Xaliq Bahadır. Dürdanə

1972- ci il…

2024-ün yayı.

Bu yazını çoxdan, yaydan üzübəri yazmaq istəmişəm. Yazmağa əlim gəlməyib. Ona görə yazmaq istəmişəm, ancaq başqa nədənlərə görə yazmaqdan çəkinmişəm. Aradan aylar keçib, o çağdan bu çağa- yaydan indiyədək-  içimdə, düşüncəmdə vurnuxmuşam: “yazım, yazmayım”. Onu, onunla bağlı olan nələrisə yazmaq istəyim mənə dinclik verməyib, o üzdən yazmaq istəmişəm. Başqa bir yandan olub keçənləri düşündükcə qaçılmaz olaraq “bir budaqda oturub min bir budağı silkələməli olduğumu”, ardınca, belə toxunaqlı yazılarla bağlı çox olduğu kimi, hansısa yersiz qınaqlarla üzləşəcəyimi düşünüb, yazmaqdan daşınmışam.
Sonda yazmaq gərəyinə üstünlük verdim: qoy kim nə deyir-desin: o ağrılı-acılı olayların içindən keçib gəlmiş, o olayları yaxından-uzaqdan yaşamış biri olaraq məndən ötrü bu,- bir sıra gərəkən gerçəklərin dilə gətiriulməsi,-  bir yandan yurddaş borcu, o biri yandan yazar olaraq namus borcudur.

O, kim idi?

Onu bircə yol da görməmişdim, tanımırdım, ancaq səsini eşitmişdim, özü də dönə-dönə, demək olar, aylarla. O, incə bir qız səsiydi. Tez-tez dinləməli-eşitməli olduğum O incə qız səsini sevirdim? Yox. Sevmədiyim O incə qız səsini mən az qala hər gün sonadək dinləməli olurdum. Sonra da çıxılmazlıqdan dəliyə dönür, nə edəcəyimi bilmirdim.

Hər gün işə gedəndə onun yenə zəng edəcəyini düşünürdüm. Onun zəngləri məni qorxutmağa başlamışdı…

O, telefonçu idi, Xocalının Rabitə qovşağından zəng vururdu.

Dürdanə Ağayeva!

Sonralar öyrəndiyimə görə, onun o çağlar vur-tut 20 yaşı varmış- 1972-ci il doğumlu imiş.

Yanılmıramsa, onun birinci zəngi 91-in sonlarına yaxın olmuşdu- Qarakənd üzərində dikuçarın (vertolyot) vurulmasından sonra.

“Azadlıq” qəzetindəİnformasiya bölümünün başında dururdum. Otaqda dörd əməkdaş idik: Elçin Səlcuq, Qənimət Zahid, Tapdıq Fərhadoğlu, bir də mən. Hərə bir yana iş dalınca getdiyindən otaqda daha çox tək olurdum. Telefon da stolumun üstündəydi.

Birinci zəngində o: “Ermənilər Xocalıya hücum edəcəkləri, bizi qıracaqlarıyla hadələyirlər. Bizə kömək eləyin”,- dedi. Ona, kömək üçün qəzetə deyil, Prezident aparatına üz tutmalı olduqlarını dedim. O isə: “Adamlarımız Prezident aparatında neçə dəfə olublar,- dedi,- kömək eləmirlər, yoxdu kömək eləyən”. “Onda,- dedim,- Nazirlər kabinetinə getsinlər. “Orda da olublar,- dedi,- ordan da kömək yoxdur”. Bundan sonra ona AXC-ni göstərdim. Sən demə, onların sonuncu tutacaqları da boşa çıxdığından son güman yeri olaraq “Azadlıq”a üz tutmalı olublar. “Saman çöpünə əl atmaq” kimi.

Ayaz Mütəllibovun prezidentliyi dönəmiydi, ola bilsin, o, çox yaxşı ekonomist idi, ancaq onda çox yaxşı bir yana, çox az da liderlik, lider bacarığı yox idi. Burası isə danılmazdır: Dövlət katibi Tofiq İsmayılov başda olmaqla, onun güclü komandası vardı. O komanda ermənilərlə çox uğurlu savaş aparır, tək Qarabağda deyil, ermənilər yaşayan bütün bölgələrdə gərəkən sanitar işini yetərincə yerinə yetirirdilər. O çağların qoşullarına uyğun: asta-asta, usta-usta.

O Komandanı- A.Mütəllibov komandasının- ən önəmlilərini bir arada yox etdilər. Komandanın bel sütununu qırdılar. 20 Yanvarla Ə.Vəzirovun başına gətirilən Komandasını qırmaqla A.Mütəllibovun başına gətirilməklə, gündən-günə uğursuzluqları artan, yenilgən duruma salınan ermənilərə üstünlük qazandırılırdı. Qurğu belə qurulmuşdu!

İş tərsinə çevrilmiş, savaşdakı uğurlarla üstün durumda olan prezident birdən-birə yenilgən duruma salınmışdı.Çox geniş sosial bazası olan AXC isə birdən-birə ölkədə üstün gücə çevrilmişdi. Mütəllibovun AXC-yə yaxınlaşmaqdan, AXC ilə birlik yaratmaqdan, özünün, dövlətin yararı üçün AXC-nin gücündən yararlanmaqdan başqa yolu qalmamışdı. Bu üzdən də o, Elçibəylə danışığa getdi: “Cəbhəçilərin idarəçilik səriştəsi yoxdur, gəlin hakimiyəti bölüşək: mən prezident olaraq qalım, Cəbhə başqa postlara yiyələnsin, cəbhəçilər işləyərək idarəetməni öyrənsinlər”. Bu, o çağkı durumda qarşılıqlı olaraq ən əlverişli çıxış yoluydu. Elçibəy buna getmədi.

Burasını da yazmalıyam. A.Mütəllibovla aramızda söhbət olumuşdu, onun bir sıra baxışlarıyla tanış idim. Onları düzgün sayırdım, ancaq bir sıra yanlışlarına görə, ona qarşı kəskin müxalifətdə idim, onunla bağlı kimsənin yazmadığı kəskin yazılar yazırdım. Bununla belə, dediyim kimi, yuxarıda sözügedən komandanın itirilməsiylə ölkədə durum kəskin dəyişdiyindən, toplumun, dövlətin yararı üçün Xalq cəbhəsi-müxalifət olaraqbizim də bir sıra baxışlarımızda kəskin dönüş etməyimiz gərəkirdi.

Elçibəy daş atıb, başını tuturdu: “Hakimiyəti bütünlükdə götürməliyik”. Onunla ayrıca danışığımız oldu: “Mənim Ayaz Mütəllibova baxışım bəllidir,- dedim,- hansısa görəvdə gözüm yoxdur, ancaq indiki durumda Cəbhənin onunla əməkdaşlığa getməyini düzgün, gərəkli sayıram”. Elçibəy nə deyirdi: “Olmaz! Ayaz Moskvanın adamıdır, bizdən deyil…”- bu kimi başdansovdu sözlər.

Nazirlər sovetinin, başqa sözlə, hökumətin başında bugünədək nəyə yaradığı bəlli olmayan, ancaq illərlə yüksək görəvlərdə gəzişən Həsən Həsənov dururdu. İndi o haralardasa Əliyevlərin “ömürlük” elçibaşılarından biridir. Deyilənə görə, tarixlə bağlı kitab-zad yazır.Görəsən, qırğına uğramış Xocalı, xocalılarla bağlı hərdənbir də olsa, nəsə düşünürmü, azacıqsa da içini ağrıdan, göynədən nəsə olurmu,- axı o, sözügedən çağlarda yüksək yetki yiyəsi olaraq Xocalının, xocalıların qurtuluşuna yardım edə biləcək bir neçə görəvlidən biriydi.

Komandanın vurulub yox edilməsi erməniləri qudurdub azğınlaşdırmışdı. Onlar özlərini qarısıalınmaz güc olaraq görməyə  başlamışdılar. O üzdən Xocalıya basqıları gündən-günə artırırdılar.

 

Zənglər, zənglər, zənglər…

 

Dürdanənin zəngləri, demək olar, ara vermirdi: “Bizə kömək eləyin! Ermənilər bizi qıracaqlarıyla hədələyirlər…”

Səsin özəlliyi! Onun səsi getdikcə gənclik gözəlliyini, istiliyini, işığını itirir, acıqlı, sinirli, soyuq, titrək olurdu… Son çağlar bir neçə sözdən sonra onu ağlamaq tutur, sözləri kəsik-kəsik deyirdi: “Biii…zi… qı…ra…caqlar!..”

Onun özünü, üzünü görməsəm də, gilə-gilə göz yaşlarını görür, acılarını duyur, güvənsizlik, köməksizlik yanqısına ortaq olurdum. Yalnız bu, ha çabalayıb-vurnuxsam da, bundan artıq əlimdən nəsə gəlmirdi…

Yer üzündə bütün bağlar qırılmış, dayaqlar çökmüş kimiydi- arxalanacaq, söykənəcək, tutacaq yer yox idi. Nə edəcəyimi bilmirdim. Yuxularım göyə çəkilmişdi…

Rusiya başda olmaqla bir sıra dış güclərə arxalanan, onlardan yetərincə yardımlar alan ermənilər bizi çox qırmış, bizi çox böyük itkilərə uğratmışdılar, özü dəöz ölkəmizdə, öz yurdumuzda-yuvamızda. Biz onlara ölkəmizdə, ocağımızın başında yer vermişdik, onlarsa “arxalı köpəklər” olaraq bizi qırıb-çatmağa yüklənmişdilər:1828-ci ildə Rusiyanın əliylə coğrafiyamıza köçürülüb, yerləşdiriləndən az sonra: bərkinər-bərkinməz…

 

Xanlardan (indiki Göygöl rayonu) soraq gəldi, getdim. Orda ermənilər atışma çıxarmış, beş gənc polisimizi öldürmüşdülər. Onlardan birinin- leytenant Sənan Ağayevin evində oldum, bacısı Sahilə ilə qonuşdum. Sənanın üç yaşında qızı atasız qalmışdı….

Rusiyanın Ərzurumla Vanda baş konsulu olmuş general Mayevski ingilis-rus gücünə arxalanaraq ermənilərin bir çağlar Türkiyədə başlatdıqları qırğınlarla bağlı yazırdı: “Qanlı olayları hər yerdə ermənilər özləri başlayırdılar” (Mayevskinin xatirələri. Bakı, 1994, Şərq-Qərb, s.17).

Mayevski “qanlı olayları hər yerdə özləri başlayan” ermənilərin sonra Türkləri dünyaya (başlıca olaraq xristian dünyasına- Avropaya) “vəhşi” kimi tanıtdıqlarını yazırdı. Türkiyədə də, Azərbaycanda da ermənilərin qırğın taktikaları dəyişməz idi: 19-cu yüzildə də, 20-ci yüzildə də- qırğınları özləri başlayır, ardınca qırğına uğratdıqlarını qanlı tutur, çox geniş propaqandayla dünyaya  beləcə tanıdırdılar.

Ermənilər əlləri çatan hər yerdə bizi öldürürdülər.

Dürdanənin zəngləri kəsilmirdi. Xocalı qırğın qarşısındaydı. Qırğının qarşısını almaq olardı: AXC-də düzgün yol tutulsaydı.

AXC adından Ali sovetə deputat seçilənlər də Xocalını gözləyən qırğına səssiz qalırdılar. Onlar “Milli şura” adıyla parlamentdə öz oyunlarını (daha çox rollarını!) oynamaqda idilər. Onda mən “Azadlıq”da “Milli şuranın akademik yolu” adlı yazıyla çıxış etdim (13 dekabr, 1991). Yazıda Elçibəyin bir sıra cəbhəçilərlə dirəşərək AXC Ali məclisinin başına gətirdiyi Tamerlan Qarayev ayrıca vurğulanırdı. Tez-tələsik mənim “Azadlıq”dan,- yaradanlarından, yaşadanlarından olduğuim qəzetdən,- qovulmağım üçün yığıncaq keçirildi. Mənə qarşı birinci, özü də ən kəskin çıxışı qəzetin o çağkı parlament müxbiri- Elçibəylə danışıb qabağa çəkilməsinə yardımçı olduğum adam elədi.

O, altdan-altdan çox yaxşı işləmiş bir sıra əməkdaşları mənə qarşı qaldırmışdı. Onun özünün çıxışına, eləcə də əməkdaşlara aşıladığına görə, mən T.Qarayev başda olmaqla, dırnaqarası “Milli şuraya”, böhtan atmış, yalan yazmışdım. O, mənim uzaqdan gördüklərimi parlamentin içində ikən “görməmişdi”. Nədən? Konyünktura üzündən!

Nə yaxşı, Elçin Səlcuq varmış! Mənim işdən qovulmağıma yönəlik bir-birindən alovlu çıxışların sonunda,eşitdiklərindən sinirlənmiş Elçin sarkastık bir replika ilə bütün qurğunu alt-üst etdi: “Gəlin müttəhimə də söz verək!”

Mənə söz verdilər, ancaq hamının susduğu bir çox ağır, danışılması çətin durumlarda susmayan mən onda susdum. Qızışdırmayla yersiz yerə mənə qarşı odlu-alovlu çıxış eləmiş əməkdaşları bir-bir süzərək susdum.

Nəcəf bəy başda oturmuş, yığıncağı da o açmış, mənə qarşı kəskin çıxışda bulunmuşdu. Mən bilərəkdən son sırada oturmuşdum. Mənim susqunluğumun sonunda onunla baxışlarımız toqquşdu. Sözsüz, o da başqaları kimi mənim durub özümü qorumağa qalxacağımı gözləyirdi. Mən susaraq dik ona baxırdım: şərlənmiş müttəhim hakimə baxan kimi. Son qərarı o verəcəkdi. O, yığıncağı açıb mənimlə bağlı böyük suç yiyəsi olan birindən danışan bayaqkı adam kimi deyil, hansısa uyğudan ayılmış başqa birisi kimi kəsinliklə səsini qaldırdı: – Dağılışın!

 

Aradan az keçmiş məni “Azadlıq”dan qovdurmaq istəyəni qabağa çəkib, böyütdülər. Onun yerinə “Azadlıq”ın parlament müxbiri Bahəddin Həziyev oldu. Yığıncaqda o da öyrətmə-qızışdırmayla mənə qarşı kəskin çıxış etmişdi.

Bir sıra baxımlardan gözlənilməz bir iş oldu. Günlərin bir günü Bahəddin bəy mənə yaxınlaşıb utana-utana bildirdi: “Sizin yazdıqlarınız doğruymuş…” Sonra o mənə bilmədiyim bir neçə fakt da çatdırdı. Onlardan biri İsa Qəmbərlə bağlıydı: “İsa bəy hər gün parlamentə bir qucaq qəzetlə gəlir, qəzetlərini oxuyub gedir”.

Bax,“üstün intellekt, uzaqgörən, müdrük siyasətçi” bu deməkdir: hər gün parlamentə bir qucaq qəzetlə gəl, qəzetlərini oxu, çıx get.

Şair necə də gözəl deyib: “Ana Vətən, nə gözəldi ellərin!” Adamın oxumağı gəlir…

 

Dürdanənin zəngləri getdikcə daha qorxulu olurdu.

Telefon zəngi eşidiləndə diksinir, onun daha “ermənilər bizi qıracaqlar” deyil, “ermənilər bizi qırırlar!”, qışqırıq, hıçqırıq qarışıqharayını eşidəcəyimdən qorxurdum.

 

1970-72-ci illərdə iki il Stepanakertdə olmuşdum. Sovet ordusu sıralarında. Döyüş ordusunda. Demək, mən ordudan buraxılan ili Dürdanə anadan olmuşdu.

Xocalının yaxınlığında, Həsənabad deyilən yerdə 5-6 aylıq işimiz oldu. Düzgünlüyümə görə mənə ayrıca iş tapşırılmış, geniş yetkilər verilmişdi.Üç əskər yoldaş olaraq çadırda qalırdıq. Onları polkdan mən özüm seçib götürmüşdüm. Qarqar çayının qırağında olurduq. Bulaq suyu gətirmək üçün Xocalıya getmək gərəkirdi.

Bulaq başı tozlu olmasa da, sözsüz, qızlı olurdu. Yoldaşlarımızdan biri- Vaqif orda Yaqut adında bir qıza vurulmuşdu. O üzdən su gətirməyə daha çox Vaqif gedirdi, özü də sevinə-sevinə.Vaqif mənim orta oxulu bitirdiyim Krasnoselski kəndindən idi. Mən orta oxulu oxuyan çağlarda o kənddə çoxlu rus, çoxlu da rus qızları vardı. Ancaq bulaq yox idi. Bir dənə də. Onun yerinə gecələr tans oynanan klub vardı. O da bir ayrı bulaq idi- rus qızlarının bulağı.

Bulaqdan su gətirməyə hərdənbir getdiyimdən mən görməmişdim. Nadirin, Kürdəmirdən olan o biri əskər yoldaşımızın, dediyinə görə, Yaqut gözəl qız idi. Vaqif onualmaq istəyirdi, ancaq hamı istəyinə qovuşa bilmir. Görəsən, niyə? Ola bilsin, bu da yaşamın bir gözəlliyidir: istəyinə qovuşa bilmirsən, sonralar da elə hey onu düşünürsən…

Stepanakertə yaxın yerlərdə taktik öyrətilərimiz olurdu. Özü də hər gün: “Qaç!, Dayan! İrəli, Geriyə! Avtomatı belə tutma, elə tut!” Bizə tək avtomatla deyil, o çağkı bütün yaraqlarla davranış öyrədilirdi- atışda eləcə. Eləcə də qumbara atmağı öyrədirdilər. Kinoda baxırsan, elə bilirsən qumbara atmaq elə-belə bir işdir, ancaq elə deyil, onunla ayrıca davranış texnikası var.

Rotamızda 15 azərbaycanlı, 15 gürcü, 15 erməni vardı. 15 erməninin 15-nin də gimnastyorkasının cibində Azərbaycanı bütünlüklə, Gürcüstanın yarısını (başlıca olaraq Axalkələk-Borçalı bölgəsini içinə alan “Böyük Ermənistan” xəritəsi vardı. Ermənilər o xəritələri göstərərək bizi də, gürcüləri də onların “Böyük Ermənistanını” parçalayıb balacalatdığımıza inandırmağa çalışırdılar. Gürcülər aqressiv erməni yalanlarına görə onlarla yumruq savaşına çıxırkən biz bilgisizlikdən durub gözümüzü döyürdük.

Ermənilər tez-tez bizə Ağdamı da, Gəncəni də haçaqsa Yer üzündən siləcəklərini deyirkən biz onlara eləcə gülürdük. Bizə çox doğma gələn “Sovet xalqı” anlayışı ermənilərə bütünlüklə yad idi: onlara bələkdən Türklərə nifrət etməyi aşılamışdılar.

 

Taktika keçdiyimiz yerlərdə, dağların arasında, topa-topa yanmış evlər görərdik. Altıncı günlər erməni oxullarından uşaqları o yerlərə aparır, onları uşaqlara erməni yaşayış yeri olaraq tanıdır, 1905, 1918-20-ci illərdə Türklərin o evləri ermənilərlə birgə yandırdıqlarını deyirdilər. O erməni yalanlarına tək erməni uşaqları deyil, biz də uşaq kimi inanır, sonra da babalarımız yüz il öncə “yazıq erməniləri ev-eşikləriylə birgə diri-diri yandırdıqları üçün” özümüz özümüzdən utanır, az qala özümüzə nifrət eləyirdik.

 

Bilənlə bilməyənin savaşı

 

Aradan illər keçdi, 1988 olayları, ermənilərin Qarabağı Azərbaycandan qoparmağa yönəlik savaşları başladı. Radioda işləyirdim, baş redaktorumuzun yanına Elxan adında bir KQB polkovniki gəlib-gedirdi. Bildiyimə görə, onlar Sovetskidə bir məhəllədə böyümüşdülər. Biz o günlər tez-tez baş redaktorun (Rafiq Ağayev) otağına yığışıb Qarabağda baş vrənləri götür-qoy eləyirdik. Polkovnik bir gün illərlə KQB arxivində tutuqlu saxlanmış bir kitabla gəldi. Kitab “Qanlı sənələr” (Qanlı illər) adlanırdı.

Kitabı alıb oxudum. Uzun illər Azərbaycan oxucusundan gizlədilmiş o kitabı M.S.Ordubadi yazmışdı. Sən demə, yandırılmış “erməni yaşayış yerləri” kimi tanıdılan o yurd yerlərində Azərbaycan Türkləri yaşayırmış, oralarda qırğın törədən, ev-eşiyi yandırıb, yurd-yuvanı külə döndərənlər isə ermənilər olub- general Mayevskinin gözüylə görüb, doğrunu doğru olaraq bildirdiyi kimi: hər yerdə qanlı olayları özləri törədən, sonra onu planetar propaqandayla Türklərin üstünə atan, boynuna yıxan ermənilər-ermənilik!

Girişdə göstərildiyinə görə, ermənilərin törətdiyi o qanlı olaylar unudulmasın deyə, bir təpərli milyonçumuz (adını unutmuşam) o kitabı Ordubadiyə pul verib yazdırıb. Yurdsevər milyonçumuz o kitabı geniş yayılıb yaddaşlarda yaşaması üçün yazdırıb, ancaq bir çox başqa Azərbaycan gerçəkləri kimi o kitab da illərləgizlədilib, tutsaq edilib…

Ermənilər yalnız törətdikləri qırğın gerçəklərini gizlədib, dəyişib bizə qarşı çevirməmişdilər, onlar Xankəndi başda olmaqla Qarabağdakı irili-xırdalı yer adlarımızı, demək olar, ucdantutma dəyişməklə tariximizin özünü də bizə qarşı döndərməklə düşüncəmizi belə aşındırmaya (deformasiyaya) uğratmışdılar. Nə yazıqlar, ermənilər “Ermənistan” adı verdikləri əski Azərbaycan coğrafiyasında etdiklərini 70 illik Sovet hakimiyəti boyunca, özü də çox böyük uğurla Azərbaycanın indiki sınırları içində də etmişdilər. Başqa sözlə, oradakı haylaşdırma-erməniləşdirmə politikalarını burada da eləcə uğuirla uyğulamış-gerçəkləşdirmişdilər.

 

Sırxavənd meşəsinin qırağında- təpənin üstündə oturub üstdən aşağı Stepanakertə baxdığım yadımdadır. Komandirin verdiyi 15-20 dəqiqəlik arada taktik öyrətimlərdən yorulub, otururduq. Gəncliyin yaddaşı güclü, unudulmaz olur.Onda, o uzaq gənclik illərində mən Stepanakertinkeçmiş Xankəndi olduğunu, 1918-20-ci illərdə Azərbaycanın bir çox yerlərində , başlıcası da Bakıda böyük qırğınlar törətmiş, o qırğınların balıca ideoloqlarından bir olaraq tanınan Stepan Şaumyanın adının verildiyini bilmirdim. Nə yazıqlar, aşağı-yuxarı oxullarda bizə belə tarixləri- olanları, gerçəkləri öyrətmək yerinə onların tərsini öyrədirdilər.Belə tərsinə öyrətmələr isə dönəm-dönəm bizə böyük uğursuzluqlar qazandıracaqdı!

Mən o meşənin qırağından, o  təpənin üstündən Stepanakertə bir də 1989-cu ilinsentyabrındabaxdım. Onda biz bir neçə yoldaşla təpədən dırnağadək yaraqlı erməni quldurlarının qarşısında əliyalın  qalmış soydaşlarımıza bir az yaraq-sursat aparmışdıq. Ermənilər, görünür, yaxın gələcəyə yönəlik savaş planlarına uyğun olaraq meşəni qırıb bizim kəndlərə doğu asfalt yol çəkirdilər. Orda onlarla bizim yüngülvari bir toqquşmamız da oldu…

 

Dürdanənin zənglərini, daha doğrusu, telefon haraylarını unutmaq üçün ağlıma gələni düşünür, yaddaşımı günsəlləşdirərək bugünü keçmişə, keçmişi bugünə qatırdım.

Elə o günlərdə çoxdan gözlənilən sevindirici soraq gəldi: “Ağdamda Xocalının qurtuluşu üçün general Dadaş Rzayevin, Tahir Əliyevin komandanlığı ilə hərbi birlik yaradılıb döyüş başlayıb”. Xocalının qurtuluşu baxımından çox sevindirici soraq idi. Tapdıq bəylə yubanmadan Ağdama yollandıq. Yanılmıramsa, yanvrın 28-də Ağdamda olduq. Özümüzü tez yetirsək də, biz çatanadək döyüş bitmişdi. Döyüş vur-tut iki gün çəkmişdi.

Başında MN generalı D.Rzayevin durduğu Birlik ordu gücləriylə könüllülərin bir araya gəlməsiylə oluşmuşdu. Kadr zabiti olaraq tanınan Şirin Mirzəyevin taqımı Fərrux dağnı itki vermədən geri almışdı. Başlıca olaraq könüllülərin döyüşdüyü Xramort-Əskəran yönündə döyüş dayandırılanadək uğurlu irəliləyişlər olmuşdu.

Xocalının qurtuluşu bir addımlıqda ikən, Dadaş Rzayev ağır texnikanı geri çəkərək döyüşü dayandırmış, sonra da yaralıları döyüş meydanında qoyub… aradan çıxmışdı!

Türk qanına susamış Vitali Balasanyanın quldur dəstələri hay-erməni vəhşiliyinə uyğun olaraq yaralıları bir yerə yığıb od vurmuşdular.

Bizə D.Rzayevi tapıb danışdırmaq gərəkdi. Soraqladığımız adamlar onun Bakıya qaçdığını deyirdilər. Sonra Tahir Əliyevlə AXC adından “səlahiyətli nümayəndə” olaraq  Ağdamın bəlli “Qonaq evində” oturan Tamerlan Qarayevi axtardıq. Soraq-soraq gedib “Qonaq evinə” çıxdıq.

O “Qonaq evində” nələr olduğunu, T.Qarayev başda olmaqla birilərinin orda nələrlə uğraşdığını eşidib-bildiyimdən özüm aralıda durub Tapdıq bəyi içəri göndərdim. O orda ayaq üstə çətinliklə duran lül-qəmbər Tahir Əliyevlə qarşılaşmış, T.Əliyev D.Rzayevin Bakıya getdiyini dili dolaşa-dolaşa doğrulamışdı. Elə döyüşün dayandırılması nədənini də T.Əliyev bildirmişdi. Sən demə, D.Rzayev döyüşü dayandırmaq tapşırığını Bakıdan alıb: ATƏT-dən Ağdama gələcəkmişlər!

ATƏT Amerikanın, Fransanın, Rusiyanın birgə qurumu olaraq Qarabağ konflikti ilə bağlı sonadək erməniliyə qulluq elədi- burası bəlli. Bakıdan gələn, Birliyin uğurunu açıq-açığına uğursuzluğa dönüşdürən o döyüşü dayandırma buyruğunun arxasında hansı köstəbəyin, köstəbəklərin durduğu sonadək, 90-ların sonlarında keçirilən 9 aylıq (doqquz aylıq!) Şuşa-Laçın məhkəməsində belə bəlli olmadı.

Axtardığımız MN generalı D.Rzayev kimi AXC Ali Məclisinin sədir, AXC adından“səlahiyətli nümayəndə” T.Qarayev də yoxa çıxmışdı. O günlərdə Ağdamda topladığımız gərəkən bilgilər arasında Ağdamın “Qonaq evində” baş verənlərlə bağlı olanlar da vardı, ancaq onlar burada yazılası deyil…

“Komandanlardan” əlimiz üzüləndən sonra Allahverdi Bağırovun qərargahına getdik. Allahverdi bəy bir çağlar futbol oynadıqları Vitali Balasanyanla ölülərimizin alınması üçün danışıq aparırdı. Balasanyan onları bizə verməyin qarşılığında bir maşın (sisterna) benzin istəyirdi. İki günlük gərgin danışıqdan sonra Vitali ölülərimizi,- yanılmıramsa, onların sayı yeddi idi,- bizə bir kanstr benzin almaqla verdi. Bu, bizi bir kanstr benzinədək aşağılamaq, əksiltmək, yerlə bir eləmək idi. General Dadaş Rzayevi, general Tahir Əliyevi, başqa bir görəvli Tamerlan Qarayevi deyil, yalnız bizi- o ağrılı alış-verişə qatılanları!

Bütün bunlara, bu sayaq görsənişlərə baxmayaraq, onlar nəyə görəsə görəvdən-görəvə yüksələcəkdilər….

 

Qayıdandan sonra oralarda görüb-bildiklərimlə bağlı “Azadlıq”da yazım çıxdı. MN-nın qərargah rəisi Arif Salahov çağırdı. Getdim. Çox bərk acıqlanmışdı. Əli tapançasında məni ölümlə qorxudaraq:  “General Dadaş Rzayevlə bağlı yazdığın yalanlara görə qəzetdə təkzib verməlisən!”- deyirdi.“Yazdıqlarımı yoxlayarsız,- dedim,- yalan olarsa, təkzib verərəm”.

Mənim yalan yazmadığımı Arif Salahov da, işin içində olan başqaları da gözəl bilirdilər. Onlar qorxutma yoluyla, cinayətlərini mənim əlimlə ört-basdır etmək istəyirdilər. Alınmadı.

Aldığımız yaralı yandırılmışlarımız arasında birlikdə Bakının bir çox yerlərində mitinqlər keçirdiyimiz Xəlil Rza Ulutürkün oğlu Təbriz də vardı. Ermənilər onun ayağlarını yandırmışdılar. Təbriz bizim Azərbaycan radiosundakı əməkdaşlarımızdan idi, savaşa könüllü getmişdi. O, atasına çox oxşayırdı, enlikürək, sağlam, yaraşıqlı bir oğlan idi. Onu görən, onunla bağlı general cinayətini bilən, gördüyünü, bildiyini yazan mən yazdığımı qorxaqcasına yalanlamalıydım!..

 

Aradan bir neçə gün keçmiş Elçibəy Ağdamda baş verənlərlə bağlı yığıncaq keçirdi. O, yığıncağa qatılanları bilgiləndirmək üçün ilk sözü AXC-dən Qarabağ işlərinə baxan Daşqın Ağalarova verdi. Ağdamda işlərin “çox yaxşı getməsiylə” bağlı Daşqın bəyin çıxışında yüksək optimizm vardı. Mənim çıxışımda gerçəklikdən doğan pessimiz üstün idi. Gerçəyi dilə gətirməyim Elçibəyi necə özündən çıxardısa, səsini qaldıraraq acıqlı-acıqlı dedi: “Səni bir də yığıncağa buraxmayacam”. Mən də acıqla: “Bir də sizin yığıncaqlara qatılmayacam”,- deyərək qapını çırpıb getdim.

 

Burada bir az “ayaq saxlamaq” gərəkir. Daşqın bəy daha çox Qarabağla bağlı gördüyü işlərdən çıxış edərək danışırdı: “aldıq, tapdıq, apardıq, verdik, gəldik, işlər çox yaxşı gedir, Xocalı yerindədir, Ağdam möhkəm dayanıb…” Bu kimi sözlər. Mən isə, bir daha deyirəm: görüb-bildiklərimdən çıxış edərək durumun o sayaq ürəkaçan olmadığını, görülən işlərin yetərsiz olduğunu deyirdim. Elçibəyin ürəyincə olmayan bu idi. Qoy burasını da deyim: Ağdamda bizə AXC-dən gələn yaraq-sursatın ermənilərə satıldığını deyənlər vardı. Bunu Daşqın bəyə deməyə bilərdilər, bizə demişdilər.

Mən topladığımız bilgilərin hamısının yüzə yüz doğru ola biləcəyini düşünmürdüm, ancaq o bilgiləri yerinə çatdırmağı gərəkli sayırdım. Qalanı lider adı daşıyana- Cəbhə sədrinə qalırdı. Lider olaraq onun borcu gələn bilgilərə ayıq başla, analitik düşüncə ilə yanaşmaq idi. Ölkənin qorunması strateji bir işdir. Mənim düşüncəmə görə, o işdə doğma qardaşa da gözüyumuilu inanmaq, güvənmək olmaz. Lider o yöndə bilgiləri yalnız bir yerdən deyil, bir çox yerlərdən almalı, tutuşdurmalı, doğru-düzgünlüyünü yoxlamalı, sonra dəyərləndirməlidir.

Yalnız eşitdiklərimin deyil, bunlarla yanaşı, görüb-bildiklərimin analizi məni Xocalıda da, Ağdamda da durumun acınacaql olduğu düşüncəsinə gətirib çıxarmışdı. Bir sıra nədənlər baxımından mən düşündüklərimi qəzetdə yazmalı deyildim, ancaq onları hamıdan gizlətməli də deyildim. Gərəkənlərin edilməsi üçün!

 

Xırdaca bir özət

 

Bir daha vurğulamaq gərəkir: A.Mütəllibov komandasını itirdikdən sonra AXC ölkədə başlıca gücə çevrilmişdi. O üzdən AXC Milli şura ilə birgə Xocalının qurtuluşunda önəmli rol oynaya bilərdi. Ancaq bu yazıda göstərilən, göstərilməyən bir sıra görsənişlərdən göründüyü kimi, bir çoxları üçün Xocalının qurtuluşu deyil, A.Mütəllibovu yıxmaq önəmli idi.

AXC-nin “Qarabağ üzrə səlahiyətli nümayəndəsi” T.Qarayevin Ağdamda oturdulmasına gəlincə, genəlliklə kimin kim olduğunu bilmək istəyənlər Ə.Əliyevin sonadək ən yaxın dostu olaraq tanınan Aydın Abbasovla (Türk Aydın) Moderator.az saytında yayınlanmış qonuşmanı oxusunlar.

Yuxarıda sözügedən son yarımçıq döyüşlə biriləri Xocalının qurtuluşu ilə bağlı işi bitirmişdilər.Dönüklüyü gizlətmək üçün ortaya ATƏT yalanı atılmışdı.

Sonra, fevralda, Ağdamdakı ayrı-ayrı döyüş gücləri Xocalının qurtuluşu üçün yenidən bir araya gəılmişdilər. Plan qurulmuş, yaraq-sursat donatılmış,AXC ilə MN-ın ortaq görəvlisi Fəhmin Hacıyev savaşın başladılmasına az qalırkən,Bakıdan gələn zəng nədəniylə planı pozmuş, əlində olan tək “Qrad” qurğusunu götürüb getmişdi. Başqa sözlə, aradan çıxmışdı…

 

Səkkiz gün Şuşada

 

Məni indi çox Şuşa ilgiləndirirdi: “Görəsən, Şuşada durum necədir, Şuşanı qoruyub saxlaya biləcəyikmi?” Az TV ölkənin dörd bir yanından Şuşaya yollanan ərzaq karvanlarını göstərirdi. Burası yaxşı idi:baxır, görür, sevinirdik. Şuşadan gələn soraqlar da ürəkaçan idi: “Şuşa dağ kimi dayanıb!”

Ağdamdan da oxşar soraqları çox alırdıq:“Ermənilər ağdamlılardan qorxurlar, Ağdam dağ kimi dayanır!” Getdim, araşdırdım, dəyərləndirdim- elə deyildi. Hamı üzdə olanı görür, üzdən o yanda olanlarla ilgilənmirdi. Bu isə birçox baxımlardan xalq olaraq bizim uğursuzluğumuza gətirən başlıca nədənlərdəndir. Günü bu gün də belədir: üzə baxır, üzü görür, ondan o yanı görməyə, dərinlərə dalmağa, biraz kəskin desək, can cəkirik. Elə buna görə də sonra qaçılmaz olaraq can çəkişməsinə uğrayırıq…

Xocalı ilə, Ağdamla bağlı gerçəyi görüb öyrənəndən sonra Şuşaya getmək, Şuşanın necə qorunduğunu görmək, bilmək istəyirdim. Gedəcəyim günü özüm üçün bəlli eləyəndən sonra Şuşa yolunun ermənilərin üzündən  güvənli olmadığını bildiyim üçün nədəsə gözlənilməzlik  olmasın deyə, gedəcəyim günü yaxınlarıma bildirdim. (Bəlli olduğu kimi, ermənilər jurnalist Salatın Əsgərovanı Şuşa yolunda öldürmüşdülər).

Yola düşməyimdən bir gün qabaq qardaşım gəldi: “Naziri (iş yoldaşı Nazir Quliyev) Şuşaya prokuror göndərirlər. Sənin Şuşaya gedəcəyini bildirdim, dedi, bir-iki gün gözləsin, bir yerdə gedək”. “Bir-iki gün” uzana-uzana bir həftə çəkdi. Niyəsi də bəlli idi: Baş prokuror Murad Babayev Şuşaya yaraq-sursat göndərmək istəyirdi, ona görə gözləmək gərəkirdi. Bir həftə sonra bir “KAMAZ” yaraq-sursatla yola düşdük. Hava qaralmağa başlayanda Şuşa yoluna çatdıq. Yol dumana bürünmüşdü. Axşam Şuşada olduq. Yeni prokuror görəv yerinə getdi, mənsə qərargaha.

Orada gözləmədiyim görsənişlə üzləşdim. Rahim Qazıyevlə görüşüb danışmaq istədim, məyə görəsə, o, mənimlə görüşmək istənədi. Rahim bəylə biz AXC Təşəbbüs mərkəzindən tanış idik, aramızda hansısa inciklik olmamışdı. Yeri gəlmişkən, mənim Şuşaya gəlişimdən az öncələr Rahim bəyə güllə atılmış, o, ayağından yaralanmışdı. Qarşılığında isə, qəzetlərdə bildirildiyinə görə, 8 əskər öldürülmüşdü. Sözsüz, mən bu faktı da araşdıracaqdım…

 

1992-ci il fevralın 25-i  idi.

Bir həftə qabaq olmalıykən, mən ayın bu günü Şuşada oldum. Görəsən, niyə belə oldu? Yoxsa, bu bir SUR idi. (Ərəbcə “tale” deyilənə Türkcəmizdə SUR deyilir). O bir KAMAZ yaraq-sursatın düzəlməyi üç gün də çəkə bilərdi, on gün də, ancaq 24-ü düzəldi, 25-i tezdən yola düşdük.

 

Gecəni əskərlərlə birgə qışlada keçirdim. “Yatdım” deyə bilmərəm. 25-dən 26-na keçən gecə idi. Aşağılardan hay-haray, atışma səsləri gəlir, gurultular yüksəlir, elə bil yer-göy od tutub yanırdı. Oralarda nə baş verdiyi bilinmirdi…

 

Ertəsi günü könüllülər taqımının komandiri Tofiq Oğuzla onun qərargahında görüşdüm. Tofiq bəy hər axşam Xankəndi yörələrindəki postlara ərzaq, sursat aparırdı. Onunla getmək istədiyimi bildirdim. “Yollar qorxuludur”,- deyib onlarla getməyimi istəmirdi. Sonda uzlaşa bildik.

Yollar gerçəkdən çox qorxulu idi. Ermənilər işıq gələnə güllə yağdırar deyə, qarlı, buzlu sıldırımlı yollarla maşının işığını yandırmadan getmək gərəkirdi. Erməni gülləsi bir yana, azacıq yanlış da yük dolu maşını uçurumun dibinə yumbaladardı. Bu, ayın 26-sı idi.

 

O biri gün, ayın 27-də, mən Tofiq bəygilə yenə yoldaş oldum. Axşam ordu qərargahına qayıdanda əskərləri ağlayan gördüm. Kanselyariya işinə baxan Zabid bəyə yaxınlaşıb nə olduğunu soruşdum. “Ermənilər Xocalını qırıblar”,- dedi. “Haçaq?”- soruşdium.- “25-dən 26-sına keçən gecə”.

 

Əskərləri ağladan erməni postları arasındakı danışıqlara görəymiş. Balasanyan başda olmaqla erməni quldurları ələ keçirdikləri qadınları postlara paylayırmışlar. Özü də belə bir parollarla: “Sizə bir belə yaşıl gətirəcəyik”. “Yaşıl” müsəlman deməkmiş. “İran islam respublikasının” sonadək arxa durduğu, yardım etdiyi ermənilik bu idi! Sonradan bəlli olduğu kimi, ermənilər Xocalıda ələ keçirdikləri qadınları bir yerə yığıb lüt soyundurmuşdular. Ermənilər buna oxşar bir işi 1918-ci ildə ingilis komandanlığına arxalanaraq qırğınlar törətdikləri Urmu-Maku bölgəsində də tutmuşdular. Orada onlar ələ keçirdikləri qadınları lüt soyundurub yol qıraqlarına düzərək “şanlı erməni ordusunun” paradını keçirmişdilər. Göründüyü kimi, yüzillər keçsə də, iyrənc erməni-hay xarakteri dəyişməz qalır.

Zabid bəydən Rahim bəyin Xocalı ilə bağlı nə düşündüyünü, nə etmək istədiyini soruşdum. O dedi: “Rahim bəy telefonda Heydər Əliyevlə danışdı”.

 

… 91-in 20 noyabr olayı ilə ölkədə dəngələr dəyişmiş-dəyişdirilmişdi!..

 

Qərargahdan çıxıb prokurorluğa yollandım. Şuşa, demək olar, bomboş idi, küçələrdə gündüz də çox az, tək-tək adamgörmək olurdu, onda qalmış qaş qaralandan, axşam düşəndən sonra olaydı.

Şuşalılar Şuşadan getmişdilər.

 

Havada adamın üzünü qarsan kəskin sazaq vardı. Yollar buz bağlamışdı. Azacıq  yanlış addım sürüşkənlik üzündən yıxılıb qol-qıçı sındırmaqla sonuclana bilərdi.Yolu kor yol yeriyən kimi xırda addımlarla qorxa-qorxa yeriyirdim. Yollar qorxulu, tutacaq yer yox idi.Yolları bir yana, Şuşanın özü də buz bağlamış, donmuş kimiydi.

Onda, o qorxulu-sürüşkən yollarda, deyərdin, tək Şuşada deyil, bütün dünyadabir dənə də güvəniləcək, tutacaqyer yoxdur, qalmayıb.O çağda, o yolda, o düşüncələr içində mənə elə gəlirdi  Şuşanın tutacaq axtara-axtara getdiyim yolları kimi dünya özü də buz bağlayıb, sürüşkən, tutacaqsız olub…

 

Üç günlüyə getdiyim Şuşada aprelin dördünədək, 8 gün qaldım. O ağır, acınacaqlı günlərində Şuşadan ayrılmaq mənə ağır gəlirdi, tək Şuşaya görə deyil, bir də oradakı əskərlərə, çoxu çox gənc könüllülərə, ayrıca olaraq əskərlər arasındakıçoxsaylı cəbhəçilərə görə.

Belə bir deyim var: “Alay (polk) min adamdır, ancaq min adam alay deyil” Yuxarıda bildirdiyim kimi, iki ilim döyüş ordusunda, gündəlik taktik öyrətilərdə keçmişdi. O üzdən gerçək ordunun, gerçək ordu düzəninin nə olduğunu, necə olduğunu yaxşı bilirdim…

 

Şuşaya çoxlu könüllü gəlirdi. Çoxu da yeniyetmə oğlanlar idi. Onlar əskər deyil, eləcə yeniyetmə idilər. Az Tv onlarla bağlı reportajlar verir, hamı baxıb sevinirdi: bəh, bəh! Ancaq olanlar gerçəkdə sevindirici deyildi: ermənilər bizimlə qanlı savaşa körpəlikdən yetişdirilmişdilər. Üstəlik, ortada yüksək ordu eyitimi görmüş Erməni Ekspedisiya Korpusu vardı.Bizdə o korpusa qarşı duracaq başlıca güc “əfqanlar”- Sovet ordusu sıralarında Əfqanıstanda döyüş yolu keçənlər idi. Ancaq onlar də, mənim gördüyümə, bildiyimə görə, Erməni Ekspedisiya Korpusu kimi mobil, eləcə də konkret strategiyaya bağlı deyildilər.Bəlli olduğu kimi, alayın taktikası, strategiyası, buna uyğun da savaş planları olur. Bu baxımdan ermənilərdəki alay, bizdəki “min adam” idi…

Qoy kimsə elə düşünməsin mən özümüzü aşağılayıram, yox, elə deyil, bizim qanımızda-canımızda ayrıca bir savaş qutu var: yağı önündə bizi biz eləyən üstün savaş qutu! Bu, ayrı bir özəllikdir. Bir də var yüzilliklər boyunca səni yenməyə yüklənmiş, buna uyğun da bişkin planları-qurğuları olan, hər cür alçaqlığa, yaramazlığa gedəcək bir güc- acımasız bir yağı. Bu yerdə Az TV-nin o çağlar Ağdamdan yayınladığı bir reportaj yada düşür. Az TV jurnalisti hündür boylu, yekəpər bir kişidən soruşur: “Ermənilər təpədən dırnağa silahlanıblar, siz heç olmasa onlara qarşı səngər qazırsızmı?”. Adam əl-qolunu yelləyərək deyir: “Erməni nədi biz onnardan qorxub səngər qazaq?” Burada iş ermənilikdən daha çox gerçəkliyə baxışda, yanaşmadadır. Gerçəkliyə gerçək baxış uğur gətirdiyi kimi, gerçəkliyə uyğun olmayan baxış da uğursuzluq gətirir…

 

Gecə gözü postları gəzirkən qalın qarda, kəskin şaxtada, qaloşla postda duran yeniyetmə də görmüşdüm. İstər yaşlı, istərsə də gənc- onlar hamılıqla ürəkli, dözümlü, özgüvənli idilər. Onlarla danışmaq, onları dinləmək adama ayrıca güc, ayrıca enerji verirdi.

Orada- o postlarda- elə başqa savaş bölgələrində də gördüyüm oğullarböyük çoxluqla Azərbaycanı canı kimi deyil, canından artıq sevənlər idi: onlar Azərbaycan üçün yaşayır, Azərbaycan üçün döyüşür, Azərbaycan üçün ölürdülər. Onlarla görüşə-görüşə, duyğularını bölüşə-bölüşə mən də olduğumdan daha artıq MƏN olurdum!

Napoleon demişdi: “Mənə Türklərdən bir ordu verin, dünyanı alım”. Ancaq ordu elə-belə, özbaşına olmur, oluşmur: onu qurur, yaradır, çağına, yerinə uyğun üstün ağılla, özümlü baxışlar sistemiylə yönətir, komandanlıq edirlər.

Bizdə başlıca çatışmayan nə idi? İki yüz ildən bəri qanımıza susamış yağı qarşısında bütün ölkəni bir yumruq kimi birləşdiriəcək Strateji liderlik, başqa sözlə, strateji lider yoxluğu! Biz kökümüzü kəsməyə yüklənmiş yağı önündə birləşib bütöv yumruğa dönmək yerinə,açıq bir əlin hərəsi bir yana tuşlanmış  barmaqları kimiydik: hakimiyətdə də, müxalifətdə də. Ən acınacaqlısı isə… Xalq cəbhəsində də!Azadlıq meydanında ölkə boyu böyükbirlik yaratmaqla “ilin xalqı” adını qazanmış biz o Hərəkatdan doğan Xalq cəbhəsində hansı nədənlərdənsə cəbhələrə bölündük. Meydan tribunasında birlikdə olanlar hansı nədənlərləsə Cəbhə yönətimində birlikdə ola bilmədilər. Ortada isə ölkənin sağlam, uğurlu gələcəyinə yönəlik bir Proqram vardı…

 

Bir gün gecə 12-yə 20 dəqiqə qalmış sürücü məni eyvvana çağırdı, prokurorluğa sarı uzaq qaranlığı göstərib dedi: “Baxın,oralar ermənilərin bizimkiləri qırdığı Daşaltı kəndidi, indi ordan təpənin üstünə “Qrad” çıxacaq. Ardınca Cıdır düzündən işıqlı güllə atılacaq, sonra da “Qrad”atmağa başlayacaq. Hər gün 12-yə 15 dəqiqə qalmış belə olur”. Az keçmiş dediyi kimi oldu.

 

Gediləsi başqa yer olmadığından yeməyi prokurorluqda yeyirdim. Prokurorluq işçiləri də, demək olar, mənim günündəydilər- onların da gedəcəkləri başqa yer yox idi. Yeməyi hansısa müstəntiq gətirir, birlikdə yeyirdik.Prokurorluğa birinci gəlişimdə çatıdan az aşağı divarda böyük bir yarıq gördüm- Daşaltı sarıdan atılan erməni mərmisinin yeriydi.O, bizim hamımız üçün bir uyarı idi. Çox keçmədən ardı gəldi. Bir gecə prokurorluqdan çıxdığımızın ardından bina “Qrad” atışına tutuldu. O gün bir az tez dağılışmışdıq.

Başqa bir gün, sözsüz, gecə 12-yə az qlmış, olduğum evə doğru Daşaltıdan “Qrad” atışları oldu. Tezdən çıxıb baxanda qonşuluqdakı evin dağıldığını gördük. Sürücü: “Südabənin evidir”,- dedi. Dediyinə görə, bir çoxları kimi Südabə də şəhərdən getmişdi. Şuşa belə günlər yaşayırdı. Ermənilər Şuşanı belə boşaldırdılar- durduğu, oturduğu, yatdığı yerdəcə erməni gülləsindən, erməni atışından ölmək qorxusu altında. Bu da bir taktika idi: təkcə coğrafiyamıza-ölkəmizə yiyələnməklə yetinməyib evimizə də yiyələnən erməni taktikası.

 

Xocalı qırğınını Bakıda iki gün gizlətmişdilər. Kimdən? Sözsz, xalqdan. “Azadlq” radiosuna, daha doğrusu, Mirzə Xəzərə bildirməyimlə hakimiyətin uğursuz, yersiz-gərəksiz informasiya blokadası yarıldı.

Şuşa könüllülər taqımının komandiri Ramiz Qəmbərovla tez-tez görüşürdük. Onunla tanışlığımız Bakıdan başlamışdı. Çoxdankı tanışlığa görə Ramiz bəylə söhbətimiz açıq olurdu. Onun bir sıra gileyləri vardı, onlardan biri də avtomat üzərindəki qumbaraatan yoxluğundan idi. Ağdamdakı Uzundərə Sovet ordu bazasının açıldığını bilirdim. Prokurorla danışdım. O da Ağdamın prokuroruyla danışdı. Aradan bir neçə gün keçmiş Ağdamdan Şuşaya içində Ramiz bəyin dedikləri də olmaqla bir maşın yaraq-sursat gəldi.

 

Gərəkən əkləmə. Savaş sürəsindəki çalışmalarımla bağlı sonralar Müdafiə nazirliyindən mənə veteran vəsiqəsi vermək istədilər, götürmədim. Tanıyırdım, bilirdim: savaş bölgələrində bircə yol da olmayan, ancaq o vəsiqəyə əyri yollarla yiyələnən rüşvətxorjurnalistlər vardı. Mən çoxillik jurnalistliyim boyunca bircə yol da rüşvət almamışdım,- istər Radida, istər Televiziyada, istərsə də qəzetdə işlədiyim dönəmdə,- onlarsa rüşvət almağa da, verməyə də alışmış kimsələr idilər.Bir çox yerlərdə- Şuşada, Füzulidə, Laçında dönə-dönə ölümlə üzləşmiş, ancaq sağ qalmışdım. Mənim ən dəyərli “vəsiqəm” sağ qaldığımdan dolayı,gerçəkləri dilə gətirməklə, yazmaqla, doğrunun yalanı yenməsinə yardımçı olmaqla Ölkəmin sağlam, uğurlu gələcəyi üçün çalışmaqdır. Yaşam prinsiplərimdən pulsuzluğun nə demək olduğunu yaxşı bildiyimkimi, doğru yollu olmağın, doğruluğa qulluq etməyin də nə demək olduğunu gözəl bilirəm. Birinci olmazlıqdan-yoxluqdanağrı-acı doğurursa, ikinci olasılıqdan-olmalı olmaq gərəyindən ağrı-acı doğurur. Ən çox da özgüdükçü düşüncədən qaynaqlanan yalanın, yaltaqlığın istər hakimiyət, istərsə də müxalifət düşərgəsində geniş yayıldığı toplumlarda.

 

Ramiz bəyləbütün görüşlərimiz, danışmalarımız Şuşayla, Şuşanın qorunmasıyla bağlı olurdu. O, İnşaat mühəndisləri institutunu bitirmişdi. Özü də Rahim Qazıyevin tələbəsi olmuşdu. Ayrılanda mənə belə demişdi: “Məni öldürüb, Şuşanı verəcəklər”.

Şuşadan aprelin 4-də ayrıldım. O gün keçmiş Alban kilsəsinə “Qrad” mərmiləri daşındığını gördüm. Şuşa ərzaqla, yaraq-sursatla doluydu. O biri yandan da Şuşaya durmadan könüllülər gəlirdi. Ancaq bunlar hamısı bir yerdə,belə görsənişlərə görə bir çoxlarının düşündüyü kimi, Şuşanın alınmaz qala olması demək deyildi. Şuşanın alınmazlığı baxımından bunlar aldadıcı görsənişlər idi: Etibar Məmmədovun dar ayaqda Şuşadan birinci çıxıb gedən “Tank batalyonu” kimi. Eləcə də məhkəmə çıxışında dediyi kimi, “şalvarı cırıldığı üçün” Şuşanı atıb qaçan“general, milli qəhrəman” Rövşən Əkbərov kimi.Eləcə də Şuşanın qorunmasından daha çox qorunmamasında payı olan general Elbrus Orucov kimi…

Doqquz aylıq Şuşa-Laçın məhkəməsində açıqlandı: ermənilərin Şuşaya basqınından öncə Şuşanın Stepanakert çıxacağındakı yol minalardan arındırılıb. Bakıdan edilən hansısa zəngə görə, ATƏT-dən gələcəkmişlər. Uşaqlıqda sevə-sevə baxdığımız “Uzaq sahillərdə” filmində deyildiyi təki: “Həmin dalğa, həmin koordinat”.

MN generalı Elbrus Orucovun məhkəmədə bildirdiyinə görə, o, Şuşanı qorumağa sorumlu olan birisi kimi Bakı ilə, nazirliklə deyil, Naxçıvanda oturan H.Əliyevlə ilişkilərdə bulunurmuş. Xocalının icra başçısı Elman Məmmədov kimi…

Doqquz ay sürən məhkəmə bircə dənə gərəkən sonuca varmadı: çağ o çağ deyildi!

 

Mayın 7-də Ramiz Qəmbərov vuruldu, mayın 8-də Şuşa getdi. Bunun surmu, plana uyğun qurğumu olduğunu deyə bilmərəm.Bildiyim eləcə Ramiz bəyin mənə dedikləridir…

 

Şuşa gedəndən sonra Elbrus Orucovla Etibar Məmmədov Laçına çəkilmiş, Laçın mədəniyət evini qərargah eləmişdilər. Orda onları birgə “komandanlıq” eləyən gördüm. Mənə elə gəlir, qarşılıqlı anlaşma içindəydilər: Şuşanı necə qorumuşdularsa, Laçını da elə qorudular…

 

Xocalı soyqırımı

 

Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla ermənilər 613 soydaşımızı öldürmüşdülər. 8 ailə bütünlüklə qırılmışdı. 25 uşaq ata-anasını, 130 uşaq ata-anasından birini itirmişdi. 76-sı uşaq olmaqla 487 adam yaralanmışdı. 1275 adam yesir aparılmışdı. Onlardan 150 adamın, o sıradan, 26 uşağın necə olduğu indiyədək bilinmir.(Vitali Balasanyan bilməmiş deyildi, onu da nəyə görəsə, Laçın koridiorundan deyə-gülə yola saldılar, getdi İrəvana. Görəsən, o kimin nəyi imiş?)

Dürdanə də yesir aparılan qadınlar arasında idi. 20 yaşında Dürdanə. Telefonda aylarla xocalıların harayını bizlərə çatdıran Dürdanə.

 

… Ağappaq gəlinlik duvağında ürəyi çırpına-çırpına bəy evinin gəlişini gözləyirdi. Oturduğu otaq adamla doluydu. Pəncərədən həyət-bacada qaynaşan adamları görürdü. Hamı toy-düyün geyimində, eləcə də toy-düyün  sevinci içindəydi. Bir azdan bəy evinin adamları gələcək, bəyin qardaşı onun belini bağlayacaq, sonra da “Vağzalı”çalınacaq, “Vağzalı”sevinciylə onu bəy evinə gəlin köçürəcəkdilər. Ancaq o “bir azdan” deyilən nəsə çox, çox uzun çəkir, bəy evinin adamları gəlib çıxmırdılar…

  • Türklər, haydı, qalxın, sizə səhər yeməyi gətirmişəm,- taybatay açılan qap ağzında əlində armatur çubuğu tutmuş Vitali Balasanyan dayanmışdı. O, bizim dili az qala bizdən də yaxşı bilirdi. –Mən Natiq Qasımovu doğramışam, Axıskalı Əhmədin başını kəsmişəm, ancaq sizi öldürməyəcəm, eləcə bu çubuqla döyəcəm, axı siz türklərin zərif cinsindənsiz: hı,hı, hı. İndi bir-bir soyunub gəlib qabağımda dayanın. Mən sizi bu çubuqla kamas-kamas, sizin yaramaz dilinzdə deyildiyi təki, yavaş-yavaş döyəcəm.

Beləcə, Balasanyan onları armatur çubuğuyla bir-bir döyür, “alın, bu sizin səhər yeməyiniz”, deyirdi.

 

Xocalıya basqında ermənilər öldürdüklərini öldürmüş, bir çoxlarını da yesir götürmüşdülər. Ağdama sarı qaçıb canını qurtarmaq istəyənləri dağdan-daşdan, meşədən tutub,yenə öldürdüklərini öldürmüş, sağ saxladıqlarını, başlıca olaraq da qızları tutub gətirib Əskəranda bir yerə yığmış, sonra da Balasanyanın göstərişiylə postlardakı erməni saqqalılarına paylamışdılar. Üç gün sonra onları postlardan yığıb yenidən Əskərana qaytarmışdılar. Əskəranda onları çoxdandanqalma, yeri beton bir binaya doldurmuşdular. Onlar o soyuqda eləcə betonun üstündə yatıb-dururdular.

Balasanyan işi yaxşı ölçüb-biçmiş, basqın sonrası xacalıların sağ qalanlarının Ağdama qaça biləcəkləri yerlərigözətim altına almışdı…

 

“Rabitəçi olduğumu öyrənmişdilər, buna görə mənə daha çox işgəncə verirdilər”.Dürdanə Vitali Balasanyan başda olmaqla ermənilərin onlara etdiklərini yazır, danışır: hamısı bir-birindən qorxunc, hamısı tükürpərdici. Yada Balasanyanın əlindən keçmiş Axıskalı Əhməd, Natiq, bir çox başqaları düşür. Başkəsən, qaniçən Vitali Balasanyanı ən azı olmazın işkəncələr verdiyi Dürdanənin ayağına gətirmək yerinə,.. deyə-gülə İrəvana yola saldılar, getdi!..

Dürdanə Ağayeva az sonra- bu ilin yayında getdi. Getdi, yoxluğa vardı. Yox, yoxluğa varmadı, erməniləri, erməni vəhşiıklərini yarğılayan kitabları, çıxışları qalır. Bu yazını onun anısı üçün yazdım. Yazmaya bilməzdim.

 

***

… Qurban Məmmədovla səngərləri boş qalmış Füzulidən qayıtmışdıq. Ali sovetin qarşısında Ayaz Mütəllibova “istefa” mitinqi keçirilirdi. Hara baxırdın əskər görürdün. Onlardan biri mənə yaxınlaşıb “hazırlıqlı” gəldiklərini bildirdi. Birdən tribunada Müdafiə naziri Rahim Qazıyev göründü. Onun Elçibəylə tribunada ogünkü acıqlı davranışını xalq bu gün də ona bağışlamır. Çox gözəl! Ancaq…

Orduda komplektləşdirmə aparmaq üçün Seyfəli poliqonunda olan R.Qazıyev Qarabağda əskərlərin səngərləri atıb Bakıya axışdığını eşidincə işini yarımçıq qoyaraq, o da Bakıya gələrək birbaşa tribunaya qalxmışdı.Kimi haracan istəyirsiz sevin, anca bir anlığa özünüzü əskərləri səngərdən çıxarılıb aparılmış Müdafiə nazirinin yerinə qoyun. Qoydunuz? Elədirsə, acığınızdan yan-yörənizi dalamayın, toxtaq olun, özünüzə gəlin…

Xalqdan soruşmaq gərəkir: Müdafiə naziri onun əskərlərini səngərlərdən çıxarıb aparan, aparıb özlərinin politik güdüklərinə alət eləyənlərlə necə davranmalıydı?!

Burasını unutmamaq gərəkdir: ordu yeni yaranırdı, əskərlərin arasında isə Müdafiə nazirindən qat-qat artıq AXC-ni eşidən çoxluq vardı.

Hə, burası bəllidir: qərar verilmişdi, Mütəllibov getməli, biriləri birilliyə hakimiyətə gəlməliydilər….

Gəldilər, 92-ci il Xocalı dönüklüyünün üstündən, 93-ün fevralında, Dadaş Rzayevi R.Qazıyevin yerinə Müdafiə naziri qoydular. D.Rzayev Xocalıya etdiyini onlara da etdi: onlar hakimiyətdən çəkildikləri kimi, Dadaş da ordunu onların savunmasından çəkdi.AXC hakimiyətindəki kadr seçimi ilə bağlı bir sıra gizlinlərə dövlər katibi, baş nazir olmuş Pənah Hüseynov “YeM” qəzetində çox yaxşı aydınlıq gətirmişdi: “Biz kadrları Heydər Əliyevin məsləhəti ilə seçib yerləşdirirdik”. AXC Proqramına uyğun deyil, qıraqdan “məsləhət” almaqla!“Özü yıxılan ağlamaz”- deyirlər, bunlar ağlamaqdan qalmırlar.

 

Xocalı qırğınını eşidib Ağdama axışan jurnalistlər düzgün informaslya almaq üçün AXC-nin “Qarabağ üzrə səlahiyətli nümayəndəsi” Tamerlan Qarayevi bəlli “Qonaq edində” Ağdamın polis rəisi İslah Paşayevlə konyak vura-vura deyib-gülən yerdə yaxalamışdılar. Görəsən, onlar nəyə gülürmüşlər?

Səkkiz günün yaşantıları

O çağlarda Dürdanə Xocalıdan olan bir çox qız, gəlinlə birgə bir-birindən vəhşi, bir-birindən qaniçən erməni quldurlarının əlində lüt-üryan can çəkişməsindəydi.

Dürdanənin gözünün qabağında ermənilər anasıyla birgə qardaşlarını öldürmüş, onu ayağından yaralamışdılar. Ağdamdan kömək gözləyə-gözləyə Ağdama doğru qaçan yerdə…

Atasını 1985-ci ildə erməni doktorlar öldürmüşdülər.

Dürdanəni 8 günlük erməni cəhənnəmindən Allahverdi Bağırov qurtarmışdı.Qurtarmışdı, ancaq o, qabaqkı, səkkiz gün öncəki, Dürdanə deyil, başqa Dürdanə idi- doğmaları, yaxınlarıyla birgə yaşına yaraşan nələrinisə itirmiş Dürdanə!..

O, indi dünyanın altından girib, üstündən çıxmışkimiydi: üstü bütöv, içi… darmadağın!

 

Ermənilərin əlinə keçəndə saçları qapqaraydı. Səkkiz gün, vur-tut səkkiz gün sonra geriyə ağappaq, dümağ, qar kimi saçlarla dönmüşdü. Səkkiz gün, vur-tut səkkiz gün öncə sevə=sevə oxşadığı o qara, isti, sevimli saçlarına baxa, əl vura bilmirdi: saçları az qala onu iyrəndirir, toxunuca əllərini üşüdürdü…

Təkcə saçlarına deyil, bütünlükdə O, özünə yad olmuşdu. Səkkiz gün öncəki Dürdanənin anas, qardaşları, qohumları, qonşuları vardı. O birisi- yaşına yaraşan O Dürdanə onlarla birgə itib-batmış, yox olmuşdu. İndiki… cəhənnəmdən çıxıb gəlmiş birisiydi: Yer üzündə kimsəsi olmayan, hamını, hamını, hamını, səkkiz gün öncəki “bizi qurtarın!” harayı ilə birgə itirmiş, yad olmuş Tək, Təkcə birisi…

 

Şuşada ikən o erməni cəhənnəmində nələr olduğunu bildiyim üçün Bakıya qayıdandan sonra gecələr məni ağlamaq tuturdu. Kişi ağlamaz, eləmi? Kişilik nədir, onu mənə deyin. Deyin, məni qandırın.

Yox, qanmadım, qana bilmədim, məni bağışlayın, mən…Qanmazam! Eləmi, Dürdanə, eləmi, doğrudanmı mən qanmazam?!Doğrudanmı, Dürdanə! Doğrudanmı, anam-bacım, qızım-gəlinim. Bilməyən nə bilsin bizi…

Dürdanənin, Dürdanələrin o erməni cəhənnəmində nələr çəkdiyini duymaq, anlamaq üçün eləcə kişi olmaq yetərli deyil, ondan daha artığı olmaq gərəkdir…

Başqa sözlə, Azərbaycan qadınını yetərincə duymaq, anlamaq…

 

… İndi, aradan uzun illər keçəndən sonra, baş verənləri- gedişləri, gəlişləri gərəyincə incələmək (analiz etmək), sonucları yetərincə dəyərləndirmək bacarığı olanlardan ötrü qaranlıq nəsə qalmır: Ə.Vəzirovun getməsi üçün 20 Yanvar, A.Mütəllibovun getməsi üçün komandasının vurulması yetərsiz olduğundan Xocalı qırğını da törədilməliymiş!..

 

Son söz- ön söz!

 

Yeri gəlmişkən, KQB generalı Oleq Kaluginin “Sobesednik” qəzetinə dediklərindən: “Xalq cəbhələrini biz yaratmışdıq”. O birillik hakimiyət dönəmində KQB arxivləri açılsaydı… Açıla bilməzdi!

Bizi yaman aldatdılar…

KQB generalı Oleq Kalugin sözügedən qonuşmasında 35 illik qaranlıqları aydınlatmaq baxımından olduqca önəmli bir fakt da açıqlayır, ancaq onu yazmıram. Onun yerinə böyük aydınımız Xudu Məmmədovun bu bayatısını yazıram:

Çiy yumurta soyulmaz,

Göydə ulduz sayılmaz.

Bütün xalqlar ayıldı,

Mənim xalqım ayılmaz.

Çalışdığımız ayıltmaq üçündür. Söyülsək də, döyülsək də, öldürülsək də…

Nazim Hikmətə bənzətmə:

Mən yazmasam,

Sən yazmasan,

Biz yazmasaq,

Necə çıxar qaranlıqlar aydınlığa?!..

 

30.11-18.12. 2024

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv