
Amal – Ömrün ali Mənası İnsanlığa aparan yoldur. Özündəki Mütləqə qovuşmaq yoludur. Ömrün hər anında bu istəklə yaşayırsan. Özünə nəzarət edir, qüsurlarla döyüşür, arılır, durulur, alnıaçıq yaşayırsan. Dil yalandan, əl haramdan, düşüncə yadlıqdan çəkilir. Baxışlara sevgi, əhvala səmimiyyət gəlir. Gözəlliyə, dürüstlüyə heyrətli münasibət – ucalıq gətirir ömrə. Yaşamın anlam yüksəkliyində görürsən özünü. Yetdiklərini yörəndəkilərə yetirmək üçün yürüyürsən, çalışırsan. Gözəllik hər anda öz cazibədarlığı ilə səni uca əməllərə səsləyir. Yetər ki, qulaqların onu dinləməyə alışsın.