Asif Ata. Əzablı Dünya

Naşılığın verdiyi əzab, xəbisliyin verdiyi əzab, həqiqətsiz­liyin, ədalətsizliyin verdiyi əzab, şəhvaniliyin, heyvaniliyin verdiyi əzab, biganəliyin, riyakarlığın, yüzsifətliliyin verdiyi əzab, xeyir libası geyinmiş eybəcərliyin, müqəddəslik libası geyinmiş qəbahətin, qədimsizliyin, qədirsizliyin verdiyi əzab, özündənayrılmanın, özünə yad olmanın, özünün əksinə çevril­mənin verdiyi əzab, miskinliyin, zəlilliyin, köləliyin verdiyi əzab, qadınlaşan kişiliyin, kişiləşən qadınlığın verdiyi əzab, əşya­laşan canlıların, canlılaşan əşyaların verdiyi əzab, qeyrət­sizlik, ismətsizlik fəlakətinin verdiyi əzab, yalançı peyğəm­bərliyin, qarabaş xanımlığın, gəda bəyliyin verdiyi əzab, yırtıcılıq hərisliyinin, maddi nemət əsirliyinin verdiyi əzab, ruha­niliyə yadlıq dəhşətinin verdiyi əzab, böyüklüyün kiçik­li­yə, yüksəkliyin alçaqlığa möhtaclığından yaranan əzab, balıq­ların pıçqıllanmasından yaranan əzab, möhtəşəm ədaların, biçimlərin miskin mahiyyəti pərdələməsindən yaranan əzab, təcavüzkar idraksızlığın, mütəşəkkil qəbahətin yaratdığı əzab, qorxaqlığın cəsarətli, xudpəsəndliyin fədakar, həqarətin nəza­kətli görünməsindən yaranan əzab. Ağalıq ehtirasının idrakı söndürməsindən yaranan əzab! Cahillərin aqillər məskənini talamasından yaranan əzab!
Bəşərin körpəliyindən, sadəlövhlüyündən alınan əzab! Məhəb­bətlilərin, mərifətlilərin, bütövlərin, xalislərin əzabı! Əzabkeşlərin, amalsevərlərin, xalqsevərlərin əzabı! Analığın, atalığın, övladlığın əzabı! Əyilənlərin, vüqar dağından enən­lərin, yalana tapınanların, ləyaqətini ayaqlar altına salanların arasında yaşamaq əzabı! Aldadanlar, fitnə yaradanlar, yalançı andlar arasında yaşamaq əzabı!
Amalı yoxun – amaldan danışması, məhəbbəti yoxun – məhəb­bətdən danışması, ruhu yoxun – ruhdan danışması əzabı! Hərcayinin hərcayiliyi pisləməsi, ləyaqətdən əl çəkənin ləya­qəti mədh etməsi, mənsəbpərəstin təmənnasızlığı vəsf etməsi əzabı! Özünü gəlin otağı kimi bəzəyənlərin arasında yaşamaq əzabı! İnsanilikdən əl çəkib yüksələn şöhrətlilər arasında yaşamaq əzabı! Kişilərin üzündə qadın ədası, işvəsi görmək əzabı! Məkrin – xalislik, fitnəkarlığın – əsillik, müxənnətliyin – mərdlik, riyakarlığın – alicənablıq üzərində ağalığından yara­nan əzab! İnsanın insana gərəksizliyi dəhşətindən yaranan əzab! Paxıllığın, azğınlığın, qəddarlığın, amansızlığın iradə, ağıl və ehtiras üzərində qələbəsinin əzabı!
Pislərin yaxşılara qənim olması əzabı! İnsanların Mütləqə, Müqəddəsliyə, Ülviliyə yabançılığından doğan əzab!
Bəşərin Atasızlığından, Yetimliyindən doğan əzab!
Gözün işığı sevməməsindən doğan əzab! Xəstəlik əzabı, gənclik əzabı, qocalıq əzabı!
Ali saydığında qəbahət görmək əzabı! Ayrılıq, həsrət əzabı! Həssasların, idrakilərin, vicdanlıların əzabı! Qorxaqlığın, harın­lığın, azğınlığın, hakimiyyət ehtirasının qulu olan insanlar arasında yaşamaq əzabı!
Paxıllıq duyğusunu qəlbində söndürə bilməyən bədnamlar arasında yaşamaq əzabı! Böyüklüyü sevməyən, cılızlığa alışan, bəsitliyə qarışanlar arasında yaşamaq əzabı!
Müqəddəsliyə tapınmayan, Mütləqi tanımayan, ülviliyə can atmayan, çirkinliyə pərçimlənib qalan yazıqlar arasında yaşamaq əzabı!
İnsan kimi dünyaya gəlib, ancaq insan kimi yaşamayan, insan kimi yaşamağın nə olduğunu bilməyənlər arasında yaşa­maq əzabı! Özünü təsdiq eləmək üçün ləyaqətdən keçənlər arasında yaşamaq əzabı!
İnsanların yanlış təsəvvürlərin, saxta loğmanların arxasınca getmələrini görmək – əzabdır! İnsanın insaniliyə balaca, ürkək, inamsız addımlarla, heyvaniliyə isə böyük, inamlı və fərəhli addımlarla getdiyini görmək – əzabdır! Məhəbbətin qədir-qiymətdən düşməsi, gözəlliyin satılması, aldanması – əzabdır! Bəşərin öz əsillərini tonqalda yandırmağı əzabdır! Nadanla mübahisə – əzabdır, ürək yarası – əzabdır, övlad niskili, yetim­lik, atasızlıq, anasızlıq – əzabdır! Ağsaqqallığın – izzət, müdrikliyin – inam, gözəlliyin – məhəbbət taxtından salınması – əzabdır! İblislə insan üzündə daim görüşmək – əzabdır! Zindan qəfəsi, zülm işgəncəsi, cəllad həmləsi – əzabdır!
Əzabın ağırdır, Dünya! Səni lənətləyərdim, əgər nəşələ­rimdə Əzabımdan ayrılmasaydım!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv