Günev Atalının “Atagün” kitabı çapdan çıxdı

Ön söz

Ürəyində Günəş olsun, sayğılı oxucu!
Sənə sunulan bu kitab gələnəksəl kitablardan fərqli bir biçimdə yazılıb. Bu nə bədii kitabdır, nə fəlsəfi. Bioqrafik tarixi oçerk saymaq olar. Ömür yolu, mübarizə yolu, sevgi yolu, heyrət yolu – əslində bu adların hər biri bu kitabın məzmununu ifadə edir. Çünkü bu kitabda yazıya alınan yaşan­tılar çağdaş dönəmdə ağlasığmayan görsə­nişlər­dir. Ona görə ağlasığmayan görsənişlər deyirəm ki, ortada heç kimin yaşamadığı, yaşamaq istəmə­diyi bir aqibət var. Böyük anlamda sonuca varma­yan, sonu görünməyən belə əməkləri gerçək dün­ya­da kim özünə arzulayar ki?! Yola necə vurul­malısan, Yolbaşına necə güvənməlisən, mübari­zə­nin həqiqətinə necə inanmalısan ki, bu boyda əziyyətlərdən fərəh alasan, yorulmayasan, tükən­mə­yəsən. Kitabda oxuyacaqlarınız əslində bu dedi­­yimiz həqiqətləri anladır. Özü də uzaq keç­miş­də deyil, yaşadığımız çağda; dünyanın o biri başında deyil, bizim doğmaca vətənimizdə.70-ci illərin axırlarında, “Vətənimiz dağıdılıb, şüurumuz işğal olunub, xalqımız sarsıdılıb, insa­nı­mız qorxudulub. Vətənimizə yiyə durmalıyıq, şüurumuzu milliləşdirməli, xalqımızı özgələşmə, özünəyadlaşma bəlalarından qurtarmalıyıq, – bunun üçün insanımızı böyütməli, dirçəltməliyik” – çağırışı ilə mübarizəyə başlayan Asif Atanı ilk eşidənlərdən biri bu kitabın yazarı Günev Atalı oldu. Başqalarından fərqli olaraq, o bu çağırışa milli-insani varlığının qarantı kimi baxırdı. Ona görə də Asif Atanın yolunda illərlə külüng çaldı, fəhləlik elədi. Döyüldü, söyüldü, min cür tənələr eşitdi, qınaqlara tuş gəldi, bölgəsində təkləndi, – ancaq xalqına, onun yiyəsiz qalmış dəyərlərinə sevgisi bir an da azalmadı. O, “Günev” adına layiq doğulmuşdu, bu adı layiqincə doğrulda bildi. Onun ömrü, sevgisi, müdrikliyi, xalqsevər­liyi – bu xalqın qədrini bilən, onun gələcəyini düşünən hər kəs üçün canlı, gerçək bir örnəkdir. Şəxsən mən, Soylu Atalı olaraq, Günev Atalının ömür yolundan çox şeylər öyrənmişəm.
Sayğılı oxucu, Günev Atalı yazıçı deyil, davamlı qələm adamı deyil. Onun kitabları bütünlüklə mübarizəsinin, sevdalı yaşantılarının izharların­dan oluşubdur. O, kitab yazmaq həvəskarı da deyil. Bu iki kitabını da mənim önərimlə yazıb ortaya gətirmişdir. İstəmədim onun aşiqliyi, sağlam əməyi izsiz, etkisiz qalsın. Ömrü çağdaş­larına da, özündən sonrakılara da örnək yön verdiyi üçün yazılıb sabaha çatdırılmalıdır.
Kitabın redaktoru olduğum üçün dilinə ciddi əl gəzdirmişəm. Amaldaşımın danışığında, yazısın­da ərəb-fars sözləri çox olduğu üçün dəyişikliyə icazə aldım. Doğrudur, aşama-aşama özü də dili­mizi kor qoyan ərəb-fars sözlərindən uzaqlaş­mağa çalışır. Ancaq dilçi olmadığı üçün bu sürəcdə gecikir. (Əslində heç mən də dilçi deyi­ləm, ancaq uzun çağlardır yazılarımda dilin arınmasını gerçəkləşdirməklə uğraşıram).
İndi Amaldaşım Günev Atalının yazı dilinə əl gəzdirdiyim üçün kitabın üslubu mənim üslubu­ma bənzəyir. Ancaq mətn, məzmun, olayların yazılışı özünəxasdır. Ona qarışmıram. Yuxarıda vurğuladığım kimi, Günev Atalının məqsədi kitabçılıq deyil, sadəcə Asif Atanın Ocağının hansı çətinliklər üzərində gəlişdiyini, yaşadığını öz soydaşları ilə bölüşməkdir. Biz də ona bu yolda uğurlar diləyək!
Atamız var olsun!

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv