Soylu Atalı. Hallar

Bəzən bədii duyğusallıqdan, xəyalda estetik axıcılıqdan ürək də gərgin bir həyəcan içinə girir. Bəzən də sanki rahatsız bir gedişin seyirçisinə çevrilir. Hər iki halda insan bütöv olur, tam olur. Çünkü insanın varlığında Mütləq var, ona görə də insanın davranışları, halı bircəhətli deyil. Yəni insanın bilincində (şüurunda), ağlında, alt yapısında oturuşmuş doğrulardan bəlli olur ki, insan həm mübarizə aparan varlıqdır, həm də dünyanın gözəlliklərinə ürək açan varlıqdır. Bunların hamısını insanın içindəki Mütləq insana nişan verir, bildirir. Ona görə insan bunların hamısını doğal qarşılayır, hamısına ürək genişliyi ilə baxır.
Genel olaraq, İnsan ağlasığmaz dərəcədə ilginc bir varlıqdır. Bəşəriyyət hələ də buna təzadlı yanaşır.

xxx

…Bəzən deyirlər, indi kitab oxuyan kimdir. Bəziləri isə deyir, mən qulağıma qulaqcıq taxıram, qab yuya-yuya dinləyirəm, çay içə-içə dinləyirəm. Yaxşı edib dinləyirlər, özləri bilər. Ancaq mən düşünürəm ki, insanlar nə qədər cırlaşırsa cırlaşsın, kütləşirsə kütləşsin, Tolstoyu, Taqoru… kitabdan oxumağa ehtiyac yenə aradan qalxmır. Bunların heç biri insana kompüterdən, texnologiyadan soraq vermir, ancaq bunlar insana elə misilsiz duyğular aşılayır ki, insan özündəki Mütləqlə bir olur. Çox ilginc bir məqamdır. Belə məqamda gözə heç nə görünmür, kapitalizm, eybəcərliklər adamın baxışında sanki min il bundan öncədə – keçmişdə qalmış tarix səhnəsi kimi görünür. Mən onları oxuyanda elə bir əhvalda oluram, elə bil gerçəklikdə bütün çatışmayan nə varsa – insan ağalığı, haqsızlıq, qanunsuzluq, ədalətsizlik mənə elə gəlir ki, min illər öncənin keçmiş tarixləri kimidir. Çünkügenel insanın həyatında min il öncədən bu günə qədər heç nə dəyişməyib. Ancaq mənim içimdə min ildən bu günə qədər keçən vaxtdan elə bil üstünə min il də gəlib qabağa gedib. Belə hallar yaşayıram, özümü belə duyuram.
İnsanın halına bir şey girəndəo, insanın varlığıyla birləşir, bütövləşir. Onu başqa biçimdə, başqa cür ifadə edə bilər. Əgər varlığı ilə birləşib bütövləşirsə yenə ifadə edə bilər. Əgər hələ izhar edə bilmirsə, deməli, bir anda onun duyğularına nəsə çatıb, ancaq oturmayıb.

xxx

Mən Tolstoyda da, Taqorda da görürəm, onlar oxucuda o qədər zəngin duyğular yaradırlar, elə bil Allahdırlar. Onların içi möcüzədir. Onların o cür zəngin duyğuları, bədii özünüifadə gücləriinsanı dərin etkiləyir.İnsan gərək öz içiylə, duyğularıyla, düşüncələriylə o qədər iç-içə ola, o qədər birləşə, doğmalaşa ki, doğrudan da, həmin anlarda o real dünyadan ayrıla bilə. Real dünyadan, real gedişdən ayrılanda insan Mütləqlə görüşür. İnsan doluluq, duyğululuq halında, düşüncə halında gerçəklikdən, reallıqdan ayrıla bilmirsə o, Mütləqlə görüşə bilməz. Ona görə deyirəm, müsəlman ibadət edir, ancaq Allahla görüşmür, çünkü gerçəklikdən, reallıqdan ayrılmır, Allahın ortamına girə bilmir. İnsan dərin axtarışlarda həyacanlanır, beynində sanki kəşflər yaranır, belə anlarda Mütləqlə görüşür, Mütləqi duyur, onunla doğmalaşır. Bu halları insan yaşamasa onda özünüdərk prosesi baş tutmaz, onda o dünyanı dəyərləndirə bilməz. Real aləmdən uzaqlaşmağı bacaranlar ilahi düzeydə duyğulanmaqla, sehirlənməklə dahilik olanaqlarını üzə çıxarırlar. Məsələn, Nəsimini oxuyursan, adamın gözləri qarşısında sanki göylərə qalxır, sanki heçnə yoxdur, bütün kainatın gücü var, bir də o var.Tolstoyu, Taqoru oxuyursan, elə bil onlarda həyat yoxdur, həyatın mənası var. Bütün bədii təsvirlərində, duyğularında gerçəklikdən üstün bir durumda olurlar. Onlar həyatın mənasıyla üz-üzə dururlar. Özlərindən yüksəyə qalxıb Mütləqlə görüşürlər. Bu fantaziya deyil, gerçək yaşamdır.

xxx

Biz nə görürük, – toplum çox enib, çox pozulub. Bunu ağrılarla yaşayanda toplumun özündən ayrılması, dünyanın gedişinin pozulması insanın ağlına çatır, insan kədərə qərq olur. Ancaq bu görsəniş dünyanı, insanı sevməyə mane olmur. Məsələn, bizə min illər öncədən örnək veriblər ki, hamı itin leşini görüb burnunu tutur, İsa peyğəmbər leşin ağzına baxıb deyir, onun necə sədəf kimi dişləri var. Bunun özü onu göstərir ki, olandan artıq olan nəsnələr var. İnsan olandan artıqda dünyanı sevir. Əgər sənin qarşına hər şey bəsit çıxırsa, eybəcər çıxırsa, uçub-dağılmış çıxırsa onda sən uçub-dağılmış düzənə baxma, ondan dərinə bax. Onda sənin kədərin gözəl olacaq, ali olacaq. Gerçəkliyin əyilməsinə, pozulmasına qarşı kədərin qutsal olacaq, həm də nikbin olacaqsan. Çünkü olandan artığa baxırsan, onu görürsən, için nikbinliklə dolur. İnsanda ağrı ilə nikbinlik birləşir. Mübarizə bu Birlikdən yaranmalıdır. Bizdən öncəkilər belə örnəklər veriblər.
Bəlkə də doğru deyil, mən bilmirəm. Ancaq sufilərin həyatı ilə bağlı elə örnəklərə rast gəlirik, adam düşünür, görəsənbunlar hansı dönəmdə yaşayıblar. Sanki onlar feodalizm, quldarlıq görməyiblər, elə bil göylərin, günəşin altında üfüqlərdə yaşayıblar. Niyə,- çünki onların içi quldarlıqdan, feodalizmdən uzaq olub. Onların varlığı, düşüncəsi dərində olub. Onlar gördüklərindən o yana baxa biliblər, dünyada dünyadan artıq olanı görə biliblər. Bu yaşantılar onların əlindən tutub miniliklərdən sonraya, bizim çağımıza gətirib çıxarıbdır. Biz onları çağımızda örnək kimi, saflığın, doğruluğun simqəsi kimi seyr edirik, düşünürük.

xxx

Bayaq yazı oxudum, “yağış-günəş” məsələsi. İnsanlar selləmə yağışdan qorxurlar, islanar, xəstələnərlər deyə qaçırlar. Qızmar günəşdən də qaçırlar. Ancaq bu qızmar Günəş, selləmə yağışlar insan varlığında o qədər zəngin duyğular, xatirələr yaradır ki, günlərin bir günü iki insan bir araya gələndə yaşadıqları həmin duyğuları kədər içində (yəni əlçatmaz xatirə kimi)bölüşürlər. Bunun biri gerçəklikdir, biri ideal. İnsan gerçəklikdən dayanıb baxanda idealdan ayrılır, əslində özünü danır. Ya da insan ideallar aləminə düşəndə gerçəkliyi görmür, yenə də özünü danır. Xəyallar dünyasında olur, beləsinə xəyalsevər (xəyalpərvər) deyirlər. Gərək gerçəkliklə idealı öz ömründə, öz düşüncəndə, öz duyğularında birləşdirə biləsən ki, özünü danmayasan. Yəni nə rasionalizmə qapılasan, nə irrasionalizmə. Bunu da özüylə dolan insanlar anlayır, bilir. Yoxsa dünyanın gedişini izləsən gərək başına hava gələ, yıxılıb öləsən. Gerçəklikdə səndə nikbinlik oyadacaq heç nə yoxdur, sənə yaxşı görünəcək, yaxşı bir şey göstərəcək heç nə yoxdur. Bir yerdə yazmışdım, Ocaqçı üçün bütün dünya əyridir, dünya onun üçün yoxdur, uçubdur. Yalnız onun öz dünyası var, – Ocaq dünyası. Ona görə gerçəklikdən sıxılanda Ocaq dünyasına tələsir.

xxx

İndi gerçəklik sənin üçün ancaq qorxu yaradır, xof yaradır ki, mən yoxam, səni xoşbəxt edə biləcək bir nəsnəm yoxdur ki, sənə göstərim.Ancaq sən gerçəklikdən almırsan xoşbəxtliyini, xoşbəxtliyə səbəb olan nəsnəni. Gerçəklikdən yüksəkdə olan idealadoğmalaşanda alırsan, özün alırsan, özün görürsən, özün yaradırsan, özün gerçəkliyi ötüb girirsən xoşbəxtlik ortamına.
Bunu insanlara deyərsən, nağıl kimi baxar, bədiiləşdirilmiş, obrazlaşdırılmış xəyallar kimi baxar. Halbuki bu deyilənlər səndə var, səndə hal yaradır. O şey ki doğrudan da, insanda yüksək hal yarada bilir, demək ona mücərrəd baxmaq doğru deyil. bunlar boşuna deyil. Bəzən insan heç fərqinə varmaz, bilməz o necə yaranır. Mütləq yaradır onu. İçində Mütləq var. Heç  özünün  xəbərin olmur sən içindəki Mütləqlə necə ünsiyyətə girirsən, necə təmasda olursan, o sənə nələr deyir, nələr verir. Müsəlman Allahdan istəyəndə özündən uzaqdakı, qıraqdakı Allahı nəzərdə tutur, ona görə içindən gəlmir. Qıraqdan istəyir, ona elə gəlir ki, bir uğura varanda da qıraqdan almış olur. Özünü aldatmaqdır bu. Ancaq sən içində birdən elə bir nikbin halla dolursan ki, dünya özü boyda sənin varlığına hopur, varlığına girir, dünya özü sənin varlığında Mənaya yetir, Mütləqə yetir, özü olur. Bunlar hamısı bir bütündür…
Məsələn, gənclər bir-birinə aşiq olur, gənclərdə ilahi duyğular yaranır. Heç bilmirlər hardan gəlir, həyəcan bürüyür onları, dəhşətə gəlirlər, özlərini itirirlər, yer-göy başlarına fırlanır. Bu nədir, nədəndir fərqinə varmırlar. İçində gəzdirdiyi Mütləq (Allah məzmunu) özü insanın varlığında üzə çıxır sanki,sevən onun ağırlığına, sorumluluğuna dözmür. Mütləq onun varlığında elə bil hal yaraddır, bütün varlığı heyrət saçır. İlahi məqamdır bu, insan ona dözmür. Qarşıdakı onun içindəki Mütləqi oyadır, elə bil öz varlığında göstərir. İnsanı özündən yüksəyə qaldırır… Bunların hamısı insan hallarıdır, insanın bir bütün olaraq, bir tam olaraq varlığını təsdiq etməsidir, özünü göstərməsidir.
Biz niyə dini qəbul eləmirik, – din insanın əlindən bunları alır, insanı cılız sayır, sən böyük ola bilməzsən, qüdrətli ola bilməzsən deyir. İnsan bunları düşünərsə təkəbbürlülük damğası vurur ona. Sən sevənlərin halına bax, gör necə göylərə qalxırlar. Niyə deyirsən ola bilməzsən, niyə insanın üzərində Allah qorxusu, xofu yaradırsan, Allah basqısı yaradırsan?! Allah insanın varlığında bütün məzmunuyla doğmalı olduğu, özünü göstərməli olduğu halda, nədən sən onu bundan məhrum edirsən, bunu küfr sayırsan, təkəbbür sayırsan.İnsanı niyə Allahdan (əslində Mütləqdən) təcrid edirsən. Bu açıdan baxanda din İnsanlığa qarşıdır. Elə bil din insanla mübarizə üçün yaranıb, insanı balaca tutmağa, cılız tutmağa, insanı yerində oturtmağa gəlib. İnsanı böyüməyə qoymur…
Yaşasın Asif Ata!

Qar Ayı, 46-cı il.
(yanvar, 2024).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv