Xaliq Bahadır. Onlar bizi satdılar

Düz 20 il öncə, 15 oktyabr prezident seçkisindən az sonra, yazılmış bir yazı.İyirmi il boyunca onu dönə-dönə paylaşmaq istəmiş, son anda düşünüb-daşınıb əl saxlamışam. “Bəlkə, birləşdilər, bəlkə, nəsə etdilər”,- düşüncəsidemokratik dəyərlərə özgü XALQIN BİLMƏK HÜQUQUNA uyğun  paylaşım istəyinə üstün gəlib.Qaş düzəltmək istəyən yerdə gözü vurub çıxarmaqdan qorxub-çəkinmişəm.Düşünürəm: daha ortadaulusal çıxarlara bağlı elə bir çəkindirici nəsə qalmayıb- “müxalifət lideri” adına yiyələnənlər reyestr müxalifətinə dönüşüblər. Onlar kimlərdir? Çoxluq olaraq azman Xalq hərəkatından, o Hərəkatın törəməsi olan AXC-dən (AXC hakimiyətindən) KQB hakimiyəti doğuzduranlar.

İşin içində olmayıb qıraqdan baxanlar 30 illik bir sürədə dirəniş göstərmə nədəniyləmüxalifətin başında duranlara orden-medal vermə istəyində buluna bilərlər. İşin içində olmuş kimsələr üçünsə gerçəklik başqadır: bir-birinə badalaq gəlmələr, bir-birini yağı gözündə görmələr, bir-birinin  ayağından çəkmələr, bir də ortadakı gücü içindən sarsıdan, dağıdan özgüdükçü  gizli alver bağlantıları indiki uğursuz durumun oluşmasınagətirib çıxardı.Ola bilsin, bu, son deyil, ancaq sonun başlanğıcına da oxşamır.

Mənə tez-tez deyirlər: “Sənin bilmədiyin nəsə yoxdur”. Elə deyil, mənim bildiklərimi işin içində olmuş, olan çoxları bilir- saya sıra yoldaşlarından bir çox doktor-professor adı daşıyanlaradək. Bılmək gərəkdir: çağında gerçəkləri söyləməyi, doğruları dilə gətirməyi nəyə görəsə bacarmayanların, istəməyənlərin sonralar susmaqdan başqa yolu qalmır. Mənsə gerçəkləri çağında söyləməyim, çağındaca doğruları doğrultmağa çalışmağımla tanınmışam.Bu üzdən illərlə çoxlu təpkilər, sıxma-boğmalarla qarşılaşmışam.Ən başlıcası düzgün yolda olduğiumu bildiyimdən yolumu dəyişməmişəm.

Yazını yavaş-yavaş, düşünə-düşünə oxuyun. Oxuyun, ən azı burasını düşünün: bu 30 ilin dəyişməz müxalifət liderləri gerçəkdən bu ölkəni özgürlüyə, demokratiyaya qovuşduracaqlarına, elə bir gələcəyə, perspektivə inanırlarsa, nə üçün uşaqlarını yaşamağa (yaşamağa!) Avropaya, Amerikaya göndərirlər? Sonra da “azadlıq, demokratiya uğrunda şanlı mübarizədən”, bir də “şəhidliyin müqəddəs bir iş olduğundan” danışırla.

Partiyalarda demokratikləşmə baxımından olmasa da, sosial yenilənmə baxımından böyük dəyişiklik baş verir: 30-35 ilin adamları qocalaraq, ölərək sıradan çıxır, onların yerinə keşmişdə olanları görüb-bilməyənlər gəlir- bu isə dəyişməz, qocaman partiya prezidentləri üçün olduqca əlverişli dəyişiklikdir: dünənədək olanlara, yalanlara görə utanıb çəkinməyə gərək qalmır…

İstər 1998-ci il, istərsədə 2003-cü il prezident seçkilərində müxalifətin hakimiyəti dəyişmək şansı çox yüksək idi. Başlıca gərəkən nəydi?Ulusal çıxarları önə çəkməklə,  “Öncə Ölkəm!” gərəyi ilə bütün umu-küsüləri, dartışmaları, mənəmlikləri qırağa qoyub bir araya gəlməklə böyük birlik yaratmaq. Olmadı. Bunların hamısının yerinə mənəmlikönə çıxarıldı, başa çəkildi. Oxuyarsız, görərsiz.

13.10.2023

 

 

Onlar bizi satdılar

 

                             Gələcəyi gətirmək istəyən keçmişi bilməlidir.

                                                                            Nelson Mandela

 

Azərbaycan-doğal qaynaqlarına görə dünyanın ən varlı ölkələrindən biri. Azərbaycan-faktik görsənişlərinə görə dünyanın ən yoxsul ölkələrindən biri. Bu yoxsulluq birbaşa olaraq istər hakimiyyət başında duranların, istərsə də uzun illərdən bəri müxalifət lideri olaraq tanınan bir qrup adamın yoxsulluğuna bağlıdır: ideya-mənəvi yoxsulluğuna. Birincilərlə ikinciləri bir-birindən faktik olaraq iki anlayış ayırır: müxalifət, hakimiyyət anlayışları. Yaşayış prinsipləri də, ideya-mənəvi baza da, göründüyü kimi, ən başlıcası, seçki öncəsi baş verənlərdən bəlli olduğu kimi, seçilən-ayrılan deyil.

Bir sıra qəzetlərdə indi faktik görsənişlərə uyğun olaraq, Azərbaycan “fahişələr ölkəsi” adlandırılır. Rusiya imperiyasının 200 ildə edə bilmədiyini əliyevçi klan imperiyası son 10 ildə etdi: onlar Azərbaycanı “fahişələr ölkəsi”nə çevirdilər. Doğrudanmı biz buna görə, ölkəni bu yerə gətirib çıxaran nədənlərə görə, yalnız hakimiyyəti qınamalıyıq?Məncə, yox. Düşmənin etdiyi düşmənçiliyə görə onu qınamazlar-bu baxımdan yox deyirəm…

Müxalifət 15 oktyabr seçkisini uduzmaqla xalqa düşmən rejimə ən azı, hələ bir beş il də qalmaq, var olmaq şansı qazandırdı. De yure belə oldu. De fakto, bu, xalqın, ölkənin milli-demokratik hakimiyyət şansının itirilməyi, bu şansın antimilli hakimiyyətə ötürülməyi deməkdir.

Bununla da on illik bir dönəm uğursuzluqla başaçatdı. Azərbaycan müxalifəti on illik bir dönəmi bununla da uğursuzluqla başa vurdu. Bu on ildə biz çoxlu hərəkat yoldaşımızı itirdik. Çoxu da ürəyindən getdi. Onlar hərəkata Azərbaycanı sağlam, işıqlı gələcəyə qovuşdurmaq üçün qatılmışdılar. Onlar Azərbaycanı olduğundan qat-qat artıq bir qaranlıq içində görüb getdilər!

Biz 15 oktyabrda onların borcundan çıxmalıydıq. Bacarmadıq. Mən indi öndə olan liderlər arasında özünü onlara-xalqa borclu sayanı görmürəm. Kim görürsə, göstərsin, ancaq faktla, partiya, qrup yandaşlığı ilə yox …

İndi biz ötüb keçən on ili dəyərləndirməliyik: araşdırmalar, analizlər yoluyla. Yalnız bundan sonra müxalifət gələcək planlarından danışa bilər. Olub keçənlərə doğru-düzgün, obyektiv baxış olmayacaqsa, gələcək də olmayacaq. Olub keçənlərlə bağlı geniş, doğru-düzgün analizlər, o analizlərə uyğun dəyərləndirmələr olmayacaqsa, gələcək uğurlu planlardan, uğurlu çalışmalardan, uğurlu işlərdən  danışmağa dəyməz. Belədə, “Oğuznamə”də deyildiyi kimi, GƏLƏCƏK GƏLMƏYƏCƏK!

İndiliksədoğru-düzgün analizlər baş tutmur. Doğru-düzgün analizləri, o analizlərə uyğun dəyərləndirmələriistəməyənlər hələlik güclüdürlər-buna görə. Hələ topluma (elliyə) dustaqlıqdan, özlərinə görə, direktiv göstəriş göndərənlər də var: “müzakirə açılmamalıdır, bütün gücümüzü hakimiyyətlə çarpışmaya yönəltməliyik”. Özlüyündə ağıllı ideyadır, ancaq indi belə yazan adam aylarla, illərlə əlindəki qəzetdən (“YeM” qəzeti)müxalifəti parçalamaq, müxalifət liderlərini şantajetmə faktoru olaraq yararlanmışdısa, onda necə olsun? Burasını ayrıca vurğulamaq gərəkir: “Yem”-in yiyəsi seçki qabağı yazıırdı: “Hakimiyətə gəlib naxçıvanlıları dənizə tökəcəyik”. Görəsən, bu nə uiyarı idi belə?!  Aylarla, illərlə yazılanlar qalır, axı. 15-16 oktyabrda baş verənlər, o böyük uğursuzluğun kökü, nədəni bütöv bir qəzetin illərlə sürdürdüyü intriqa-parçalama ideologiyasındadır. Onlar “müzakirədən” bu sayaq faktlara görə qorxurlar. Onların hakimiyyətə yönəlik deklarativ savaşlarının arxasında daha böyük, daha qorxulu bir savaş gizlənirdi; müxalifətlə savaş, müxalifəti qurd kimi içindən yeyib-dağıdan bir savaş!

Getdikcə belə deyənlərin də sayı çoxalmaqdadır: “Azərbaycan müxalifəti öz səhvlərini müzakirə etməlidir”. Deyirlər, ancaq müzakirə çağında susurlar. Gördüyümü deyirəm. Susub “şefin” (partiya sədrinin) ağzına, üzünə baxırlar: görsünlər “şef” nə deyir, nə istəyir? Necə danışsalar “şefin” ürəyincə olar. Belə “müzakirələr”, uzaqbaşı, “şefin” özünə gərək olan “müzakirələrdir”.  bir daha görsün dikbaş kimdir, sözəbaxan kim. Mən belə bir “müzakirə” yerindən üzümü döndərib getdim…

“Müzakirə eləyək, ancaq ad çəkməyək”, belə bir prinsiplə müzakirə olursa onun olmamağı yeydir. Çoxları da dirəniş göstərilən yerdə, bərk ayaqda belə “müzakirə” istəyirlər – iş bundadır.

Bizə gerçək, açıq, doğru-düzgün müzakirə-analiz gərəkdir, gerçəkləri gizlətməyə yönəlik yalançı müzakirə yox.

 

 Çernobıl faciəsi

 

Arada düşüncəmə dinclik verməkdən ötrü yazıdan aralandım. Əlim dinc durmadı, kitab şkafından “Novıy Mir” jurnalının (bu çox dəyərli jurnalın illərləabunəçisi olmuşam)  1989-cu il saylarından birini götürüb baxmağa başladım. Jurnaldakı birinci yazı, bu yazıya tanınmış rus yazıçısı G.Markovun yazdığı ön söz məni başlanğıcdaca tutdu. Bu, atomçu-uzman Qriqori Medvedyevin “Çernobıl dəftəri” yazısıdır.Yaziya Georgi Markovla Andrey Saxarovayrı-ayrılıqda, çox yığcam, ancaq çox dolğun ön söz yazıblar. Bu ön sözləri oxuyanda elə bil mən çoxdan axtardığımı, çoxdan mənə dinclik verməyən nəsnəni tapdım. Çernobıl qəzası bizim yaşlı yurddaşlarımıza yaxşı tanışdır. Azərbaycanda hələ də Çernobıl qəzasının ağrı-acısını yaşayanlar var. 1993-cü il iyunun 15-i ilə 2003-cü il oktyabrın 15-də baş verənləri Azərbaycan üçün ayrıca olaraq Çernobıl qəzası saymaq olar:sosial-siyasi, ekonomik-ekoloji, mənəvi-psixoloji baxımdan Çernobıl qəzası. Burada bircə örnək gətirmək istəyirəm. Bizim kəndimiz Saqatlının ən ucqar kəndlərindən biridir. 1993-cü ilin yayınadək, qabaqlar deyildiyi sayaq, rayonun bütün kəndləri kimi bizim kəndimizə də boru çəkilmişdi, bütün evlərdə qaz yanırdı.

H.Əliyev hakimiyyətə gələndən az sonra qaz kəsildi. Sonra da “diribaş” adamlar 10 kilometrlərlə uzanan qaz borularını doğrayıb mənimsədilər. Yeni hakimiyyətin qurulmasıyla suyun kəsilməsinə görə qaz boruları ilə yanaşı çəkilmiş su borularını da eləcə doğrayıb satdılar-mənimsədilər. İstər baş hakimiyətdən, istərsə də yerli hakimiytdən bu oğurluqları “görən olmadı”. Ölkədə xalqa düşmən bir hakimiyət-oğru hakimiyəti qurulmuşdu, buna görə.

Bizim kəndimizdə baş verənlər bütün ölkədə baş verdi. Adamlar istilik, odun-ocaq üçün meşələrə daraşdı. Azərbaycanda beləcə ağac-meşə qırğını başladı. İndi Azərbaycanda hakimiyətə söykənən, hakimiyətin özündən qaynaqlanan meşə mafiyası formalaşıb. On ildir qırılan meşələrlə birlikdə Azərbaycanın florasına, faunasına sağalmaz yaralar vurulur. Bütün bu yaraların arxasındasa Əliyev klanının ona milyardlarla dollar pul qazandıran “uğurlu neft-qaz strategiyası” dayanır.

Əliyevlərin strategiyası bəllidir, bəs müxalifətin strategiyası? Ökədə son on ildə təhsil,sağlamlıq sistemlərinin planlı olaraq dağıdılması da Əliyevlərin fiziki-intellektual yararsızlıq ortamında özünü yaşatma strategiyasıdır, bəs müxalifətin strategiyası nədir? Rüşvət-korrupsiya, soyğunçuluq-yağmalama yoluyla ölkənin yoxsulluğa sürüklənməsi, sosial qarantiyanın olmaması, bütün bunların sonucunda Azərbaycanın qanunauyğun olaraq fahişələr ölkəsinəçevrilməsi də Əliyevlər klanının hakimiyəti qoruyub saxlama strategiyasıdır, bəs müxalifətin, müxalifət liderlərinin strategiyası hansıdır?

Çernobıl faciəsi ilə bağlı G.Markovun yuxarıda sözü gedən ön sözündən sitatlar: “Törəmə, baş vermə nədənlərini bütünlüklə bilib öyrənmədən bəlanı-faciəni aradan qaldırmaq olmaz…Biz özümüzü, prinsiplərimizi dəyişməsək, düzələn deyil…Burada bir yol var: Çernobıl qəzasının bütün detalları geniş, incədən-incəyə araşdırılmalıdır, yoxsa, indi o qəzanın gözdən qaçırılan hər hansı detalı sonradan yeni bir faciənin nədəninə çevrilə bilər…gizlinlərin açılmağından kimlərinsə ad-sanı ləkələnərsə belə, biz baş verənlərin bütünlüklə analizinə çalışmalıyıq, bu bizim ürəyimizə yatmasa da. Söhbət balalarımızın, onların balalarının gələcəyindən gedirsə, bu bizim ürəyimizə necə yatmaya bilər?”

A.Saxarov yazır: “Çernobıl faciəsi ilə bağlı nə varsa açılıb-tökülməli, onu doğuran nədənlər, sonra baş verənlər bütünlüklə üzə çıxarılmalıdır. Gerçək nə var gizlədilməməli, hamısı deyilməlidir. Adamlarda bizim hər birimizin, eləcə də törəmələrimizin yaşamı, sağlamlığı ilə bağlı düşüncə formalaşmalı, ölkənin gələcəyi bir qrupun, ayrı-ayrı kimsələrin baxışına, istəyinə, şıltağına qurban verilməməlidir”. Hər ikiyazı yerinə düşdü: çoxdan mənə dünclik verməyən düşüncələrim daha da alovlandı; düzgün düşündüyümə, bu yazını kəsinliklə yazmalı olduğuma bir daha inandım.

 

Bizim yeni tariximiz

 

Bizim soy-kökümüzdə dayanan, ulu babalarımız olan Şumerlərlə bağlı bizdən daha çox Avropada, Amerikada araşdırmalar aparılıb, kitablar yazılıb. Tanınmış Amerika Şumerçisi S.N.Kramer kitablarından birini belə adlandırıb: “Tarix Şumerdən başlayır”. Kitabdakı bölmə adlarını yada salmaq yerinə düşər: “İlk oxullar”, “İlk ikipalatalı “parlament”, “İlk tarixçi”, “İlk əxlaq idealları”, “İlk ata sözləri-söz örnəkləri”, “Heyvanlarla bağlı ilk təmsillər”, “İlk ədəbi polemikalar”, “İlk ölüm qoşuqları”, “İlk ədəbi qavrayışlar”, “İnsanlığın ilk igidlik yüzilliyi”, “İlk sevgi qoşuqları”, “İlk kitabxana kataloqu”. Göründüyü kimi, hamısı ilk, ilk, ilk…Başlanğıc belədir, belə olmalıdır!

1989-cu il iyulun 16-da Xalq Cəbhəsinin yaranması ilə Azərbaycanda yeni tarix başlayırdı. Xalq Cəbhəsinin yaranması ilə Quzey Azərbaycanda 200 illik Rusiya ortaqlığından sonra ilk milli-ulusal siyasi qurum ortaya çıxırdı. Bununla da Azərbaycanın yeni tarixinin himi qoyulur, özülü yaradılırdı. Yuxarıdakı ilkin ədəbi polemikalara uyğun olaraq burada da ilkin siyasi polemikalar başlayırdı.

İlkin yaranış çağlarındaca Xalq Cəbhəsində bir əyrilik vardı-Cəbhənin himi əyri qoyulmuşdu. Sonralar bəlli olduğu kimi, SSRİ-dəki bütün Cəbhələrin yaradılmasında KQB ayrıca rol oynamışdı. KQB generalı Oleq Kaluginin yazdığına görə, SSRİ-nin dağılmasının qarşısıalınmaz sürəcə çevrildiyini görən KQB gücü çatdıqca bu sürəcdə yönətici (idarəedici) rolunu oynamaq qərarına gəlir. Buna görə də hər yerdə Cəbhə liderləri arasına KQB agentləri yeridilir.

Kalugin Xalq Cəbhələrinin başlanğıcı, ilkin özəkləri olaraq siyasi dərnəklər, “Alimlər klubu” yaratdıqlarından da söz açır. “Yeri gəlmişkən, sonralar partiyalar yaradılarkən KQB bu prinsipdən (agent-lider prinsipi. – X.B.) dönə-dönə yararlanmışdı”, – belə şok açıqlamalarla çıxış edən Kalugin arada konkret faktlar göstərməyi də unutmur. Azərbaycanda, bir çox başqa ölkələrdə olduğu kimi, KQB arxivləri açılsaydı, biz də çoxlu uyğun faktlarla üzləşə bilərdik. 1992-ci ilin yazında “cəbhəçi” adı altında hakimiyyətə gələn bir çoxları bizdə KQB arxivlərinin açılmasına yol vermədilər. Niyəsi bəllidir. Bizim bugünkü bəlalarımızın, uğursuzluqlarımızın, demək olar, hamısıbir illik hakimiyət dönəmində KQB arxivlərinin açılmaması ilə bağlıdır. Bəlli sistemin şişirdib önə çıxardığı qondarma liderlər xalq üçün, ölkə üçün bütün önəmli çağlarda istər-istəməz onları yetişdirən, arxalarında dayanan sistemin sifarişini yerinə yetirməli, onun istəyinə uyğun addım atmalı olurlar. Burada ölkədəki sosial-siyasi duruma uyğun olaraq ortaya çıxan Qorxaqlıq da, Qoçaqlıq da sistemin sifarişindən gəlir…

Xalq Cəbhəsi hər yerdə olduğu kimi, Azərbaycanda da SSRİ-nin dağılmasından qabaq yarandı. Elə bu faktın özü Cəbhənin sistemə bağlı olması baxımından çox önəmlidir. Düzdür, Xalq Cəbhəsinin yaranmasında Xalq hərəkatı böyük rol oynamışdı. Ancaq, daha çox sosial baza funksiyasını yerinə yetirməklə. Sistem isə özünün qurulu yaya (saata) bənzər partiya-komsomol nomenklaturasını qabağa verməklə, işə qoşmaqla, başa çıxarmaqla Xalq Cəbhəsinin yaranmasında önəmli rol oynamışdı. Bunlar başqa-başqa nəsnələrdir.

Burasını unutmamalıyıq: Rusiyanın imperiya siyasəti işləkliyini saxlayırkən, bu rejim dağılmaq üzrə olsa belə, burada düzgün, arı-duru Xalq Cəbhəsi yaratmaq olduqca çətin, mən deyərdim, baş tutmayacaq bir iş idi – KQB buna yol verməzdi.

Necə olsa da, Xalq Cəbhəsi 200 ildən bəri suverenliyini, bununla birlikdə özəl qurumlarını yaratmaq olanağını itirmiş bir xalqın özünə doğma saydığı sosial-siyasi qurum idi. Bu, iki yüz ildən bəri bölük-bölük, parça-parça edilmiş xalqın bütünlüklə yeni, özgür birlik biçimi idi. Bütün bunlara görə burada mənəvi-psixoloji atmosfer də başqa cür olmalıydı. Elə beləydi də. Ancaq, aşağılarda-bütünlüklə xalqa, onun istəklərinə,duyğularına, düşüncələrinə bağlı sosial baza birliyində.

Yuxarılarda atmosfer başqa idi. Burada sistemin yönətdikləri: kommunist-komsomol nomenklaturasından olanlar öz işlərini görməkdəydilər. Elə ilkin yaranış çağlarından AXC İdarə Heyəti intriqa yuvasına çevrilmişdi. Bu intriqalarda başlıca katalizator rolunu İsa Qəmbərov oynayırdı. İsa Qəmbərov-Əbülfəz Əliyev, İsa Qəmbərov-Zərdüşt Əlizadə, İsa Qəmbərov-Etibar Məmmədov: İsa Qəmbərov-Nəcəf Nəcəfov; İsa Qəmbərov-Aydın Məmmədov (sonuncu daha çox “Azadlıq” qəzeti ilə bağlıydı) intriqaların başlıca, aparıcı sxemi beləydi. Bunun arxasınca hərənin öz yoldaşları-ardıcılları gəlirdi. Yuxarılarda başlayan intriqa-bölücülüksürəci getdikcə dərinlərə işləyir, aşağılara keçirdi. Bu yolla çaşqınlıq yaradılır, Cəbhə gücdən salınırdı. Sözsüz,  Sistemin istəyi – planı da elə bu idi. Burasını ayrıca vurğulamaq gərəkir: göründüyü kimi, bütün intriqa vektorlarının bir başında kəsinliklə İsa Qəmbərov dayanırdı.

Bəlli olduğu kimi, Əbülfəz Əliyevlə Zərdüşt Əlizadə arasında daha dərin düşmənçilik vardı.

Sonralar kimlərsə o intriqa görsənişlərinə liberallarla radikalların çarpışması adını versələr də, o, faktik olaraq özünü doğrultmayan dəyərləndirmə idi. Birincisi, yuxarıda göstərildiyi kimi, Xalq Cəbhəsinin ilkin yaranış çağlarından başlayan o intriqalar siyasi-ideoloji bazadan qaynaqlanmırdı. İkincisi, Etibar Məmmədovun “radikal”, İsa Qəmbərovun “liberal” adlandırılması baxımından yanaşsaq, siyasi baxışlarına görə nə Etibar Məmmədov gerçək radikal idi, nə İsa Qəmbərov gerçək liberal. Bu iki özündənbəy arasında hələ hərəkat çağlarından sonralar düşmənçiliyə çevrilənçəkişmə gedirdi – birincilik-üstünlükçəkişməsi. Onlar elə ilk çağlardan Cəbhə ideyalarına arxa çevirməklə faktik olaraq (taktik!) öz ambisiyalarının yesirinə çevrilmişdilər…

 

Beş-altı adam bir yerdə Elçibəylə birgə Xalq Cəbhəsinin Xaqani küçəsindəki qərargahına girdik. Elçibəy çox acıqlı idi. Niyəsini çox soruşsaq da, deməmişdi. Bunun niyəsi qərargahda bilindi. Biz içəri girəndə İsa Qəmbərov bir stolun arxasında tək oturmuşdu. Elçibəy birbaşa onun üstünə yeridi. O, çox kəskin, suçlayıcı sözlərlə danışmağa başladı. O sözlərdən yadımda qalanı bunlardır: “İsa bəy, əl çək bu intriqalardan! Dağıtma bu təşkilatı!” İ.Qəmbərov dodağının altında nəsə mızıldandı. Elçibəy acıqlı-acıqlı səsini qaldırdı: “Mən hər şeyi bilirəm!” Bundan sonra ikincinin səsi çıxmadı. Onda…1989-cu il idi. Yanılmıramsa, 89-un noyabrı. Cəbhə vur-tut dörd ay idi yaranmışdı.

 

Şəhriyar parkına bitişik qərargahda AXC İdarə Heyətinin “Azadlıq” qəzeti ilə bağlı yığıncağı keçirilirdi. Uzun çəkən üzücü, qalmaqallı bir yığıncaq. Sonda Elçibəy ayağa durub acıqla yumruğunu stola çırpdı: “İsa bəy, bəsdi bu dəyirmanı bir belə fırlatdığın!” Yenə də söhbət intriqdan, başqa cür desək, dəyirmançısı İ.Qəmbərov olan intriqa dəyirmanından gedirdi. 1990-cı il idi. Deyəsən, avqustun 6-sı.

 

92-ci il mayn 15-də AXC hakimiyətə gəldi. Başında İ.Qəmbərin durduğu Müsavat partıiyası çox keçmədən hakimiyətdə ayrıca yer tutmağa başladı. Son illərdə YAP-ın apardığı yaplaşdırma kampaniyasını 92-ci ilin mayından 93-ün mayınadək İ.Qəmbər aparırdı – hər yerdə müsavatlaşdırma (gerçəkdə, isavatlaşdırma!) gedirdi.

Qabaqca olmuş bir sıra danışıqlar pozulmuş, Etibar Məmmədova hakimyətdə yer verilməmiş, parlamentin buraxılacağı, KQB arxivlərinin açılacağı ilə bağlı seçki öncəsi xalqa verilmiş sözlər yerinə yetirilməmişdi. Bu işlərin belə alınmağındabaşlıca rol oynamaqla İ.Qəmbər Pənah Hüseynovla birgəayrıca suç yiyələrindən idi.

92-ci ilin sonlarından bütün ölkədə anticəbhə kampaniyasına girişən YAP-la Müsavatın siyasəti, demək olar, bütünlüklə üst-üstə düşürdü. 93-cü ilin başlanğıcından İ.Qəmbərə bağlı “YeM” qəzeti açıq-açığına “İkinci birinci olmalıdır!” çağırışı ilə piar-kampaniyaya girişmişdi.

93-cü il “dövlətçilik ili” adlandırılmışdı. Bir yandan ölkədə savaş gedirdi, o biri yandan kommunistlər AXC hakimiyətini gözdən-gücdən salmaq üçün ölkə boyu sabotaj törədirdilər, bu biri yandan da qıraqda YAP-la AMİP, içəridə İ.Qəmbər Müsavatı AXC-ni sədri ilə birlikdə getdikcə bucağa sıxışdırırdı. O çağlar Ə.Elçibəyə yaxınlığı ilə tanınan bir qrup vardı-“Yurd” qrupu. İ.Qəmbər bu qrupdan olanlardan birini çağırıb demişdi: “Mənim bayrağımın altına gəlin, gəlməsəniz, sizi əzəcəyik!” Bu da sənə liberal ideologiya lideri, liberal söhbəti!

İ.Qəmbər-P.Hüseynov-A.Hacıyev qruplaşmasının çalışdığı nə idi? Bir çağlar prezident seçilməsinə planlı olaraq çalışdıqları Elçibəyi çeşidli yollarla gözdən salmaqla özlərinin qrup-partiyua projelərinə üstünlük qazandırmaq. Onlar öz güdüklərinə uyğun olaraq “çox pis olsa çox yaxşıdır” prinsipi ilə işləyirdilər.Bu, gücsüz prezidenti daha da gücsüzləşdirməyə yönəlik prinsip idi…

İ.Qəmbər qruplaşması Az TV-ni də unutmamışdı. Onlar burada da oxşar kampaniyanı aparırdılar. Bu kampaniyaya qarşı çıxanın cəzası işdən çıxarılmaq idi – mənim kimi…

Gündən-günə təklənib bucağa sıxışdırılan bacarıqsız Elçibəy günlərin bir günü dözməyib…hakimiyətdən getdi. (Məncə, burada “hakimiyəti atıb qaçdı”, demək daha düzgün olar. Bu isə GİZLİ QAÇIŞ olaraq prezident andına dönüklük idi).

93-dən üzü bəri çoxları E.Məmmədovu Elçibəy hakimiyətini yıxmaqda suçlayır. Bu bir faktdır, ancaq, Elçibəy hakimiyətinin yıxılmağında İ.Qəmbər E.Məmmədovdan qat-qat artıq rol oynamışdı. E.Məmmədovun qıraqdan eləyə bilmədiklərini İ.Qəmbər içəridən eləmişdi: yuxarıda deyildiyi kimi, Elçibəy təklənmişdi. Hakimiyəti atıb getdiyinə, bununla da Cəbhə ideallarını yerə vurduğuna görə mən onu sonadək bağışlaya bilmədim, bağışlamadım, bağışlamıram. Bununla belə, baş verənləri olduğu kimi yazmağı özümə borc bilirəm.

Elçibəyin gedişindən sonra hakimiyətə İ.Qəmbər yiyələnə bilərdi. Bacarmadı. E.Məmmədov da bacarmadı. Görünür, onlarda ərdəmlik çatmadı. Onların bacarmadığını  H.Əliyev bacardı. H.Əliyevi hakimiyətə İ.Qəmbərin əski-ayrılmaz dostu Pənah Hüseynov çağırmışdı. Gəldi, yiyələndi, qaldı!..

Onun qalmağı da yenə E.Məmmədovla İ.Qəmbərdən oldu. Onlar on il ayrı-ayrılıqda müxalifət liderliyini tutub durdular. Faktik olaraq onlar on il Azərbaycanın fəxri müxalifət liderləri oldular. Fəxri müxalifət lideri olaraq onlar on il yırtıcı hakimiyətlə deyil, bir-birilə göz-gözə qaldılar. Yırtıcı hakimiyətdən çox bir-birinə güvənsizliyə, bir-birini gözügötürməzliyə görə. Güvənsizlik, gözügötürməzlik– onları bir-birinə qarşı qoyan başlıca özəlliklər bunlar idi.

Olduqca acınacaqlı faktdır: ermənilərin törətdiyi Xocalı soyqırımı da, Şuşanın itirilməyi də, Qarabağ boyda bir gözəlliyin, var-dövlətin dığalar əlinə keçməyi də, bir milyon soydaşımızın isti ocağından, doğma yurd-yuvasından qovulub çöllərdə qırılmağı da, xalqa yağı hakimiyətin soyub-yağmalama, rüşvət-korrupsiya yoluyla ölkəni yoxsulluğa-yoxluğa sürükləməyi də – bütün bunlar, bütün bunlar, bütün bunlar da onları ON İLDƏ bir araya gətirib birləşdirə bilmədi! Belədə soruşulur:kimdir ən böyük düşmən–düşmən olaraq öz prinsiplərini sonadək yeridən, yoxsa,düşmənə, düşmənin etdiklərinə göz yumaraq bir-birilə didişən?..

 

İkili oyun oyunçuları

 

Deyəsən, çox qabağa getdim.

Onlar ikilikdə H.Əliyevi hakimiyyətə oturdandan sonra qınlarına çəkilib gözəgörünməzə çevrildilər.

94-cü il mayın 21-də, sonra da sentyabrın 10-da AXC H.Əliyevin təslimçilik siyasətinə qarşı çıxan iki mitinq keçirdi. E.Məmmədovdan yerli-dibli səs çıxmadı. İ.Qəmbər Divanı ikisində də mitinqə qatılmamaq qərarı çıxardı.

10 sentyabr mitinqində bir sürü polis zabiti şillə, yumruq, təpiklə mənim üstümə tökülüşmüşdü. Sonra məni bir qrup cəbhəçyoldaşla birgə Binəqədi izolyatoruna saldılar. Beləcə, biz H.Əliyevin antixalq rejimi ilə çarpışma aparırkən, onu hakimiyətə gətirən keçmiş Hərəkat – Cəbhə yoldaşlarımız satqıncasına özlərinin geniş, gözəl partiya kabinetlərində şellənir, yağlanıb-buğlanırdılar. H.Əliyevə belə yararlıydı: onlar on il geniş, gözəl partiya kabinetlərindəki yumuşaq kreslolarında yayxanıb-şellənəcək, yağlanıb-buğlanacaqdılar. Çağı çatanda,- rejim onlardan yetərincə yararlanıb güclənəndən sonra!- Etibar Məmmədov da, İsa Qəmbər də isti partiya yurd-yuvalarından Qarabağ qaçqınları kimi çıxarılıb qovulacaqdı…

Onlar 95-ci ilin parlament seçkisində də birləşib birgə çıxış eləyə bilərdilər, 98-ci ilin prezident seçkisində də. 2000-ci ilin parlament seçkisində də. Eləcə də demokratiyanın, demokratikdəyişikliklərin başlanğıcı olan bələdiyə seçkilərində.

2000-ci ilin parlament seçkisini uduzan İ.Qəmbər, özünün bildirdiyinə görə, 65 % səs topladığı seçki çarpışmasında sonadək getməmiş, çarpışmadan yayınaraq demişdi: “Bizdən ötrü parlament seçkisi elə də önəmli deyil, biz hazırlaşıb prezident seçkisini udacağıq”. 90-cı ildən üzü bəri bütün seçkiləri uduzan İ.Qəmbər hər seçkidən sonra buna bənzər sözlər demiş, deyilən hazırlıq olmadığından, başqa nədənsə hər gələn seçkini uduzmuşdu. Bir liderin bir partiyanı, bir xalqı bir belə aldatması faktı tarixdə görünməyib! O partiyanın, bu xalqın İ.Qəmbərlə bağlı daha bir aldanışı qabaqdadır – gələn seçkidə!..

Dünyanın uslu(ağıllı) kimsələrindən birinin sözüdür:kim məni birinci yol aldatsa Allah ona lənət eləsin, ikinci yol mən aldansam, Allah mənə lənət eləsin! Müxalifətimiz başda olmaqla bizim xalq aldanmağa öyrəncəlidir…

 

Gərəkən əkləmə. 2000-ci ilin sonlarına yaxın oğul Əliyevin hakimiyətə gətiriləcəyi ilə bağlı tərpənişlər sezilməkdə, işartılar görünməkdə idi.Müxalifətin birləşməsi üçün bir sıra çalışmalarda bulundum. Oğul Əliyevin hakimiyətə gələcəyi ilə bağlı uyarıda bulunduğum üçlü bir görüşdə (Presklubda)uzaqgörən İsa Qəmbər bığaltı qımışmaqla uyarını özümlü ironiya ilə qarşılamışdı,strateq Pənah Hüseynovun uyarıya reaksiyası belə idi: “əhəmiyətsiz, qeyri-mümkün fərziyyə”. Beləcə, çalışmalarım başlanğıcdan boşa çıxırdı.

2001-ci ildə“Hakimiyətə kim gəlir?” başlıqlı yazı yazdım. Yazıda, analitik süzgəcdən keçirməklə, İ.Əliyevin hakimiyətə gətiriləcəyi göstərilirdi. Bu başdan o başa yollarda, redaksiyalarda əsir-yesir olan o uyarı-yazını müxalifət qəzetlərinin biri də  çap etmədi. Təpərli-namuslu çalışmalarının boşa çıxması üzündən (daha düzgünü, boşa çıxarılması!) hərdən yazını az qala ağlamaq tuturdu.Getdiyi bütün müxalifət qapılarından (redaksiyalardan) Yazını yaramaz birisi kimi qovub uzaqlaşdırırdılar. Özündənbəy liderlər o yazının çap edilməsi ilə İ.Əliyevin hakimiyətə gələcəyindən “qorxurdular”. Yazı çap edilmədi, ancaq, nəyə görəsə, yazıda bildirilən oldu…

 

Yeni yönləşmə, yollaşma gərəyi

 

96-cı il idi. Əliyev hakimiyəti getdikcə güclənir, dağınıq, lidersiz müxalifətsə daha etkisiz, effektsiz duruma düşürdü. Ölkədə irili-xırdalı çoxlu müxalifət partiyası vardı, çoxu da gərəksiz. Bu partiyaların çoxu “müxalifətçi” liderlərilə gecə-gündüz hakimiyətdən çağırış, sifariş-tapşırıq gözləyən partiyalardı. Onların hamısı birlikdə bir güclü, təpərli, mənlikli-ərdəmli kimsəyə dəyməzdi.

Toparlanmaq, gücü bir yerə yığmaq üçün müxalifətə bir lider gərək idi. Keçmiş parlament başçısı kimi bu funksiyanı daha çox İ.Qəmbər yerinə yetirə bilərdi. Bununla bağlı Əli Kərimovla danışdım:“Gəl sən daşı ətəyindən tök, ambisiyalarından geri çəkil, İ.Qəmbər müxalifətin tək lideri olsun, onsuz da ayrı-ayrılıqda biz bu hakimiyətə üstün gələ bilməyəcəyik”,- dedim. Ə.Kərimov mənim belə danışmağıma çox sevindiyini bildirdi. “Mən bunu çoxdan düşünürdüm, – dedi, – partiyada bircə səndən çəkinirdim, mənə elə gəlirdi hamı buna razı olar, bircə sən razı olmazsan”. Sonra o, bu günlərdə İ.Qəmbərlə görüşüb belə bir söhbət elədiyini, onun nəyə görəsə bizi özünə yaxın qoymaq istəmədiyini söylədi. Mən ona yenə də bu yöndə çalışmaların gərəkli olduğunu bildirdim. Bizim birlik çalışmalarımız boşa çıxdı. Kimlərəsə işdə müxalifət lideri olmaqdan daha çox sözdə müxalifət lideri olmaq əlverişli idi.

Siyasi liderin başlıca borcu, missiyası ölkədə birlik yaratmaqdır. Birliyə çalışmaq, birlik yaratmaq siyasi liderin xalq qarşısında yazılmamış başlıca öhdəliklərindəndir. Bunun tərsinə gedərək parçalanma yolu tutanlara siyasi arenada yer olmamalıdır!.

97-ci il, demək olar, AXCP üçün Pənah Hüseynovla çarpışma ili oldu. Bu adam bir yandan hakimiyət çağlarında Cəbhənin kadr-model siyasətini H.Əliyevlə uzlaşdırmaları, onu hakimiyətə necə çağırıb gətirmələri ilə bağlı qəzetlərdə Cəbhəni gözdən salan çıxışlar eləyir, o biri yandan da Cəbhədəki başlıca postlardan birini ələ keçirməyə çalışırdı. İ.Qəmbərə bağlı bir qrup adam bu işdə ayrıca aktivlik göstərirdi. Partiyanın içində də o çağlar P.Hüseynovla əlbir olan mobil bir qrup vardı. Onların kimliyi, hara bağlı olduqları bizə yaxşı bəlli idi. Böyük partiya çoxluğu AXC-ni gözdən salanlardan biri kimi P.Hüseynovun Cəbhəyə qayıtmasına qarşı çıxırdı.

Kimlərsə P.Hüseynovu necə olur-olsun, AXCP sədrinin yardımçısı postunda görmək istəyirdilər. İstəklərinin baş tutması üçün Kələkidən dönə-dönə qərarlar gətirirdilər. AXCP Ali Məclisi də öz sırasında o qərarlara qarşı qərarlar çıxarırdı. Çətin, gərgin bir çarpışma gedirdi. Kimlərsə bizi P.Hüseynovun Cəbhəyə qayıdışına qarşı çıxmağımıza görə öldürəcəklərini bildirirdilər. 97-ci ilin avqustunda AXCP Ali Məclisi P.Hüseynovun Cəbhəyə qayıtmaqla bağlı ümidlərinə biryolluq son qoydu. Bundan sonra onun çəkilib öz partiyasını yaratmaqdan özgə yolu qalmadı.

93-cü ilin yazından Bakıdan getmiş Elçibəy 97-nin payızında Bakıya qayıtdı. Çox keçməmiş İ.Qəmbər Demkonqresə sədrlik üstündə Elçibəylə ayaq-ayağa qoymağa başladı. Beləliklə, İ.Qəmbər özünün “Yeni Müsavat” qəzetilə birlikdə,Bakıya qayıdışının ilk çağlarındanca Elçibəyin iki başlıca sorunundan birinə çevrilmişdi. O biri sorun partiyada idi. Partiyada ona qarşı fraksiya yaranmışdı. Bu işdə hakimiyətin əli vardı…

Partiyada Elçibəyə qarşı fraksiya yaranmasında onun özünün yol verdiyi bir sıra yanlışlar önəmli rol oynamışdı. Elçibəy ona sayğı qazandırmayan, sayğı yerinə onu urvatsızlaşdıran bir çevrə içindəydi. Bu, yalançı, hay-küyçü, gerçək bir işə yaramayan “elçibəyçilər” çevrəsi idi.

Bəlli olduğu kimi, 98-ci il seçki iliydi. Bu il prezident seçkisi olacaqdı. Elçibəy bir çox çıxışlarında prezident seçilib H.Əliyevlə “haqq-hesabı çürütmək” istədiyini açıq-aydın bildirirdi. Söz yox, Elçibəy H.Əliyevə, Əliyev hakimiyətinə üstün gəlməyin çətinliyini yetərincə anlayırdı. Elə buna görə də o, bütün müxalifəti bir araya gətirib birləşdirməklə birləşmiş müxalifətin lideri olmağa çalışırdı. Bu istəklə Elçibəy yaxınlaradək özünə düşmən saydığı, onda antipatiya doğuran bir sıra fiqurlarla belə yaxınlaşma, əməkdaşlıq yolu tutmuşdu.

Ola bilsin, Elçibəy müxalifətin tək liderinə çevriləcəkdi. Di gəl, İ.Qəmbər P.Hüseynov başda olmaqla, özünün bəlli komandası ilə birlikdə buna yol vermədi. O çağın qəzetlərində yazılıb, qalır: Elçibəy sonda az qala bu adamların ayağına düşdü:“Siz gəncsiniz, mənim yaşım keçib, qoyun indi mən prezident olum”…İ.Qəmbərin ona sözü bu oldu: “Mənim öz partiya maraqlarım var!”

İ.Qəmbərin ucbatından tək aday sorununu çözə bilməyən müxalifət sonda uduzduğunu görərək yanlış bir qərar–seçkini boykot qərarı çıxardı. Seçkiyə təkbaşına qatılan E.Məmmədov seçkini böyük uğurla başa vurdu. Elə bu təkbaşına uğurun özü müxalifətin onda necə böyük bir şansı itirdiyini göstərirdi.

O çağlar SİDSUH-dan tutmuş DUBB-dək çoxlu yalançı, gərəksiz birlik yarandı. Hakimiyət üçün ağır çağlarda faktik olaraq xalqın, müxalifətin başını qatmağa yönəlmiş belə birliklərin ortaya çıxmasında İ.Qəmbərlə komandası ayrıca rol oynadı.

 

12 sentyabr 1998-ci il.

 

12 sentyabr Azərbaycanın demokratik çarpışma tarixində ayrıca yeri olan gündür. O gün xalq hakimiyətlə dörd saat yarım görünməmiş çarpışma apardı. Mən bu çarpışmanın içində olanlardan, demokratiya uğrunda öz “xəsarət” payımı alanlardan biri kimi indi də o günlə, o xalqla öyünürəm!

 

(Yaxınlarından birinin dediyinə görə, H.Əliyev o gün qaçaqaçda ikən Elçibəy çoxdankı sevimlisi olaraq yenidən ona yardım əlini uzadıb-“çıxa bilmədiyi” evindən göstəriş verərək aksiyaya son qoymaqla).

 

Bütün başqa çağlarda olduğu kimi, o gün də Müsavat başqanı İsa Qəmbər o böyük çarpışmanı bir addım aralıdakı kabinetindən izləyirdi. Hakimiyətlə çarpışma çağlarında xalqın dirənişi, dönməzliyi, qorxmazlığı olduqca önəmli rol oynayır. Ancaq çoxlarının lider saydığı, lider gözündə gördüyü adam qorxaqmı, satılmışmı olanda xalqın istənilən böyük, önəmli işi boşuna gedir…

 

Qəzetlər. “Yeni Müsavat” qəzeti müxalifətin birliyinin alınmaması yolunda durmadan çalışdı. Elçibəy başda olmaqla bütün müxalifət liderləri bu qəzetdə seçkiöncəsi gözdən salınır, onlara qarşı faktsız-arqumentsiz kompromat savaşı aparılırdı. “Yeni Müsavat” üçün xarakterik bir fakt: 93-ün iyun qiyamından sonra bu qəzet E.Məmmədovu xalqa düşmən gözündə tanıtmaq yolu tutmuşdu. Bunu başa düşmək olardı.

Birdən E.Məmmədovla İ.Qəmbər arasında yaxınlaşma olmuş, onlar Şəhidlər Xiyabanına gedib, ora gül də qoymuşdular. O günün ertəsi R.Arifoğlu özü qəzetdə E.Məmmədovu öyüb göylərə qaldıran böyük bir yazı yazmışdı. Aradan bir-iki gün keçmiş, E.Məmmədovla İ.Qəmbər arasında nədənsə yenidən soyuqluq yaranmışdı. Bundan sonra R.Arifoğlu qəzetilə birlikdə yenidən E.Məmmədovu xalqa düşmən obrazında tanıtmağa girişmişdi. Onların prinsipi beləydi: kim Müsavata yaxınlaşır, İ.Qəmbərlə birliyə, lap elə bir araya gəlirsə, yaxşıdır, gəlməyənlər düşməndir. Sonuncular tezliklə qəzetdə şantaj, yalan, ləkələmə-gözdənmsalma yazıları iləüzləşməli olurdular. Bu indi də belədir…

 

ABŞ başda olmaqla dünyanın bütün demokratik ölkələrində hakimiyətə gəlmək istəyən güclər seçkiöncəsi çıxışların kəskinliyini gündən-günə artırır, qəzet, televiziya, yığıncaq olanaqlarından yararlanmaqla hakimiyətlə, az qala, ölüm-dirim savaşına çıxırlar. Sentyabrın başlanğıcında, seçkiyə bir ay qalmış (seçki oktyabrın 15-dəydi), hakimiyətlə bağlı kəskin yazılar yazdığıma görə mənim yazılarıma qadağa qoyuldu (“Azadlıq” qəzetinin, eləcə də Xalq Cəbhəsinin yaradıcılarından olan adama!)

Onda altı ay “Hürriyyət” qəzetində çap olundum. Sonra, o çağlar partiyada başlıca söz yiyəsinə çevrilmiş adam (Ə.K.) Fazil Qəzənfəroğlunun da olduğu bir görüşdə “yanlışa yol verdiklərini, mənim “Azadlıq”a qayıtmağımı istədiklərini bildirdi.

O “yanlış” çox “incə” düşünülmüş “yanlış” idi-hakimiyətə, hakimimiyətdəki kiməsə mesaj. Ancaq… alınmamışdı. Ortada buna bənzər, bundan daha ötə gedən başqa bir fakt da vardı. O faktla bağlı bizim Rəyasət heyətində toqquşmamız oldu. “Azadlıq”ın baş redaktoru Gündüz Tahirli o çağlar başqa bir qəzetin də baş redaktoru olmağa başlamışdı- “Azərbaycan” qəzeti formatında olan “Yeni yüzil” qəzetinin. Qəzetdə açıq-açığına İ.Əliyevin propaqandası aparılırdı. “Yeni yüzil” mənim yaradıcılarından, yaşadanlarından  olduğum ”Azadlıq” qəzetinin yandaş qəzeti olaraq çıxarılırdı. RH-dakı toqquşmada “Yeni yüzil” G.Tahirlinin projesi olaraq göstərilirdi. Gerçəkdə elə deyildi. G.Tahirli “Azadlıq”dan uzaqlaşmaqla elə bir qəzet çıxara bilərdi. Ancaq birilərinə mesaj olaraq “Yeni yüzil”in başında “Azadlıq”ın başında duran durmalı idi, dururdu. Dururdu-proje ortaqlığını sərgiləmək üçün.

Hamı gerçəkdə nə baş verdiyini çox gözəl anlayırdı, ancaq RH-də mən yenə təkləndim. Yenə! Başqaları bir yana, oradakı doktor-professorlar, universitet öyrətmənləri də bütün belə çağlarda olduğu kimi, tez-tələsig tərəzilərini işə salıb, bir daha qızılın gümüşdən ağır gəldiyini görübən susdular…

O doktor-professorlardan yalnız biri sonralar ikilikdə, özü də çəkingənliklə mənim düzgün olduğumu deyəcəkdi. İkilikdə, çəkingənliklə! Onların nədən, nəyi itirəcəklərindən qorxub çəkindikləri mənim üçün anlaşılmaz idi…

 

Oktyabrda (seçkidən sonra) İ.Qəmbərlə görüşüb gələn seçkini də uduzmayaq deyə, onu indidən müxalifəti parçalamağa yönəlik hər hansı addımdan, çıxışdan qarşılıqlı olaraq daşınmağa, partiyalarımızın yaxınlaşmasına, gələcək birgəliyinə qarantiya yaratmağa, bütün bu işlərisə qəzet-informasiya savaşını durdurmaqlabaşlamağa çağırdım. Uzun söhbətdən sonra uzlaşma yoluyla danışıb-bitişdik, qəzet savaşına birdaha yol verməmək yönündə üzərimizə qarşılıqlı olaraq öhdəliklər götürüb ayrıldıq.

Bizim o söhbətdən sonra, iki ay, ola bilsin, iki aydan da artıq AXCP-yə, onun liderlərinə qarşı yazı çıxmadı. Görünür, yalnız bir belə dözə bildilər. “Yeni Müsavat” yenidən başda Elçibəy olmaqla AXCP liderlərini gözdən salan yazılar verməyə başladı.

Belə çox olmuşdu: onlar bizə qarşı çoxlu yazı yazandan sonra biz də sonda dözməyib öz sözümüzü deyəsi olurduq. Onda R.Arifoğlu qəzetə zəng vurub savaşı dayandırmağa, dost olmağa çağırırdı.

Onlar yenə də öhdəliyi pozub bir neçə ay anticəbhə yazılarıyla çıxış eləyəndən sonra mənim “Azadlıq”da iki yazım çıxdı. İkinci yazımda üçüncü yazımın daha kəskin, faktların daha çox olacağını bildirdim. Tezliklə R.Arifoğlu qəzetə zəng vurub savaşı dayandırmağa, dostluğa çağırdı.

Yanılmıramsa 99-cu ilin apreli idi. R.Arifoğlu bundan sonra da bizimlə hələ çox savaşların başlanğıcını qoyacaq, biz sözümüzü deyənədək bu savaşları sürdürəcək, sonra da dönə-dönə dostluğa çağıracaqdı. Belədə hansı kişilikdən, hansı milli-mənəvi dəyərdən, müxalifətin hansı uğurundan danışmaq olar? Düşüncənin, gücün, enerjinin bilərəkdən, planlı olaraq yaradılan müxalifətiçi didişmələrə yönəldiyi yerdə hakimiyətə üstün gəlməkdən danışmağa dəyməz!

Yadıma düşmüşkən, Elçibəy o çağlar R.Arifoğlunu çox gözəl xarakterizə eləyən söz demişdi: ”Şəklimi başının üstündən asır, sonra da başıma döyəcləyir”.

 

Ölkənin aparıcı müxalifət partiyası sayılan AXCP-də 1999-2000-ci illər gərgin partiyaiçi çarpışma illəri oldu. (Gerçəkdə, partiyaiçi çarpışma 1997-ci ildən kəskin xarakter almış, Elçibəyin qayıdışı onu daha da qızışdırmışdı, onu daha da dönməz etmişdi). Sosial-ekonomik siyasətin yarıtmazlığı, Qarabağ sorununun çözümündəki uğursuzluqlar getdikcə hakimiyətə inamı azaldır, onu xalqın gözündən salırdı. Qarşıdansa parlament seçkisi gəlirdi. Çox böyük olmayan siyasi birliyin yaranması belə, hakimiyyəti bu seçkidə uduzmağa gətirib çıxara bilərdi. Böyük, aparıcı partiya olduğundan, üstəlik, liderinin (Elçibəy) birləşdirici faktor rolunu oynadığından, özünü gözləyən uğursuzluğu qabaqlamaq, qarşısını almaq üçün hakimiyət AXCP-ni seçkiöncəsi parçalamağa girişmişdi. Bu parçalama projesında hakimiyətlə İ.Qəmbər partiyasının istəkləri, demək olar, bütünlüklə üst-üstə düşürdü: hakimiyət ona qarşı barışmaz olan, getdikcə radikallaşan AXCP-ni parçalayıb gözdən salmaqla ondan biryolluq qurtulacaqdı; parçalanıb gücdən düşən AXCP istər-istəməz  liderlərilə birlikdə arxa plana keçəcək, İ.Qəmbər partiyası önə çıxacaqdı. Beləliklə, bir illik hakimiyət dönəmində “ikincinin birinciyə çevrilməsi” proyektini gerçəkləşdirə bilməyən keçmiş parlament başçısı müxalifətdə bu proyekti gerçəkləşdirəcək, “ikinci”“birinciyə” çevriləcəkdi. Hakimiyətdə olduğu kimi, müxalifətdə də İ.Qəmbərlə komandasının başlıca yardımçısı H.Əliyev idi. Ancaq… bu, görünüşcə, ola bilsin, onların düşüncələrinə, planlarına görə beləydi. Gerçəkdəsə, onlar özləri H.Əliyevin-bu böyük kombinatorun yardımçısı rolunda çıxış eləyirdilər. Onlar bir illik (vur-tut bir il!) hakimiyətdə yürütdükləri parçalama-qulluq siyasətini müxalifətdə də sürdürürdülər.

Pənah Hüseynovun 1997-ci ildə “7 gün” qəzetinə (8 fevral sayında) dediklərindən: “Mən indi də deyirəm ki, H.Əliyevin Bakıya dəvət olunmasının tərəfdarı və təşəbbüskarı olmuşam…” Bu onların yürütdükləri siyasətin sonucu idi: onlar hakimiyətdə parçalanma yaratmaqla (sonra da onu Bakıya çağırmaqla) H.Əliyevə qulluq göstərmişdilər. H.Əliyev son on illik çıxışlarında dönə-dönə bildirib: “Məni Bakıya İsa Qəmbərlə Pənah Hüseynov çağırıb gətirib”. Onlar hakimiyətdə hansı yolu tutmuşdularsa, müxalifətdə də o yolu tuturdular.

Görəcək qabaqda idi. 2000-ci ilin avqustunda AXCP-ni içdən, dışdan  tələm-tələsig parçalayanlar (Elçibəy ölüm ayağında ikən), Elçibəyin yoxluğundan sonra “qatı” elçibəyçiyə çevriləcəkdilər…

Partiyada bölücü qaynaqlardan qızışdırılan, stimullaşdırılan ikihakimiyətlilik yaranmışdı. Bu ikihakimiyətlilik içində bir ildə (1999) beş yol məni partiyadan çıxardılar. AXC hakimiyətində yaramaz işlərə qurşanmaqla Cəbhəni gözdən salan bəlli qrup məni partiyadan standart bir qaralama ilə çıxarırdı: “Elçibəy yolundan sapdığına görə”. Elçibəyin yol verdiyi bir sıra taktik yanışlarla bağlı yazdığım yazıları onlar belə dəyərləndirirdilər. Bəlkə də, düz eləyirdilər: Elçibəyin o yanlışlarının çoxu onlardan gəlirdi. Elçibəylə olan gərgin, deyərdim, çatışmalı bir söhbətimizdə bunu ona dedim: ”Sizin yanlışlarınızın çoxu o çevrədən gəlir”. Qabaqca o, bunun belə olmadığını desə də, gətirdiyim bir sıra faktlardan sonra, demək olar, gücsüz bir görkəmlə dilləndi: “Neynəyim, bacara bilmirəm, qapıdan qovuram, pəncərədən girirlər”.

O adamlar “elçibəyçi” adı altında çox tanınacaq, çox da “işləyəcəkdilər”. Onların “elçibəyçiliyi” sözdə olacaq, işdə bunun nə olduğunu sonadək kimsə görüb-bilməyəcəkdi.

Elçibəy Gülhanədə ölüm yatağında ikən Cəbhə parçalandı. Sonradan bəlli olduğu kimi, kimlərsə (bəllidir!) onun adından yararlanaraq tez-tələsik Cəbhəni parçalamağa çalışmışdılar.

Beləliklə, Cəbhə “islahatçılarla”, “klassiklərə” ayrıldı. İ.Qəmbər hansısa mifik “milli dəyərləri” əldə bayraq eləyərək Ədliyə Nazirliyində qeydiyatı olmayanları– Mirmahmud Fəttayev cəbhəsini tanıdı.

Simmetrik bir bölgü alınmışdı. İ.Qəmbər “klassikləri” tanıyırdı, H.Əliyev “islahatçıları”. Dövlət normaları baxımından “islahatçılar”  legitim idilər, “klassiklər” legitim deyildilər.

Parçalanma sürəcindəki təkanverici faktorlardan biri də “Yurd” birliyi idi…

H.Əliyev Müsavatı seçkiyə buraxmamaq qərarı vermişdi. Onda İ.Qəmbər H.Əliyevin keçirdiyi antidemokratik seçkiyə qatılmaq istəmədiyini bildirir, başqa partiyaları da seçkini boykot etməyə çağırır, seçkiyə qatılmaq istəyən partiyaları hakimiyətə satılmaqda suçlayırdı-söz yox, qəzeti ilə birlikdə.

H.Əliyev onda çox gözəl bir oyun oynadı: seçki gününə lap az qalmış MSK adından Müsavatın seçkiyə buraxıldığını bildirdi. İ.Qəmbər də, onun qəzeti də dünənədək dediklərinə, yazdıqlarına əlüstü tüpürərək tez-tələsik seçki kampaniyasına başladılar. Bununla H.Əliyev müxalifətin ən sayılan, daha çox bel bağlanan, “ən güvənli” liderinin, “ən böyük, ən uzaqgörən siyasətçisinin” iç üzünü açıb xalqa göstərdi. Baxın, deyirdi, özü qıraqda qaldığına görə şantaj, ləkələmə yoluyla hamını seçkidən daşındırmağa çalışan adam indi seçki marafonunun öncülünə çevrilib.

 

Özünün bildirdiyinə görə, Müsavat partiyası onda 65% səs topladı. Sonra da daşdan-divardan səs çıxdı, 65 %-lik səsin yiyəsindən səs çıxmadı.

 

H.Əliyev belə gözəl oyun oynadı. İ.Qəmbəri seçkiyə buraxıb… uduzdurdu! O, Plana uyğun olaraq, hansısa partiyalara, partiya liderlərinə deputat mandatı bağışladı. Böyük kombinator bununla da müxalifət arasında yeni bir konfliktə stimul yaratdı. İ.Qəmbərlə qəzeti başda olmaqla, uduzanlar udanları–mandat ala bilməyənlər mandat ala bilənləri-hakimiyətə satılmaqda suçlamağa başladılar. H.Əliyevə də bu gərəkdi– müxalifətiçi çəkişmələrin-düşmənçiliyin genişlənib dərinləşməyi!

 

Parlamentə getmək, getməmək?

 

H.Əliyev yalnız özünün gərəkli bildiyi partiyalara deyil, eləcə də partiyalarda gərəkli bildiyi adamlara mandat verirdi: müxalifətiçi intriqalar yaratmaqla yanaşı, partiyaiçi intriqalar yaratmaq üçün!

 

Parlamentə gedib – getməməklə bağlı partiyada düşüncə ayrılığı yaranmışdı. AXCP Ali Məclisinin 2001-ci il yanvarın 13-də keçirilən yığıncağı bu sorunla bağlı qərar çıxarmalıydı. Parlamentə getməyə çağıranlar kefləri istəyincə danışa bilirdilər: 15-20 dəqiqə. Mənim vur-tut beş dəqiqəlik çıxışımı zalda qışqırıq qoparmaqla, ayaqlarını yerə döyməklə, fitə basmaqla başa çatdırmağa qoymadılar. (Saman altından su yeritmək ustası olan biriləri məni fitə basdırmaq yaramazlığınadək getdilər). Bizim parlamentə getmək qərarımızın müxalifət arasına yeni intriqa, parçalanma salacağını bildirərək belə bir qərar verilməsinə qarşı çıxdım. Arada Ali Məclisin sədri ilə aramızda “dialoq” da oldu. Q.Əliyev dedi: “Bizi xalq seçib, gedib xalqın sözünü deməliyik”. Bunu da mən dedim: “Sizi xalq seçməyib, H.Əliyev seçib, H.Əliyevin göstərdiyi yolla da gedirsiz”.

Partiyanın Parlamentə getmək qərarı müxalifət arasındakı parçalanmanı daha da dərinləşdirdi. “Xalqın xeyrinə” nəsə edəcəklərini tutalqa gətirib 5-6 adamla parlamentə getmək yanlış qərar idi. Bu yanlışın sonucları özünü indi də göstərməkdədir. Birincisi, yuxarıda deyildiyi kimi, onlara mandatı xalq verməmişdi. İkincisi, beş-altı adam çox istəsəydi belə, o parlamentdə etkili-effektli bir iş görə bilməzdi. Üçüncüsü, bu işdə bütün müxalifətin qərarı, danışıb-bitişməyi önəmli olardı.

AXCP-nin parçalanması H.Əliyevin müxalifəti parçalamaqla bağlı çoxqatlı proyektlərindən biri idi. AXCP-nin ardınca Demkonqres parçalandı. Balaca, sorunları başından aşan bir ölkədə iki Demkonqres yarandı. Bu faktın kökündə hər ikisi hərəkatdan, sonra da Xalq Cəbhəsindən çıxmış, bir hakimiyətdə yola getməmiş iki partiya-müxalifət liderinin xalqa düşmən rejimlə deyil, bir-birilə çarpışması, bir-birilə düşmənçiliyi dayanırdı. Onlar bir-birilə yarışa girərək adı var, özü yox, təkadamlıq, liderləri hakimiyətlə müxalifət arasında vurnuxan qondarma partiyalardan, bu partiyaların qondarma liderlərindən özlərinə Demkonqres düzəltmişdilər. Bu Demkonqreslərin işi arada bir yığıncaq keçirib, hakimiyətlə bağlı açıqlama yaymaqla demokratik çarpışma imitasiyası yaratmaq idi.

Parlament seçkisindən sonra Ədalət partiyası ADP-dən ayrıldı. Sonra AXCP-də yenidən çaxnaşmalar, qopmalar oldu. Müxalifət 2003-cü ildə keçiriləcək prezident seçkisinə beləcə dağınıq durumda,xırdalanıb gücsüzləşərək gedirdi.

Müxalifətin parlament seçkisindəki uğursuzluğu, sonu görünməyən parçalanma – xırdalanma sürəci bizim prezident seçkisini də uduzacağımızı açıq-aydın göstərirdi.

Özüm də hərəkatdan gəldiyimdən hərəkatdan gəlmiş liderləri yaxşı tanıyırdım. Ambisiyaları aşıb-daşan, nəyə qulluq elədiyi bilinməyən bu adamlar qabaqkı illərdə olduğu kimi, uzaqbaşı, seçki yaxınlaşan çağlarda yalançı– neytral birlik (birliklər) yaradacaqdılar. Bu birlikdə (birliklərdə) hərə özünü düşündüyündən, hərə ellik çıxarlar üçün deyil, öz çıxarları üçün çalışdığından, birlikdə hər hansı birinin liderliyinə qısqanclıqla yanaşdıqlarından sonda gücsüz-gərəksiz bir birlik- müxalifətdən çox rejimin işinə yarayan neytral birlik yaranacaqdı. Bunu ötən illərin müxalifət praktikası göstərirdi.

 

Nə etməli?

 

Qarşıdan gələn prezident seçkisini udmaq üçün bizə bir aday ideyası ilə bağlı sorunları öncədən, seçkiyə iki il qalmış, getdikcə, danışıq – uzlaşma yoluyla aradan qaldırmaq  gərəkirdi. Özlüyümdə müxalifəti, müxalifət liderlərini birləşdirəcək adam axtarışına çıxmışdım. Uzun-uzadı götür-qoydan, ölçü-biçidən sonra İlyas İsmayılovun üzərində dayandım. O, Azərbaycan kimi bir ölkədə uzun illər dövlət işində, prokurorluq orqanlarında işləməsinə, respublika prokuroru, Ədliyə naziri olmasına baxmayaraq, hamı onu korrupsiyaya bulaşmamış adam kimi tanıyırdı. Arı reputasiyası, dövlətçilik praktikası ilə yanaşı, onun bir ağsaqqallıq statusu da vardı. Mənim düşüncəmə görə, o, Azərbaycanın belə ağır durumunda, müxalifətin bunca dağınıq dönəmində, ən azı, qısa bir dönəm – keçid dönəmi üçün- uğurla ölkəyə başçılıq, müxalifətə ağsaqqallıq edə bilərdi. İ.İsmayılovun bir önəmli üstünlüyü də vardı: intriqadan uzaq adam idi.

 

Bu sayaq düşüncələrlə onu yaxından tanımaq istədim. Görüşüb tanış olduq. Geniş söhbət etdik. Bir neçə belə söhbətdən sonra onunla bağlı “Üstünlük” adlı yazı yazıb “Azadlıq”a verdim. Yazını çap etmək istəmirdilər. Yazı böyük çətinlikdən sonra, yanvarın sonlarında “Azadlıq”da çıxdı. Bir sıra partiyadaşlar, bir sıra partiya yetkililəri yazıdan bərk acıqlanmışdılar. “Azadlıq”da  H.Əliyevə, Əliyev hakimiyətinə yarınma yazılarnın getməsinə göz yuman bu adamlar müxalifət liderindən birinin yaxşılığınayönəlik bircə dənə yazıya dözmür, dözə bilmirdilər!

Aradan çox keçmədən “Azadlıq”da Rəfail Hüseynovun “Sabaha qapı” adlı (2.02.2001.) iki səhifəlik (“razvarot”) yazısı çıxdı. Bu, H.Əliyev hakimiyətini öyən bir yazı idi. Yazının sol səhifəsində H.Əliyevin, sağ səhifəsində oğlu İlhamın şəkli verilmişdi – “sabaha qapı” bu demək idi. Bu yazı “Al, gəldi!” prinsipi ilə mənim bir səhifəlik yazımın qabağına çıxarılmışdı. Bu yazı ilə biriləri Əliyev hakimiyəti qarşısında götürdükləri öhdəlikləri yerinə yetirirdilər. Bununla bu liderlər topluma “Azadlıq”dan yararlanaraq mesaj göndərirdilər: Xaliq Bahadır kimilərinə qulaq asmayın– Azərbaycanın H.Əliyevdən sonrakı prezidenti İlham Əliyev olmalıdır. Onlar arada, gərək olandan – olana “Azadlıq” qəzeti ilə topluma belə mesajlar göndərrməklə qalmır, bır sıra başqa çalışmalarda da bulunurdular.

R.Hüseynovun yazısı”Azadlıq”da çıxanda mən rayonda olmuşdum. Qayıdan kimi ona cavab yazdım. Bu yazını da çox böyük çətinliklə, dava – dalaşdan sonra çap etdirə bildim. Yazını əl gəzdirib yumşaltmaqla, başqa sözlə desək, “dişsizləşdirməklə” çap etdilər.

R.hüseynovun ardınca qəzetdə “Azadlıq”ın çoxdankı müştərilərindən olan keçmiş prokuror Eldar Həsənovla seriya söhbətlər getdi. Bu söhbətlərin də biri “razvarot”da getdi. Bunlar H.Əliyevi, Əliyev hakimiyətini öyməyə yönəlik yazılar idi. Görünür, hakimiyətdəki ağalar mənim bir səhifəlik yazımın effektini bütünlüklə “öldürmək” istəyirdilər. Bu baxımdan R.Hüseynovun iki səhifəlik yazısı onlara yetərli görünməmişdi…

(Bir daha vurğulamaq gərəkir: o çağlar “Azadlıq” redaksiyasında İ.Əliyevin birbaşa piar-kampaniyasını aparan “Yeni yüzil” qəzetini də çıxarmağa başlamışdılar. Onun da baş redaktoru “Azadlıq”ın baş redaktoru idi).

2001-ci ilin başlanğıcından ADP aktiv siyasi güc olaraq ortaya çıxdı. Yaya doğru Qarabağla bağlı güclü mitinq dalğası başladı. ABŞ-ın Bakıdakı baş diplomatı Rino Harniş bəlli aparıcı partiyaların liderlərilə görüşüb danışandan sonra mitinqlər dayandırıldı.

Hakimiyət AXCP-də “bütövləşmə” adı altında çoxdan başladığı yeni parçalanma sürəcini çox böyük uğurla olmasa da, 2002-ci ilin yazında başa vurdu. Bu ilin yayında H.Əliyev oğlunu hakimiyətə gətirmək yolunda ilkin addımlarını atdı Baş nazirin yetkilərinin genişləndirilməsi üçün referendum keçirildi. AXCP-dən bir neçə deputat, eləcə də AXCP Demkonqresindən olan iki partiya– Sabir Rüstəmxanlının Vətəndaş Həmrəyliyi partiyası ilə Mais Səfərlinin “Yurddaş” partiyası liderləri başda olmaqla referendum işində sonadək H.Əliyevə, əliyevçi hakimiyətə yardımçı oldular. Mənim istər AXCP-də, istərsə də Demkonqresdə bu adamları cəzalandırmağa çağıran çıxışlarım eşidilməz oldu!

Burası lap gülməlidir: sözügedən adamlar (müxalifət liderləri”) müxalifətin antireferendum aksiyalarının önündə getməkdən də çəkinmirdilər. Onlar rejimin müxalifətdə mandatlı “troya atları” idilər.

 

2003-cü il.

 

2003-cü il, bəlli olduğu kimi, prezident seçkisi ili idi. Müxalifət eləcə dağınıq, başsız idi. Bu iki faktorla bağlı (seçki ili, müxalifətin dağınıqlığı) ABŞ böyükelçiliyi ilin başlanğıcından üç aparıcı partiyanın (AXCP, Müsavat, AMİP) liderlərini bir yerə yığmaqla ayrıca, ardıcıl görüşlər keçirməyə başlamışdı. ABŞ hökuməti bu yolla Azərbaycan müxalifətini birləşdirməyə çalışırdı. Bununla yanaşı, Amerika hökuməti ABŞ Milli Demokratiya İnstitutunu işə qoşmaqla müxalifəti hakimiyət yönətimçiliyinə öyrədib-alışdırmaq üçün Bakıda treninqlər keçirməyə başlamışdı. Bunları demokratik dövlət yönətim kursları adlandırmaq olardı. Bir sözlə, Amerika Azərbaycanda demokratik dəyişiklik baş verməsi, müxalifətin hakimiyətə gəlməsi üçün böyük bir iş başlamışdı.

2001-ci ilin başlanğıcında ortaya atdığım bir aday ideyasının üzərində bərk-bərk durur, bu yöndə ardıcıl söhbətlər aparır, ara – sıra yazılar da yazırdım. Martın başlanğıcında bir aday sorunu, bu sorunun yubatmadan çözümü ilə bağlı böyük bir yazı yazıb “Azadlıq”a verdim. “Azadlıq”dakı partiya–hakimiyət agenturası tezliklə bir-birinə qarışdı. Mənim uzun çalışmalarım eləcə çalışma olaraq qaldı, yazının çapına yol verilmədi.

Bu biri yandan da bir sıra partiya (AXCP) liderləri 2001-ci ildən üzü bəri mənimlə açıq çarpışma apararaq bir aday ideyasına qarşı çıxırdılar. Onlar məni partiya sədrinin “namizədliyinə” qarşı çıxmaqda suçlayırdılar. Mən onlara bir aday ideyasının Azərbaycan gerçəkliyindən- antimilli, korrupsiyaçı klan hakimiyətinə üstün gəlmək istəyindən qaynaqlandığını başa salmaq istəyirdim. Bilə-bilə başa düşmək istəmirdilər. Onlar– başda duran böyük strateqlər, taktiklər…AXCP-nin üstün liderləri adına, demokrat donuında dünyanı gəzib–dolaşan, geriyə əliboş– demokratik prinsiplərsiz qayıdıb gələnlər…

Bizim partiyada baş verənlər başqa partiyalarda da baş verir, Müsavatla AMİP-də də bir aday söhbətlərini eşitmək belə istəmirdilər. Pənah Hüseynovla belə söhbətlərimizin birində o, daş atıb başını tutmuş, bir aday söhbətini yaxın qoymaq istəməmiş, sonda “Bu iş baş tutarsa belə, vahid namizəd yalnız İsa Qəmbər olmalıdır”,- demişdi.

Yalnız! Bütün partiyalarda beləydi: adını siyasətçi qoymuş bu adamlar öz illüziyalarına qapılaraq gerçəkliyə göz yumur, “Yalnız bizim lider!”- deyib dururdular. İ.Qəmbərin başlıca sözcüsü rolunu oynayan Arif Hacılı onda qəzetdə demişdi: “Müxalifətin VAHİD BİRLİYİ (seçdirmə mənimdir.-X.B.) ancaq Müsavatın prezidentliyə namizədi dəstəklənəcəyi təqdirdə mümkün ola bilər”. Onlar bu sayaq “demokratlar”, bu sayaq “demokratik liderlər” idilər. Onları öz ambisiyalarından özgə nəsə düşündürmürdü. Axı, onlar xalq kimi, lap elə partiyalardakı xalq kimi yaşamırdılar- hakimiyət onları yaxşı yaşadırdı…

 

“Amal”ın ADP qurmayında keçirilən yığıncaqlarının birində mənimlə yanaşı oturmuş AMİP yetkilisi birbaşa üzümə dedi: “Vahid namizəd ideyası hakimiyətdən gəlir, bu ideyanı ortaya atanlar hakimiyətə qulluq eləyənlərdi”. Yanılmıramsa, onda iyun ayı idi, seçkiyə üç ay qalırdı. Görün necə iblis oyunları oynayır, nə uydurmalar düzəldirdilər: H.Əliyev kimi bacarıqlı bir oyunçuya qarşı müxalifətin birləşmiş gücü ilə çıxmaq çağırışı “hakimiyətə qulluq etmək” imiş!Bilirsiz nə oldu? Uduzulan seçkidən azacıq sonra o adam rejim düşərgəsində yer aldı. Müxalifətin birliyinə çalışdığıma görə məni dolayısıyla hakimiyətə işləməkdə suçlayan dönük birisi!..

 

Milli Demokratiya İnstitutu iyunun ortalarında üç partiyanın (AXCP, Müsavat, AMİP) liderlərini ABŞ-a çağırdı. Bu, müxalifəti, müxalifət liderlərini birləşdirmək, üstəlik, bir aday sorununu çözmək yönündə ABŞ-ın baş vurduğu çalışmalardan biri idi. Hakimiyətin onda necə qorxuya düşdüyü hamının yadında olar. Hakimiyətin əlində olan televiziyalar, qəzetlər elə hey o çağırışı pisləyir, o çağırışa qarşı çıxırdılar.

Çağırılanların biri – İ.Qəmbər onda Amerikayla açıq-aydın oyun oynamağa başladı. O, qabaqca Amerikaya gedə bilməyəcəyini bildirdi. Az sonra gedəcəyini, hələ bununla bağlı ABŞ-a mesaj göndərdiklərini də bildirdi: gözləyin, gəlirik. O arada İ.Qəmbərə yeni bir maşın – “Mersedes-600” verilməsi sorağı yayıldı. Bunun ardınca İ.Qəmbərin özü soraq yaydı: ”Qrafiklərimiz üst-üstə düşmədiyindən mən Amerikaya gedə bilməyəcəm”. Bu, Azərbaycanın milli maraqları ilə oynamaq, dünyanın yiyəsinə çevrilmiş Amerika boyda dövləti ələ salmaq deməkdi!

ABŞ-ın ünlü analitiklərindən olan, Ağ evə yaxınlığı ilə tanınan professor Ariel Koen bundan öncə, deyəsən, iyunun sonlarında çıxmış bir yazısında okeanın o tayından Müsavat başqanının o çağkı davranışlarının çox düzgün xarakteristikasını vermişdi: “İ.Qəmbər özünü prezident kürsüsündə görür”.

 

Az qala bir il idi müxalifət jurnalistləri, qəzetlər İ.Əliyevin tezliklə hakimiyətə gətiriləcəyindən yazırdılar. Müxalifət liderləri bunların hamısını qulaq ardına vurur, qabaqlama işləri görmür, buna çalışmırdılar.

Avqustun 4-də İ.Əliyev baş nazir postuna gətirildi. O günlər dünya televiziyalarının çəkiliş qrupları böyük olay gözləntisilə Bakıya axışdılar. Müxalifətdən səs çıxmadı. Bundan iki gün qabaq (avqustun 2-si) “Qələbə” meydanında birləşmiş müxalifətin mitinqi keçirilmiş, başlıca müxalifət lideri sayılan E.Məmmədovla İ.Qəmbər bu mitinqə gəlməmişdi. Kim bilir, bəlkə, avqustun 4-ü avqustun ikisindən başlayırmış…

Avqustda ABŞ Dövlət Departamenti olduqca ilginc, soraqlısan – yaraqlısan baxımından çox önəmli bildiri yaydı: “Dağınıq Azərbaycan müxalifəti ilə əməkdaşlıq Amerikaya əl vermir”. Bu sayaq bildiri – açıqlamalar uyarı idi, mesaj idi, müxalifəti birləşməyə çağırış idi!

 

Bakıda birləşə bilməyən müxalifət liderləri birləşmək üçün pul töküb Londona getdilər. Niyə Londona? “Müxalifət liderlərinin görüş üçün Londonu seçməsi, görünür, orada yaxşı hotellərin…olması ilə bağlıdır”, – bunu qəzetlərdən birinə B.Britaniyanın Bakıdakı böyük elçisi Endrü Taker demişdi. Bu, çox diplomatik olmasa da, çox düzgün dəyərləndirmə idi. Onlar faktik olaraq Londona birləşməkdən daha çox gəzintiyə getmişdilər. Bilgili ingilis diplomat Taker bunu vurğulamışdı. Yazıq xalq!

 

Bakıya birinci qayıdan E.Məmmədov demişdi: “Birləşməyə lap az qalmışdıq, bir nəfərin razılığa gəlməməsindən birlik pozuldu”. Onun ardınca Bakıya gələn İ.Qəmbər belə dedi: “Üç nəfərin bir fikrə gəlmək imkanı vardı, təəssüf ki, iştirakçılardan biri razı olmadığından vahid namizəd müəyyənləşmədi”. Sonradan bəlli olduğu kmi, birliyi onlar ikilikdə pozmuşdular. Bu onların çoxdan, lap çoxdan – on, on beş il qabaqdan – pozmaqda olduqları birlik idi…

Onlar ölkəyə “əliboş” qayıtmamaq üçün Londonda yalançı bir “Demokratik Sabitlik İttifaqı” yaratdılar. Onlar Londondan yeni bir ideya da gətirmişdilər – ikinci tur ideyası. Onların düşüncəsinə görə, seçkidə ikinci tur olacaq, onlar da ikinci turu udacaqdılar. Onda bu sayaq düşüncələrin reallıqla uyuşmadığını, illüziya olduğunu göstərən bir yazı yazdım. O çağkı bir çox yazılarım kimi bu yazı da “Azadlıq” senzurasından keçmədi. Həyasızcasına özünü “demokrat” adlandıran partiya liderlərinin qatbaqat senzurası altında çıxan müxalifət qəzetlərində gerçəklikdən qaynaqlanan obyektiv düşüncəyə, analitik yazılara yer yox idi; belə yazılara qadağa qoyulmuşdu. Müxalifət liderlərini öyən hay-küylü, yaltaq yazılar qəzetləri başına götürmüşdü. İ.Qəmbərin çoxsaylı qəzetləri bu baxımdan hakimiyət qəzetlərini də vurub keçmişdi. “Yalançı qələm tapançadan qorxuludur” deyimi belədə necə də yerinə düşür! Qondarma liderlər, liderciklər özlərini qəzetlərilə öldürürdülər…

 

AXCP Ali Məclisinin 14 sentyabr yığıncağında biz seçim qərarımızı çıxarmalıydıq. Partiya çox çətin seçim qarşısında qalmışdı: ya E.Məmmədov, ya İ.Qəmbər. İ.Qəmbər bizə açıq-aydın sayğısızlıq göstərir, E.Məmmədovsa yaranmasına çalışdığı AXCP-AMİP koalisiyasına, demək olar, özünün qələbə şansı kimi baxırdı. Hakimiyətdə də bu koalisiyanın baş tutmasına çalışanlar vardı.

Yığıncaqda mənim belə çıxışım oldu: “34 illik (1969-dan) antimilli rejim – antisistem bizi indiki çıxılmazlığa gətirib çıxarıb. Belə bir dilemma qarşısında qoyub. Biz istəsək də, istəməsək də iki yamandan birini seçməliyik: ya E.Məmmədov, ya İ.Qəmbər”.

Burası doğrudan-doğruya belə idi: biz iki yamandan birini seçməliydik! Partiya birincini seçdi. Koalisiyanın yaranmasından az sonra bizim seçkini bəri başdan uduzduğumuzu görmək elə də çətin deyildi. E.Məmmədovun verdiyi sözlərin hamısı bir-birinin ardımnca yalana çıxırdı. Bunların başlıcaları onun böyük seçki fondu yaradacağı, regional faktordan yararlanacağı, hakimiyəti parçalayacağı ilə bağlı verdiyi sözlər idi. Bütün bunlara görə, yanılmıramsa, sentyabrın 28-də keçirilən partiya yığıncağında bizim koalisiya olaraq uduzduğumuzu bildirməklə, yubanmadan düşdüyümüz durumdan çıxış yolu axtarmağa çağırdım. Partiya sədri kəskinliklə mənim çıxışıma qarşı çıxdı. Bütün belə çağlarda olduğu kimi, ondan sonra çıxış eləyənlər də onun dediyini dedilər: “Heç bir problem yoxdur, işlər çox yaxşı gedir”.

Hakimiyətin çoxsaylı əngəllərinə baxmayaraq, getdiyimiz rayonlarda yaxşı mitinqlər keçirdi. Hər yerdə biz bizim üçün çox acı olan bir faktla da üzləşirdik: sorağı illərlə dünya demokratlarının yığıncaqlarından gələn E.Məmmədovun rayonlarda partiya strukturları, demək olar, yox idi, yox yerində idi. İstər-istəməz hər yerdə ortaya AMİP-mif görsənişləri çıxırdı. Bu elə partiya liderinin özünün də mif olduğunun göstəricisi idi. Koalisiya adına keçirilən bütün aksiyalarda AXCP başlıca rol oynayırdı.

Görsənənlərə görə, biz miflə koalisiya yaratmış, miflə işləyirdik!

E.Məmmədovun verdiyi sözlərdən yalnız biri gecdən-gec də olsa doğruldu. 11 oktyabrda keçirilən “Qələbə” mitinqində onun demiş olduğu region faktoru önə çıxdı. Bu, ayın 8-i ilə 9-u arası baş vermiş olayların doğurduğu regional qıcıq faktı idi.

 

O günlər nə baş vermişdi?

 

Oktyabrın 8-də, axşam E.Məmmədov, Ə.Kərimli, İ.Qəmbər Bakı restoranlarının birində görüş keçiriblər. E.Məmmədovla Ə.Kərimli üçüncünü özlərinin Türkiyə modelində proyektləri ilə tanış eləyiblər. Bu proyektə görə, İ.Qəmbər prezident, adaylığını geri götürən E.Məmmədov baş nazir, Ə.Kərimli Milli Məclisin sədri olmalıymış. Onlar proyektə belə ad veriblər: “Koalisiya hakimiyətinin təşkili haqqında saziş”. Bağlaşma İ.Qəmbərlə E.Məmmədovun hakimiyəti, daha doğrusu, ovlanmamış ayının dərisini bölə bilməməkləri üzündən baş tutmayıb. Dörd saatlıq danışıqların sonunda İ.Qəmbər ertəsi günü “divanda müzakirə etmək” adıyla bağlaşmaya qol qoymayıb. Sonradan bəlli olduğu kimi, İ.Qəmbər bununla E.Məmmədovla Ə.Kərimlini aldadıb, özünün dililə desək, onlara “atıb”. İ.Qəmbər sonunculardan ayrılan kimi S.Cəlaloğluya zəng vurub E.Məmmədovla Ə.Kərimlinin onlara (ADP-yə) “atdığını” bildirir. S.Cəlaloğlu R.Quliyevə (ABŞ-a) zəng vurur. Tezliklə danışıqlar başlayır. Beləliklə, gecə saat 4-də R.Quliyevlə İ.Qəmbər arasında bütünlüklə başqa bir bağlaşma bağlanır.

İ.Qəmbərin oyunu bununla bitmir. Deyilənə görə, danışıqları hələlik gizli saxlamaqla bağlı sözləşmə olmasına baxmayaraq, R.Arifoğlu başda olmaqla bir sıra Müsavat yetkililəri gecəylə əlləri çatan hər yerə zəng vurub soraq yayıblar: E.Məmmədov İ.Qəmbərin xeyrinə namizədliyini geri götürüb”. Bu, “qurşaqdan aşağı zərbə” yerində düşünülmüş bir gediş idi.

İkili danışıqda yetkiləri qabaqcadan bəlirlənməklə, prezidentliklə  baş nazir postu bölüşdürülmüşdü. E.Məmmədov İ.Qəmbərə: “Hansını istəyirsən, götür”,- demişdi. İ.Qəmbər prezidentliyi götürmüş, bununla da başlıca sorun çözülmüşdü. Öncədən olan bölgüyə görə, Daxili işlər nazirliyi baş nazirə verilmişdi. Amerikada oturan Rəsul Quliyev gecədən keçmiş İ.Qəmbərə zəng vurmuş, çox böyük istəyi olmadığını bildirməklə baş nazir olmaq istəyində bulunmuşdu. Bundan sonra İ.Qəmbər gündüz E.Məmmədovla əldə edilən bağlaşmanı gecədən keçmiş pozub, R.Quliyevlə bağlaşmışdı. Sonradan bəlli olduğu kimi, İ.Qəmbər Daxili işlər nazirliyinə  də yiyələnmək istəmişdi.

 

Dönüklük dönərgəsi

 

Oktyabrın 9-da gözlənilmədən bizi Rəyasət Heyətinin yığıncağına çağırdılar. Saat 11-də başlamalı yığıncaq S.Cəlaloğlunun Ə.Kərimli ilə danışığa gəlməsi üzündən çox gec başladı. Ə.Kərimli dünəndən üzü bəri baş verənləri danışdı. Onun dediyinə görə, E.Məmmədovla İ.Qəmbər Koalisiya Şurasına sədrlik üstündə uzlaşmaya gələ bilməyib. Yuxarıda sözügedən proyektə görə, Koalisiya Şurasının sədri “baş nazir” – E.Məmmədov olmalıymış, ancaq “prezident” – İ.Qəmbər özü Şuranın sədri olmaq istəyib. Bunun üstündə bağlaşma baştutmayıb. Bunlar Ə.Kərimlinin bizə danışdıqları idi. Yeri gəlmişkən, sonradan onların Daxili İşlər Nazirliyinin üstündə də uzlaşmaya gələ bilmədiklərini öyrəndik. Bu deyib: “DİN mənim əlimdə olmalıdır”. O deyib: “Mənim əlimdə olmalıdır”.

Ə.Kərimli S.Cəlaloğlunun nədən ötrü gəldiyini də bildirdi. S.Cəlaloğlu öz proyektləri ilə bağlı danışığa gəlibmiş. Onların proyektinə görə, İ.Qəmbər prezident, R.Quliyev baş nazir, E.Məmmədov baş nazirin yardımçısı, Ə.Kərimli Konstitusiya Məhkəməsinin sədri olmalı idi. Ə.Kərimli ona ayrılmış paydan boyun qaçırmış– birliyin baş tutması üçün – onları E.Məmmədovla uzlaşmağa çağırmışdı.

Burası ayrıca olaraq deyilməlidir: E.Məmmədov bizim (eləcə də sonradan bəlli olduğu kimi, Qurban Məmmədovla Rüstəm Behrudinin) çoxsaylı çalışmalarımızın sonucu olaraq adaylığını geri götürməklə İ.Qəmbərə böyük şans yaratmışdı. İndi biz İ.Qəmbərin istəyinə uyğun olaraq E.Məmmədovu Koalisiya Şurası sədrliyindən də daşındırmalıydıq. Arada E.Məmmədovla telefon danışığı aparan Ə.Kərimli onun dediyindən dönmək istəmədiyini bildirirdi. Onda mən belə olarsa, Koalisiyanı pozmağa çağırdım. Mənim arqumentim bu idi: “Biz milli maraqlara görə E.Məmmədova güzəştə getmişiksə, qoy E.Məmmədov da milli maraqlara görə İ.Qəmbərə güzəştə getsin”.

Bir neçə adam mənəvi dəyərlərdən çıxış eləyərək Koalisiyanı pozmaq ideyasına qarşı çıxdı. Mən də milli maraqları önə çəkməklə dediymin üstündə durdum. Koalisiyanın pozula biləcəyi ideyası mənim dirənişimlə telefonla Koalisiya ortağımıza çatdırıldı. Bizim gərgin çalışmamızdan, Ə.Kərimli ilə E.Məmmədov arasında uzun sürən, ağır aravermələrlə (pauzalar) dolu telefon danışıqlarının sonucunda E.Məmmədovu dediyindən döndərə, istəyindən daşındıra bildik.

Bu arada P.Hüseynov, İ.Ağazadə. R.Arifoğlu İ Qəmbərin adından Əli bəylə danışığa gəldi. Biz – RH üyələri – çölə çıxdıq.

Çox keçmiş elçilər çıxdılar. Yığıncaq yenidən bşladı. Elçilərin bizə İ.Qəmbərdən “sovqat” gətirdikləri bəlli oldu. İ.Qəmbər parlamenti bizə “verirdi”. Buna görə biz Koalisiyadan çıxıb, AMİP-dən ayrılmalı, “Bizim Azərbaycan” blokuna birləşməliydik. Hamılıqla bu ideyaya qarşı çıxdıq. RH-ın qərarı belə oldu: Biz milli maraqlar üçün qırağa çəkilir, müxalifətin arasında, başlıcası da E.Məmmədovla İ.Qəmbər arasında uzlaşmanı asanlaşdırmağa çalışırıq.

Bundan sonra Məşədi Vaqif bizdən də üç adamın İ.Qəmbərlə danışığa getməyinin gərəkli olduğunu bildirdi. “İ.Qəmbərlə danışıqların xeyri yoxdur”, – deyə Məşədinin ideyasına qarşı çıxanlar oldu. Mən Müsavatın əlinə bizə qarşı tutalqa verməyək deyə, danışıqlara getməyin gərəkli olduğunun üzərində dayandım. Özü də üstün bir sayla. Beləliklə, bizim 5 adamlıq elçi qrupumuz formalaşdı: İbrahim Vəliyev, Həsən Kərimov, Xaləddin İbrahimli, Bahəddin Həziyev, Xaliq Bahadır.

Sıralamada mənim beşinci olmağım elə-belə deyil: “İ.Qəmbərlə danışığa getməyin yararı yoxdur”- deyə,çoxları danışığa getməkdən boyun qaçırırdı. O üzdən sonda yükü mənim boynuma qoydular: “Beş adam təklifini sən vermisən, sən də getməlisən”.İstəməsəm də, gedəsi oldum.

İ.Qəmbərlə aramızda çox gərgin danışıq oldu. O özünü açıq-aydın prezident yerində görür, bizimlə gerçək bir prezident kimi danışırdı. Özü də demokratik düşüncədən uzaq avtoritar prezident kimi. Bizə elə gəlirdi, ona E.Məmmədovu Koalisiya Şurası sədrliyindən daşındırdığımızı deməklə iş bitəcək, tezliklə gərəkən uzlaşma əldə olunacaq. Elə olmadı. Bizimlə Stalin manerasında davranan bu adam yeni-yeni istəklərdə bulunmağa başladı. O,bir yandan: “Saat 9-un yarısında televiziyaya çıxışa gedəcəm”- deyə, bizi onun qalan istəklərini də yerinə yetirməkdən ötrü E.Məmmədovla danışığa tələsdirir, o biri yandan danışıq arası yeni-yeni əngəllər tapıb çıxarmaqla söhbəti uzadırdı. Birdən R.Quliyev faktorunu ortaya atır, birdən 30 partiyanı birləşdirib böyük güc yaratdığından danışır, birdən özünün reytinqinin hamının reytinqindən yüksək olduğundan söhbət açırdı. Söz yox, istər-istəməz bunlar bizdə kəskin qıcıq doğururdu. Deyəsən, elə onun istədiyi də bu idi: bizi acıqlandırıb danışığı pozmaq.

Arada o, Stalin manerasıyla asta-asta cibindən tənbəki kisəsini çıxarıb, asta-asta qəlyanını doldurdu. Daha bir belə prosedurdan sonra o, qəlyana ağır-ağır qullab vurub, yekə-yekə dilləndi: “Parlamenti sizə verirəm, gedin oturun orda”. Bu, böyük bir partiyanı ələ salmaq idi. Biz ona RH-nin qərarını andırdıq: “Bizim istədiyimiz nəsə yoxdur, qoy parlament də sizin olsun, təki hakimiyət dəyişsin”. Danışıq boyu onun bizə dönə-dönə: “Parlamenti sizə verirəm, gedin orda oturun” deməsi, sözsüz, hamımızı acıqlandırmışdı, ancaq danışıqların uğurla sonuclanması üçün hamılıqla dilimizi qısıb susurduq. Sonda İbrahim bəy dözmədi: ”İsa bəy, biz sizə Rəyasət Heyətinin qərarını gətirmişik, niyə bizi təhqir edirsiz?”- deyə, səsini qaldırdı. İ.Qəmbərin tez-tez: “Mənim baş nazirim Rəsul Quliyev olacaq”, deməsi də bizi çox acıqlandırır, ancaq dözüb susurduq. İ.Qəmbərin dönə-dönə belə deməsinin üstündən İbrahim bəy bir daha səsini qaldırmalı oldu: “İsa bəy, Rəsul Quliyev okeanın o tayındadı, Etibar Məmmədov burdan bir addımlıqdadı. Üstəlik, biz bura Koalisiyanın sizi dəstəkləmə qərarını gətirmişik”. Bu sayaq uzun-uzadı danışıqdan, milli maraqlara yönəlik yalvar-yaxardan sonra İ.Qəmbər yumşalmış kimi göründü, ancaq dediyindən də dönmədi, bizi Türkiyə modelindən daşındırmaq üçün E.Məmmədovun üstünə göndərdi.

İ.Qəmbərin hələlik bu son istəyini E.Məmmədova çatdıranda o, acığından ağappaq ağardı. “Mən sizin istəyinizlə ona bir belə güzəştə getdim, o niyə bircə güzəştə getmir?”-deyə, soruşdu. Biz indi belə soruların yeri olmadığını bildirərək onu dilə tutmağa başladıq. Uzun-uzadı dilətutmalardan, yalvar-yaxardan sonra o, yumşalıb yola gəldi. Son olaraq o bizə bunu dedi:”Mən sizə görə bir daha güzəştə gedirəm, ancaq bunu bilin: O, işi pozmaq üçün yeni-yeni bəhanələr tapacaq”.

Biz bu sonuncu danışıqları bitirib çölə çıxanda qaş qaralır, axşam düşürdü. Olduqca gərgin danışıqlardan, çox böyük çətinlikdən sonra əldə etdiyimiz uğura görə hamımız sevinirdik. Ancaq sevincimiz uzun sürmədi. Sən demə, İ.Qəmbərin: “Sizi gözləyəcəm”, deməsi yalan imiş: o, telefonunu qapayıb yoxa çıxmışdı. İ.Qəmbər bizi gözləmir, aldadır, ələ salırmış. İ.Qəmbər sonda bircə bizi, müxalifəti deyil, bütün xalqı ələ saldığını göstərdi!

O gün baş verənləri detallarınadək yazmadım. Yazsaydım indikindən qat-qat iyrənc, eybəcər bir görsəniş alınardı. Bir detalı deməyə bilmərəm. Hər ikisilə söhbətdən, özlərinin çəkinmədən dilə gətirdiklərindən deyirəm: onlar antimilli, korrupsiyaçı klan hakimiyətini deyil,  bir-birini düşmən gözündə görür, hakimiyətdən deyil, bir-birindən qorxurdular. Onlardan birinin-daha üstün siyasətçi kimi tanınanın-üstüörtülü dediyini o biri bizə açıq dedi: “Kimsə məni inandıra bilməz ki, o, bir gün məni kabinetdən əliqandallı apartdırmayacaq”.

AXCP-yə qayıdan baş Həsən bəy məni qucaqlayıb üzümdən öpdü. Niyəsini soruşdum, “İsanın bizimlə o t…siz davranışına görə qalxıb aləmi qatacağından qorxurdum”- dedi. Mən İ.Qəmbəri yaxşı tanıdığımdan onunla danışığa getmək istəməmişdim, ancaq durumun ağırlığından RH-nin qərarına boyun əyməli olmuşdum. Orada dözüb durmağım da ölkədəki ağır duruma görəydi. Həsən bəylə biz tələbəlik illərindən bir-birimizi tanıyırdıq, o üzdən onun qorxusu yersiz deyildi. Burası da faktdır: çox çətin olsa da, mən orda böyük dözüm göstərdim. Sonradan göründüyü kimi, çox da gərəkli olmayan bir dözüm…

Deyirlər, ümid sonda ölür: biz sonadək İ.Qəmbərin milli maraqlarımıza sayğı göstərib yola gələcəyini düşünürdük. Yolsuzluq üstün gəldi!

 

Yenidən RH-nin yığıncağına qayıtdıq. O gün yığıncaq gecə 11-dək çəkdi. Müsavatda olduğu kimi, AXCP-də də çoxlu adam yığışıb böyük ümid, gərginlik içində işin necə bitəcəyini gözləyirdi.

 

18-ci yüzildə Nadir şah Gəncə xanı ilə düşmənçilik üzündən Azərbaycan torpaqlarını (Borçalı) gürcülərə vermişdi. Nadir şah Orta Çağ feodal düşüncəsindən uzağa getməyən bir adam idi. Bunlar-bu 21-ci yüzilin feodal düşüncəli liderləri – Azərbaycanı İ.Əliyevə verdilər. 1993-cü ildə ortaqlı olaraq (biri hakimiyətdə, biri müxalifətdə) ata Əliyevi hakimiyətə gətirmişdilər, düz on il sonra, 2003-cü ildə,“birləşib” oğul Əliyevi hakimiyətə gətirdilər. On il qabaq ölkədə yenidən kommunist rejimi qurulmasında onlar birbaşa rol oynadılar.

15 ildir, Xalq Cəbhəsi yaranandan, bu iki adam arasında üstünlük-hakimiyət dartışması gedir. 15 ildir onlar ortada olmayan, əlləri yetməyən NƏYİSƏ BÖLMƏYƏ ÇALIŞIR, BÖLƏ BİLMİRLƏR. Feodal düşüncəsi! Onu demokrat düşüncəsindən ayıran başlıca faktor elə budur:nəyisə bölə bilməmək, bölüşmək anlayışından uzaq olmaq. Bəlli olduğu kimi, hakimiyət bölgüsü demokratiyanın özül prinsipidir. Onlardan biri sonadək azacıq da güzəştə getməməklə, “hakimiyət bütünlüklə mənim olmalıdır” prinsipindən çıxış etməklə özünün daha artıq feodal düşüncəli olduğunu ortaya qoydu. Onlardan biri- qalın maska altında gizlənib özünü olduğu kimi deyil, olmadığı kimi tanıtmağı bacarmaqla yapma reytinq qazanan birisi. Şəkili Dəli İsmayılın sözü burada necə də yerinə düşür: Hamı baxır, heç kim görmür…

 

15-16 oktyabrda baş verənlər gözlənilməz deyildi. ABŞ dağınıq müxalifətlə əməkdaşlıqdan, ona yardım etməkdən daşınmış, İ.Əliyev Putinlə necə yaxınlaşıb-bağlaşmışdısa Rusiya Təhlükəsizlik Şurasının katibi Ruşaylo seçki önü gəlib Bakıda lövbər salmışdı. Sonuncu faktla bağlı bir neçə yazı yazıb müxalifət liderlərini duyuq salmağa çalışmışdım. Çalışmışdım, ancaq onlar mənim kimilərinin yazılarını deyil, muzdlu jurnalistlərinin, qondarma politoloqlarının yazdıqlarını oxuyurdular. O yazılarsa ucdantutma onların qoltuğuna qarpız verən yazılar idi.

Böyük Britaniyanın “The Guardian” qəzeti Gürcüstanda demokratik güclərin uğur qazanmasında bağımsız medianınbaşlıca rol oynadığını yazırdı. Azərbaycanda belə media yox idi. Prinsip, düşüncə, baxış baxımından hakimiyətdən seçilməyən müxalifət liderləri əllərindəki qəzetlərə güclü-keçilməz senzura qoymuşdular. Bu qəzetlərdə yalnız onları öyən, onların dediyini deyən yazılara yer verilirdi.Müxalifətin böyük qəzet bolluğunda onun gərəyi üçün yazılan çox yazıları çap edəcək qəzet yox idi…

Demokratiya uğrunda çarpışma aparılan yerdə milli-mənəvidəyərlər özül prinsipə çevrilmirsə,  o çarpışmadan önəmli uğur gözləməyə dəyməz. Milli-mənəvi dəyərlərin qorunması, özül prinsipə çevrilməsi baxımından müxalifət indiyədək ayrıca üstünlük göstərməyib. Demokratik düşərgənin antidemokratik düşərgə üzərində ən böyük üstünlüyü, özü də fundamental üstünlüyü, milli-mənəvi dəyərlərin qorunması, özül prinsipə çevrilməsi yoluyla ola bilərdi, olmayıb. Bu da, ən başlıcası, müxalifətin aparıcı liderləri olaraq ortaya ÇIXARILANLARIN-xalqa sırınanların demokratik lider  yararsızlığından, bu funksiyanı yetərincə yerinə yetirəcək kimsələr olmadıqlarından irəli gəlib.

Yazıdan göründüyü kimi, ortada nə demokratik dəyərlərə sayğı vardı, nə də milli-mənəvi dəyərlərə.

Demokratik düşərgənin milli-mənəvi dəyər sorunu baxımından Müsavatı özünün başlıca qəzeti ilə birlikdə ən sorunlu (problemli) partiya saymaq olar. Bununla bağlı çoxlu fakt göstərmək çətin deyil. İndilikdə bir neçəsini göstərək.

Müsavat başqanı müxalifət jurnalistlərilə keçirilən bir görüşdə onlara demişdi: “Sizə nə verirlər (söhbət rüşvətdən gedirdi) alın, ancaq yazanda bizi tərifləyin”. Başqa cür desək, başqalarından rüşvət alın, bizə qulluq eləyin. Lider jurnalistlərə belə bir “demokratik” əxlaq aşılayırdı! Bunun,bu anormal davranışın, necə baş tutacağını yalnız İ.Qəmbəfr özü bilə bilərdi.

Azərbaycan jurnalistikasının “mötəbər məlumat” qaynağı olan R.Arifoğlu qəzetində yazırdı: “Aldığımız mötəbər məlumata görə, iqtidar seçiciləri ələ almaq üçün ölkəyə 3 milyard dollar pul gətirəcək. Siz o pulları alın, İsa Qəmbərə səs verin”. Mənəvi yönünü bir qırağa qoyaq,siyasi baxımdan bu, hakimiyəti ayıq salmaq idi: baxın ha, pullarınız boşa gedər! Bəlli olduğu kimi, seçkidə konvert metoduna əl atan hakimiyət qabaqcadan ayıqlıq göstərərək pullarının boşa getməsinə yol vermədi.

Müxalifətin “ən radikal” qəzetinin “ən radikal” baş redaktoru yazırdı: “Hakimiyyətə gəlib “bə de da bə”ləri dənizə tökəcəyik! Görəsən, “bə de da bə”lər hansı xalq imiş?! Görəsən, müxalifətin belə qorxunc, allahsız çıxışlarından sonra hakimiyətə gəlmək çoxmu asan olacaqdı?!

Müxalifətin “ən radikal” qəzeti seçki önü yepyekə, adamı şoka salan başlıq verirdi: “Hakimiyətin gizli planları açılır”. Şok başlıq ardınca, “gizli planlar” adı altında yazılanlar müxalifətçilik baxımından daha böyük şok doğururdu: “Əldə etdiyimiz ilginc məlumata görə İlham Əliyev hakimiyətə gəlib 50 min iş yeri açacaq”. Hakimiyətə bu sayaq çoxsaylı gerçək qulluq faktları yalançı radikallıqla ört-basdır edilirdi…

Başı daha çox iç sorunlarına qarışan müxalifət ötüb keçən on ildə hakimiyətlə sistemli, prinsipial çarpışma aparmadı. Müxalifət liderlərinin çox yerdə strategiyanı taktikaya qurban vermələri, milli maraqlara, demokratik ideallara bağlılığın, yetkinliyin yetərsiz olması, birilərində yerli-dibli olmaması müxalifəti – bütövlükdə ölkəni! – böyük, prinsipcə qaçılmaz uğursuzluğa gətirib çıxardı.

Yaxşıca varlanıb-harınlamış, belə desək, burjuylaşmış müxalifət liderlərinin 1998-ci il prezident seçkisində olduğu kimi, 2003-cü il prezident seçkisində də xalqdan necə uzaq düşdükləri açıq-aydın görünürdü. Bir yandan da buna görə onlar olduqca böyük bir potensialı gerçəkləşdirə bilmədilər…

 

9 yanvar 2004-cü il

 

                         Son söz yerinə

 

Göründüyü kimi, bu yazı çox-çox illər öncə yazılıb. Özümü sıxıb acığımı cilovlamaqla, sözümü qısmaqlayazdığım bir yazıdır bu. Görüb-bildiklərimin azından azını yazdım, ancaq, yenə yazını çapa verməyə, yaymağa illərlə (illərlə!) əlim gəlmədi: yazıda sözügedənlərin olub-keçənləri geridə qoyub, ÖNCƏ ÖLKƏM yerinə üstünlük verdikləri ÖNCƏ ÖZÜM düşüncəsindən haçaqsa daşınaraq, yaxından qatqılarıyla bataqlığa batırılmış bu Ölkəni, yenilmiş bu Ulusu düşünəcəklərini düşündüm.

İllər keçdi, 2003-ün prezident seçkisindən sonra da bir çox seçkilər oldu, seçkilərlə bağlı çoxlu müxalifət birlikləri yarandı, hamısı da əski agenturanın,  əski dönüklərin, əski satılmışların suçu, sapıntısı üzündən boşa çıxdı. İndi düşünürəm: daha gözləməyin yeri yoxdur. İllərlə görüb-bildiklərimi anıb, göz önünə gətirməklə yazını çox böyüdüb-genişləndirə, konkret faktlardan yararlanmaqla fiqurantların parlaq portretlərini yarada bilərdim, ancaq, buna gərək görmürəm: deyiblər, axı, dəniz suyunun necəliyini bilmək üçün bir damla da yetərlidir. Burada qısaca verilmiş üç seçki faktı bizdəkibəlli müxalifət liderləriningerçək kimlik görsənişləri-göstəriciləridir.

 

Koalisiyanın Göyçayda keçirilən mitinqinə gedən yolda o çağadək müxalifət arasında görmədiyim şairlə qarşılaşdım. Hündürboy, yekəpər şair məni görüncə qollarını geniş açıb qabağıma yeridi, məni qucaqlayıb sevincək dedi: “Xaliq bəy, nə yaxşı, siz də burdasız”.Sonradan gəlib qabaqdangəlmişlik edənbelə dələduzlardan az görməmişdim. Bu şairsə lap dələduzluq üstündə yatıb çıxanlardan idi. Sonradan bəlli olduğu kiimi, H.Əliyevin müxalifəti alıb-satma işlərini tapşırdığı oliqarx onu E.Məmmədovun yanına yerləşdirmişdi.Seçkidən sonra onun üç aylıq Avropa gəzisinə getdiyini eşitdik – seçkidə qazandıqlarından yarınmağa getmişdi.

 

…Radiodan oxuma dinləyirəm: “Qarabağım – qara baxtım, Qalmaz belə, qalmaz dünya”. Şairlərin(yazarların, bütövlükdə, tanınmışların), siyasətçilərin az qala topdansatış satıldığı ölkədəQarabağın ağbaxt olması da, dünyanın “belə” qalmaması da istər-istəməz gerçəkliklə uyuşmaz olur. Ayrı gələcəyin gəlməsi üçün öncə o gələcəyə qarşı olan gerçəklik aradan qalxmalı, qaldırılmalıdılr!

 

15 iyul 2016-cı il

 

2016-cı ildə yazıya sön söz yazıb yaymaq istədim, yenə əlim gəlmədi. Ancaq İ.Qəmbərin, P.Hüseynovun, A.Hacılının, eləcə də bir sıra başqa tanınmış “müxalifət liderlərinin” son seçki  (9 fevral 2020) dönüklüyündən sonra onu yaymağı kəsdirdim.

P.S.Yazının odaqlandığı dönəmdə İ.Qəmbərlə çox yaxın olan İqbal Ağazadənin açıq bildirdiyinə görə, İ.Qəmbərin yuxarıda sözügedən oyunları hakimiyətdən aldığı 3 milyon (üç milyon) dollara  görəymiş.Sözsüz, düzünü İ.Qəmbər özü bilir!

Gəncədə mitinq keçirirdik. Prezidentliyinə  çalışdığımız E.Məmmədov çıxışımdan sonra mənə yaxınlaşıb, sərtliklə dedi: “Bir də hakimiyətə qarşı kəskin çıxış eləmə!” İllərlə dış radiolardan ABD-dəki prezident seçkilərini izləmiş, müxalifətlə hakimiyətin qarşılıqlı olaraq bir-birindən kəskin çıxışlarını  dinləmişdim.Bütün demokratik ölkələrdə seçkiqabağı çıxışlar necə olursa, mən də elə edirdim, ancaq elə etmək olmazmış…

Lənkəranda polislə azacıq dirənişdən son E.Məmmədov geri dönmək qərarı vermişdi. Qabaqca mənim, ardınca çox dəyərli dostumuz Nəriman Qasımoğlunun çıxışından sonra E.Məmmədov boş əlləgeri dönmək qərarından daşındı. O gün Lənkəranda, ola bilsin, lənkəranlıların indiyədək unutmadıqları çoxsaylı, gözəl bir mitinq keçirdik. Bizim başqa bir olduqca coşqulu, unudulmaz mitinqimiz Şəkidə olmuşdu. Saqatlıda 4 saat yarımlıq əlbəyaxa hakimiyət-müxalifət çarpışmasından sonra baş tutan mitinqimiz isə özgə bir tarix oldu. Başqa bir unudulmaz mitinqimiz Göyçayda olmuşdu. Mən ölkə boyu keçirdiyimiz o bir-birindən coşqulu, bir-birindən enerjili mitinqlərin Bakıda boşa çıxarılmasına görə bu gün də xalqımdan utanıram. Ancaq, yuxarıda göründüyü kimi, mən sonadək çalışdım. Sözsüz, tək mən yox, ellik uğurumuz üçün çoxumuz çalışdıq: kim necə bacardısa!..

Belə bir deyim var: sən bacardığını elə, qalanı sənlik deyil. Biz bizlik olanı elədik- sonadək çalışdıq… Sonadək!

 

 

***

 

Yaddaş üçün. O çağlar “Hakimiyətə kim gəlir” başlıqlı analitik yazı yazdım. Yazıda nədənlər göstərilməkləİ.Əliyevin hakimiyətə gələcəyi ilə bağlı proqnoz verilmişdi. “Demokratik” partiya başçıları “Azadlıq”, “Müxalifət”, “Hürriyyət”  qəzetlərində yazının çapını yasaqladılar. Onların dərin düşüncəsinə görə, bəlli kimsənin hakimiyətə gəlişinin qarşısını belə yasaqlarla almaq olardı!Görkəmli “müxalifət lideri” P.Hüsüynovun mənim proqnozumla bağlı dəyərləndirməsi də elə bir dərin düşüncə örnəyi idi:”əhəmiyyətsiz, qeyri-mümkün fərziyə”.

Bizdə gerçəkləri söyləyənlərdən üz döndərir,P.Hüseynov kimi optimist-nağılbaz politikanları çox sevirlər…

 

Sözardı

 

Seçkidən sonra seçki ilə bağlı çox da böyük olmayananalitik yazı yazdım. Yazıda Amerikanın Azərbaycanda demokratiyanı neftə satdığı deyilirdi. Amerikasevər bir “demokrat” lider yazının çapını yasaqladı. Bir neçə gün sonra “Azadlıq”da Alman qəzeti “Süddeutsche Zeitung”da çıxmış yazı verildi. Yazının başlığı beləı idi: “Amerika Azərbaycanda demokratiyanı neftə satdı”.

Özündənbəy liderlərdə ayrıca kompleks oliur: adanların gözündə özünə super üstünlük qazandırmaq üçün çevrəsindəkiləri aşağılamaq, aşağı tutmaq, dəyərsizləşdirmək kompleksi! Bizdəki bir çox partiyalarda böyük aşınmalar daha çox bu faktdan qaynaqlanır. Liderlərin prinsip, ideologiya baxımından deyil, sözdə demokrat olmaları partiyada qaçılmaz aşınma-dağılmaya gətirib çıxarır. Partiyaiçi demokratiyanın yerini təkəlçiliyin tutması durğun su sindromu yaradır. Özləri partiyada gerçək görəv-yetki bölgüsünə yol verməyən liderlər dövlətin başında duranlardan hakimiyət bölgüsü istəyirlər. Düşüncədə, davranışda özləri demokrat ola bilməyənlər əyri yollarla dövlət   hakimiyətini ələ keçirənlərdən demokratiya istəyirlər.Özündə olmayanı özgələrdə axtarmağın, özgələrdən ummağın adsı nı? Sən özün demokratik dəyərlərə yiyələnə bilməmisənsı, bunu başqalarından istəməyin, ummağın nə deməkdir?

Demokratiyanınm gözəlliyi də, üstünlüyü də onun AXAR SU özəlliyindədir. Durğunluq suyun ölümü olduğu kimi, demokratiyanın da ölümüdür.  Demokratiya yalnız demokratik prinsiplərin işləkliyi ilə özünün AXAR SU özəəliyini qoruyub saxlaya bilir. Bu isə ÇAĞLAYAN demokratiya deməkdir. Dilimizdə “kefi kök, damağı çağ” deyimi var. Özünün ilkələr-prinsiplər bulağından durmadan su içən demokratiya ÇAĞLAYAN demokratiyadır. ÇAĞLAYAN demokratiya öz sırasında toplumsal olaraq kefi kök, damağı çağ tutan demokratiyadır!

O üzdən mənim çoxillik çağırışım belədir: Böyük, Bütöv, Özgür, Demokratik, Çağdaş  Azərbaycan uğrunda!

 

***

Bu yazını “bəlkə, birləşib nəsə eləyərlər” düşüncəsi, gözləntisiylə illərlə yayınlamadım, paylaşmadım.Az qala özümdən də gizli tutdum.El gücü-sel gücündə olan azman Xalq hərəkatını cılız xarakterləri, aşırı ambisiyaları, mənəmlik hikkələriylə gələ-gələ cırtdan partiyalara, etkisiz-dəyərsiz marginal qurumlara dönüşdürən qondarma liderlər, göründüyü kimi,böyük birlik olanağını yoxa çıxarmaqla gələcəyi gələcəksiz etdilər.

Bütün bunlara baxmayaraq, mən yenə ümüdsüz deyiləm. “su gələn arxa bir də gələr”, deyiblər. Bizim ulu Türk tariximizdə hansısa uğursuzluqlara bağlı enimlər olubsa, böyük, qarşısıalınmaz uğurlar-qalxımlar da çox olub. O gün gələcək, bu ölkənin başqa bağlara bağlanmayan özlüyü özünü göstərəcək, gələcək özlüklə gələcək! Ancaq burada Məhəmməd Əmin bəy deyən olmalıdır: düşmənlərini tanı, milli dirçəlişini yüksəlt, uğur səninlədir!

Məmməd Araz deyən kimi:

Ulu şahım, Şah İsmayıl…

Biz düşmənçilik bacarmadıq.

Düşmənləri tanımağı öyrət bizə.

Düşmən iki tür olur: iç düşmən, dış düşmən. İç düşmən dış düşməndən qat-qat qorxulu olur. O üzdən öncə iç düşməni tanımaq, öncə iç düşmənlə sorunu çözmək gərəkir. İç düşməndən dış düşmənə yollar uzanar, o yollar qaldıqca uğur qazanılmaz.Çox böyük çalışmalarla, böyük itkilərlə uğur qazanılsa belə, o, dayanıqsız olduğundan sonucda qazanan iç-dış düşmənlər olar.

İstənilən toplumun uğuirlarının dayanıqlı olması dönməz qanunçuluğa bağlıdır.

 

10.03.2021

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv