yaratdığı o qruplaşmanın başda gedənlərindən biri kim olsa yaxşıdır? İndi hamının çox yaxşı tanıdığı, heydərizmin “əbədi” deputatı Fəzail Ağamalı.
Kimlərsə məni qınaya bilərlər, qoy deyim: o çağlar bizlər bölgə-region söyləmələrindən-bölücülüklərindən çox uzaq idik; bizə elə gəlirdi hamımızın amacımızbirdir: Azərbaycanı Özgürlüyə, Demokratiyaya qovuşdurmaq. Ə.Əliyev komandasının istəyinin Azərbaycanı heydərizmə qovuşdurmaq olduğunu sonralar biləcəkdik. Mənim kimi bir neçə tanınmış kimsənin orda olması “başqa region”- genəl görüntü yaratmaq üçünmüş.
O qrupdakılar başlıca olaraq intellekt yoxsunu, yönətim kültüründən uzaq kimsələr idi. 1989-cu il iyulun 16-da Ə.Əliyev onların say çoxluğu, çığır-bağırıyla AXC-nin sədri oldu. Prezident seçiləndən sonra isə o, AXC-ni onlara tapşırıb getdi. Onlarsa qərargahı bulaşığa batırmaqla AXC-ni bircə ilin içində gözdən saldılar. Ə.Əliyevin komandası bu idi. Heydər Əliyevin hakimiyətə qaytarılmasınadək Cəbhə içində, Cəbhə dışında ipə-sapa yatmayan çarpışmaçı-savaşğan davranış sərgiləyən o komanda H.Əliyevin hakimiyətə qayıdışı ilə… yoxa çıxdı. İndi onların səsi uğurlu biznes-kommersiya qurumlarından, Türkiyədən, Avropadan gəlir. Bir mahnıda deyildiyi kimi: “Sevgimiz elə bu qədərmiş…” Yox, onların missiyası o yerədəkmiş!
“Komandası Elçibəyi satdı”,-tezisinə gəlincə, görünür, elçibəyçilər İ.Qəmbərov komandasını deyirlər. Onların kimləri dediyindən asılı olmayaraq, lider adı daşıyan birisinin komandası onu elliklə satırsa, bu, o kimsənin özünün düz yollu olmadığının görsənişidir.Istənilən liderin komandasında satqınlar ola bilər-burası bəlli görsənişlərdəndir: kimlərsə satın alınar, kimlərsə yolunu-idealını dəyişər.Bir də var “komandası Elçibəyi satdı” söyləməsi.O, komandasından gizlin gecəylə qaçıb Kələkiyə getdi, 4 il 4 ay sonra geri qayıdıb onu “satan” komanda yoldaşlarına “qardaşlaım” dedi.Bir lider onu satan komanda yoldaşlarına “qardaşlarım” deyirsə, bununla o özünün gerçək kimliyini sərgiləmiş olur…
Çilinin demokratik prezidenti Salvador Alyendeəlində avtomat hakimiyəti qorumağa qalxmış, yenildiyini görüncə, onu satan, ona dönük çıxan komanda yoldaşlarınınadlarını çəkərək bir-bir xalqa tanıtmaqla, gələcək əngəlləri aradan qaldırmaq baxımındanxalqına, ölkəsinə çox böyük qulluq göstərmiş, bu yolla da özünün liderlik borcunu sonadək yetərincə yerinə yetirmişdi. Onun açıqladığı adlar arasında hakimiyətdə yüksək yer tutan politiklər də vardı, general da, başqa ordu adamları da…
Özgə oyununun oyunçuları
İyulun 2-də S.Hüseynov Bakıya çağrıldı. Onu Prezidentin Qarabağ üzrə səlahiyətli nümayəndəsi, baş nazirin (o çağlar Rəhim Hüseynov) müavini görəvinə yüksəltdilər. AXC hakimiyətində dövlət katibi, baş nazir olmuş Pənah Hüseynov S.Hüseynovla bağlı o toplu yüksəlişə belə aydınlıq gətirir: “Biz Surət Hüseynova bir gündə iki vəzifə ona görə verdik ki, onu Müdafiə naziriRəhim Qazıyevə qarşı istifadə edək”. Bunun nə demək olduğunu İ.Qəmbərovu AXC İdarə heyətindən tanıyanlar bilir.
AXC yaranan ilkin çağlardan İ.QəmbərovXalq cəbhəsindən “Azadlıq” qəzetinədək KQB metodlarıyla intriqalar yaradır, onları yönətirdi.Xalq cəbhəsinin nədən, niyə yarandığı, onu hansı toplumsal, ulusal, demokratik gərəklərin doğurduğu İ.Qəmbərovu azacıq da ilgiləndirmirdi-onun üçün önəmlisi ara qarışdırmaq, adamları salışdırmaqla öz oyunlarını oynamaq idi.İ.Qəmbərov yiyələndiyi hakimiyət gücündən yararlanmaqla ölkənin çoxsaylı, bir-birindən ağır sorunlarının çözümünə girişmək yerinə,Qarabağ uğrunda savaşa hakimiyətin bütün gücüylə qatılmaq yerinə, AXC-də başında durduğu intriqasürəcini elə ilk çağlardan AXC hakimiyətinə keçirməyə başlamışdı. Bu işdə onun AXC-dən üzübəri iki ən yaxın yardımçısı vardı: Pənah Hüseynov, Arif Hacıyev.
Burası da önəmli faktdır. Sərdar Əlibəyli efirdə P.Hüseynovdan soruşur: “Prezident Elçibəyin Surəti Rəhim Qazıyevə qarşı İSTİFADƏ ETMƏK niyyətindən xəbəri vardımı?” P.Hüseynov kəsinliklə bildirir: “Birmənalı şəkildə vardı və prezidentə bu haqda deyilmişdi”. Belə deyim var: dil çaşar, doğrunu deyər. Gəlin buradakı gerçəyi ortaya çıxarmaq üçün qısaca analizə baş vuraq. Gerçəkdə belə deyilməliydi: prezident qərara almışdı, fərmanı qollamışdı, bizi də (İ.Qəmbərov, P.Hüseynov, A.Hacıyev) bununla bağlı bilgiləndirmişdi. Ancaq, görün Pənah necə deyir: “Birmənalı şəkildə xəbəri vardı və prezidentə bu haqda deyilmişdi”. Demək, intriqa yaratmaq üçün oyunu quran da, qərar verən də bəlli Üçlük olub. Oyun qurulandan, qərar veriləndən sonra… “prezidentə bu haqda deyilib”. “Prezident” isə çoxdanın “prezidenti” idi-AXC-dən tanıdıqları, o çağdan böyük uğurla yola verdikləri “prezident”. Kimsə çaşmasın-qarşılıqlı oyun gedir, prezident də öz oyununu oynayırdı: onlar onu, qurduqları plana uyğun olaraq, Yusif Sərrac gözündə görürdülər, o isə sonralar gördüyümüz “at gedişiylə” onları “mat” edəcəkdi!
Görün xalqı nə yerinə qoyurlar: Surət Hüseynovla bağlı qərarı prezident vermişdisə, nəyə görə o qərarla bağlı prezidentə “xəbər” verilirdi?! İçib unudubmuş, yoxsa…
Hakimiyətə yiyələndikdən azacıq sonra orduda Rahim Qazıyev (Müdafiə naziri)- Surət Hüseynov (baş nazirin müavini, Qarabağ üzrə Səlahiyətli nümayəndə) qarşıdurması (intriqa) yaratmağa girişən İ.Qəmbərov1996-ci il iyunun 27-də “Azadlıq” qəzetində çıxmış qonuşmasında jurnalistin: “Siyasətçi olaraq hansı yanlışınızı göstərəbilərsiz”,- sorusuna belə qarşılıq vermişdi: “Qarabağ savaşına qatılmamağımı”. Bir çox yalanları kimi İ.Qəmbərov burada da yalandanışmışdı: o, Qarabağ savaşına çoxdan, AXC İdarə heyətinə yerləşdiriləndən qatılmışdı, ancaq Cəbhəni içindən parçalayıb dağıtmağa yönəlik çoxsaylı intriqalarıyla.
Sonrakı 30 illik müxalifətçilik dönəmində bütün müxalifət birliklərini dağıtması faktından da göründüyü kimi, intriqa İsa Qəmbərovun müxalifətdəki dağıdıcılıq missiyasından başqa bir də stixiyası-xarakter görsənişidir.
İ.Qəmbərovun AXC-dəki intriqaları ilə bağlı iki yol Ə.Əliyevin onunla toqquşmasında olmuşdum. Birincidə o, stol arxasındakı dördlü görüşümizdə, görünür, hansısa neqativ bilgilərin doğurduğu boğuq səslə demişdi: “İsa bəy, Cəbhəni dağıtmağa son qoy!” (89-un noyabrı, AXC-nin Xaqani, 33-dəki qərargahında). İkincidə, 90-nın avqustunda AXC-nin Çapayev küçəsindəki qərargahında çox gərgin keçən yığıncağın sonunda o, yumruğunu acıqla stola vuraraq demişdi: “İsa bəy, bəsdi bu dəyirmanı fırlatdığın!”
Gərəkən əkləmə. İ.Qəmbərov o”dəyirmanı” bir illik hakimiyət boyuncaAli sovet sədri-Müsavat başqanı olaraq böyük uğurla fırladacaq, hakimiyət çökəndən sonra özünü, partiyasını suçlamalardan sığortalamaq üçün qəzetlərəMüsavatın hakimiyətdə olmadığını deyəcəkdi. O, beləcə yalan danışacaq, Cəbhə yetkililəri isə o ağ yalan önündə susqun qalacaqdılar…
AXC-də çıxarılan qərara görə, Tofiq Qasımov Ali sovetin sədri, İ.Qəmbərov Xarici işlər naziri olacaqdı, ancaq… T.Qasımovun sonralar bizə bildirdiyinə görə, gecə saat 3-də Ə.Əliyev ona zəng etmiş, AXC-nin qərarının dəyişdiyini bildirmişdi. Gecə saat 3-də! Soruşulsa da, qərarın harada, necə, kimin dəyişdiyini bildirməmiş, kəsinliklə: “Sənlik deyil!”,- demişdi. T.Qasımov AXC-nin başlıca, üstəlik, çox dəyərli qurucularından biri, İdarə heyətinin üyəsi idi!
İdarə heyəti üyələri Zərdüşt Əlizadə, Leyla Yunus, Tofiq Qasımov H.Əliyevə antipatiyası ilə tanınan AXC yetkililəri idi. Ə.Əliyev birinci ikisini tezliklə AXC-dən uzaqlaşdırmış, T.Qasımov qalmışdı. Bir daha vurğğulamaq gərəkir: Tofiq bəy Cəbhənin qurulmasında ən çox əməyi olanlardan idi. Təkcə Cəbhə quruculuğundakı böyük əməyinə görə deyil, eləcə də üstün ərdəmlik, doğru-düzgünlük, intriqanlıqdan uzaq olmaq baxımından Tofiq bəy Ali sovetin sədri olmaq hüququnu hamıdan çox qazanmışlardandı. Ancaq…görünür, Tofiq bəyin AXC hakimiyətində ikinci görəvə yiyələnməsi(Ali sovetin sədri) AXC hakimiyətini AXC Yönətim qurulundakı (İdarə heyəti) agenturanın əliylə içindən dağıtmaq planları quranlar üçün əlverişsiz olduğundan, gecəylə fiqurların yerini dəyişmək göstərişi verilmişdi.
Burası ayrıca vurğulanmalıdır: Tofiq Qasımov dönməz qanunçu idi- bu baxımdan da onun YÜKSƏKk QANUNVERİCİ QURUMUN (parlament) başında durması AXC hakimiyətinə dönməz qanunçuluq qazandırardı…
Çox gözəl düşünülmüşdü: İ.Qəmbərov Cəbhənin qərarına uyğun Xarici işlər naziri olsaydı, uzaqbaşı hakimiyətin bir qolunda öz oyunlarını oynaya bilərdi. Bir sosial-politik formasiyadan başqasına keçid dönəmi yaşandığından, bununla bağlı ortaya çox sorunlar çıxdığından, orada onun başı istər-istəməz nazirliyin iç işlərinə qarışacaqdı. Bir də o, yeni hakimiyətin yeni görəvlisi olaraq bir çox diplomatik sorunları çözməli olacaq, bu isə başqa işlərə, deyək, intriqan oyunlara çağ ayırmağa yol verməyəcək, yer qoymayacaqdı.
Ali sovet isə başqa idi: burada yetki çox yüksək, istədiyi kimi əl-qol açmaq olanağı dedikcə geniş,Ə.Əliyev kimi etkisiz prezident olan yerdə isə, demək olar, sonsuz idi. Belə bir geniş-sonsuz olanaqla da o, bir il boyunca hakimiyət qurumlarının başlıca qərarverəni olacaqdı. Başı dumanlı prezidenti o, “ən yaxın yardımçıları” dediklərimizin əliylə özümlü blokadada saxlayacaqdı.
Eşən kim, işləyən kim
Müdafiə naziri olaraq Rahim Qazıyev, baş nazirin birinci müavini, Qarabağ üzrə səlahiyyətli nümayəndə olaraq Surət Hüseynov öz işlərini görməkdəydilər. Bir yanda ordu quruculuğu gedir, o biri yanda ermənilərlə ölüm-dirim savaşı aparılırdı. Yanlışlar olurdu? Sözsüz, olurdu. Başqa cür ola da bilməzdi: istər-istəməz bütün işləriatüstü tələskənliklə, qaç-qovla görmək gərəkirdi.Ermənilərin ələ keçirdiyi yerlərin 52 faizi az bir arada geri qaytarılmış, Ordumuz Xankəndinə yaxınlaşmışdı. Elə o dönəmdə ortaya sabotaj faktları çıxmağa başlamışdı. Başqa bir yandan ermənilər gözlənilən qaçılmaz kapitulyasiya qarşısında barışıq üçün Bakıya elçilik göndərmiş, İ.Qəmbərovla görüşən elçilikdən sonra səs-soraq çıxmamışdı…
Xarici işlər naziri Tofiq Qasımov da öz işində-diplomatiya alanında qızğın çalışmalarda idi. O, dünyanı gəzərək Azərbaycanın Qarabağda apardığı savaşa, belə desək, legitimlik qazandırmağa çalışırdı. Başqa sözlə, Ordumuzla Diplomatiyamız qarşılıqlı olaraq uğurlu çalışmada idi.
Biriləri o çağlardan danışanda özlərini sığortalamaq üçün: “Ölkədə müharibə gedirdi”,- deyirlər. Gerçəkdə isə deyilən anlamda ölkədə savaş getmirdi, savaş yalnız Qarabağda gedirdi. O savaşın başında isə gecə-gündüz çalışmalarda bulunan Rahim Qazıyev durur, Surət də öz boynuna düşən işləri görürdü. Onların ikisi də politikadan uzaq adam idi.
İ.Qəmbərov Ali sovetin sədri olaraq işə başlayandan az sonra “Azərbaycan Respublikasında İqtisadi cinayətkarlığa və sabotaja qarşı mübarizə tədbirləri haqqında” adlı çox gərəkli qərarla çıxış etmişdi. Ancaq… 2 iyun 1992-ci il tarixli 818 saylı o qərar sonadək eləcə kağız üzərində qalmışdı. Prezident üçün də, başqa hakimiyət görəvliləri üçün də gündəlik gerçəkləşdirilməsi gərəkən çox aktual, önəmli olan o qərar sonadək gərəksiz kağız parçası olaraq qaldı. Ölkədə isə İQTİSADİ CİNAYƏTKARLIQ, SABOTAJ baş alıb gedirdi. Prezident adı daşıyan adam günlərin bir günü (hakimiyətin sonuna yaxın) qalxıb yüksək tribunadan deyəcəkdi: “Ölkədə rüşvətxorluq baş alıb gedir…”. Birilərinin o çıxışla bağlı dəyərləndirməsi indiyədək dəyişməz qalır: “Təmiz prezident belə olar”. Gerçəklik isə başqadır: başda duranlar, başlıcası da prezident QANUNÇU olmayanda ÖLKƏDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR-bu, uyğun grçəkliyin doğurduğuqanunauyğunluqdur, aksiomdur. Prezidentin doğru-düzgünlüyü, qanunçuluğu sözdə, boşuna çıxışlarda deyil, işdə doğrulanmalı, işdə özünü göstərməlidir.
Bir baxımdan onu qınamaq çətindir: düşüncəsi, qanunçuluqla bağlı anlayışı beləydi. Hakimiyətə gələndən qabaq, o, belə demişdi: “Korrupsionerlər də bizim millətimizdir”. Korrupsionerləri də “millətimiz” saydığından Rəsul Quliyev kimi qatı korrupsioneri baş nazirin müavini qoydu. Qoydu, sonra da (hakimkiyətdən gedəndən sonra) belə deyəsi oldu: “Məni sən yıxdın, Rəsul, sənin pulların yıxdı”. Belə “geniş diapazonlu, uzaqgörən” lideri olan xalqa düşmən gərək deyildi, düşmən gərəkməz!
AXC hakimiyəti-itirilmiş şans
AXC hakimiyəti özünün böyük, güclü sosial bazası, Demokratik Proqramı ilə Azərbaycan xalqı üçün çox önəmli uğur olanağı idi. Ancaq olmadı, ola bilmədi. O çağlar AXC-nin intellektual bazası geniş olıduğundan seçim olanağı da geniş idi. Ancaq ortada doğal olaraq seçilənləri seçəcək doğal lider yox idi. KQB agentlərini öncə AXC-nin, sonra AXC hakimiyətinin üst qatına daşıyıb yerləşdirən ayrı-ayrı adamlar deyil, bir adam idi. Bununla bağlı onu qınayanlara belə demişdi: “Biz KQB agentlərini də özümüzə dost etməyi bacarmalıyıq”. O özünü belə bir fantastik tezislə sığortalamaq istəyirdi. Alınmadı. Alınamazdı. Bunu gözəl bilirdi, ancaq “belə olmaz!” deyə dirəşib duranları yola vermək gərəkirdi…
AXC-nin üst qatına daha çox KQB agentləri yerləşdirilmişdi. Sonra onlar bilə-bilə AXC hakimiyətinin üst qatına yerləşdirildi. Çox önəmli, çox gərəkli AXC Proqramı onların proqramı olmadığından o dəyərli Proqram bir illik hakimiyət boyunca unudulmuş, atılmış, dışlanmış durumda oldu. Onlar hakimiyətə o Proqramla gəldilər, başqa, haralardansa diktə oliunan yad proqramla işlədilər.
Stalin Məhəmməd Əmin bəydən soruşmuşdu: “23 aylıq hakimiyətiniz dönəmində xalqa nə verdiniz?” Məhəmməd Əmin bəy demişdi: “Xalqa Özgürlüyün, Demokratiyanın nə olduğunu anlatdıq, dadızdırdıq!”
AXC hakimiyətinin başında duranlar xalqa nə anlatdılar, nə dadızdırdılar?“Azadlıq”da çıxmış qonuşmasında (5 may 1994) bir illik prezident belə bildirmişdi: “Özbaşınalıq, dərəbəylik, qanunsuzluq”. Ondan bir illik hakimiyətdəki yanlışları soruşarkən birinci bunu demişdi: “Biz parlamenti buraxmalıydıq”.
Hə, parlament buraxılmalı, yeni seçki qanunu ilə yeni, demokratik seçki keçirilməli idi.Hakimiyətin, dövlətin gücləndirilməsi baxımından bunlar kəsinliklə atılacaq addımlar idi. Nə oldu? Ə.Əliyevin özünün AXC-nin qərarını tapdayaraq hansı göstərişləsə parlamentin başına gətirdiyi İ.Qəmbərov parlamentin buraxılmasına yol vermədi.
Parlamentin buraxılması yeni seçki qanunu ilə yeni, demokratik seçki keçirilməsinə gətirəcək, bu isə istər-istəməz ölkədə geniş demokratikləşmənin önünü açacaq, bu yolla qanunçuluq Yasasal (Konstitusion) özülə dönüşəcəkdi. Bunlar isə İ.Qəmbərovun(eləcə də bir sıra başqalarının) planlarını pozacaq gəlişmələr idi.
Onun planında prezident hakimiyətinin gücləndirilməsi deyil, bacardıqca etkisiz duruma gətirilməsi önə çəkilirdi. Prezidentə qarşı qoyulacaq iki başlıca fiqur vardı: ordu bölüklərinin başında duran Rahim Qazıyevlə Surət Hüseynov. İkisi də “hakimiyətə qarşı çevriliş hazırlamaqda” suçlandı. AXC-dən gəlmiş R.Qazıyev istefa verərək qurucularından olduğu hakimiyətdən geri çəkildi. R.Qazıyevə bir də “QRU agenti” damğası vurulmuşdu. Odamğanı vuranlar onun yerinə “QRU”-ya bağlılığı quşqu doğurmayan, orduda pozucu işləriylə tanınan general Dadaş Rzayevi gətirdilər. D.Rzayev Müdafiə naziri olduğu hakimiyəti qorumaq üçün 4 iyun dönəmində bircə addım belə atmadı.
R.Qazıyev Rusiyanın Müdafiə naziriP.Qraçovla, S.Hüseynov Gəncədə yerləşən Rusiya ordu (desant) bölüyünün komandıri general V.Şerbakla işbirliyində suçlanırdı. Çağına görə o iş birlikləri qaçılmaz idi. Nə üçün? Prezident B.N.Yeltsin demişdi: “Suverenlik istəyənlər istədikləriycə götürə bilərlər”. Çağlar o çağlar idi-Rusiyanın başı, ayağı qaçmışdı. O üzdən Qarabağ sorununun çözümü çox asanlaşmışdı: pullu politik uzlaşmaya gərək vardı. O çağlar az pulla böyük işləri aşırmaq olanağı çox yüksək idi. R.Qazıyevlə S.Hüseynovun oçağkı Qarabağ uğurlarının qazanılmasında P.Qraçovla, V.Şerbakla uzlaşmaların böyük rolu olmuşdu. Yeltsinlə yaxınlaşmaya, politik uzlaşmaya ayrıca gərək vardı, ancaq bir ara Yeltsin özü bunu istəyirkən buna gedilmədi.
“4 İyun hadisələrinin qarısını almaq üçün vaxtında profilaktik tədbirlər görə bilmədik. Bunun da təqsiri o adamlarda oldu ki, vaxtında gəlib məni arxayın salırdılar ki, siz narahat olmayın, biz filankəslə söhbət etmişik, nə bilim, yaxşı oğlandır və s”. (Ə.Əliyevin yuxarıda sözügedən qonuşmasından). S.Hüseynovla “işləmək” PA-da Pənah Hüseynovla Arif Hacıyevə tapşırılmışdı.
Yuxarıda bildirildiyi kimi, Ə.Əliyev AXC-ni Tofiq Seyidov başçılığında özünün sevimli regional qruplaşmasına tapşırıb getmişdi.Nə oldusa, o, T.Seyidovu götürüb, yerinə Naxçıvandan Fərəc Quluyevi gətirib qoydu. Fevralın 7-də ölkənin o başından, Naxçıvandan, Bakıya gələn F.Quluyev fevralın 8-də 2-ci korpusun komandiri polkovnik, Prezidentin səlahiyətli nümayəndəsi, Baş nazirin müavini, Milli Qəhrəman S.Hüseynovu “xain” çıxaran bildiri yaydı. Bu, dünya dövlətçilik görküsündə görünməmiş görsənişlərdən idi: bir toplumsal qurum başçısı ordu tribunalının funksiyasını mənimsəyirdi. Dövlət televiziyası isə bu mənimsəməni paylaşırdı.
Gərəkən əkləmə.Sonralar bilindiyinə görə, bildirini indi hamının yaxşı tanıdığı Rauf Arifoğlu yazıbmış. Nə olmalıydı? Fərəc Quluyev yubanmadan sorğulanmalıydı. Elə ondaca İ.Qəmbərov, P.Hüseynov, A.Hacıyev komandasının baş yazarı sayılan R.Arifoğlunun adı bəlirlənəcəkdi. Çox ola bilsin,dirənişli sorğulama sonucunda R.Arifoğlu tək olmayacaq, o intriqan bildirinin arxasından bir sıra başqa adlar da çıxacaqdı. Prezident adlanan adam işin dərininə getmədən F.Quluyevə arxa durmaq yoliunu tutdu. Bununla da dövlətçilik baxımından açılıb bəlirlənməsi çox gərəkən bir çevrə Fərəc Quliuyevlə qapanıb qaldı.
Fevralın 9-da prezident Gəncədə olarkən S.Hüseynov F.Quluyevin etdiyindən ona gileylənir, bunun nə demək olduğunu soruşur, bildirinin geri oxunmasını istəyir. Prezident nə deyir: “İnciməyə dəyməz, demokratiyadır, qayıdanda Fərəc bəylə danışaram”. Sonra S.Hüseynov Bakıda prezidentlə görüşür, bildirinin geri oxunmadığından gileylənir, prezident Gəncədə dediyini Bakıda da deyir: “Demokratiyadı, oldu, keçdi”. Kələki dönəmində “Azadlıq”da çıxmış qonuşmasında “Qanunçuluq prezidentə bağlıdır”, deyən adam prezidentlik çağında qanunçuluğu beləcə ayaq altına alıb tapdayır. S.Hüseynovu ləkələnən reputasiyası düşündürür, prezident-ali baş komandan adı daşıyan adamı isə isə F.Quluyevi qorumaq. Özü də necə? Başqa bir çıxış yolu görmədiyindən suçu demokratiyanın üzərinə atır. Guya demokratiya belə olur: qanuna sayğısızlıq, özbaşınalıq, hərki-hərkilik.
Bilməyənlər üçün: qanunçuluq demokratiyanın 4 özül ilkəsindən (prinsipindən) biridir. Qanunçuluq yoxdursa, demokratiya da yoxdur.AXC hakimiyətində qanunçuluq yox idi. F.Quluyevin yüksək dövlət görəvlisini dövlət televiziyasında “xain” çıxarması, sonra da qarşılıqsız qalması qanunçuluğun yoxluğu görsənişiydi.
Gərəkən əkləmə. Qarabağda qızğın savaş gedirkən Qarabağdan milyon kilometrlərlə uzaq düşmüş Bakıda da qızğın savaş gedirdi, ancaq, komanda savaşı. Yuxarıda deyildiyi kimi, İ.Qəmbərov qabağa düşərək, demək olar, bütün ölkə boyu strateji postlara Cəbhədən qoparıb partiyasına keçirdiyi adamları yerləşdirmişdi. Prezidentə qalan, başlıca olaraq, ikinci kateqoriya postlar idi. O, payına düşən ikinci görəvli postlarından birinə, Sosial təminat nazirinin müavini postuna, çox sevdiyi Fəzail Ağamalıyevi yerləşdirmişdi.Nəyə yaradığı bilinməyən xaloğlusunu T.Qasımova müavin qoymuşdu. Balıq konserninə prezident qoyduğununadını çəkməyə belə dəymir.
Onun Naxçıvandan gətirib Teleradio verilişləri çirkətində ikinci posta yerləşdirdiyi adam Naxçıvan Ali Məclisində KQB agenti olaraq bəlirlənmiş, üstəlik, adına cinayət işi açılmışdı. (“4 iyun” baş verməsəydi, biri də Bakıda açılacaqdı).Naxçıvandan gətirib AXC-də yüksək posta yerləşdirdiyi birisi də vardı. Naxçıvanlı dostların o çağlar dediyinə görə, onlar baba, ata, oğul olaraq NKVD-dən KQB-yədək uzun sürəliestafet daşıyıcılarıidilər.
Guya gözətim altında tutmaq (kontrolda saxlamaq) üçün R.Qazıyevin də yanına öz adamını yerləşdirmişdi. Sonralar Kələkidəki bir yığıncaqda nədənsə acıqlanaraq o adama hamının yanında belə demişdi: “Sən yüz yerə işləyirsən”.Azman Xalq hərəkatından seçib başına yığdığıKQB agentlərini, dediyi kimi, “özünə dost eləmək” istəyirdi, alınmadı.Alınamazdı.
Kadrlar intellekt, bacarıq, ideya-mənəvi dəyər göstəricilərindən daha çox liderə yarınma, “sədaqət” göstəricilərinəgörə seçilib yerləşdirilirdi. Birinci seçimdə daha çox partiya kimliyinə üstünlük verilirdisə, ikincidə daha çox regional kimliyə üstünlük verilirdi.
Burada bir gerçəyi ayrıca vurğulamaq gərəkir: regiomçuluqdan uzaq olmaqla İ.Qəmbərov düzgün yol tutmuşdu, ancaq kadr seçimində yol verdiyi əyintilər, xarakterində özünü qabarıq göstərən bir sıra çatışmazlıqlar, başlıcası daintriqanlığın barışdırıcılığa, demokratik uzlaşma ilkələrinə üstün gəlməsi qaçılmaz olaraq onu partiyası ilə birgə uğursuzluğa aparırdı.
Sözsüz, bizim hamımızın xarakterində hansısa çatışmazlıqlar olur.Saya kimsələrin xarakterindəki çatışmazlıqlar: deyək,doğru-düzgünlük, genişürəklilik, barışsevərlik, sağlam düşüncəyə üstünlük verməmək özəlliyi,daha çox onun özünə uğursuzluq qazandırırsa, özlərnin bu sayaq çatışmazlıqlarına üstün gəlməyi bacarmayan liderlər toplumu istər-istəməz qaçılmaz itkilərə uğradırlar.
Liderlər kadrları özləri üçün yararlılıq baxımından deyil, toplumsal yararlılıq baxımından seçib dəyərləndirirkən özlərinə də, topluma da, ölkəyə də yüksək dəyərlər qazandıra bilirlər. İstənilən liderin-başdaduranın oluşdurduğu çevrə xaraktercə onun özü deməkdir.Liderin kadr seçimində strateji güdüklərə uyğunluq kəsinliklə önə çəkilməlidir. Ortada böyük ideallara bağlıgerçək bir strategiya varsa, belə olur, yoxsa, yox…
İ.Qəmbərov prezidentin etkisizliyindən yararlanaraq açıq-açığına partiyaya “verbovka” işinə girişmişdi. İşi yüksək fazaya çatdıran İ.Qəmbərov günlərin bir günü prezidentə yaxın qruplaşma liderlərindən birini (o indi Avropada yaşayır) kabinetinə çağıraraq qısa girişdən sonra diktatorcasına diktədə bulunmuşdu: “Mənim bayrağımın altına keçməlisiz!” Eşitdiyi “yox”, qarşılığında kəsinliklə demişdi: “Sizi əzəcəyəm!” Belə bir diktatura daşıyıcısının demokratik AXC Proqramını uyğulamaq istəyi özünün xarakterik baxışlarından uzaqlaşmaq demək olardı.
İşin yüksək fazaya çatdırıldığını vurğuladım. Bu, 92-dən 93-ə keçən çağlar idi. Demək olar, 93-ün başlanğıcından R.Arifoğlunun “YeM” qəzetində “ikinci birinci olmalıdır” propaqandası yapılmaqda, bir sıra işlər də bu yöndə qurulmaqda, görülməkdə idi.
R.Qazıyev-S.Hüseynov qarşıdurması alınmayanda başqa bir qarşıdurmaya gərək yaranmışdı: onları prezidentlə baş-başa gətirmək.
AXC hakimiyəti, yuxarıda göstərildiyi kimi, başlanğıcdan ikili xarakterliydi. Hakimiyət sonralar üçlü xarakter almağa başlamışdı. Bunun nədənini P.Hüseynov qəzet çıxışlarının birində belə anladır: “Biz kadrları H.Əliyevin məsləhətiylə seçib yerləşdirirdik”.Ordumuz Xankəndinə yaxınlaşdıqca orduda da, ordudan arxada da pozuculuq-sabotajgörsənişləri durmadan artır, artdıqca kəskinləşirdi.
Ordunun avanqardı çox güclü ola bilər, ancaq aryerqardı iki-üç hakimiyətlilik bataqlığına batdısa, bitdi. Belədə, bir çox bağları kəsib-tökəcək, qırıb-atacaq Atatürkə bənzər başçı-komandan gərəkir. Eləsi isə yox idi. Düşməni düşmən gözündə görərək, birləşib düşmənə qarşı birgə çıxacaq gerçək liderlər yerinə bir birini görməyə gözü olmayan “Yalnız Ölkəm!” düşüncəsinə deyil, “yalnız özüm!”düşüncəsinə bağlıözgüdükçülər vardı. Oyunçu-taktiklər çox idi, Yolbayı-strateqlər yox idi.
Ortada gərəkən yarğılama (məhkəmə araşdırmasından doğan qərar) olmadığından biz S.Hüseynova vurulan “satqın”, “xain”, “agent” damğalarının doğrumu, yalanmı olduğunu bilmirik. Ancaq burasını bilirik. S.Hüseynov bildiyi nələrisə çatdırmaq üçün prezidentlə görüşmək istəyi ilə Bakıya gəlib (fevral, 93). Deyilənə görə, 9 fevraldan oncə, qış hücum kampaniyasında baş vermiş özbaşınalıqdan sonra. Görüş baş tutmayıb. Daha doğrusu, görüşün baş tutmasına yol verilməyib. Prezidentin qapıçısı funksiyasını yerinə yetirən dövlət katibiP.Hüseynov onun prezidentlə yarınkı gün görüşə biləcəyini bildirib. O, Bakıdakı evinə geri dönüb. Yolda maşından düşüb, maşında sürücüsüylə cangüdəni qalıb. Görünür, P.Hüseynovun uğursuz “Tufan” operasiyasının bir epizodu olaraq onları tutub Bayıl türməsinə aparıblar.
S.Hüseynov prezidentlə görüşmək üçün bir də may ayında Bakıya gəlib. Dörd günlük çalışmadan sonra o, prezidentlə görüş əldə edə bilmədən Gəncəyə qayıdıb. Surət nə biləydi prezident adı daşıyan Ə.Əliyevlə görüşmək üçün başında İ.Qəmbərovun durduğu, P.Hüseynovun aparıcı rol oynadığı “politbüro” vizit kartı verməlidir. O kart başlıca olaraq bəlli bayrağın altına keçənlərə verilirdi.S.Hüseynov o bayrağın altına keçəcək kimsələrdən deyildi…
R.Qazıyev də S.Hüseynova vurulan damğalarla dışlanaraq “suç keçisinə” dönüşdürüldü. S.Hüseynov suçsuz olduğunu ölənədək doğrulamağa çalışdı, alınmadı- xalq ona inanmadı. R.Qazıyev uzun illərdir çoxsaylı faktlardan yararlanmaqla özünü xalqın gözündə doğrultmağa çalışır, alınmır- xalq ona da inanmır. Xalq kimlərə inanır? Onları damğalayanlara. Onları damğalayanlar kimlər idi? AXC hakimiyətinin başında duranlar. Bəs onlar özləri gerçəkdə kim idilər?..
AXC-nin MTN-də birinci yardımçı görəvinə gətirdiyi Sülhəddin Əkbərov özünün görəv borcunu yerinə yetirərək, prezidentin stolunun üstünə AXC hakimiyətində yüksək yer tutan 144 KQB agentinin sıralamasını qoymuşdu. Prezident nə etmişdi? Sıralamanın başında duran iki yüksək görəvlini çağıraraq sözün gerçək anlamında S.Əkbərovu “baqaja” qoymuşdu. Beləcə, o da öz oyununu oynamaqla hakimiyətdə yeni bir intriqa başlatmış, yeni konflikt ocağı alışdırmışdı. Hakimiyətdə intriqalara son qoymalı, konflikt ocaqlarını söndürməli olan prezident onların sayını artırmaq yolunu tutmuşdu. Belə bir hakimiyət özü üçün uğursuz “4 iyun qiyamından” özgə hara gedib çıxa bilərdi?! Ortaya arabanı özü üçün çəkib aparmaq istəyən ördək, balıq, xərçəng oxşarlığı çıxmışdı…
S.Hüseynovla da, R.Qazıyevlə də bağlı prezidentdə qorxu yaradan başlıca suçlama “hakimiyət çevrilişinə hazırlıq” idi. Prezidenti buna inandırmış, belə qorxutmuşdular. Sonra da “QRU” agenti adlandırdıqları R.Qazıyevin yerinə “QRU”-ya bağlılığı quşqu doğurmayan general Dadaş Rzayevi gətirmişdilər.
Ola bilərdi, əllərində ordu gücü olduğundan S.Hüseynov da, R.Qazıyev də çevriliş edə bilərdi. Buna inanmaq da, inandırmaq da asan idi. Bu üzdən prezidenti qınamaq bir az çətindir. Bəs Xarici işlər naziri Tofiq Qasımov niyə dışlanıb gözdən salınırdı? T.Qasımov da R.Qazıyev kimi sözügedən bayrağın altına keçəcək kimsə deyildi. Onları AXC-nin ilkin yaranış çağlarından tanıyırdım: ikisi də intriqadan uzaq, qruplaşmaya qatıılmayan, boynuna düşən, üzərinə qoyulan işi başıaşağı dinməzcə görənlərdən idi.
T.Qasımovun çoxsaylı gərgin çalışmaları sonucunda 138 BMT dövləti Azərbaycanın topraq bütünlüyünü tanımış, BMT Qarabağla bağlı Azərbaycanın yararına dörd qərar çıxarmışdı. (Yeri gəlmişkən, uzun illər sonra, 2008-ci ildə, vur-tut 38 BMT dövləti Azərbaycanın topraq bütünlüyünə səs vermişdi). Gördüyü dəyərli işlərin sonucunda T.Qasımov ölkənin sayğın dövlət adamına çevrilmişdi. Elə o sırada onun dışlanması sürəci başladıldı. Öncələr dış turnelərdən qayıdan T.Qasımovun parlament qarşısında hesabat çıxışları olurdu. Ali sovetin sədri onun çıxışlarını yasaqladı. Sonra T.Qasımovun dövlət televiziyasına çıxışı yasaqlandı. Belə görünür, T.Qasımov kimi dəyərli bir dövlət adamı da tutduğu postdan hansı yollasa uzaqlaşdırılacaqdı, ancaq birilərinin buna çağı çatmadı.
Düz olub, düzdə qalmaq
1990-cı ilin 20 yanvarınadək Teleradio verilişləri komtəsində işləmişdim. 3500 adamlıq kollektivdə rüşvət almayan çox az jurnalistdən biriydim. Xalq hərəkatının öncüllərindən, AXC-nin qurucularından olmuşdum. Eləcə də dəyərli Nəcəf Nəcəfovla birgə “Azadlıq” qəzetini yaradanlardan idim (yeri gəlmişkən, qəzetin adını da mən vermişdim). Nəcəf bəy redaktor, mən İnformasiya bölümünün başçısıydım. Biz 120 min tirajla qəzet çıxardıq, aydan arı, sudan duru günlər yaşadıq, yaşatdıq-başqa nələr oldusa, bizdən sonralar oldu.
Gərəkən əkləmə. Dediyim kimi, Telertadio verilişləri komitəsində rüşvət almayan çox az jurnalistdən biriydim. Bir baxımdan az deyil, tək idim. Mən o azlıqda olan yoldaşlar kimi yalnız rüşvət almamaqla qalmır, rüşvətxorluqla açıq çarpışma aparır, yığıncaqlarda sözümü tribunadan deyirdim. Buna görə tez-tez çox kəskin təpkilərlə qarşılaşırdım. Mənim arxamda duran, duracaq bir kimsə yox idi, yalnız biliyimə, talantıma, düzgünlüyümə güvənirdim.
Baxış, düşüncə, davranış baxımından Nəcəf bəy yetkin bir dövlət adamıydı. O, professiyaca ekonomist idi. Məncə, AXC hakimiyətində Dövlət katibi, Baş nazir postunu tutmağa ən dəyərli kimsə Nəcəf bəy idi. Ancaq o, prezidentin Mətbuat katibi postuna “irəli” çəkildi. Biriləri üçün Nəcəf bəyin iki böyük çatışmazlığı vardı: 1) Ə.Əliyevlə çox yaxın idi; 2) kiminsə bayrağı altına keçəcək adam deyildi. Nəcəf bəy də intriqadan, qanunsuz, dolaş-bulaş işlərdən uzaq idi.O, qanunsuzluqların genişləndiyi, bulanığın qatılaşdığı çağlarda hakimiyətdən üz döndərib getdi.
AXC hakimiyəti çağında Az TV-də İnformasiya studiyasının direktoru idim. Mənədək də, məndən sonralar da rüşvət içində olan o qurumda rüşvətə son qoydum, M.Saakaşvili demiş, “özüm rüşvət almadım, başqalarını da almağa qoymadım”. Studiyaya Demokratiya gətirdim, kollektivə Qanunçuluq içində Özgürlük qazandırdım.Adamlara gərəkən qayğını da əsirgəmədim: savaş durumunun doğurduğu bir sıra sorunların çözümündə, qanunları pozmadan, kollektivə yardımçı oldum, direktor hüquqları çevrəsində sonadək bacardığımı etdim.
Ancaq mənim o çağkı gerçəkliklə uyuşmayan çox böyük yanlışım oldu. Yuxarıda sözügedən “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa və sabotaja qarşı mübarizə tədbirləri haqqında” qərarı sonadək iş stolumun üstündə göz önündə, əl altında tutmaqla gündəlik gərəkən çalışmalarda bulundum. Görəv borcunu yerinə yetirmək baxımından mənim qərarla bağlı gündəlik çalışmalarım namuslu iş idi. Ancaq o qərarın ardıcıllıqla, prinsipiallıqla gerçəkləşdirilməsi tək mənim üçün deyil, dövlətin,ayrı-ayrı dövlət qurumlarının, eləcə də Teleradio verilişləri şirkətinin başında duranlar üçün görəvini gündəlik yerinə yetirməyə yönəlik yurddaşlıq, qanunçuluq, namus borcu olmalıydı. Olmalıydı, olmadı.
Biz kollektiv olaraq iqtisadi cinayətkarları, sabotajçıları tapıb işıqlandırırdıq. Onlar rüşvət verib canlarını qurtarmaq üçün yüz yerə əl atırdılar. Öncəki bir neçə ayda işlər yaxşı gedirdi. Sonra onlar məndən yuxarılara yol tapmağa başladılar. Onlar yuxarılara yol tapdıqca mən təklənir, dəyirmanlarla savaşanDon Kixota çevrilirdim. Mənim studiya direktorluğundakı varlığım təkcə oğru-korrupsionerlər üçün deyil, yaxından, uzaqdan hakimiyət savaşı aparan biriləri üçün də dözülməz olurdu. Aramızda çox gərgin psixoloji çarpışma gedirdi. Bir daha vurğulayıram: aşağılardan ən yuxarıyadək çoxları hakimiyətə gəlincə cəbhəçi olduğunu da, Cəbhə Proqramını da unutduğundan, qarşılaşdığım savaşda bütünlüklə təklənmiş durumdaydım.Gündəlik gərginlik yaşantısından avqustda (92-ci il) sol gözüm tutuldu. Getdiyim Fyodrov klinikasında (Moskva) gözümə “stresdən kapilyarların partlaması” diaqnozu qoyuldu. Operasiya isə çox da uğurlu alınmadı.
Qayıdıb o çağadək işlədiyim kimi işləməyə başladım. Yenə gündəlik gərginlik, yenə gündəlik stres. Mənim üçün ən dözülməzi təklənməyim idi.Gerçək, qanunçu prezident yoxluğundan biriləri özlərini prezident kimi aparır, dövlətin informasiya proqramına öz diktələrini yeritməyə çalışırdılar. Mənimpolitik, ideoloji, informativ baxmdan arxa durduğum, üstlənməyinə çalışdığım prezidentgüvəniləcək birisi deyildi-başlıca sorun bunda idi.
Gündəlik basqııların doğurduğu gərginlikdən, stresdən qurtulmaq üçün mənim iki yolum vardı: 1) işin başını buraxıb çoxları təki rüşvətə qurşanmaq;2) könüllü çıxıb getmək. Özəl prinsiplərimə uyğun olaraq mən ikinci yolu seçdim.
Oktyabrın 3-də işdən getməklə bağlı Şirkət sədrinə raport yazdım. Raporta qol qoymayan sədr daş atıb, başını tutdu: “Sən getsən, gərək mən də papağımı qoltuğuma vurub gedəm, yoxsa, burdakı canavarlar məni parçalayarlar”. Bax, iş bu yerə gəlib çıxmış, Şirkətdəki canavarlar da qorxu doğurmağa başlamışdılar.Onun “canavar” dedikləri məni Sovet dönəmindən qorxubilməz birisi olaraq tanıdıqlarından, mən varkən çox da baş aparmırdılar. Sözsüz, onlara görə deyil, yuxarılardakı ideya-politik dönüklüyə, satqınlıqlara görə mən işdən getmək, durmadan aşıntıya uğrayan hakimiyət çevrələrindən biryolluq ayrılmaq, uzaqlaşmaq istəyirdim. Gedib Sovet dönəmindən qalma istəyimi gerçəkləşdirəcək, partiya yaradacaqdım. (İşdə qabağa getmək üçün mənə çox gərəksə də, özəl ideyalarıma bağlı qalaraq, komunist olmamışdım).
O çağlar çox yaxın olduğumuz iki qardaş mənimlə görüşüb işdə qalmağımı istədilər. Dediklərinə görə, hakimiyətdəki aşınmalarla bağlı prezidentlə görüşüb danışmışdılar. Prezident “hər şeyi bildiyini, yeni ildən yeni hakimiyət komandası ilə işə başlayacağını” demişdi. Çox gözəl, mənim istədiyim də bu idi: sağlam komanda ilə sağlam dövlət qurmaq!
Dekabrın 30-da güc qurumlarının başçıları televiziyaya çıxışa gəldilər. Çox boyun qaçırsam da, onlar əl çəkmədilər, verilişi mənim aparmağımı istədilər. Çıxdıq. verilişin bir yerində birbaşa efir olanağından yararlanaraq dedim: “Ölkədə qorxulu olaylar baş verməkdədir, tezliklə KQB arxivləri açılmasa, KQB parlamenti buraxılmasa, bizim hakimiyətimizi devirəcəklər”. Dilə gətirdiyim gerçəklik Milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzovun ürəyincə olmadığından kəsinliklə mənə qarşı çıxdı. Onun reaksiyası qızğın diskussiya doğurdu. Saatyarımlıq veriliş bu nədənlə çox ilgiçəkər oldu. Çanaq isə mənim başımda çatladı. Sonradan göründüyünə görə, mən bir budaqda oturub min budağı silkələmiş, hakimiyəti sarmış agentura şəbəkəsini arxiv açılımıyla qorxudub üzərimə qaldırmışdım.
Bir daha vurğulamaq gərəkir: mən uzun illər Teleradio verilişləri komitəsində, respublikanın ən böyük ideoloji kollektivində çalışmışdım. Universitet dönəmindən dissident işləriylə uğraşan, o yöndə alışqan birisi olaraq Komitədə də dinc durmadığımdan, agenturayla, agentur subyektlərin qarşıdurmalarıyla tez-tez üzləşməli olurdum.Görkülərimdən, o verilişdə etdiyim çıxışla bağlı geniş təpkilərlə üzləşəcəyimi bilirdim. Bilirdim, ancaq az sonra görəcəklərimi gözləmirdim.
Studiya direktoru olaraq işə başladığım birinci gün bütün Komitədə (sonralar Şirkət) aşırı rüşvətxorluğuyla tanınan birisiylə işləməyəcəyimi bildirən raport yazdım. Sədr (M.İsmayıl) raportu geri götürməyimi istədi, götürmədim. Parlamentdən BMT-də oturan Həsən Həsənova, Yazıçılar birliyinin sədri İsmayıl Şıxlıyadəkrüşvətxora arxa duraraq raportu geri götürməyimi istəyirdilər, götürmədim.
Çağ ötdü, dediyim “çanaq” ortaya gəldi. Sözügedən çıxışdan 3-4 gün sonra o rüşvətxoru qabağa verməklə, Teleşirkət sədrinin, onun birinci müavininin “hakimliyi” ilə mənə “məhkəmə” quruldu. Rüşvətxoru rüşvətxor dəstəsiylə mənə qarşı çıxaran o “məhkəmənin” ardınca, parlament özü işə qarışaraq məni direktorluqdan uzaqlaşdırmağa yönəlik üç qərar verdi. Burasını ayrıca vurğulamaq gərəkir: mənim görəvim parlamentlik deyildi, ancaq…Yaxından, uzaqdan hakimiyətə doğru yürüyənlər mənim yerində öz adamlarını görmək istəyirdilərsə, rüşvətxor-korrupsioner yığını gözükölgəli-üzüyola, sözəbaxan birisini görmək istəyirdi.Aşağı-yuxarı agentura isə mənim sonrakı etkinliyimə (açılım yönündə başqa nələrsə edə biləcəyimə) dözməyəcək duruma gəlmişdi.
Ortada olan nə idi? Əbu Turxan deyən:
Kol kola söykənibdir,
Gülsə tikan üstədir.
Yaxşılar ayrılıqda,
Yamanlarsa dəstədir.
***
Teleradio verilişləri komitəsi kimi çox çətin bir yerdə AXC dayaq dəstəsini bir neçə yaxın arxadaşın yardımıyla özgüdükçülərlə, işverənlərlə (başqa sözlə, agentlərlə) dartışa-dartışa mən yaratmışdım. AXC-nin üst qatında olanlar bunu yaxşı bilir, mənim özümü də yaxşı tanıyırdılar, ancaq nədənsə bildiklərini də, tanıdıqlarını da çox tez unutmuşdular. Bunun niyəsini o çağlar bilməsəm də, indi yaxşı bilirəm. Bunları niyə yazası oluram? Mən qıraqdan gəlmiş birisi deyildim, üstəlik, görəvimlə bağlı çox yerdən bilgilər alırdım. Qanunçuluq-dövlətçilik baxımdan gerçəyin bəlirlənməsi üçün mən kəsinliklə sorğulanmalıydım. Məni sorğulamaq yerinə,dışlayıb düşmənə dönüşdürmək, məndən düşmən düzəltməkyolu tutuldu. Görünür, kimlərəsə belə gərəkirdi: bulanıq suda balıq tutmaq oyunu…
Yalnız parlamentdəki KQB uzantıları deyil, KQB-nin Nazirlər kabinetindəki, prezident aparatındakı uzantıları da mənim direktorluqdan getməyimə çalışırdılar. 92-nin 3 oktyabrında direktorluqdan könüllü getmək üçün raport yazan mən Şərlə sonadək savaşma amacıyla daha işdən getmək istəmirdim. Onlar ardıcıl təpkilərlə ən azı mənim qorxub geri çəkilməyimi istəyirdilər. Mən isə… daha da qabağa getdim.
AXC qərargahında partiyaların yığıncağında (15 fevral) çıxış etdim. Prezident aparatındakı birisinin gəncləri küçələrdən, çörək növbələrindən yığıb birdən-birə ön döyüş sırasına çıxarmaqla qırdrdığından danışdım. Qırğın tezliklə durdurulmasa, qırğını durdurmaq üçün xalqa çağırış edəcəyimi bildirdim.
Qırğın durduruldu, ancaq mənə qarşı açılan cavaş cəbhəsi daha da genişləndi. Sonra Türkiyədə keçirilən Böyük Türk Qurultayında prezidentin yaxın çevrəsini oluşduran dəstənin özbaşınalıqlarını yansıdan verilişim oldu.Sonra baş nazir Pənah Hüseynovun Soçidə P.Qraçovla keçirdiyi “gizli” görüşün üstünün açılması olayı baş verdi.
Sonra da günlərin bir günü (10 aprel) prezident teleekrandan mənimlə bağlı bir neçə giriş sözünün ardından belə dedi: “İşinin öhdəsindən gələ bilmir, işdən getməlidir”. Dostlar mənə qabacadan bilgi çatdırdığından bu çıxışı bir neçə gün idi gözləyirdim. Dostlara inanırdım, ancaq onun mənimlə bağlı belə çıxış edəcəyinə inanmırdım. Prezident olaraq işinin öhdəsindən gələ bilməyən, buna görə də birilərinin əlində oyuncağa çevrilən o idi, mən deyildim.Mən QANUNÇULUQ başda olmaqla DEMOKRATİK prinsiplərlə işləyirdim, o isə qanunçuluqdan, demokratik prinsiplərdən uzaq olduğundan, bir ay sonra (may ayında)yüksək tribunadan bunları deməli olmuşdu: “Ölkədə rüşvətxorluq baş alıb gedir, özbaşınalıq, dərəbəylik ölkəni başına götürüb…”Oradaca bunu da demişdi: “Bütün bunlara görə, mən başda olmaqla, biz hamımız günahkarıq”. Doğru deyirdi, prezident olaraq başlıca suçlu o idi, mənim suçum nə idi? Axı mən sonadək o yolun (rüşvət yolunun) yolçularıyla savaşda olmuşdum. Sonra bilindiyi kimi, elə onlar məni ona olduğum kimi deyil, olmadığım kimi tanıtmışdılar- o isə gerçəyə varmadan, sorğulamadan hamının, daha doğrusu, cinayətkarların yerinə məni cəzalandırmaq istəmişdi…
***
Görəv borcumu gərəyincə yerinə yetirmək baxımından özümdən bütünlüklə arxayın olduğum üçün işi məhkəməyə verdim. Rəsmi olaraq, verilişi 7 dəqiqə evirə gecikdirməkdə suçlanmışdım, ancaq üzbəüz danışmada sədr-şair M.İsmayıl məni “dövlətə xəyanətdə” suçlamışdı. İkisi də şərləmə, ikisi də yalan idi: Pənah Püseynovun qorxusundan özünü ortaya ataraq mənim işimə qarışmaqla verilişi efirə M.İsmayıl özü gecikdirmişdi. (Yeri gəlmişkən, AXC hakimiyətində M.İsmayılın çox qorxduğu iki adam vardı: hakimiyət boyunca özlərini qoçu kimi aparan Pənah Hüseynovla Arif Hacıyev).
Gərəkən əkləmə. İstənilən az-çox demokratik ölkədəki efir görküsünə baxsanız, görərsiz: prezidentdən sonra ekranlarda ən çox görünən Xarici işlər naziri (ABD-də Dövlət katibi) olur. Bizdə bəlli dəstə T.Qasımovu çıxdaş etmişdi. P.Hüseynov isə son çağlar necə şişib qabarmışdısa,nə olur olsun, başda gəlmək istəyirdi. Sözügedən informasiya proqramı da efirə P.Hüseynovun hikkəsi üzündən gecikdirilmişdi. P.Hüseynov saat 16-da güc qurumları ilə yığıncaq keçirmişdi. (Yanılmıramsa, aprelin 7-də). Sonra da veriliş efirə gedənə yaxın M.İsmayıla zəng vurub göstəriş vermişdi: “Mən başda olmalıyam!”) Hə, axı o, baş nazir idi. O üzdən veriliş efirə yarım saat gecikdirilsə belə, başa çıxarılmalıydı; mən elə özbaşınalığa qol qoyası deyildim, qoymadım da.
Bizdə belə sorun vardı: Televiziyanın texnik bazası çox qısıt idi-kamera az, montaj stolu bir dənə. O üzdən gündəlik çəkilişlər gəldikcə montaj edilib lent sıralamasına düzülürdü. Gec keçirilən yığıncaqla, hansısa başqa dövlət işilə bağlı istənilən çəkilişi bizim, istəsək belə, başa çıxarmaq olanağımız yox idi. Yuxarıda dediyim kimi, M.İsmayıl o gün efir çağına az qalmış Pənahın qorxusundan verilişi (dövlət proqramını!) montaj stoluna qaytarmış, bununla da efirə 7 dəqiqə gecikdirmişdi. Sonra da Pənahın göstərişiylə məni şərləmə yolunu tutmuşdu. Şair-sədr yazıçı-müavini S.Alışarlı ilə birgə kanselyariyada işləyən bir qızı işdən çıxaracaqları ilə qorxudaraq mənə qarşı “izahat” da yazdırmışdı. (Bu fakt P.Hüseynovla A.Hacıyevin basqısı altında uzun sürə süründürülən məhkəmənin hakimiyət dəyişikliyindən sonrakı araşdırmalarında ortaya çıxacaqdı).
Məhkəmənin qərarıyla mənişimə qaytmalıdım. Şirkətin yeni prezidenti Babək Hüseynoğlu (öncələr onunla bir redaksiyada işləmişdik) da mənim işimə qayıtmağımı istəyirdi, ancaq mən hakimiyət dəyişikliyinə görə daha İnformasiya studiyasının direktoru olmaq istəmədim: mənim demokratik informasiya prinsiplərimin keçərsiz olacağını bildiyim üçün…
Prezident qısıt “maddi-texniki bazasını genişləndirmək üçün” Şirkətə 3 milyon dollar pul ayırmışdı. Pulun əyri əllərə keçməsiylə bağlı Şirkətdə söz-sov dolaşırdı. Deyəsən, martın sonlarında Şirkətdə o 3 milyon dollarla bağlı yoxlama başladı. Müstəntiq ortaya böyük yeyinti-mənimsəmə faktı çıxarmış, cinayətdə adı keçən üçlük qorxuya düşmüşdü. Onlar yoxlama başladılmasında mənim əlim olduğunu düşünürdülər. Başım gündəlik işlərə qarışdığından mən o yoxlamadan, bəlkə də, hamıdan gec soraq tutanlardan idim. O sorağı isə mənə MTN-də işləyən cəbhəçi dostumuz çatdırmışdı. 3 milyon dollarla bağlı ortada böyük yeyinti-mənimsəmə olduğunu da ona, dediyinə görə, müstəntiq bildirmişdi.Milyardlarla dollarlıq indiki yeyinti-mənimsəmə faktlarının qarşılığında o çağkı 3 milyon dollarla bağlı oğurluq gülünc görünər, ancaq, onda 3 milyon dollar böyük, çox böyük pul idi. Onda neft indilərdəki kimi 100-120 dollara deyil, 10 dollara satılırdı.
Prezidentin gənc qvardiyası
O arada məni ən çox ağrıdan nə idi?Prezident aparatındakı gənc komandanın hüquqlarımın tapdanmasına, şərlənərək işdən çıxarılmağıma sonadək səssiz qalması. Axı, onlar mənim doğru-düzgünlüyümü yaxşı bilirdilər. Bilirdilər, bilə-bilə də susurdular. Özlərini karlığa, korluğa vuraraq susurdular. Bir çağlar onların AXC-də qabağa getmələrinəyardımçı olmuşdum. (Onu bir prezident bilirdi, bir də mən). Mən o gənclərə ölkəmizin gələcəyinin güvəncəsi kimi baxırdım, ancaq onlar kapilyarlarınadək karyerist çıxdılar. Bu gündən baxaraq bir az da dərinə getsək, sonrakı bir çox düşük davranışlarından dolayı dəyərləndirəsi olsaq, onlar çağın sınağından sınıq çıxdılar: gənc, bilikli, enerjili olmalarına baxmayaraq, onlarda bulaşıq axına qarşı üzmək təpəri, ərdəmi olmadı.O üzdən: “apardı sellər Saranı”. Onlar da ideya-içkinlik baxımından (politik baxımdan deyil, yalnız ideya-mənəvi baxımdan) çağın çıxdaş etdiklərindən oldular. Onlar da bizdəki bir çoxları kimi ucuz dərilərini qorumağı mənliyi qorumaqdan üstün tutdular, mənsə gənclik çağlarımdan işin gerisini düşünmədən hüququ tapdananların hüququnu qorumuş, əzilənlərə arxa durmuşdum: düşüncələrimiz, düşüncələrimizdən qaynaqlanan davranışlarımız nədirsə, biz oyuq…
Onları Universitetin hüquq fakültəsində oxuyan çağlarından tanıyırdım. Bilikli, Yurdsevər gənclər olaraq tanıyır, sayğı göstərirdim.Evimə də gəlirdilər. Qanunçu prezident olan yerdə- dəyərli ortamda-onlar çox dəyərli kadrlar kimi yetişə bilərdilər.Ancaq… bir yanda qanunçuluqdan uzaq prezident, o biri yanda Aparatı ələ keçirmiş P.Hüseynovun yaratdığı qanunsuzluq ortamıonları istər-istəməz başqa bir axara yönəldirdi. Prezident onları, demək olar, birbaşa, iş stajları olmadan, birdən-birə aparıb yüksək postlara yerləşdirmişdi. Onlardan bir gün də hüquq alanında çalışmamış birini Hüquq şöbəsinin başında oturtmuşdu. Başqa sözlə, dövlətin hüquq politikasını yönətməyi ona tapşırmışdı. Sonra da o, prezident olaraq belə bir çıxışda bulundu: “Ölkədə rüşvətxorluq baş alıb gedir”. Gərəkən görəvlini, görəvliləri çağırıb sorğulamaq, cəzalandırmaq, çıxarıb yerinə yetənəkli, arılığı ilə tanınan birini qoymaq yerinə… xalqa gileylənirdi!
Dövlətin baş hüquq qurumunun başında gənc qvardiyadan biri-Fazil Mustafayev (indi Fazil Mustafa) dururdu.İndiki bir çox ilginc çıxışları, gedişləri, baxışları, tutduğu yer, uğraşdığı sosial-politik çalışmalarla bağlı bu adın üzərində ayrıca dayanmaq gərəkir.Dövlətin hüquq politikasının başlıca yönəticisi olaraq, “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa və sabotaja qarşı mübarizə tədbirləri haqqında” qərarın ölkə boyu (ölkə boyu!) gerçəkləşdirilməsi onun birbaşa, başlıca görəv borcu idi. Dövlət hüquq politikasının başlıca yönəticisi olaraq o, eləcə də ölkəni bürüyən, orduyadək uzanan İQTİSADİ CİNAYƏTKARLIĞA, SABOTAJA QARŞI MÜBARİZƏNİN başında durmalı, bunu gündəlik konkret işində göstərməliydi. Qanunçuluqla bağlı prinsipial yol tutulsaydı, bir sıra gərəkən addımlar ardıcıl, kəsinliklə atılsaydı, arxa cəbhəni sağlamlaşdırmaqla ön cəbhədəki uğurlarımızı qat-qat artırmaq, əldə edilən uğurlara dayanıqlıq qazandırmaq olardı. Ancaq qanunçuluq baxımından görüləsi işlər görülmədiyindən, gərəkən addımlar ardıcıllıqla atılmadığından bir illik hakimiyət boyunca ölkə getdikcə İQTİSADİ CİNAYƏTKARLIĞIN, SABOTAJIN dibinə yuvarlandı. Prezidentin dediyi kimi, sonucda rüşvətxorluq ölkəni başına götürdü. Sözsüz, az bir arada ölkəni başına götürmüş rüşvətxorluq yuxarılardakı kimlərinsə ölkə boyu rüşvətxorluğu stimullaşdırmalarından qaynaqlanırdı. Buna görə prezident bəlli çıxışında çevrəsinə üz tutaraq deyirdi: “Ölkəni başına götürmüş rüşvətxorluğa görə sizlər günahkarsız”. Belə yerdə kollektiv suçlama, birilərinin düşündüyü kimi, çıxış yolu deyil, istər-istəməz suçu suçludan yayındırmaqdır. Nə olmalıydı? Ölkədə qanunçuluğa soruimlu olan başlıca görəvlilərin adları çəkilməli, onlar sorğulanıb işdən uzaqlaşdırlmalı, başqalarına da görk olsun deyə, cəzalandırılmalıydılar…
Gərəkən əkləmə. O “gənc qvardiya” sədrin arxasında qurğu qurmaqla AXCP-də (AXCP adını da partiyaya mən vermişdim) üstünlüyü ələ keçirmişdi. Üstünlüyü ələ keçirdilər, sonra da o çağların güclü partiyasını o çağların gücsüz hakimiyəti ilə özləri üçün uğurlu alver obyektinə çevirdilər. Rejim başçısının istəyinə uyğun mandatlar aldılar, bir də Qüdrətli pul-para…
Kiməsə elə gələ bilər ora-bura əl atmaqla işimə qayıtmaq istəmişəm. Yox da yox, azacıq da elə deyil; mən yalanla, qondarma suçlamayla (şər-böhtanla) işdən çıxarılmağımı özümə sığışdırmırdım. Qoy bunu da deyim. 17 yaşımdan işləmişdim, mənim sonunadək dolu iki əmək kitabçam vardı. (İçdəki artırmaları da saysam, üç əmək kitabçası). Bu, çox saya bir görsənişə görəydi: soyumdan (Ağabəylər!) gələn özəlliklə əyilməyi bacarmadığımdan,dikbaş, söz götürməyən olduğumdan tez-tez iş yerimi dəyişmək qaçılmazlığı ilə üzləşmişdim.
Mən istəməsəm də, kollektiv işimə qayıtmağım üçün mənə arxa durur, ora-bura əl atırdılar. O üzdən prezidentlə görüşüb onlara qarşı başladılan psixoloji terroru durdurmaq istəyirdim. Düz bir ay (may ayı boyunca) prezidentlə görüş istəyi baş tutmadı. Köməkçisi Oqtay Qasımov bütün zənglərə belə qarşılıq verirdi: “1. Prezidentin vaxtı yoxdur. 2. Prezident yorulub yatır”.
Haralardan hara
Haralardan hara gəlib çıxdığı bəlli olan Fazil Mustafa bu gün yetənə yetir, yetməyənə daş atır: aşağılayır-təhqir eləyir.Super praqmatik olmaqla o, olduqca bacarıqlıdır: az qala yeniyeyməlik çağlarından komunmist olub, sol cibində, ürəyinin başında sevə-sevə kompartiya bileti gəzdirib. Sonra hərəkatçı, cəbhəçi olub. Sonra nədən qurtulduğu bilinməyən “Böyük qurtuluş partiyasını” yaradıb. Arada Məkəyə gedib, kəbəni dolanıb hacı olub.Elə o arada nurçu-fetoçu ideolojisi iləyaxınlığı ortaya çıxıb. H.Əliyevi yazılı olaraq ən kəskin sözlərlə yamanlamaqdan heydərizmə qulluq yolunadək yüksəlib.
Xalqın yoxsulluq içində olduğu, bilim, toplumsal dəyər baxımından çox önəmli kimsələrin 400-500 manat aylıq, 300 manat pensiya ilə yaşadığı, Qazilərin dolanışıq dözülməzliyindən özlərini öldürdükləri ölkədə 6 min manat (altı min manat!) deputat aylığı alan hacı deputat ən azı Qazilərin dözülməz dolanışığı ilə bağlı parlamentdə “belə olmaz!” çıxışları etmək yerinə, arxada özünə hansısa savaş əlili kimi pensiya düzəltməyə çalışır. Özgüdükçülük buna deyilir.
Mənim burada ona bir belə odaqlanmağım daha çoxonun tarixdə tanınmış, keçmişimizə şan qazandırmış böyüklərimizi aşağılayıb dışlamasına görədir. Onlardan ən başlıcası onun yağı kəsildiyi, aşağıladığı Babəkə görədir.Ünlü yerlisi, baş demokrat (ADP sədri) S.Cəlaloğlu ilə bir platformadan çıxış edərək o, deyir: “Babəkin türkə, islama, Azərbaycana dəxli yoxdur, Azərbaycan cəmiyətinin Babəki qəhrəman sayması utancvericidir. Babəki bizə sovet ideologiyası sırıyıb, ərəblərin Azərbaycanı istila etmələri yalandır”.
Ərəblərin Azərbaycanı qılınc gücünə işğal etmələri, bir çox başqa ölkələr kimi burada da böyük qırğınlar törətmələri danılmaz faktdır. Hacı Fazil isə ərəblərin Azərbaycanı “istila” etmədiyindən danışır. Onun, o düşüncədə olanların topluma sırımaq istədiyi nədir: “istila” olmayıbsa, demək, qırğın da olmayıb, belədirsə, demək, “qılınc müsəlmanı” deyimi də yalandır- Azərbaycan islama könüllü girib, bu isə kökündən yalandır! Ərəblər Tanrıçı xristianlığın kök atdığı Azərbaycanı islamlaşdırnaq üçün burada 90 il (doxsan il!) qılınc çaldılar, din-allah adınagörünməmiş qırğınlar törətdilər. Onlar yesir etdikləri kişilərimizi aparıb qul bazarlarında satırdılar, evlərə soxularaq qız-gəlinlərimizi apararaq istədiklərini özlərinə götürüb cariyə (cariyə-hüquqsuz seks köləsi) edir, istəmədiklərini Avropa bazarlarına çıxarıb satırdılar. Bilindiyi kimi, bütün xəlifələrin, onlardan aşağıda olanların çoxlu arvadları ilə yanaşı, din-allah adına işğal edilmiş ölkələrdən aparılmış çoxlu da cariyələri vardı.
Xilafətdə hakimiyətə gələn I Müaviyə (661-680) doğuya doğru yeni yürüş qabağı Azərbaycanla bağlı bilgi almaq üçün geniş biliyi ilə seçilən danışmanı Übeyd ibn Şəriyədən soruşur: “Azərbaycanla bağlı nə bilirsən?” Şəriyə bildirir: “Ora türk toprağıdır. Onlar orada bir-birilə qarışıb birikərək bütünləşiblər”.
Fazillə Sərdarın topluma aşıladıqlarına görə, Azərbaycan Türklərin ölkəsi olsa da, Babəkin Azərbaycana “dəxli yox idi”. Buna baxmayaraq, Babək yüz minlərlə Azərbaycan Türkünü ayağa qaldırıb ərəb saldırğanlarla savaşa aparmış, 22 illik savaş boyunca altı ərəb ordusunu darmadağın etmiş, satın almağa çox çalışsalar da, ərəblər onu yalnız ermənilər kimi bacarıqlı olduqları XƏYANƏT yoluyla ələ keçirib doğmaları, yaxın savaş yoldaşları ilə birgə şaqqalamış, öldürmsüşdülər. Babək istəsəydi, ərəblərdən dəvə yükü qızıllar alıb Afşin kimi muzdlu ərəb komandanlarından biri olardı. Ancaq Babək Azərbaycanı, Özgürlüyü var-yatırdan, varlı muzdlu yaşayışından üstün tutaraq sonunadək yolundan sapmadı. Bəlli keçmişinə dönük çıxaraq muzdlu rejim qulluqçusuna çevrilənlərdə Babəkə, Babək kimilərə sevgi, sayğı ola bilməz!
Babəkin bayrağının boyası belə (qırmızı) hacı Fazildə qıcıq doğurur: qırmızı Türk boyası “deyilmiş”.
F.Mustafa çox acıyaraq deyir: “Babəkin Azərbaycan cəmiyətində hələ də qəhrəman sayılması utancvericidir”. (S.Cəlaloğlu deyir: “Mənim dinimə qarşı vuruşmuş Babək mənim qəhrəmanım ola bilməz”).Nə etməliyik? Din adına ökəmizi tutub dağıdan, kişilərimizi qul, qız-gəlinlərimizi aparıb cariyə edən, bazarlara çıxaran ərəbləri qəhrəman saymalıyıq?
Yəhudi yurddaşımız, Azərbaycan Yaraqlı Güclərinin kapitanı Albert Aqarunov birinci Qarabağ savaşında cəbhəyə könüllü getdi, Ağdam, Cəbrayıl, Füzuli, Laçın uğrunda döyüşdü. Tank komandiri Albertin son döyüş yeri Şuşa oldu. Ona Milli Qəhrtəman adı verildi.
Rus yurddaşımız Denis Pronin ikinci Qarabağ savaşında könüllü cəbhəyə getdi, Cəbrayıl uğrunda döyüşlərdə vuruldu. Azərbaycan uğrunda canlarından keçdikləri üçün onlar da mənim qəhrəmanlarımdır, etnik kimliyindən asılı olmayaraq, Azərbaycan üçün ərəbliklə savaşmış Babək də mənim qəhrəmanımdır. Yaşasın qəhrəmanlar, yaşasın qəhrəmanlıq!
Alman prof.dok. Fritz Neumark deyir: “Türkləri tarixdən çıxarsaq, tarix deyə bir nəsnə qalmaz”. Biz Babəki Azərbaycan tartixindən çıxarsaq, tariximiz boş qalmasa da, orada çox böyük çatışmazlıq olar. Babəkin 22 illik savaşı açunun ən güclü impriyası olan Xilafəti özülünədək sarsıtdı, onun buyruğu altında olan bir çox ölkələrdə Ulusal-Özgürlük qalxımlarına nədən oldu. Babəkdən az sonra, 9-cu yüzilin sonlarına yaxın, Məhəmmədlə Yusif Saclı qardaşları sınırları Həmədandan Dəmirqapıya, Xəzərdən, demək olar, Qara dənizədək uzanan bağımsız, bütöv Azərbaycan Türk dövlətini qurdular (başkəndi Təbriz olmaqla). Bu, uzun illər böyük Azərbaycan savaşı aparmış Babəkin, eləcə də Babklə birgə ərəb imperiyası ilə sonunadək savaşmış yüz minlərlə igid soydaşımızın, yurddaşımızın özündən sonra gerçəkləşən diləyi-idealı idi. Babəki tariximizdən silməklə biz özümüzü kiçildərək keçmişimizə dönüklük etmiş olarıq. Ancaq tək bu da deyil… Göbbels deyirdi: “Xalqın tarixini əlindən al- bir soy (nəsil) sonra o, kütləyə çevriləcək. Daha bir soy sonra onu sürü kimi yönətmək olacaq”. Azərbaycanda oxşar görsənişlər baş verməkdədir: kimiləri Babəki, kimiləri Şah İsmayılı, kimiləri Məhəmməd Əmini dışlamaqla istər-istəməz ölkəni Göbbels deyənə sürükləyirlər!
Son olaraq burada bir fakta da toxunmaq gərəkir. Hansısa arxiv faktlarını əldə etmiş AXC Təşkilat şöbəsinin müdürü Arif Abdullabəyli evində öldürülmüşdü. Olayla bağlı A.Mütəllibov hakimiyəti dönəmində cinayət işi açılmış, iş nədənsə AXC hakimiyəti dönəmində qapadılmışdı. O iş açılsaydı, bəlkə də, AXC hakimiyəti elə tez yıxılmayacaqdı…
Daha bir qurğu-daha bir çevriliş suçlusu
Oqtay Qasımovun dedikləri, belə görünür, yalan imiş: prezident yorulmurmuş, yatmırmış, ancaq, faktlardan göründüyü kimi, nə etdiyi də bəlirsiz-bilinməzmiş.Köməkçinin o çağlar yalan danışdığı indi mənə Gün kimi aydındır. Araşdırmalar, sonralar ortaya çıxan bir çox faktlar O.Qasımovun, belə desək, prezidenti yönətənlərlə işbirliyində olduğunu göstərir. Prezidentlə görüşmək üçün öncə yönəticilərin bayrağının altından keçmək gərəkirdi. Onlar mənim öncələr prezidentlə yaxın olduğumu yaxşı bilirdilər. Bizim görüşümüzdə hansı gizlinlərin üstünün açıla biləcəyini də bilməmiş deyildilər…
Yazılarım “Azadlıq” qəzetində durur. 98-ci ildə o, yenidən prezidentliyə adaylığını verəndə sonadək ona arxa durdum, onu qorudum. Onu publik olaraq (“Azadlıq”da) qoruma faktlarına görə əlimi sıxdı, “çox sağ ol”, dedi.O məni Ali Məclis tribunasından “Xalq cəbhəsinin ağır artilleriyası” adlandırmışdı. O günlərdəki (seçki öncəsi) görüşlərimizin birində onu “YeM” qəzetinin saldırılarından qorumağa yönəlik yazılarımdan söz salaraq demişdi: “Sən bu yazılarında dəqiq snayper işi görürsən, buna görə çox sağ ol!”
Gərəkən əkləmə. Mənim ağır artilleriya işindən snayper işinə keçməyim o günlərdəki obyektiv gerçəkliyin doğurduğu gərəkənlik idi.O, Ali Məclisin tribunasından H.Əliyevin onu aldatdığını demişdi. Sonra da o, açıq (qəzetlərdə) çıxışda bulunaraq keçmiş komanda yoldaşlarını ona arxa durmaqla hakimiyəti dəyişməyə çağırmışdı. İ.Qəmbər onda (o çağlar Qəmbər olmuşdu) jurnalistlərin sorusuna qarşılıq olaraq yalandan demişdi: “Mən seçkidə Elçibəyi dəstəkləsəm, partiyada məni parçalayarlar”. (Yeri gəlmişkən, İ.Qəmbər partiyası ilə bağlı oxşar yalanı bir də 2003-cü il seçkisi öncəsi uydurmuş, onda da manipulyasiya yoluyla real hakimiyət dəyişikliyinin qarşısını almışdı).
İ.Qəmbərovun qurucusu olduğu “YeM” qəzeti Rauf Arifoğlu başçılığında Ə.Əliyevi gözdənsalma kampaniyasına girişmişdi. İşin nə yerdə olduğunu bildiyimdən mən onda snayper-stinger yazılarına üstünlük vermişdim. O arada bizim İ.Qəmbərlə ikili görüşümüz də oldu… <…>H.Əliyevin xalqa verdiyi sözlər özünü doğrultmamış (“Hakimiyətə gəlsəm, pencəyimi çiynimə atıb gedib Xankəndində oturacam” deməsi başda olmaqla), ölkədə olduqca ağır sosial-ekonomik durum yaranmış, o üzdən də müxalifət birləşərdisə, çox asanlıqla hakimiyəti dəyişə bilərdi. Ancaq birilərinin intriqanlığı yenə də ölkə çıxarlarından önə çıxdı. İ.Qəmbərin qəzeti bir yandan Ə.Əliyevlə, o biri yandan E.Məmmədovla bağlı gözdən salma kanpaniyası aparırdı.O arada mən Toplumsal çıxarlar üçün azacıq da olsa işiq ucu arayırdım. Mənim oxşar arama-çalışmalarım bir də 2003-cü il seçkisiylə bağlı oldu…
***
Düzgünlük üçün, bir yerdə onun da məni qorumağa qalxdığını deməliyəm. 1999-ci il 28 avqust. AXCP Ali Məclisinin yığıncağı. Ali Məclis sədri Qulamhüseyn Əliyev çıxış üçün mənə söz verir. Tribunaya qalxıb zalagöz gəzdirirəm. Çox isti olduğundan, demək olar, bütün zalmürgülüdür. Belə yerdə çıxış eləməyin anlamsız olduğunui görüb, orator priyomuna əl ataraq adamları səksəndirən çlxıda bulunuram: “Hakimiyətin korrupsiyanı dövlət siyasətinə dönüşdürməsi üzündən ölkə qəhbəxanaya çevrilib”. Elə bil zala bomba düşür. Bir anda zalı qıy-qışqırıq bürüyür.Ağır yuxulular yüngül yuxululardan nə baş verdiyini soruşub öyrənincə zal guruldayır. Zalın bir yanından bir çox qaranlılq işləıriylə tanınan Mirmahmud Mirəlioğlu, o biri yanından başqa bir qaranlıqsevər Novella Cəfəroğlu başçılığında adamlar qışqır-bağırla tribunaya doğru yürüyürlər. Öndə gələn ikisinin-Mirmahmudla Novellanın bağırtısını aydın eşidirəm: “Sən bizim millətimizi təhqir elədin, indi sənə göstərərik!” Onların komandalarıyla birgə məni döymək istədikləri görünür. Bu arada birinci sırada, tribunanın qarşısında oturmuş AXCP sədri ayağa qalxır, qollarını geniş açaraq “milli” yürüş fədailərinin qarşısına çıxır: “A bəylər, xanımlar, siz neyləyirsiz?! Xaliq Bahadır bugünün Mirzə Cəlili, Üzeyir bəyidi, o nə istəsə deyə bilər, necə istəsə danışa bilər. qayıdın yerinizə!” Hamı dönüb yerində oturur. Sonra da dinməzcə məni dinləyir. Heydər Əliyevin adını başda çəkməklə hakimiyəti kəsinliklə ələşdiriyə girişirəm. Sözsüz, bildiyim faktlardan yararlanmaqla.
(Burada H.Əliyevin adını ayrıca vurğulamağımın öz nədəni var. O çağlar istər AXCP-nin, istərsə də o biri müxalifət partiyalarının başında duranlar çıxışlarında H.Əliyevin adını dilləırinə gətirmir, bunun yerinə hamılıqla “iqtidar”anlayşını işlədirdilər- məndən başqa. Kələkidən qayıtdıqdan bir neçə ay sonra dönə-dönə eşitdiyi “iqtidar” sözündən boğaza yığılmış Ə.Əliyev bir gün Ali Məclis tribunasından böyür-başındakı partiya yetkililərinə acıqla səsləndi: “Nə “iqtidar, iqtidar” salmısız, nədən qorxursuz, niyə birbaşa Heydər Əliyev demirsiz?!”Bu yerdə bir faktı da ayrıca vurğulamaq gərəkir. Ə.Əliyev Kələkidə olanda H.Əliyev onu teleekrandan çox pis aşağılamışdı. Bu fakt onda H.Əliyevə kəskin acıq doğurmuşdu).
Sonra nə oldu, bilirsizmi? Mən ölkədə baş verən ağrılı, bizim xalqımıza özgü olmayan, bu üzdən dözülməz bir görsənişlə bağlı partiya yığıncağında çıxış etmişdim. Bəlli olduğu kimi, ölkədə ulusal dəyərləri dağıtmağa yönəlik faktlarla bağlı çıxışlar partiyalar, başlıcası da müxalifət partiyaları üçün xarakterik görsənişlərdəndir. Antidemokratik rejimlə də, demokratik Avropa ilə də çox sıcaq qrant ilişkiləri quran, Ali Məclisdə, qapalı bir yerdə, etdiyim çıxışa görə məni “milləti təhqir etməkdə” suçlayan Novellaxarakter özəlliyinə uyğun olaraq pul iyini göydə tutmuş, az sonra “Qadın hüquqlar cəmiyəti” adına proje düzəldərək “Azərbaycanda durmadan artan fahişəliyin qarşısını almaq üçün” Avropadan qrantlar almağa başlamışdı. Mənim Ali Məclisdə dediyimə “milli qeyrət” nədəniylə partlayıb kükrəyən Mirmahnud Mirəli oğlu nəyə görəsə Novellanın etdiyinə susqun qaldı.Görünür, Ali Məclisdə deyilməsi “yolverilməz” sayılanı Avropaya yaymaq, Avropanın önündə sərgiləmək olarmış…
***
Sonralar onun (Ə.Əliyevin) agentur dəstədən qopmaz-ayrılmaz olduğunu görərək, kəsinliklə ona qarşı çıxdım, yazılar yazdım, üzbəüz toqquşmalarımız oldu. Bizim sonuncu üzbəüz toqquşmamız 1998-ci il oktyabrın 25-də, onun AXC qərargahında sığındığı balaca hücrədə oldu. Başqa yazıda (“Yolsuzluq yaradanlar”) geniş yazdığım üçün burada qısa yazıram. Aramızda 2 saata yaxın çəkən dartışma oldu. Əlimdəki yeni, konkret faktdan çıxış etməklə, onu mənimlə düşmənçilik etmkdə suşladım. Qarşılıqlı olaraq o də məni onunla düşmənçilik etməkdə suçladı.Göstərdiyim fakt qarşılığında ondan da fakt göstərməsini istəyəndə söhbəti hərləyib-fırlayıb 93-cü ilə aparıb çıxardı.
Sən demə, onun o çağlar, aprelin 10-da, mənimlə bağlı teleekrandan o sayaq acıqlı çıxış etməyinin çox tutarlı nədəni varmış. Böyük bir gerçəyi dilə gətirirmiş kimi dedi: “Sən çevriliş hazırlamışdın”. Şok oldum. Qulaqlarıma inanmadım, nə dediyini bir də soruşdum. Bir də dedi: “Sən onda çevriliş hazırlamışdın”.
Jurnal stolunun arxasında üzbəüz oturmuşduq. Özümə dayaq axtarırmış kimi kürəyimi kresloya söykədim. Elə bil dilim-ağzım qurumuşdu-danışa bilmirdim. Ola bilsin, o, mənim susub durmaqla nəsə bir yalan uydurub özümü doğrultmaq istədiyimi düşünürdü. Ancaq mən onun gerçək kimliyini, nəçiliyini düşünürdüm. Az öncə o, söz arasına söz qataraq məni, qardaşlarımı, bütünlükdə soyumuzu yaxşı tanıdığını, bizim doğru-düzgünlüyümüzü öymüşdü.
Handan-hana o çağlar baş verənləri faktlarla ona anlatmağa başladım. Sözsüz, 3 milyon dollarla bağlı yeyinti-mənimsəmə faktına da toxundum. Bütün bunlardan sonra o: “Bağışla,- dedi,- məni aldadıblar”. Sonra da məni qınamağa keçdi: “Günah sənin özündə olub, sən bildiklərini vaxtında görüşüb mənə desəydin, indi çox şey başqa cür olardı. Bunları niyə vaxtında mənə çatdırmadın?” ”Çalışdım,- dedim, – alınmadı”. “Niyə alınmadı?”- “Qənimət Zahidin hökumət telefonundan bir ay boyunca haçağ zəng etdiksə, Oqtay Qasımov iki söz dedi: “Prezidentin vaxtı yoxdur; Prezident yorulub yatır”. “Ola bilməz”,- dedi. “Oqtay Qasımov bayırda qapının ağzındadır, – dedim,- çağırın gəlsin”. Yox, yox, olmaz, – dedi”. “Niyə?”- soruşdum. Özüm durub çağırmaq istəyəndə qarşımı kəsdi: “Olmaz, – dedi,- ayıbdır”. Acı-acı: “Siz belə düşüncəylə yenidən prezident olmaq istəyirsiz?”- dedim…
Onda bilmədiyimi 2001-ci ilin fevralında keçmiş Daxili işlər naziri Abdulla Allahverdiyevlə olan bir görüşümüzdə bildim. “Onlar da bizim millətimizdir” deyə, bir illik hakimiyəti boyunca bircə korrupsioneri cəzalandırmayan prezident azacıq da suçum olmaya-olmaya mənimlə bağlı nazirə göstəriş vermişdi: “Qandalla Bayıl türməsinə apar!” Bayıl türməsi ona da, mənə də yaxşı tanış idi- 88-ci ildə orda bir kamerada olmuşduq- 101 saylı kamerada…
Belə bir deyim var: “Oğrulara arxa durmaq doğrulara qarşı olmaqdır”. Özünün“korrupsionerlər də bizim millətimizdir”, dərin “fəlsəfəsiylə” o, bir illik hakimiyəti boyunca faktik olaraq oğrulara arxa durdu, doğrulara qarşı oldu.
Üzeyir bəyin bəlli komediyasında bəlli personajın dilindən deyildiyi kimi, burada mənim yadıma Leyli-Məcnun əhvalatı düşür: dostu Zeyd Məcnuna yardıma qoşaraq onun düşmənləriylə savaşırkən Məcnun düşmən düşərgəsində yer alıb Zeydlə savaşa çıxır. Buradakı oxşarlıqda acınacaqlı bir ayrıntı var: Məcnunun qırılan düşmən qoşununa yardıma qoşması onun aşırı humanizminə bağlı idisə, ikincidə baş verən yerində olmayan birisinin yaratdığı agentur komandanın əlində oyuncağa çevrilməsinə bağlı idi. Burasını da unutmamalıyıq: o, başlanğıcdan,- Cəbhənin ilkin quruluş çağlarından,- mənim də birbaşa (birbaşa!) qatqım olan bir sıra ilginc dirənişlərə qarşı çıxaraq, absurddan absurd baxış sərgiləmişdi: “Biz agentləri də özümüzə dost eləməyi bacarmalıyıq”. Bəlkə də, bizə absurd kimi görünən bu faktı onun bir çağlar KQB-də boynuna götürdüyü görəv borcu saymaq daha düzgün olardı. O, KQB arxivlərini açmamaqla, agenturadan oluşdurulmuş parlamenti buraxmamaqla Azərbaycanınqarşısında açılan böyük uğur olanaqlarını yox etdi. Onun birbaşa ötürücülüyü ilə ölkədə ANTİSİSTEM quruldu!
Şeytanın gizləndiyi detal
Bir elçibəyçi AXC hakimiyəti ilə bağlı ad çəkməklə yazdığım ələşdiriyə belə köçürməylə qarşılıq vermişdi: “Böyük ağıllar ideyalar haqqında düşünər, orta ağıllar baş vermiş hadisələr haqqında düşünər, kiçik ağıllar şəxsiyətlər haqqında düşünər”. Adam məni kiçik ağıllı olmaqda suçlayırdı. Belə kölə düşüncəli tutuquşular bizdə çoxdur: özünün dərin analiz bacarığı yoxdur, başqalarının analitik düşüncə görsənişləri isə onlarda qorxu doğurur. Dəyişməz, durğun düşüncə yiyələrinə axtarmaq, aramaq, sorğulamaq kimi oyanıq, çalışğan düşüncə görsənişləri yaddır. Böyük ideyaların boşa çıxma, olayların kəsinliklə uğursuzluğa aparma-vardırma nədənləri onları azacıq da düşündürməz, ilgiləndirməz: onların ölgün düşüncələrində yalnız haçaqlarsa aldanıb sevdikləri “şəxsiyətlər” diri qalar.
Arada-bərədə olanlar bir yana, müxalifət partiyalarındakı sorğulama yoxluğu bütünlükdə sorğulamayan xalq faktoruna gətirib çıxarır.Hakimiyətdəki kimi müxalifətdə də sorğulama, gerçəyi, doğru olanı bəlirləmə görsənişi, istəyi yoxdursa, bu, hakimiyətdə olduğu kimi, müxalifətdə də demokratiyanın yoxluğu deməkdir. Fəlsəfədən bilindiyi kimi, bütün olayların nədən-sonuc (səbəb-nəticə) ilişkisi olur. Şeytan detallarda gizləndiyi kimi, uğurlar-uğursuzluqlar da o ilişkilərə bağlı olur. Buradan ortaya çıxan sonuc nədir: biz o ilişkiləri gərəyincə sorğulayıb, araşdırıb, arayıb-axtarıb bilib-öyrənməsək, gərəkən gələcəyə vara bilmərik!
Keçmiş prezidentin jurnalistlərlə görüşündən bir epizod.
Jurnalist: – Bilə-bilə onları (KQB agentlərini) niyə yüksək postlarda saxlayırdınız?
Ə.Elçibəy: – Yaxşı eləyirdim. Bəlkə, onun da hesabatını verməliydim?
<…> Sülhəddin Əkbər desə də, deməsə də, kimlərin KQB ilə əməkdaşlığı olmuşdusa, bilirdim. Ümumiyyətlə, KQB ilə əməkdaşlıq edənlərin adları xüsusi kartlara yazılıb saxlanır. Çox təəssüf ki, kimlərinsə səhlənkarlığı ucbatından KQB agentlərinin adları olan həmin kartlar bir sıra partiyaların da əllərinə keçib. Mən isə belə işləri xoşlamıram…
Mən məsələni problemlərin üzərində qururam, adamların yox” (YeM qəzeti, 30 may 2000).
Budur böyük ideyaların böyük lideri: “məsələni adamların deyil, problemlərin üzərində qurur…” sonra da quyruğu düşmən dövlətin əlində olan KQB agentlərindən komanda düzəldir…sonra da onlarla problemləri çözməyə girişir-Şeytanın gizləndiyi başlıca detal budur!
Bax, bu yerdə böyüklük sərgiləmək üçün durğun düşüncəlilər, bir də ortaqlar üçün toxunulmaz olan “şəxsiyətlərə” toxunmadan, adlarını çəkmədən böyük ideyalardan, böyük olaylardan danışmaq gərəkir. Lənət olsun o sayaq yapma-qondarma böyüklük sərgiləməyə!Böyüklük Ulusun, Ölkənin, Dövlətin çıxarları baxımından gərəkən gerçəkləri açıb ağartmaq, işıqlığa çıxarıb sərgiləməkdir. Böyüklük özünə çoxsaylı sorunlar yaratmaqdan çəkinmədən doğruları deməkdir…
Amacın hara-varacağın ora
Ə.Əliyevin çox sevdiyi, AXC hakimiyətində yüksək görəvlər qazandırdığı P.Hüseynov: “Heydər Əliyev kifayət qədər təcrübəli dövlət adamı kimi biz və prezidentimiz tərəfindən qəbul olunurdu. H.Əliyevin idarəçilik təcrübəsi barədə verdiyi tövsyələrin nəzərə alınmasında heç bir qəribəlik yoxdur” (“7 gün” qəzeti, 20 dekabr 1997). P.H. yuxarıdakı alıntıda nə demişdi: “AXC hakimiyəti olaraq biz kadrları Heydər Əliyevin məsləhətilə seçib yerləşdirirdik”. Beləcə, hakimiyət içində Cəbhə hakimiyətinə qarşı üçüncü gücü, özlərindən qat-qat bütöv-mobil, özlərindən qat-qat “təcrübəli” komandanı-Heydər Əliyev komandasını onlar özləri yaratmışdılar. Beləliklə, Naxçıvan Bakıdan yönətilməli ikən Bakı Naxçıvandan yönətilmək durumuna düşmüşdü.
AXC hakimiyəti ilə bağlı bugünlər fb-də paylaşılan yazıdan bir neçə ilginc tümcə: “…AXC iqtidarı şüurlu səhvlər və məqsədli cinayətlər etməyib”. Buradan belə çıxır AXC “iqtidarı” bir illik hakimiyət boyunca “şüursuz və məqsədsiz “ olaraq bəlli bir KQB generalı ilə işbirliyində olub.
Bir illik hakimiyət komandası ilə bağlı deyilir: ”…əsasən təmiz, səmimi və təvazökar insanların siyasi komandası idi”. Gerçəkdən o komandada elələri çox idi, ancaq komanda başında deyil, başlıca olaraq aşağı qatlarda. Komandada yüksək düzəydə “təmizlik”, “səmimilik”, “təvazökarlıq” yoxsunluğu bir yandan az arada ölkənin “başdan-başa rüşvətə bürüməsinə“ gətirib çıxarmışdısa, o biri yandan 2023-dəki Türkiyə dəprəmində sement çatışmazlığından göydələnlərin toz-topraq uçqununa dönüşməsinə bənzər görsəniş yaşanmış, komanda kiçicik bir silkələnmədən darmadağın olmuşdu.Deyilən “səmimilik” gerçək olsaydı, ortaya bütöv komanda təpkisi-bütöv komanda görsənişi çıxardı. Bir el deyiminin bənzəri oldu: pərpətöyün toxumu kimi dağılma…
Yazı belə bir yanlış toparlama ilə bitir: “Amma nəticədə Surət Hüseynovun əli ilə bağımsız Azərbaycanı təsir altına salmaq üçün Rusiya-İran xətti ABŞ-Türkiyə siyasi xəttini məğlub etdi”. Bir daha vurğulamaq gərəkir: yanlışdan da yanlışdır.
Faktlara baxaq. H.Əliyev bağımsız bir dövlətin başçısı kimi İran prezidenti H. Rəfsəncani, Türkiyə prezidenti S.Dəmirəllə görüşlər keçirir, “Ermənistan” prezidenti L.Ter-Petrosyanla ayrıca ilişkilər qururdu. Bu ilişkilərin sonucu olaraq ermənilərlə ayrıca “atəşkəs” bağlaşması bağlanmış, ondan sonra ermənilər Naxçıvandan arxayınlaşaraq, Naxçıvan boyu ordu güclərini Qarabağa daşımaqla Kəlbəcəri tutmuşdular. Bundan başqa, H.Əliyev bir yandan İngiltərə, o biri yandan Rusiya hökumətləri ilə ayrıca ilişkilərdə bulunurdu.S.Dəmirəlin çıxışı var: “Mən Amerikayla danışdım, sonra Elçibəyə telefon açdım, dedim: – Sən get, Haydar Aliyev gəlsin. O da getdi”.Bizdəki müxalifət başdaduranları nəyə görəsə illərdir bu kimi faktları görmzdən gəlirlər. Açıq görünən budur: Surət Hüseynovu biryolluq “çevriliş” suçlusu, “xain” adlandıraraqhakimiyətin içindən qaynaqlanan cinayəti başqa yerə bağlamaqla bilərəkdən-bilməyərəkdən iz azdırır, gerçəyi ört-basdır edir, bununla da istər-istəməz yazı boyu vurğulanan dəyirman qulluqçularına qatılırlar.
Hakimiyətə gələr-gəlməz AXC Proqramının unudulması, demokratik ilkələrdən üz döndərilməsi Pənahın yuxarıda bildirdiyi bəlli “dövlətçilik təcrübəsinə” üstünlük verilməsinə görəymiş. Onların missiyası KQB dövlət görküsünü (görkü-praktika, təcrübə) AXC örtüsündə uyğulamaq imiş. O üzdən oğruları deyil, doğruları çeşidli suçlama-şərləmələrlə qandalladıb Bayıl türməsinə göndərmək sürəci başladılırmış.
Proletariatın bir çağlar universitetdə bizə yetərincə tanıdılıb öyrədilən dünyalarca ünlü liderlərindən biri-Fridrix Engels deyirdi: “Xalqı çürütməyin iki yolu var: suçsuzu cəzalandırmaq, suçlunu cəzalandırmamaq”. Sovet dönəmində oxumuş olsalar da, onlar“yad” Engelsdən deyil, onlara doğma birisindən öyrənməyə üstünlük vemişdilər.Böyük hərəkatçı (çox böyük), eləcə də böyük cəbhəçi (yenə çox böyük)Etibar Məmmədov 90-ların o başında demişdi: “Mənim üçün öz millətimin diktatoru özgə millətin demokratından üstündür”. Bunu o çağın tək universitetinin tarix müəllimi, tarix elmləri namizədi, başqa sözlə, açun tarixini bilən birisi deyrdi.Sonda Rusiya tarixinin təhkimçilik dönəmindən bizə öyrədilən oldu: “Buyur, nənə, bu da sənə Yuryev günü!” Azərbaycan indi Rusiyanın təhkimçilik dönəmindəki kimidir…
Onlar
Məmməd Araz deyən oldu: “Mən özümlə oynadığım şahmata güldüm”. Onlar özləriylə oynadıqları şahmatın gülüncünə dönüşdülər. Azərbaycanı isə sonu görünməyən qaranlığa gömdülər.
Onlar bu ölkədə ərdəmliyi, kişiliyi, mənliyi çürütdülər.
Onlar bu ölkədən Özgürlüyü, Demokratiyanı kürüdülər.
Onlar ölkəni sosial-ekonomik, ideya-politik dəngələri dağıdan gəlişim içində olmazın bulaşığa bulaşdırdılar.
Onlar ölkəni “37-lərdən” qat-qat ötə gedən TƏRTƏR SOYQIRIMINA ulaşdırdılar.
Onlar Müsavat ideyasını da, Xalq cəbhəsi ideyasını da aşırı aşıntıya uğradaraq gözdən saldılar.
Onlar örnək idealları yenib yoxsunlaşdıraraq ölkəni yolsuzluğa yönəltdilər.
Onlar dönüklük lokomotivinə dönərək Azərbaycanı koloniya-müstəmləkə platformasına daşıdılar.
Azadlıq meydanında xalqa ölkə boyu 20 sm qalınlığında qızıl boyun olanlar qurulmasına nədən olduqlarıkorrupsiya-repressiya rejimi ilə xalqı dilənçiyə döndərdilər, yoxsulluğa-yoxluğa uğratdılar.
Onlar ölkədən 70-ci illərdəkindən qat-qat böyük, sürəkli köç sürəcinin yaranmasına nədən oldular.
Onlar 70-ci illərdəkindən daha dərin, öncəkilərdən ötə gedən korrupsiya-repressiya sürəcinin başladılmasının önünü açdılar.
Onların oluşunu oldurduqları ölkəni yoxsunluğun, yolsuzluğun doğurduğu olmazlara, olamazlara gətirib çıxardı.
Doğal qaynaqları aşıb-daşan ölkə axınla gələn milyardlarla gəlir qarşılığında durmadan varlanıb çiçəklənmək, açunun ən gəlişmiş, qabaqcıl ölkələrindən birinə çevrilmək yerinə, sürəkli olaraq öləziyərək çox-çox illər geriyə atıldı.
Ölkədəki ən dəyərli bireylər, ailələr, soylar sonunadək sıxışdırılmaqla, gözdən salınıb dəyərsizləşdirilməklə yoxluğa sürükləndilər.
Çoxillik antisistem faktoru ulusal-toplumsal baxımdan dəyərsizlərin yüksək artımına, dəyərlilərinkəsinliklə azalıb yoxsunlaşmasına gətirib çıxardı.
Onlar bir də, Azərbaycanın birliyinə, bütövlüyünə aparan yolu, çox, lap çox uzatdılar…
Poetik dillə desək:
Azadlıq meydanında Özgürlüyü itirdik,
Rüşvət bitməyən yerdə korrupsiya bitirdik!
Gərəkən açıqlama. Korrupsiya-hakimiyət adamlarının, politiklərin mənəvi pozğunluğu, qanunsuz varlanması, rüşvətxorluğu, soyğunçuluğu, mafioz qurumlarla işbirliyi.
***
M.Ə.Rəsulzadə sarayında keçirilən yığıncaqda (yanvar, 93) korrupsiyaya qurşanmış çevrəsini gözaltılayaraq demişdi: “Xalqla birləşib sizə qarşı mübarizə aparacam”. Yüksək yetkiləri olan prezident idi, AXC sədri kimi danışırdı.Hakimiyəti sevdiyi adama ötürüb (özünün sözüdür: “mən onu sevirdim”) Kələkiyə getdi. 4 il 4 ay sonra qayıdıb “sizə qarşı mübarizə aparacam” dediklərinə “qardaşlarım” dedi. Sonra da 98-də yenidən prezident seçilmək üçün onlara yalvarışda bulundu: “Mənə kömək eləyin, hakimiyətimizi bərpa eləyək…” “Qardaşları” ona yenə badalaq gəldilər. İ.Qəmbər oonda yalana əl ataraq demişdi: “Mən seçkidə başqa partiyanın (AXC-nin) namizədini dəstəkləsəm, müsavatçılar məni parçalayarlar”.
H.Əliyev xalqı aldatmış durumuna düşdüyündən 98-də hakimiyəti dəyişmək şansı çox böyük idi. Ancaq, nəyə görəsə özü prezident olmaq istəyində bulunmayan İ.Qəmbər “başqa” partiyanın sədrinin də prezident olmasını istəməyərək “YeM” qəzetində R.Arifoğlunun başçılığıyla ona qarşı ardıcıl gözdənsalma kampaniyası apardı. Çağında yaxından-uzaqdan o kampaniyanın içində olanlar indi topalaşıb “Elçibəy institutu” yaradıbıar. Aralarında Ə.Əliyevi ələşdirənlərə qarşı ayrı bir kəsinliklə çıxan partiya sədrləri də var: “Elçibəydən nə istəyirsiz?!” Anlamaq istəmirlər: ortadakı ürək dağlayan ağri-acılar, qanlı faciələr olmasaydı, kimin onunla nə işi oloasıydı? Axı, bütün bunlar onun gecəylə hakimiyəti “sevdiyi adama” ötürüb qaçmasından qaynaqlanır. Başqa bir yandan, bütün bunlar KQB arxivlərinin açılmadığına, KQB parlamentinin buraxılmadığına görə olmadımı? Hə, ortada bütün bunlara görə kollektiv sorumluluq var…
Bunu min illər öncə Platon deyib: “Bədənin öldürülməsindən çox ruhun öldürülməsindən qorxun”. Onlar ruhu öldürdülər, bədənin öldürülməsini özlərindən ötəyə ötürdülər.
Qanunçuluq
Türklərdə qanuna Törə deyilirdi.Qanunçuluğa yüksək dəyər verməklə ona toxunulmazlıq qazandıran əski Türklər yurd-yuvalarına, ölkələrinə çox bağlı olsalar da, deyərdilər: “Ölkədən keçilər, Törədən keçilməz”. Qanunçuluq ulusu yüksəldən, güclü, yenilməz edən başlıca dəyərdir.Qanunsuzluq ulusu çürüdən başlıca dəyərsizlikdir.Qanunçuluğun başında duran dəyərli, qanunsuzluğun başında duran dəyərsiz olur. İkincinin ancaq geci-tezi var.
Son olaraq, ulusu, ölkəni, dövlət yalnız Qanunçuliuq yüksəldər, güclü, yenilməz edər.
“Pənah bizi biabır etdi”
AXC İdarə heyəti üyəsi, bir illik hakimiyət dönəmində Azərbaycanın Rusiyada elçibaşısı olmuş Hikmət Hacızadə demokratik dəyərlərə bağlılığı ilə tanınırdı.H.Hacızadə Ə.Əliyevin P.Hüseynovu Demkonqresə gətirmək istəyinə qarşı çıxaraq, onun AXC hakimiyəti dönəmindəki antidemokratik davranışları ilə bağlı demişdi: “Pənah Hüseynov demokratik hərəkatı dalana gətirib çıxardı.O, bizi biabır etdi və buna görə cavab verməlidir.Əgər o yenidən demokratik hərəkata qayıdacaqsa, bu o deməkdir biz dəyişməmişik və bizim hakimiyət uğrunda mübarizə aparmağa mənəvi haqqımız yoxdur” (“Azadlıq”, 4 aprel 1997).
Nə oldu? Ə.Əliyev bizlərlə savaşaraq, sürəkli dirəşərək böyük çoxluğun antidemokratik baxışlarına, davranışlarına görə dışladığı Pənah Hüseynovu demokratik düşərgəyə qaytardı. (Dediyimizdən döndərmək üçün o çağlar bizi ölümlə qorxutma faktları da oldu).Pənah isə rejimlə gizli ilişkilər içində,yerləşdirildiyi demokratik düşərgəyə dönə-dönə dönüklük etdi.Bu gün P.Hüseynovun qazandığı “avtobus müxalifəti” adını onun Ə.Əliyevlə ortaq qazancı-ortaq yetənəyi saymaq olar.
Qanunçuluq-Demokratiya özül ilkələrlə yanaşı, bir də düşüncə genişliyidir, düşüncə darlığında onlara yer olmur, olamaz.Düşüncə darlığında gerçək ulusalçılıq (millətçilik), gerçək türkçülük də olmur.Gerçək ulusalçılıq, gerçək türkçülük Türklüyün xarakter özəlliyi olaraq gerçək demokratiyadan ayrılmazdır.Demokratiyanın başlıca, üstün özəlliyi isə dönməz qanunçuluqdadır!
H.Hacızadənin göstərdiyi “biabırçılıq” faktını yetərincə anlayıb, olduğu sayaq dəyərləndirmək üçün gerçək demokrat olmaq gərəkir, bu yoxdursa, gerçək ulusalçı, gerçək türkçü-qanunçu olmaq gərəkir- bunlar da yoxdursa, daha danışmağa dəyməz.
Ritorik demokratlıqla praktik (qanunçu) demokratlıq başqa-başqa kateqoriyalı görsənişlərdir…
Li Kuan Yu faktoru
Yada Li Kuan Yu düşür. Li Kuan Yu “belə edəcəm”, “elə edəcəm” ritorikasıyla boşuna külək əsdirmədi; korrupsiya bataqlığına batmış Sinqapuru kəskin qanunçuluq yoluyla, radikal davranışlarla (korrupsionerləri, rüşvət alanları “doğma-yad”, “dostum-düşmənim” kateqoriyasına ayırmadan tutub türməyə basmaqla) durmadan gəlişib çiçəklənən, varlanıb yüksələn ölkəyə dönüşdürdü.
Bizdə bacarıqsızlığa, yarıtmazlığa, yarımçıqlığa “təcrübəsizlik” donu geyindirməyə çalışanlar çoxdur.Bugünkü Amerika dövlətinin böyük qurucusu Corc Vaşinqton prezidentliyə prezidentlikdən gəlməmişdi, birbaşa savaş meydanından gəlmişdi. Çağdaş Türkiyə dövlətinin böyük, taysız qurucusu Atatürk də prezidentliyə prezidentlikdən deyil, qanlı savaş meydanından gəlmişdi.Gürcüstanı korrupsiya-kriminal bataqlığından çıxarıb demokratiya yoluna yönəıltmiş M.Saakaşvili də prezidentliyə prezidentlikdən gəlməmişdi. Sinqapuru dönməz demokratiya, düzgünlük-qanunçuluq yoluna çıxaran Li Kuan Yu da eləcə…
Xalqın seçib səs verdiyi demokratik AXC Proqramını atıb KQB-nin repressiv “dövlətçilik təcrübəsinə” üstünlük qazandırılması faktına yalnız bir ad vermək olar: dönüklük!
Başqa sözlə, demokratik AXC Proqramından daşınıb (üz döndərib) KQB “təcrübəsindən” öyrənməyə üstünlük verənlər xalqa xəyanət etdilər!
***
Ə.Əliyevin sonadək sevimli ideya yoldaşı olmuş P.Hüseynov, görünür, ortaq baxışlarını sərgiləyərək demişdi: “Bizim yeni siyasətimizin mənası hakimiyətlə müxalifətin konsolidasiyasıdır” (“YeM” qəzeti, 25-28 aprel 1997-ci il).
Konsolidasiya fransız sözüdür (kökü latıncadır), birləşmə, inteqrasiya anlamlarında işlədilir. Müxalifət liderlərinə baxın, görünür, KQB-nin “dövlətçilik təcrübəsinə” inteqrasiya olunmaq üçün hakimiyətlə müxalifətin birliyini yaratmaq istəyinə yüklənibmişlər. Yer üzünü bu başdan o başa qarış-qarış gəzib-dolansanız bunca absurd müxalifət strategiyası tapa bilməzsiz.Hakimiyətlə birləşən, hakimiyətə inteqrasiya olunan müxalifət daha gerçək müxalifət deyil, hakimiyətin-rejimin bir parçası-buyruq qulu olur. İndi bəlirlənir: P.Hüseynovun “avtobus müxalifəti” adını almış sonluğu liderlə (Ə.Əliyevlə) birgə işlənmiş hakimiyətə inteqrasiya strategiyasından qaynaqlanırmış!
***
Xalq cəbhəsini içindən bölüb-parçalamağa yönəlik, başlıca olaraq KQB-yə, KQB rejiminə bağlı uzun sürəli aşırı partiyalaşma ölkəni ötən yüzillərin uğursuz xanlıqlar dönəminə qaytardı.KQB strategiyasından qaynaqlanan partiya çoxluğu qaçılmaz olaraq ölkədə gerçək müxalifət yoxluğu yaratdı.
Ştazi (Almaniya Demokratik Respublikasının KQB-si) arxivlərini öyrənənlər Azərbaycanda Xalq hərəkatının, sonra Hərəkatdan törəmiş Xalq cəbhəsinin başına gətirilənlərin gerçək kimliklərini aydınca görə bilərlər: alimindən, şairindən dinçisinədək. Mən o arxivləri öyrənmişəm. Bəlli olduğu kimi, ADR KQB-si Sovet KQB-nin uzantısı idi, özü də bizdəki kimi uzun sürəli deyil, vur-tut40 illik uzantısı…
***
Fransız devrimçisi Babel arvadına məktubunda yazırdı: “Sizi ağgünlü etmək üçün hamını ağgünlü etməkdən başqa yol bulmadım”. Mən də doğmalarımı ağgünlü etməyin yolunu hamını ağgünlü etməkdə gördüyüm üçün karyeramdan-ayrıca üstün dolanışıqdan üz döndərdim.Ancaq bizimlə olan bir çoxları,- daha çox da öncə Hərəkatın, sonra AXC-nin, sonra da AXC-ni parçalamaqla yaradılan partiyaların başına çıxarılan biriləri,- Hərəkatı da, Xalq cəbhəsini də, Cəbhəni parçalamaqla yaratdıqları partiyaları da özəl çıxarlarına adadılar (adamaq-ərəbcə, qurban etmək). Kimilərinə gizli paket, kimilərinə mandat, kimilərinin yaxınlarına yüksək gəlirli iş verməklə müxalifət etkisiz duruma gətirildi.
İstər mən, istər mənə bənzər kimsələr ağgünlü etmək istədiyimiz toplumla birgə açılmayan KQB arxivlərinin doğurduğu uğursuzluğa uğradıq.Sonucda çoxillik gərgin, üzücü çalışma-çarpışmalarımızdan nə toplum yarıdı, nə də özümüz yarıdıq. Yetənəksizi bu yerdə ağlamaq tutur…
Bütün bunlara baxmayaraq, bəlli bilməliyik: böyük yollarda böyük də itkilər olur. Elə ən böyük arınma-durulmalar da böyük yollarda olur. Böyük, Bütöv, Özgür, Demokratik, Çağdaş Azərbaycan uğrunda!
***
“Bağışla, aldadılmışam”. Bağışlayın, siz yox, biz aldadılmışıq-sizləri özümüzdən biri sanıb inanmağımızla aldanmışıq…
Avqust, 2023.