
İkinci Qarabağ savaşı 2020-ci ilin noyabrında başa çatmış sayıldı. Ancaq biz onda yazdıq ki, Qarabağ sorunu hələ çözülməyib. Baxın, üstündən 5 il keçir, hələ də “barış bağlaşması” (sülh sazişi) ortada yoxdur. Düşünürük ki, olmayacaq da. Bizi yüzil öncə çözülməsi zor olan bir oyunun içinə soxublar. Torpaqlarımızda Ermənistan dövləti yaratmaqla bizi onun varlığı ilə barışmağa zorlayıblar. Biz hara qədər bununla barışacağıqsa, ora qədər savaş, gərginlik davam edəcək. Erməni daim torpaqlarımıza göz dikəcək, torpaqlarımızdan daim erməniyə pay verəcəklər. Bunu Batı da edəcək, Rusiya da. Bu gün erməni əldən-ələ keçsə də, onu ən çox Rusiya qoruyacaq. Rusiya Azərbaycanı işğalda tutmaq, onun iqtisadi olanaqlarını mənimsəmək üçün gözümüzdə həmişə erməni qorxusu yaradacaq. Rusiya içimizə elə dərin kök atıb ki, onun caynağından qurtulmaq asan başa gəlməyəcək. Bu məsələ Batıya boyun əyməklə də çözümünü tapmayacaq. Bizə yaxın olan Türkiyə dövlətinə belə, güvənməklə məsələnin çözüm yolu bəlli deyil.
Türkiyə dövlətinin başına Ərdoğan kimi yıxıcı deyil, Türkiyəni düşünən biri gəlsə də, Azərbaycanın işğallardan qurtarması təkcə Türkiyə ilə birlikdən keçmir. Çıxış yolu birdir: Azərbaycan siyasi baxımdan bərpa olunmalı, tarixi haqqını qaytarmalıdır (Güney Azərbaycanla bütövləşməlidir). Azərbaycan bütövləşib gücə çevrilməsə daim qoltuq aqibəti yaşayacaq, işğalı heç vaxt başa çatmayacaq. Bu gün Zəngəzur, Göyçə söhbətləri Azərbaycana qurulmuş tələdir. Zəngəzur, Göyçə məsələsi də Azərbaycanın siyasi bərpasının baş tutmasından sonra gündəliyə gələ bilər. (Azərbaycanın siyasi bərpası bölünmüşlüyün ortadan qalxması anlamı daşıyır, ayrı-ayrı bölgələrinin əlindən alınması ikinci aşamadır). Azərbaycandan erməniyə tikə-tikə torpaq qoparıb verənlər bu prosesi geriyə döndərməyəcəklər. Gərək Azərbaycan siyasi gücə çevrilsin, parçaların qaytarılması bundan sonra mümkündür.
Yuxarıda vurğuladıq, Qarabağı özləri üçün Azərbaycana qaytardılar. Hələ bəlli deyil ki, orada daha çox kimləri yerləşdirəcəklər. Azərbaycanlıların oraya qaytarılması gözdən pərdə asmaq xarakteri daşıyacaq, yəni az sayda olacaq, heç bir demoqrafik üstünlük yaradılmayacaq, – hələ köçürülsə…
Dedik ki, İkinci Qarabağ savaşından beş il keçir. Ancaq hələ də Azərbaycanlılar Qarabağa yalnız turist kimi gedib gəlirlər (özü də portalda qeydiyyatdan keçməklə). Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, hansısa vətəndaş öz ölkəsinin hansısa bölgəsinə özəl sənədləşmə ilə getsin. Bu ona görə belədir ki, Qarabağ işğaldan qurtulub işğal olunub. Öz aralarında bölüblər Qarabağı. Bu pay bölgüsündə ən böyük paylardan biri Ərdoğana çatıb.
Qarabağın qurtuluşunda yardımçı donu geyinənlər səmimi olsaydılar, beş ildə gərək bütün Qarabağlılar öz evlərinə, ya da öz torpaqlarına dönəydilər. Özlərinə böyük xəzinələr yaratmaq yerinə Qarabağlıların uçurulub dağıdılmış evlərini bərpa etməliydilər. Ancaq kimdir bu işlərə icazə verən. Bundan sonra Ərdoğanın, Putinin əlindən Qarabağı almaq yuxu macərası kimi bir şey olar. Qarabağ onların hesaba sığmayan gəlir qaynaqlarıdır. Bizdən ötrü isə nə fərq edər – Qarabağı istər erməni işğal etsin, istər Putin, Ərdoğan (hələ ABD-B/Britaniya-İzrail üçlüyünün projeləri öz yerində) . Hələ içdəki talançıları da demirəm. Bütün bunlar olduğu sürəcə Azərbaycan nə güclənəcək, nə də işğalı başa çatacaq. Ona görə yuxarıda vurğuladıq, – Ermənistanla Azərbaycan arasında “Barış bağlaşması” baş tutan deyil. Əslində bu bağlaşma Ermənistanla Azərbaycan arasında bağlanmır, Rusiya ilə Batı arasında bağlana bilər, anlaşa bilsələr. Anlaşmaları isə olumsuzdur. Dünya ağalığına iddia edən Batı zəif saldığı Rusiya ilə heç nədə bağlaşma bağlamır, sadəcə olaraq ona pay ayırır. Rusiya isə harda əl verirsə razılaşır, harda işinə yaramırsa razılaşmır.Bu işdə Azərbaycan Rusiyanı təmsil edir, Ərdoğan Batını. Dediyimiz kimi, Azərbaycan hakimiyyəti “Barış Bağlaşması”na tələsmir, çünkü Ukrayna ilə savaşa başı qarışan Rusiya Güney Qafqazda ABD ilə dartışma iqtidarında deyil. ABD isə Ərdoğan araçılığı ilə Azərbaycanı tələsdirir.
Ermənistan da Batının istəyiylə Azərbaycanı fakt qarşısına çəkir, – o bildirir ki, “bağlaşma”ya hazırdır, ancaq bunu iki dövlət öz aralarında etməlidir, Rusiya bu işə qarışmamalıdır. Ona görə də “üçtərəfli saziş”i qüvvədən düşmüş sayır. Ermənistan bu istəyində israr edir, yəni Rusiyasız yenidən müzakirəyə oturub razılığa gəlmək istədiyini bildirməklə Azərbaycanı Batı ilə üz-üzə gətirir. Ancaq Azərbaycan hakimiyyəti hələ ki, Rusiyanı qapı ağzında saxlaya bilməz. Bu onun (hakimiyyətin) siyasi çöküşü olar…
Atamız Var olsun!
26 Günəş Ayı, 47-ci il.
(mart, 2025).