Könlüm elə yalındı ki…
Könlüm elə yalındı ki,
gülün ayazı göynədir…
Eh… gül də bir bəhanədir,
sözün dayazı göynədir.
O gördüyün ağ var, ağ… ha,
ağ varağdı, ağ varağ… ha!
… varağa bax, ağ varağa —
bir qara yazı göynədir.
Bircə halın neçə vaxtı
bilməyəsən, keçə vaxtın…
…adamı bu gecə vaxtı
qələmin nazı göynədir.
Hadi itən yerdi yer üzü…
Durur tarixiylə olub — keçənlər…
Olub — keçənləri tarix yazırdı.
Kimdi məni qoymur Hadi olmağa?
Arxadan vurmağa kimsə hazırdı!..
İtib, bilən yoxdu sözün dilini,
itib, gedən yoxdu şerin izinnən…
Məndən Hadi olmaz, qəbrim var mənim,
mən “yoxa” çıxmadım bu yer üzündən…
Hadi itən yerdi yer üzü, Allah!
Burda daşdan tutmuş güləcən itib…
Yer üzü Hadidi — daşından gülünəcən,
Hadi yer üzündən beləcə “itib”!..
Məndə gecələyən səs…
… gecə tez-tez oyanıram,
bir damcı su da içirəm.
İt kimi darıxdığımdan
tez-tez vaxtı da ölçürəm…
Lap it kimi darıxıram,
bu da haydı… hərə çatmır!
Vaxtı elə öldürürəm
qurtarır, səhərə çatmır…
Bir damcı su da içirəm,
suyum da körfəzdən gəlir…
Bu da haydı, hamı gəlmir,
gələnim görməzdən gəlir…
Məndə gecələyən səsəm,
min ildi varam bu halla…
Gecə tez-tez oyanıram,
it tək darıxıram, vallah!..
Mən sözü torpağa gec əkdim bir az…
… ümidim olmadı bu gələn yaza,
mən sözü torpağa gec əkdim bir az.
Neylim, bu ümidnən çata bilmədim,
sözün meydanına gecikdim bir az.
Sözün meydanına gecikdim bir az,
elə hey “gecikdin” dedilər, neylim!
… yedilər payımı ümidyeyənlər,
bu yaz ümidimi yedilər, neylim!
Dedilər yeməkdən ümid yaxşıdı…
… bir əlim daş oldu, bir əlim yazan!
Mən sözü torpağa gec əkdim bir az…
… ümidim olmadı bu gələn yaza!
Barışıq
… ha oynadım yeri — göyü,
ha dünyanı qarışdırım —
dil tapa bilmirəm söznən,
məni söznən barışdırın.
Küsdürmüşəm, küsüb məndən,
işığını kəsib məndən.
Bir vaxt qalxıb-əsib məndən…
Sözü mənnən barışdırın.
… ürəyinki alışmaqdı,
odnan — suynan qaışmaqdı!
… mənim dərdim barışmaqdı,
məni söznən barışdırın.
Qasid
… elə bil sənindi ürəyim, götür,
elə bil sənindi gözlərim, buyur!
Bir az gözlərimin oduna atıl,
bir az ürəyimin dalınca yüyür…
Bir az taleyimin dalınca yüyür,
taleyimin üstə gəril bir azca!
Bərkit ayağını, bas üzəngini,
teylə ürəyini, yorul, bir azca!
Çevir ürəyini sevər üzünə,
çevir gözlərini baxdığı səmtə —
üzünü üzümə çevir, qadası!
Sən elə həmişə taleyimdəsən,
taleyi özümə çevir, qadası!
Bir az ürəklərin qaç dolusundan,
bir az ürəklərin boşuna yüyür…
Ürəyin boyunca, gözün boyunca
dünyanın ağrılı başına yüyür —
ürəyim ağzımda mən yüyürəntək!
Bir az ürəyimin dalınca yüyür,
gözümün odunu alınca yüyür!
Taleyimin üstə yüyür, qadası,
elə bil sənindi buyur, qadası!
Ağlamağın əlacı…
… bu ömrə nə deyəsən?
Artır elə gündə yaş…
Başında əhlət daşı,
ayağında kündə daş…
Nə qədər yaşamışam,
neçə saat, neçə il?
Min cürə yaşamaq var —
heç biri mənim deyil…
Gödək də bir uzundu…
Bilirmi, gödək, görən?
… ağlamağın əlacı
gülməkdimi, tək görən?!
… ömrün hansı çağıdı?
Hara baxırsan bürkü…
… yaşayıb köhnəlmişəm,
cındırımdan cin hürkür.
Eh… ömrə nə deyəsən?
Artır elə gündə yaş…
Başında əhlət daşı,
ayağında kündə daş…
Bizim qalaktika…
(gürcü şairi Q.Tabidzeyə)
… ağarır qalaktikamız
… ya bulud naxışlarıtək!
… yavuz — ulduz axınları
meteor yağışlarıtək!
… qoxusu burnunda bir gül
öncə nazından çox satdı.
… ağarır qalaktikamız —
əmir mülkünə oxşatdım.
… soyuyan da son gecədi!
Neyləsin, bir aca qıysın?
… “mülkü göylərdi şairin”,
mülkünü hərraca qoysun?
Baxıb necə duymayasan?
Hər əza bir cür hiss edir!
İndi bütün qalaktika
Qalaktion Tabidzedir…
Paşa Talıblı