Ölügötürmənin milli yönü

Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız.
Uzun çağlar xəstəlikdən sonra Amaldaşımız Ulusəs xanımın bacısı Nəsibə xanım aramızdan getdi. Buna görə Mütləqə İnam Ocağı Ulusəs xanıma, Nəriman bəyə, Polad bəyə, eləcə də bütün başqa yaxınlarına dərin hüznlə başsağlığı verir.
Nəsibə xanım Ocağa bağlı idi. Onu Ocağa bacısı Ulusəs yönləndirmişdi. Bir neçə yol Ocaq toplantılarına qatıldıqdan sonra Asif Atanın Yoluna inanmış, bu yolun təbliğatçısına çevrilmişdi.  Aktiv bir xanım idi.

Hələ o çağlarda Ulusəs xanım Soylu Atalıdan xahiş etmişdi ki, Nəsibə xanımla görüşüb onu Ocaq işlərinə qoşsun: ”o, toplumsal xarakterli qadındır, Ocaq ideyalarının yayılması üçün çox işlər görə bilər”. Elə də oldu. Ocağın xalqlaşması yönündən aktiv çalışmalarda bulundu. Toplantılara adamlar çağırır, gənclərə Ocaq ədəbiyyatları paylayır, görüşlər təşkil edirdi. Öz əli ilə Atanın rübailərini yazıb balaca kitabçalar düzəldirdi, onları tanıdığı, tanımadığı toplumsal adamlara bağışlayırdı. Sonra xəstəlik bu işlərinə son qoydu.

Bildiririk ki, xəstələnməsindən çox-çox qabaq Ocağın Yükümlüsü Soylu Atalıya səs yazısı ilə sonərkini (vəsiyyətini) yazıb saxlamışdı. Öz istəyilə ölümündə mollanın, dini ritualların olmamasını israrla xahiş etmişdi. O çağlar Soylu Atalı Milli ruhda, Ocaq tələbində “Ölügötürmə kuralları”nı kitab şəklində çap etdirmişdi. Nəsibə xanım cisminin ortadan qaldırılmasını, torpağa qoyulmasını həmin kurallarla yerinə yetirilməsini istəmişdi. Soylu Atalı amaldaşları ilə, eləcə də Nəsibə xanımın yaxınları ilə birlikdə onun sonərkini yerinə yetirdi. Öncə evində Ocaq kuralları ilə törən keçirildi, sonra yenə Ocaq kuralları ilə anasının, bacılarının uyuduğu Nardaran sonevliyində (qəbirstanlığında) torpağa qoyuldu. Bu işdə bizə ortam yaradan Nəriman bəyə (Nəsibə xanımın oğlu), Ulusəs xanıma (Nəsibə xanımın bacısı), Polad bəyə (Nəsibə xanımın qardaşı oğlu) sayğılarımızı bildiririk.

Onu da deyək ki, bir neçə illər öncə bacısı Elmira xanım da eyni kurallarla torpağa qoyuldu. Eyni halda, başdaşında doğum-ölüm tarixi də Ocaq Günsırası ilə yazılıb göstərildi.

Sayğılı yurddaşlarımız, bu bir ulusal gələnəkdir, addım-addım xalqın içinə yeriməyə başlayıb.

Bu bir ulusal haqqdır, bir türk anasını öz dilində, öz ulusal gələnəkləri ilə uğurlamaq ulusal gərəklik, ulusal varoluşa qayıdışdır. Heç kimin bizi öz kimliyimizə qarşı zorlamağa haqqı yoxdur. Biz, Asif Atanın Mütləqə İnam Ocağı olaraq, bu işə başlamışıq, bunu davam eləməyə qoşulmaq, ulusal ərdəmlik göstərmək gərəkdir. Ortaya iradə qoymalı, qeyrət göstərməli oğul-qızlarımız bunu düşünməli, bu yöndə addım atmağın gərəkliyini anlamalıdır.

Bu addım Azərbaycanda yaşayan bütün etnik toplumlarımıza da özgündür. Onlar bizdən ayrı deyillər, bizimlə eyni aqibəti, eyni mədəniyyəti, eyni dəyərləri bölüşürlər. Azərbaycanda başqa xalqların (deyək ki, ərəblərin, rusların…) gələnəklərini yaşadıb özümlüyündən əl çəkmək işğal sürəcinin görsənişidir, – istər siyasi anlamda olsun, istər ruhani anlamda. Azərbaycanda yaşayıb başqa ölkələrin xalqlarının dilini, gələnəklərini üstün saymaq, yumşaq desək nankorluqdur. Özümüzdə güc tapıb nankorluğumuza dur deməliyik…

 

Ölümlə Görüş

– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq.Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!

Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcəkKimsə dünyaya mənim gözlə­rimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpilə­cəm ömürlərə, talelərə!

Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam  ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!

Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdu­rursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünya­ya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!

Aqibət

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya­caq, arayacaqdı.

“Matəm üstə Mütləqlə Təmas”

Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.

Atamız Var olsun!

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

 Günəş Ayı, 47-ci il.

(mart, 2025).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv