Xaliq Bahadır. Ərdoğanın iftar çıxışı

Düzünü bilmək istəsəniz, Ərdoğanın çıxışları məndən ötrü çoxdan, lap çoxdan dəyərini itirib. Yutub onun 23 illik yalançı çıxışlarıyla doludur. Buna baxmayaraq, onun dünən İstanbulda etdiyi iftar çıxışına baxmaq istədim. Niyəsi gizli deyil, Türkiyədə son günlər baş verənlərlə bağlı deyəcəklərini bilmək gərəkirdi- dinçi prezidentin çıxışı olaraq.
Sizi sevindirə bilməyəcəm: yeni nəsə yox idi- yenə çoxlu yalanlar, yenə müxalifətə yönəlik güzgüyə baxırmış kimi suçlamalar. Bir də…
Hə, bir də, Ərdoğana “dünya müsəlmanlarının lideri” adını qazandıran “Qazze soykırımı, Filistinli kardeşlerimiz” yanqısı, ardınca İsrailə yönəlik yapay-yalan bağırtılar. Hamısı bir yerdə bir aktyorun xalqı aldatmağa yönəlik 23 illik teatrı!
Ərdoğanın çıxışından az öncə Türkiyənin informasiya proqramları belə bir görüntülü soraq yaydılar: “İsrail ordusu Türkiyənin Fələstində tikdiyi Türkiyə-Fələstin dostluq xəstəxanasını göyə sovurdu”
Hündür təpəlikdə tikilmiş üç-dörd qatlı böyük bir xəstəxana binası güclü bombardman sonucunda gerçəkdən göyə sovruldu. Ərdoğan nəyə görəsə, bu olayın üzərindən səssizcə keçdi, adını belə tutmadı.
Ərdoğanın bir çıxışı var, deyir: “Mən gürcüyəm, arvadım ərəbdir. Bundan kimə nə?” Doğru deyir, bundan kimə nə? Biz də belə düşünürük: bundan bizə nə?
Bizlik olan nədir bilirsizmi? Bizlik olan Ərdoğanın Türklüyü ərəbliyin ayağına verməsidir. 9 Türk əskərini Qəzzə yolunda İsrailə vurdurdu. Sonra da səssiz qaldı. Bir-birindən varlı ərəb ölkələri görməzdən gəlirkən,Türk ulusunu ac, yoxsul buraxan Ərdoğan illərdir ərəbliyə çoxsaylı yardımlarda bulunmaqdadır.
Ərdoğanın Suriyada 525 oxul, 120 min konut, xəstəxanalar, başqa binalar tikdiyini bilirsizmi? Ölkəni yoxsulluğa, aclığa, yurddaşları az qala dilənçiliyə gətirib çıxaran, Türkiyəni 540 milyard dollar borca batıran adam yalnız ölkə dışındakı ərəblər üçün deyil, ölkəyə doldurduğu 10 milyon ərəb üçün də Türkiyəni donor ölkə durumuna gətirib.
Ərdoğanın Fələstində, Suriyada milyonlar tökərək tikdiklərini İsrail bir ucdan bombalayıb dağıdır, o isə “ansızın gəlirik” kimi yalanlarla xalqı aldadır.
Burası isə ayrıca ilgi çəkən görsənişdir: iftar çıxışında İsrailin Qəzzədə, Fələstində törətdiyi qırğınlardan “yana-yana” danışan Ərdoğan bugünlərdə uzaqda deyil, gözünün önündə, qulağının dibində törədilən Ələvi soyqırımına toxunmadı, bununla bağlı bugünədək susqun qaldığı kimi, yenə də susqun qaldı. Nədən? Birincisi, Ələvilər ərəb deyil. İkincisi, Ələvi qırğınını törədən onun çox sevdiyi keçmiş terrorbaşı, indiki prezident Əhməd Məhəmməd əş-Şəra idi.
Ərdoğanın İsrailə yönəlik bağırtılarının yalançı xarakter daşıdığını indiyədək dönə-dönə yazmışdım: analitik baxış açısından yanaşmaqla. Bugünlər qarşıma İsrail Güvənlik baxanı İsrael Katzın ilginc bir açıqlaması çıxdı. Buyurun, tanış olun: “Ərdoğan bizim üçün düşmən görünümlü dostdur. O, bizə bağırır, biz ona cavab veririk. İsrail ən böyük uğurlarını onun yardımıyla əldə etdi”.
Yaranan (yaradılan!) böyük arxayınçılıq üzündən daha nələrisə gizlətməyə gərək qalmayıb. Bugünlərdə İsrail hökumətindən “sızdırıldığı” deyilən info yayıldı. İsrail hökuimətinin yığıncağında savunma baxanı Qəzzəyə 1500 bomba yağdırdıqlarını deyincə, Netanyahu ona acıqlanır: “Nə üçün 5000 deyil, 1500?”
Çox doğrudur: Ərdoğan da az-çox qatılımçısı olmaqla, Fələstinliləri Qəzzədən köçürməklə oraları bölüşüb Monte Karloya dönüşdürmə planı çoxdan uzlaşdırılıb. O bölüşmədə Ərdoğana da pay ayrıldığını ABD dövlət katibi Blinken açıqlamışdı.
Ərdoğan demiş: “Ramazan dilekleriniz hayırlı olsun!”

23.03.2025

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv