
Tarixə necə baxılmalıdır? Necə var, eləcə. Tarix kimsənin istədiyi kimi şumlayıb, istədiyi toxumu əkəcəyi bir yer deyil. Tarix kimsənin istəyinə bağlı bir alan da deyil, necəliyindən asılı olmayaraq, olmuş, bitmiş olaydır.
Bizdə tarixlə bağlı öz yanından, öz baxışlarına, özünün politik, ideoloji, dinsəl istəklərinə uyğunbuyruqlar verildiyini görürük. Bir partiya sədri din adı altında siyirmə qılınc üstümüzə gələn, bizi qırıb-çatan ərəbliklə 22 il vuruşmuş Babəkin adını tarixdən çıxdaş etməyə çağırır. Tutalqası nədir: ”Mənim dinimə qarşı vuruşan mənim qəhrəmanım ola bilməz”. Bunun qəhrəmanı kim imiş? Ölkəni qoruyan deyil, ölkəyə saldıran!
Bir başqası Şah İsmayılı “düşmən” çıxarır, onu ideallaşdırdığı Nadir Şahın diliylə aşağılayır.
Nadir şah, bəlli olduğu kimi, çevriliş yoluyla Şah İsmayılın qurduğu imperiyaya yiyələnmiş,yiyələndiyi imperiyanın sınırlarını, öncə Əfqanıstana, sonra da Hindistanadək genişləndirmişdi. Burasını kimsə dana bilməz: Nadirin Hindistanadək uzanan uğurlarının özülündə Şah İsmayılın qurduğu dövlət dayanırdı.
Böyük, unudulmaz tarixsəl uğurları ilə yanaşı, Nadir bir də din böyüklərinin yalanına uyaraq tək oğlu Rzaqulunun gözlərini kor etməklə özünün ocağını söndürmüş, taxtını kor qoymuşdu. Başqa bir yandan, Nadir Gəncə xanına acığı üzündən Borçalını alıb gürcü knyazına bağışılamışdı. Nə edək? Sözügedən suçlarına görə Nadiri də tarixdən silək?
Yox, xanımlar, bəylər, ağalar, ağabəylər, tarix oyun-oyuncaq deyil. Yarixlə oynamaq istəyəni tarix özü oynadar. Əlindəki olanaqdan yararlanaraq sən bu gün tarixi necə istəsən yaza, yazdıra bilərsən, ancaq sonra gör tarix səndən nə yazacaq, necə yazacaq!Sözsüz, sənin tarixə etdilkərini baş-on qat artığına tarix də sənə edəcək. O üzdən tarixlə davranışda ən yaxşısı DÜZGÜNLÜKdür: yaxşısı yaxı, pisi pis yerində.
Yeri gəlmişkən, keçmiş prokuror Məmmədxan Əzizxanlı yazır: “Övladlarınıza Səfəvilərdən, Qacarlardan danışmayın, çünki bunlar da ərəb-pers-fars düşüncəli idilər, türk düşüncəli yox”. Bu sayaq baxış tarixə sanksiya uyğulamaqdır. Sevgili Sovet dönəmində tarixə belə baxış “volyuntarizm” adlanırdı!
Belə olsa nə olur? Bir neçə yüz illik tariximiz boş qalır, özü də boşuna getməyən, Azərbaycan oğullarının qanı, canıyla yaradılan böyük, ünlü imperiya- dövləttariximiz.
Səvəvi-Qızılbaş dövlətinin dili Şah İsmayıldan ta torunu Şah Abbasadək Türk dili olmuş, sonuncudan başlayan aşınmalar dövlətin dilini farslaşmaya aparıb çıxarmışdı. (Şah Abbasın fars qızı Məhdül Ülyanı almasıyla fars dili saraya ayaq açmışdı).
Ağa Məhəmməd Şah Qacarın qurduğu Qacarlar dövləti də başlanğıcda Türk dilliydi.O çağlar Tehranda olmuş bir fransız diplomat Qacarlar sarayında yalnız Türk dilində danışıldığını yazırdı.Sonrakı dəyişik evliliklər dövlətin dilini farlaşmaya uğratdı.
Bəlli olduğu kimi, 700 illik Osmanlı da diliylə birgə Türk dövləti olaraq qurulmuşdu. Sultan Səlimin 1517-ci ildə xəlifəliyə yiyəlnmək üçün iki min ərəb üləmasını İstanbula köçürüb dövlətin başına oturtmasından sonra Ərəb dili Türk dilini üstələmişdi.Osmanlıda ərəbləşmə necə hızlı-qızğın olmuşdusa, Anadoluda 158 min Türk öldürülmüş, Türklər dövlət görəvlərindən uzaqlaşdırılmışdılar. Səfəvilərdə, Qacarlarda olduğu kimi, Osmanlıda da başqa qadınlarla evlənmələr dövləti dəyişib devşirmə dövlətinə dönüşdürmüşdü.
Nə etməli? Tariximizdəki uğur gerçəkləri ilə yanaşı, uğursuzluq gerçəklərini də necə var, eləcə alqılamalı, anlatmalı.
Belə desək, tarix özü də bütövlük sevən bir coğrafiyadır: yaxşı-yaman olayların coğrafiyası: ona gərəkən boyanı yaraşdırmaq oxucuya qalır.