Bəzən üzdəki şairlər, genel olaraq qələm adamları (yazıçılar) yazdıqlarını Allahdan gələn ilham, Allahdan gələn söz kimi dilə gətirirlər. Onlar bunu təvazökarlıq edirmişlər kimi deyirlər. Yəni “mən kiməm, yazdıqlarım Allahın hünəridir”. Əslində bu deyilişdə gizli bir eqoizm var. Yəni “mən Allaha yaxın adamam, seçilmişlərdənəm”. Bu hal Məhəmməddən gəlir. Üzdə özünü təvazökar göstərir: “mən Allahın quluyam, nəyim var Allahdan gəlir, özümün heç nəyim yoxdur”. Ancaq bununla yanaşı, “mən üstünəm, Allahın seçdiklərindənəm”. Bu yanaşma insanla oyun oynamaqdır, onu kiçiltməkdir, sən boş gəlibsən, Allah istəsə bu boşluğa nəsə qoyar, istəməsə qoymaz.
Allahı içlərində elə vurğulayırlar, insan heç olur. Ancaq Nəsimi Allahı içində elə göstərir, insan var olur, insanın mahiyyətcə qüdrətli olması üzə çıxır. Müsəlman Məhəmmədin dediyini deyir, ona görə insan kiçilir. Nəsiminin dediyini desəydi, müsəlmanlıq başa çatardı. Müsəlmanlığın başa çatması – İnsanlığın başlaması, var olması deməkdir.
***
Bu gün biz insanı Asif Atanın dediyini deməyə çağırırıq. Nəsimi insanı – onun (insanın) Allah olduğunu anlamağa çağırırdı. Ancaq bu çağırış mücərrədləşirdi, çünkü “Allah” sözü yeri-göyü yaradan mənasındaydı. İnsan yeri-göyü özünün yaratdığına inanmırdı, bu gün də inanmır. Deməli, “Allah” sözünün adını, anlamını dəyişmək gərək idi. Asif Ata bunu elədi. Ancaq bu dəyişmə hərfən olmadı, insana yeni məna öyrədildi.
Atamız Var olsun.
25 İşıq Ayı, 41-ci il. Atakənd.