Soylu Atalı. Özümüzü aldatmayaq

İnsanın özünü üç növ aldatması var: anlamadan (şüursuz olaraq) özünü aldatmaq, şüurlu olaraq özünü aldatmaq, biri də fərqinə varmadan özünü aldatmaq. Bunlar nədə özünü göstərir?! – Şüursuz olaraq özünü aldatmaq əqli kallıqdan, sağlam mühakimələri bacarmamaqdan irəli gəlir. Şüurlu şəkildə özünü aldatmaq hər şeyi uydurmaq səviyyəsində baş verir. Burada özünü yalandan inandırmağa çalışmaq var. Boş, anlamsız təsəlliyə gərək duymaq var. Həqiqətdən qorxmaq, doğrularla üz-üzə durmaq cəsarətsizliyi. Başqaları üçün görsəniş yaratmaq miskinliyinə enərək oyun oynamaq.
Bir də dediyim kimi, fərqinə varmadan özünü aldatmaq var. Bu məndə çox olub. Məsələn, mən bir vaxtlar düşünürdüm ki, deyəsən böyük yolun başlanğıcına gəlib çıxmışam. Bəlkə də mən onda böyük yolun başlanğıcına gəlib çıxmağımı həqiqət üstdə yaşamağın başlanğıcı kimi görmüşəm. Əslində yanılmışam, yəni fərqinə varmadan elə sonuc çıxarmışam, – böyük yolun başlanğıcına gəlib çıxmaqla həqiqət üstə yaşamağımın başladığını düşünmüşəm. Ancaq elə deyilmiş. Demirəm ki, həqiqətsiz yaşamışam, həqiqət üstə epizodik yaşamalar da olur. Ancaq Həqiqət üstdə yaşamağın özündə bir davamlılıq, ardıcıllıq, qırılmazlıq olur. Mən daha çox həqiqət haqqında bilmək eşqi ilə yaşamışam, biliklərlə dolmuşam, onun fərəhini yaşamışam. Bu da yaşamaqdır, ancaq dediyim kimi, həqiqətlə yaşamaqdan daha çox həqiqət haqqında biliklə yaşamaqdır. Ola bilər, insan şirin xəyallarla da yaşasın. Xəyalda uydurma yoxdursa, bu da gərəkdir, pis bir şey deyil. Nə ilə yaşamağı bilmək çox önəmlidir. Bununla belə, bunların heç biri kamillik deyil. Kamillik – qırılmaz, davamlı həqiqətlərlə yaşamaqdır. Başqa cür yaşamalar, deyək ki, həqiqət haqqında biliklərlə yaşamalar, xəyallarla yaşamalar kamillik nişanələridir.
Bir vaxtlar məndən soruşurdular, kamilsənmi, təvazökarlıq edirdim, ancaq kamil olduğumu düşünürdüm. Əslində yenə də yanaşma, hardasa, fərqinə varmadan, özünü aldatmaq idi. Adam elə hesab edir ki, davamlı düşünürəmsə, davamlı, zəngin axtarışlarım varsa, kitablar yazmışamsa, deməli kamilləşmişəm. O həvəsdə, o istəkdə olur adam, istədiklərini özündə görmək istəyir, sözdə onu demək istəyir. Bəlkə də bu tələsməkdir, istəklərimizi o anda görməkdən məmnun olmaqdır. Özünə rahatlıq aşılamaqdır, özündə rahatlıq yaratmaq istəyidir. Bütün bunların hamısı, fərqinə varmadan özünü aldatmadır. Bu özünə xəyanət deyil, ancaq yenə də özünü aldatmaqdır. Nə vaxtsa dərk eləyəndə fərqinə varırıq ki, nə doğru imiş, nə qismən doğru imiş.
Fərqinə vara bilmədən özünü aldatmaq bizim suçumuz kimi qiymətləndirilməyə bilər, ancaq şüursuz, ya da şüurlu şəkildə özünü aldatmalar anormallıqdır. Məsələn, mən şüurlu şəkildə “məni yaşadan həqiqətdir” deyib əslində həqiqətlə yaşamıramsa özümə yalandan təsəlli vermiş oluram. Ocaq bizim üçün təsəlli ünvanı deyil. Bəzən hər şeyi deyirik, bilirik, ancaq hər dediklərimizin, bildiklərimizin hamısını dərk etmiriksə onda yalançı təsəlliyə gərək duyarıq. Biz deyirik, Ocaq bizim dünyamızdır. Ancaq “bizim dünyamızdır” deyilişini, fərqinə varmadan, gəlişi yaxşı söz kimi deyiriksə, özümüzü aldatmış oluruq.
İstənilən adam gəlişi yaxşı söz deyə bilər, hətta bu gəlişi yaxşı sözü doğru deyə bilər. Məsələn, orta səviyyəli bir şair şeirləri ilə uğraşmağı öz dünyası saya bilər. Bu doğru ola bilər. Söhbət ondan gedir ki, sənin dünyan nə dərəcədə həqiqətli dünyadır. Hər kəsin özünəxas balaca dünyası ola bilər. Ocaq isə balaca dünya deyil, nə də balacaların dünyası deyil. Əgər “Ocaq mənim dünyamdır” deyirəmsə, gerçəkdən bu Dünyanın sakini olmalıyam. O səviyyədə deyiləmsə, “Ocaq mənim dünyamdır” deyilişində özünü aldatma var. Orta səviyyəli bir şairin özünün şeiriyyət uğraşımını öz dünyası saymasında bir sorun olmaz. Əgər bu uğraşımını mütləq həqiqət olaraq öz dünyası sayırsa, bu da özünü aldatmaqdan başqa bir şey deyil. Nə dərəcədə sən o dünya ilə bütövsən, birsən, o dünyan özü bütövdürmü?! … Mən çox oxuyuram, oxuduqca içim mənə hansı aşamada olduğumu deyir, – hansı yolları keçirəm, hara yetə bilmişəm. Əslində Yol getmək bunu görə bilməkdən keçir. Kimsə düşünə bilər, Soylu kamilləşmənin yolunu çətinləşdirir, ancaq bu mənim özüylədöyüş, özünütəsdiq yolumdur. Bəlkə də kimin üçünsə bu aşama gərəksizdir, elə düşünə bilər, bunlarsız da o, kamilliyə yetib. Əgər elədirsə, bu xoşbəxtlikdir, mən heç kimi təftiş eləmək düşüncəsində deyiləm. Kimsə özünü aldadır, ya aldatmır, bu onun yetəcəyi sonucdur. Sadəcə mən özümü aldatmaq istəmirəm…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv