Xaliq Bahadır. Müxalifətin demokratiya gözləntiləri

 

ABD-də aday çevrilişi baş verdi: prezident C.Bayden yerini yardımçısı Kəmalə Harrisə verdi.

Gözlənilməz qərar oldu, vur-tut bir neçə gün öncə jurnalistlərin, bir sıra politiklərin adaylıqdan geri çəkilmə çağırışlarına qarşılıq olaraq, dostumuz Bayden dirəşib dururdu: “sonadək gedəcəm”. Birdən belə bir gözlənilməz qərar. Bayden bunu “Amerikanın, demokratiyanın qurtuluşu üçün” etdiyini bildirir.  Nə bilək, bəlkə də, onu hansısa çıxılmazlıq qarşısında qoydular, o üzdən başqa yolu qalmadı. Bunu bilmirik, ancaq indilik bilinən budur: Bayden Trampın Amerikanı, Amerika demokratiyasını itkilərə, özü də ağır itkilərə uğradacağını düşündüyündən, Amerikanın, demokratiyanın QURTULUŞU üçün yolun sonuna belə yaxın ikən adaylıqdan geri çakilir. Burası fakt olaraq alqışa dəyər: ulusal çıxarları özəl çıxarlardan üstün tutan ulusal lider belə olur, belə edir- mən uduzub çəkilirəm, başqa sözlə, çəkilib uduzuram, təki ölkəm, demokratiya qazansın!

Baydenin buqərarı necə olsa, D.Tramp qarşılığında, gecikmiş olsa belə, düzgün qərardır. Respublikaçıadayın (ndilikdə Trampın)yaş nədəniylə özünü-sözünü bilməmək durumuna gəlmiş Baydenə üstün gələcəyi açıq görünürdü.

2016-cı il seçkisində populist çıxışlarıya uğur qazanmış Tranp yenə öz ampluasında idi: açıq populizmə vararaq Baydenin fiziksəl durumundan gen-bol yararlanmaqla reytinqini artırmaqda idi. Bu baxımdan Baydenin etdiyi gerçək bir “at gedişi” oldu”. 81 yaşlı Baydeni yaşına görə az qala ələ salan (Demokrat partiyası ilə birgə) 78 yaşlı Tramp indi Demokratların 59 yaşlı, ona baxmış çox gənc adayı ilə yarışmalı olacaq. Bu baxımdan iki partiya, iki aday arasında rolları dəyişmiş saymaq olar.

Ola bilsin, Trampın yerində respublikaçıların başqa adayı olsaydı, indiki çağ darlığı içində çox asanlıqla demokratlar üzərində uğur qazanardı. İndilikdə isə Trampın bu yarışı asanlıqla qazanacağını demək çətindir.(2016-cı ildə dünya çapında çoxları Hilları Klintonnun seçkini qazanacağını bildirirkən, parlaq (aldadıcı) çıxışları nədəniylə mən analiz-proqnoz olaraq Trampın seçkidə üstün gələcəyini yazmışdım, elə də oldu). İndilikdə isə Tramp yüksək populizm ustası olsa da, bir dönəm prezident olduğiundan seçicilər üçün çox da çəkici olmaya bilər. O elə indi də, açıq populist çıxışlar etməkdədir. Tramp dünyada gedən savaşları, başlıcası Rusiya-Ukrayna savaşını durduracağını bildirir, ancaq bunu necə edəcəyini açıb göstərmir.Məncə, Harrisin indilikdə özünü seçicilərə bəyəndirmə olanağı çağ darlığından çox böyük olmasa da, Trampa uğurlu alternativ ola bilər. Harrisin yaşanağında (yaşanaq- biğqrafiya) hüquqçu, senator olaraq bir sıra “ilk” göstəriciləri var. Çox ola bilər, Amerikanın ilk qadın prezidenti də Kəmalə xanım Harris olar. Mən bunun belə olacağına çox inanıram!

Gəlin adbaado savaşlara baxaq: İŞİD-Suriya savaşı; PKK-Türkiyə savaşı, İsrail-Qəzzə (Ərəb) savaşı; Rusiya-Ukrayna savaşı. Bu savaşların dördünün də arxasında ABD-nin (anqlosaksların) dayandığı faktdır. Yeri gəlmişkən, indilik bunu demək gərəkir: ABD dövlət katibi H.Klinton İŞİDİ prezident oğul Buşun yaratdığını bildirmişdi.

Sonuncunun üzərində qısaca da olsa, ayrıca dayanmaq gərəkir. Bizdə müxalifətin başında duranlar Rusiya-Ukrayna savaşını Batının demokratyiya savaşı olaraq dəyərləndirirlər. Mənsə, o savaşı doğal qaynaqlara bağlı coğrafiya savaşı adlandırmışam, adlandırıram. Savaş yeni başlayırkən (başladılırkən) Birinci dünya savaşı dönəmində Fransanın Peterburqda elçibaşısı olmuş Moris Poleoloqun kitabından yazmışdım. M.Poleoloq gündəliklərdən oluşan kitabında İngiltərə dövlətinin çar l Nikolayı necə aldadıb o çağlar yüksək ekonomik gəlişmə baxımından ingilislərdə qorxu doğuiran Almaniya ilə savaşa sürüklədiyindən danışır.İngilislər çox çalışsalar da, güclü Almaniya ilə savaşa girmək istəməyən çarı belə aldadırlar: 1) sənə çoxlu yaraq-sursat verəcəyik; 2) İstanbulu alıb sənə verəcəyik.

Güclü Almaniya ilə savaşa qatılan Rusiya o savaşı çox böyük, olduqca ağır itkilərlə başa vurası olur. Almaniya ilə Rusiya o savaşda bir-birini tükədirkən, o qanlı savaşın qazananı Avropanın iki güclü dövlətini bir-birylə salışdıran İngiltərə olur. M.Polioloqun yazdığına görə, İngiltərənin Rusiyaya yardım adına göndərdiyi yaraq-sursatın çoxu… yararsız olur!

İstanbul! Rusiyanın I Pyotrdan bu yana yaxıcı-yandırıcı istəyi olan İstanbulu İngiltərə gerçəkdən alır, ancaq… Rusiyaya vermir!

Hə, Rusiya-Ukrayna savaşı Batının imperialist güdüklərə bağlı coğrafiya savaşıdır, politoloji dildə desək, GEOPOLİTİK savaş.

“Tramp gələcək, demokratiya gətirəcək”,- beş-üç gün qabaq bizm müxalifət funksionerlərindən biri Trampın prezident olacağı inancıyla belə yazmışdı. Onun yazdığına görə, düzdür, Tramp Demokrat partiyasından deyil, respublika partiyasındandır, ancaq Yeni Dünya Düzəninə uyğun olaraq, demokratiya yayıcılığı yolundan dönməyəcək”,- bu sayaq söyləmələr.

Baydenin gözlənilməz “at gedişi” müxalifətimizin başında duranları tez-tələsik baxışlarını dəyişib dünən yazdıqlarında bu gün düzəliş etməyə yönəltdi: “Dempartiyanın qələbəsi Azərbaycanın milli maraqlarına birbaşa cavab verir”. Ax, Bayden, Bayden, qoca kələkbaz! Təkcə Amerika xalqını deyil, bizdəki müxalifət yolgöstərənlərini də çaşbaş qoydun: dünən respublikaçılara, bu gün demokratlara reverans etməli oldular!

“Demokratların qələbəsinin Azərbaycanın milli maraqlarına” necə, hansı yolla “birbaşa cavab verdiyi” qapqaranlıq qalır. Son otuz ildə Amerikada demokratlar dönə-dönə ağalığa yiyələnsələr də, onların Azərbaycanda demokratiya işinə respublikaçılardan etdiyindən artıq nəsə etdikləri görülməyib: ikisi də antidemokratik rejimlə sıx iş birliyində olub.

Deyə bilərsiz: Real Politika, çevik politik belə olur. Olsun, ancaq…

Bizim müxalifətin başında duran biriləri 30 ildi Amerikada demokratların adayı prezident olanda demokratların, respublikaçıların adayı prezident olanda respublikaçıların prezidentinin Azərbaycana demokratiya gətirəcəyini qışqırırlar.

Dörd il öncə demokratların adayı Bayden prezident seçiləndə də onlar demokratların Azərbaycana tezliklə demokratiya gətirəcəyini yazırdılar. Onda bir sıra faktlar göstərməklə Amerikanın Azərbaycanla bağlı demokratik dəyişiklik planının olmadığını yazıb fb-də paylaşmışdım.

Onlar demokrat B.Obama prezident seçiləndə də, ondan qabaq respublikaçı oğul Buş prezident seçiləndə də eləcə yazırdılar. Qəzet dönəmində də mən faktlardan çıxış etməklə onların yazdıqlarına qarşılıq yazılar yazır, Amerikanın (eləcə də Avropanın) Azərbaycanla bağlı demokratik dəyişiklik planlarının olmadığını bildirirdim. Onlar xalqa, müxcalifətçi yoldaşlarına yalan satıb başlarının altına yasdıq qoyurdular, mənsə xalqa, müxalifətçi yoldaşlarımıza gerçəyi çatdırmağa çalışırdım. Çatdıra bilirdim? Yox! Özünü xalqa, müxalifətə demokrat kimi sırıyan biriləri qəzetdə mənim gerçəkçi yazılarıma qadağa qoyurdular.

Demokratik prinsiplər baxımından belə olmalıydı: bir sütunda onların yazısı, o biri sütunda mənim yazım getməliydi. Ancaq demokratiyanın anadangəlmə yoxluğuinda, biriləri üçün sonralar da qazanılmaz olduğunda, bütün demokratik prinsiplər keçərsiz olur.

İllərlə dönə-dönə yazmışam: biz demokratiyanı özümüzdən başlamalıyıq. Demokratiyanı özümüzdən başlamayanda, düşüncə-baxış ayrılıqlarını yasaqlayanda,  mənəmlik hikkəsinə hız verməklə, haçaqlarsa oluşmuş demokratiyanı diktaturaya gətirib çıxaranda, partiya marginallaşma platformasında getdikcə istər-istəməz suyu soğulmuş dəyirmana dönür…

Boynuma alıram, mənim də Amerika-Avropa demokratiyasına inanıb aldandığım çağlar olub, ancaq çoxdan. İmperialist çıxarların demokratiya dəyərlərindən üstün tutulduğunu gördükcə qurtuluşumuzun özümüzdə olduğunu anlamışam. ÖzümüzüAmerika-Avropa illüziyaları ilə aldatmağın bizi batırdıqca batıracağına inanmışam. Atalarımız, qonşuya umud olan şamsız qalar, deyiblər. Qonşuya- burada Batıya- umud olaq, ancaq yardımçı etkinlik (etkinlik – faktor) olaraq, daha “Allahdan buyruq, ağzıma quyruq” düşüncəsiylə yox. Ardıcıl çalışmalar yoluyla gərəkən biliklərə, demokratik dəyərlərə yiyələnməklə.

Nədənsə şox ünlü bir partiya başqanı az qala otuz il xalqı, partiyasını belə aldatdı: “Bu seçkini uduzduq, hazırlaşıb gələn seçkini udmalıyıq”. Adam illəri beləcə yalanlarla yola verdi. Kimsə onu bircə yol sorğulamadı: “nədən, niyə belə oldu?” Bir başqası başqa yalanlarla illəri yola verdi, yenə kimsə sorğulamadı: “Nədən, niyə belə oldu?” Ancaq partiyalarda olan oldu: sürəkli uğursuzluğun doğurduğu bezginlik, qarşısıalınmaz seyrəkləşmə. Azman Xalq hərəkatını bölünüb-parçalanma yoluyla sonu cırtdan partiyalara gətirb çıxaranların, ola bilsin, başlıca missiyası elə bu imiş:yalançı çalışmalarla marginallaşdırma, gücsüzləşdirib etkisiz duruma gətirmə…

20-ci yüzilin ünlü politiklərindən olan U.Çörçil deyirdi: “Politikin yarınkı olacaqları bu gün görmək, bir də bunun nə üçün baş vermədiyini ertəsi gün açıqlamaq bacarığı olmalıdır”. Bizdə yerli-dibli sorğulama olmadığından elə bacarığa da gərək yoxdur.

Son söz yerinə

30 ildən artıqdır Amerika (anqlosaks birliyi) özünün dövlət içində dövlət olan BP-si ilə Azərbaycanda oturuşub. Otuz il öncə Amerikanın (anqlosaksların) Azərbaycanla bağlı prioritetləri necə idisə, eləcə də qalmaqdadır: demokratiya sonuncu yerdə. Otuz ili aşan arada demokratiyaya sıra çatmadı: ön sıralarda imperialist çıxarlarla rejimin ortaq çıxarları dayanır…

24.07.2024

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv