Asif Ata. Xalq

Xalq ruhani xilqət olduğundan kamildir, əbədidir, sonsuz­dur.
Bu səbəbdən də o, fərdlərin adi cəmi deyil, yalnız məkan birliyinə əsaslanan birlik deyil, keçici hadisə deyil.
Bu səbəbdən də xalq həyatı hadisəsi var.
Xalq mənəviyyatı hadisəsi var.
Xalq idealı hadisəsi var.
Xalq idrakı hadisəsi var.
Xalq ölməzliyi hadisəsi var.
Xalq həyatı – ruhaniliyi,  Mütləqi ifadə edən həyatdır.
İnsanların daxili dünyasında Mütləq ideyası yarananda xalq yaranır.
Həmin ideya xəlqi birliyi təsdiq edir.
Birlik cismani, bəsit, maddi keyfiyyət kimi yox, müqəddəs, əbədi, əvəzsiz keyfiyyət kimi təzahür edir. Maddi birlik əsasında xalq yox, insan cəmi peyda olur. Çünki burada həmin cəmi müqəddəsləşdirən ruhanilik yoxdur.
Birlik maddi faydalığa əsaslananda xalq yaranmır.
Birlik – müqəddəsliyi, ruhaniliyi ifadə edəndə, insanların mənəvi aləmində yaşayan Mütləqə can atmaq duyğusunu aşka­ra çıxaranda, fərdlər arasında ülvi əlaqələr bərqərar olanda – xalq yaranır.
Bir sözlə, birlik insanın əlamətini yox, mahiyyətini, ölümlüyünü yox, ölümsüzlüyünü, keçiciliyini yox, əbədiliyini təsdiq edəndə – xalq yaranır.
Həmin varlıqda fərdlərə xas olan ruhani məna hərtərəfli və parlaq şəkildə aşkara çıxır.
Xəlqi birlikdə insanlar sadəcə bir yerdə yaşamırlar, bir tərzdə yaşayırlar.
Bir tərzdə yaşamaq o zaman zəruri olur ki, o, insanların dərin ruhani tələblərini ödəsin.
Bir sözlə, xalq həyatı Mütləqi təsdiq edən birlikdir.
Bu səbəbdən də o, müqəddəsdir, yəni qeyri-adi dərəcədə qiymətli, xeyirli, zəruridir.
Bu səbəbdən də o, özündə ölümsüzlüyü, kamilliyi və sonsuzluğu yaşadır.
Bu səbəbdən də burada maddiyyat ruhaniləşir.
Xalq mənəviyyatı Mütləqin tələbinə uyğun özünü kamilləş­dirmə ehtiyacının təzahürüdür.
Mənəviyyatlı xalq – qeyrətli xaqldır, qorxu duyğusu üzərin­də qələbə çalmış xalqdır. Həm də qeyrəti həyati imperativə çevirən xalqdır. Nəticə etibarı ilə Mütləqə yanaşan, Mütləqlə yaşayan xalqdır.
Mənəviyyatlı xalq – ümumini təsdiq edən, fərdi ümumiyə tabe edən, nisbini Mütləqə tapşıran və bununla da Mütləqi təsdiq edən xalqdır. Müstəqilliyi hifz etmək əslində Mütləqiliyi hifz etməkdir. Çünki müstəqillik Mütləqiliyin ifadəsidir. Mənəviyyatlı xalq – azadlıqsevər xalqdır. Azadlığı sevmək – Mütləqi sevməkdir, çünki azadlıq Mütləqin ifadəsi­dir. Çünki əslində yalnız ruhani olan azaddır. Sonlu, keçici, ölümlü – qeyri-azaddır. Azadlığı sevmək – xəlqi birliyin ruhani mahiyyətini sevməkdir. Mənəviyyatlı xalq – tarixi, qədimliyi sevən xalqdır. Qədimliyi sevmək əbədiliyi sevmək­dir. Əbədiliyi sevmək – ruhaniliyi təsdiq etməkdir.
Mənəviyyatlı xalq – insansevər, xeyirsevər, gözəlliksevər xalqdır.
Xeyiri sevmək – Mütləqi sevməkdir.
İnsanı sevmək – Mütləqi sevməkdir.
Gözəlliyi sevmək – Mütləqi sevməkdir.
Şərə nifrət bəsləmək – Mütləqi sevməkdir.
Eybəcərliyi rədd etmək – Mütləqi sevməkdir.
Mənəviyyatlı olmaq – Mütləqli olmaqdır.
Xalq idealı xeyirin və ədalətin – xalq həyatının mənasına çevrilməsidir.
Bu baxımdan, xalq ideal vasitəsiylə Mütləqə yüksəlir, idealı təsdiq etməklə yaşayan Mütləqlə vəhdət ehtirasını təsdiq etmiş olur.
Nisbi xeyir – xeyir deyil, nisbi ədalət – ədalət deyil.
Mütləqilik – xeyirin, ədalətin əsas xüsusiyyətidir.
Bu baxımdan, idealda xalq Mütləqi təsdiq edir.
O, həm də bəşərin Mütləq mahiyyətini ifadə edir.
Xalqın ideal saydığı, can atdığı xeyir sonsuzdur, əbədidir, kamildir. Bu səbəbdən də onu həyata keçirməyə can atan xalq öz gerçək imkanlarından kənara çıxır, bir vəziyyətdə dayanmır, artır, böyüyür, müqəddəsləşir, Mütləqə yaxınlaşmağa səy edir. Ədalət əbədidir, sonsuzdur, kamildir, nöqsansızdır, bu cəhətdən onu həyata keçirməyə çalışan, ona can atan xalq özündə qalmır, Mütləqə yüksəlməyə can atır.
Xeyiri, ədaləti həyatının mənasına çevirməklə, xalq ölməzlik qazanır.
Xalq ölmür, çünki həyatını ölməzliyə həsr edir.
Xeyir, ədalət ölməz olduğundan, onlara həsr olunan həyat da ölməzdir.
Bu nöqteyi-nəzərdən, xalq həm də bəşəriyyətin ifadəsidir. Xalqdan və xalqlardan kənar bəşər yoxdur. Bəşərdə ali, yüksək, böyük, möhtəşəm nə varsa, xalqda aşkara çıxır.
Bəşər adlanan toxum özünü xalq adlanan bitkidə təsdiq edir. Bitki yoxdursa, deməli toxum ölüb.
Xalqlardan təcrid olunmuş bəşər – ölü toxumdur. Bəşəriyyətin salamatlığı xalqın salamatlığıdır.
Xalqsız bəşəriyyət – ölü bəşəriyyətdir.
“Xeyiri, ədaləti bəşəriyyət bir cür, konkret xalq isə başqa cür ifadə edir” – fikrində ciddi yanlışlıq var.
Əslində bəşər Mütləq sərvətləri yalnız və yalnız xalq vasitə­silə təsdiq edir, Bəşər öz idraki qabiliyyətini xalqlar arasında hissə-hissə paylamır, o, xalqda öz keyfiyyətlərini bütöv şəkildə büruzə verir. Bu cəhətdən xalq ilə bəşər arasında elə bir fərq yoxdur.
Xalq elə bəşərdir. Bəşər elə xalqdır. Buna görə də xalq idealı həm də bəşər idealıdır.
Hər ikisində ruhanilik təsdiq olunur. Xalq idrakı həqiqəti dərk etməyə can atır, həqiqət – Mütləq səciyyəlidir.
Nisbi həqiqət – həqiqət deyil.
Qeyri-kamil həqiqət – həqiqət deyil.
Sonlu həqiqət – həqiqət deyil.
Xalq həqiqəti dərk etməyə can atmaqla ölümsüzlüyə, son­suz­luğa, kamilliyə can atır, ölümlülük, sonluluq, qeyri-kamilliklə barışmır, özünün gerçək vəziyyətindən kənara çıxır.
Mütləqi nisbi qabiliyyətlə dərk etmək olmaz. Bu səbəbdən xalq öz idraki fəaliyyətini təkmilləşdirməli olur. Mütləqi dərk etmək – həm də nisbi mövcudluqla barışmamaq, Mütləq mövcudluğa ucalmaq tələb edir.
Mütləq idrak – Mütləq mövcudluq istəyir.
Xalq həyatının ən dramatik xüsusiyyəti ondan ibarətdir ki, öz mahiyyəti etibarı ilə Mütləq, sonsuz, əbədi, kamil olan xalq sonlu şəkildə təzahür edib.
Xalq indiyə qədər mahiyyətdən aşağı yaşayıb, onun gerçəkliyi mahiyyətinə bərabər olmayıb. Bir çox hallarda o, özünü mahiyyətinin ziddinə realizə edib.
Xalq həyatında sonlu, qeyri-kamil hadisələr çox vaxt əbədi hadisələri üstələyib, yaradılan dövlətlərin, səltənətlərin çoxu məhv olub, səpilən toxumun çoxu bitməyib, nifrət məhəbbətə, bəsitlik müqəddəsliyə qənim olub, qüdrət, qeyrət, ülfət nisbi səciyyə daşıyıb, qorxu, həsəd, nadanlıq ləyaqətin üzərinə kölgə salıb, xalislər təhqir olunub, naqislər sevinib, xalq zora əyilib, yalana tapınıb.
Xalq mənəviyyatında ülviyyətlə qəbahət, gözəlliklə eybə­cərlik birgə yaşayıb, xalq daxilindəki naqisliyi öldürə bilməyib, maddiyyat mənəviyyata qalib gəlib.
Xalq gerçəkliyə pərçimlənib qalıb, ideal əsasında yox, təmən­na əsasında yaşayıb, müqəddəslikdən ayrılıb, öz mahiy­yəti səviyyəsinə yüksəlməyib, xalq çox hallarda nisbi həqiqətlə kifayətlənib, onunla barışıb, ona uyub, pənah gətirib. Xalq öz ölməzliyini çox vaxt dərk etməyib, bu səbəbdən də özünə layiq yaşamayıb, keçici hadisələrə, xassələrə, keyfiyyət­lərə tapınıb, böyüyü kiçikdən, alini alçaqdan seçə bilməyib, özündən aşağı mövcud olub.
Xalq hələlik nisbi mənada özünü tanıyıb, nisbi mənada tanıdıb, nisbi mənada dərk edib, nisbi mənada yaradıb, nisbi mənada inanıb.
O, öz mahiyyətinə layiq yaşamayıb, Mütləq mahiyyət nisbi əlamətlər şəklində təzahür edib.
Bu səbəbdən də xalq Mütləq mənada hələ yaşamayıb.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv