SUAL
Ağ düşüb ümidlə qaldığım dağa,
Bu yayın içində qarlı gecəyəm.
Sıfırdan başladım səni saymağa,
Sən məni say hələ, görüm neçəyəm?
Belə saymağınla nə böyük bir iş?
Belə saymamağın itən deyil ha.
Boyuma ölçülən hər gəliş-gediş
Sənin saymağınla bitən deyil ha!
Belə salamatı heç kəs olmayıb,
Kimdir ölümləri hecaya bölür?
Mənim ətəyimdə daş ki qalmayıb,
Məni dartan adam neçəyə bölür?
Bu sirrin içində bir cümlə yazı,
Sənin nə yaşın var hələ bilməyə?
Bu gedər-gəlməzə kim möhür basıb,
Hələ də gedirəm gələ bilməyə?
Hansı tapdığını itirir adam,
Hansı itirdiyin tapır, – nə ola?
Sənin Allahındır bir diri adam,
Məni Allahına tapşır, nə olar!
GƏLİRƏM
Baxma mənə, öz başımdan gedirəm,
Ürəyimin daş yerinə gəlirəm.
Sındırdığım hər daşımdan gedirəm,
Öləcəksən, yol yerimə gəlirəm.
Bildiyinlə bilmədiyin eynidir,
Bildiyini yoxlamışam, gəlirəm.
Bilmədiyin, gülmədiyin eynidir,
Zibilləri oxlamışam, gəlirəm.
Əlim çəkər gəlib çıxmaz başıma,
Yükləmişəm öz başımı, gəlirəm.
Öz qarşına hər yetəni daşıma,
Bu dünyaya daş daşınır, gəlirəm.
Dirildirəm dünyanın ölmüşlərin,
Elm, helm yığıb sinəm, gəlirəm.
Başayaqdı bu dünyanın işləri,
Ondan böyük Nurəddinəm, gəlirəm!
DİVAR
Bu azınla, bu çoxunla çoxmusan,
Heç enmisən, heç qalxmısan özündən?
Yığıb məni gözlərinə soxmusan,
Bəxtəvərəm, nə düşürəm gözündən!
Bilirsənmi, yolu ilan olanlar
Zaman gəlsə hardan hara çevrilir?
Nə fərqi var, doğru, yalan olanlar
Vaxtı bitsə daş-divara çevrilir?
Bilirsənmi, hardan hara qədərdir,
Bilirsənmi, hara hardan o üzdə?
Zaman niyə bu divara qədərdir?
Zaman niyə bu divardan o üzdə?
Bütün çoxlar öz içində olub az,
Bütün yoxlar bircə varın o üzü.
Bilirəme, hər dərində bir dayaz,
Ol bildin bir divarın o üzü?
Adam olur öz içində yurd salır,
Adam olur, ortalıqda bir divar.
Bilirəme, bilmədiyim qurd salır,
Bu nə sirdir, qarşımdakı sirr-divar?