Xudbinliklə barışmaq. Çirkinliklə barışmaq.
Əyyaşlıqla barışmaq. Sərxoşluqla barışmaq.
Küdurətlə barışmaq. Ətalətlə barışmaq.
Zalımlıqla barışmaq.
Avamlıqla barışmaq. Qorxaqlıqla barışmaq.
Alçaqlıqla barışmaq.
Cəlladlıqla barışmaq. Qəddarlıqla barışmaq.
Riyakarla barışmaq.
Fitnəkarla barışmaq. Süniliklə barışmaq.
Sürülüklə barışmaq.
Zəlilliklə barışmaq. Miskinliklə barışmaq.
Azğınlıqla barışmaq.
Külü od saymaq. Damcını sel saymaq.
Yağışı tufan saymaq.
Xülyanı gerçək saymaq. Çirkini göyçək saymaq.
Çirkaba bulanmaq. Yalana aldanmaq.
Qəbahətlə barışmaq. Cinayətlə barışmaq.
Xəyanətə alışmaq. Daxildəki yırtıcıyla barışmaq.
Ürəkdəki hərcayiylə barışmaq.
Ağıldakı naqisliklə barışmaq.
Arzudakı xəbisliklə barışmaq.
Tamahdakı hərisliklə barışmaq.
Əməldəki bəsitliklə barışmaq.
Murdarlıqla barışmaq. İdbarlıqla barışmaq.
Tikanı gül saymaq. Dumanı göy saymaq. Yalanı düz saymaq.
Həya azlığıyla barışmaq.
İsmət azlığıyla barışmaq.
Qeyrət azlığıyla barışmaq.
Cürət azlığıyla barışmaq.
Ədalət azlığıyla barışmaq.
Həqiqət azlığıyla barışmaq.
Sədaqət azlığıyla barışmaq.
Ülfət azlığıyla barışmaq.
Səadət azlığıyla barışmaq.
Soyuq hərarətlə barışmaq. Saxta səmimiyyətlə barışmaq.
Miskin əzəmətlə barışmaq. Səthi dərinliklə barışmaq.
Acı şirinliklə barışmaq.
Yarımigidlə barışmaq.
Yarımmeyidlə barışmaq.
Yarımxalislə barışmaq.
Yarımmunislə barışmaq.
Yarıməsillə barışmaq.
Yarıməsirlə barışmaq.
Zəkada vəcd azlığı.
Sözdə atəş azlığı.
Ürəkdə günəş azlığı.
Bədəndə ruh azlığı.
Sarsılan iradə. Aldanan duyğu.
Nifrət qarışıqlı məhəbbət.
Qorxu qarışıqlı şücaət.
Çirkab qarışıqlı qüdsiyyət.
Yalan qarışıqlı həqiqət.
Məğlubiyyət qarışılı qələbə.
Xəyanət qarışıqlı sədaqət.
İkrah qarışıq heyrət.
Həsəd qarışıqlı qiymət.
Göy istəyib – yerdə qalmaq.
Yola çıxıb – yolda qalmaq.
Enişdə yüyürmək, yoxuşda təntimək.
Məhəbbəti vəsf etmək – işrətdə yaşamaq.
Müqəddəsi bəyənmək – bəsitdə yaşamaq.
Arzuda ucalmaq – həyatda əylənmək.
Mənəviyə can atmaq – maddidə dayanmaq.
Əzab həddi. Dözüm həddi. Cəfa həddi.
Vəfa həddi. Mətanət həddi.
Qəhrəmanlıq həddi. Səcdə həddi. İlham həddi.
Ləyaqət həddi.
Fəlakətdən sarsılmaq. Müsibətdən sarsılmaq.
Ədavət qarışıqlı dostluq.
Rəqabət qarışıqlı həyanlıq.
Qəbahətli cavanlıq. Cəhalətli yetkinlik. Zavallı qocalıq.
Balaca böyüklük. Alçaq ucalıq.
Xeyirin Şərlə qoşalaşması.
İnamın Şübhəylə qoşalaşması.
Xalisin naqislə qoşalaşması.
Qabilin cahillə qoşalaşması.
Müdrikin naşıyla qoşalaşması.
Aşiqin əyyaşla qoşalaşması.
İgidin qorxaqla qoşalaşması.
Pənahın günahla qoşalaşması.
İşığın zülmətlə qoşalaşması.
Təmizin çirkabla qoşalaşması.
Mərdin namərdlə qoşalaşması.
Ədalətin rəzalətlə qoşalaşması.
Özünütanımamaq. Özünəçatmamaq.
Yaman yanılırsan, İnsan!
Özünlə barışan kimi özündən ayrılırsan, İnsan!
Asif Ata. Özüylə Barışan İnsan
Dekabr 9th, 2024 admin
Posted in Türk Dünyası Tags: Asif Ata. Özüylə Barışan İnsan
You can leave a response, or trackback from your own site.