Asif Ata. Fərd

Fərd – özüylə kifayətlənmir, barışmır – ona görə ruhanidir.
Fərd – mühitlə kifayətlənmir, barışmır – ona görə ruhanidir.
Fərd – bədənlə kifayətlənmir, barışmır – ona görə ruhanidir.
Fərd – nisbiylə kifayətlənmir, barışmır. Mütləqə can atır – ona görə ruhanidir.
Fərd – dünyada müqəddəsliyi kəşf edir, yaradır, müqəddəs­liyə tapınır – ona görə ruhanidir.
Fərd – dünyada öz dünyasını yarada bilir – ona görə ruhanidir.
Fərd – mütləq mahiyyətli olduğundan özünün mənəvi səviy­yə­siylə barışmır, özü üzərində yüksəlir. Mütləqə yaxınlaşmağa can atır. Daxilindəki Mütləq ona deyir ki, nə qədər kamil görünsən də – özünə çatmamısan. Nə qədər qüdrətli görünsən də – özünə çatmamısan.
Bu səbəbdən də daim özündən kənara çıxmalısan, özündən ucaya can atmalısan – sənin imkanların mövcudluğundan hədsiz dərəcə artıqdır.
Ruhun səsi fərdi özünü dərindən dərk etməyə, kamilləşdir­məyə, yenidən yaratmağa sövq edir.
İnsanın mahiyyətini tam ifadə edən, həmin mahiyyətə layiq olan mühit tarixdə görünməyib.
Ancaq insan öz insani ləyaqətini hifz edə bilib.
Çünki mühitə sığmayıb, özünü onda itirməyib, müqəddəs­liyini təsdiq edə bilib.
Ən eybəcər mühitdə belə, fərd öz gözəlliyini saxlayıb, çünki fərd mühitdən artıqdır.
Çünki fərd təkcə cismanilik deyil, həm də ruhanilikdir, bu səbəbdən də o, əşyalaşmayıb, mühitləşməyib. Mühitə uyğunla­şan­da belə, onun qaydalarına riayət edəndə belə, fərd mühitə tam bənzəməyib.
Fərd mühitə tabe olanda belə, mühitdən asılı olanda belə, mühitdən azad olub. Ən müdhiş mühit belə, fərdin iradəsini sarsıtmayıb, nəticə etibarilə mühit fərdi özünə ram edə bilmə­yib, bu səbəbdən də mühitlər dəyişilib, fərdin müstəqil xisləti dəyişilməyib. Mühitləri dəyişdirən, həyatı bir yerdə dayanmağa qoymayan insanın ruhani mahiyyətidir.
|Həmin mahiyyət fərdi eybəcər mühitə uyğunlaşmağa, onun qaydalarına tabe olmağa qoymur.
Ruh insanı daxilən mühitdən azad eləyir.
İnsan yeni-yeni mühitlər yaradır, ancaq onların heç birinə sığmır, heç biriylə barışmır, heç bir mühit insan tələblərini tam ödəmir.
Mühit insanı yox, insan mühiti dəyişir: çünki mühit insan üçün daim azdır, məhduddur, qeyri-insanidir, qeyri-ruhanidir. Mühitin dəyişməsi insanı dəyişdirmir: çünki dəyişilən mühitdir, dəyişən insan.
Fərdin tələbləri Mütləq, ruhani tələblərdir, mühit isə ən yaxşı halda belə, nisbi məziyyətlərə malikdir. Nisbi Mütləqi dəyişdirə bilməz, ancaq Mütləq – nisbini dəyişdirə bilər.
Şərait insana təsir edir. Ancaq şərait insanı yaratmır. Insan şəraitdən yüksəkdir.
Fərd şəraitin övladı yox – Mütləqin övladıdır.
Mütləq – şəraitdən üstündür.
Buna görə də insanın özünü dəyişdirməsi şəraitin dəyişilmə­sindən asılı deyil, insanın özündən, zəkasından, duyğularından, iradəsindən asılıdır. Fərdin öz həyatını ruhani tələb əsasında yenidən qurmasından asılıdır.
Bu baxımdan, ən murdar mühitdə belə, yaxşı insan olaraq qalmaq olar və eybəcər mühiti yalnız yaxşı insan dəyişdirə bilər.
Fərd əslində mühitdə daxilindəki Mütləqlə birlikdə yaşayır və buna görə də mühitin qaydalarından çox, Mütləqin hökmü­nü eşidir və həmin hökm onu mühiti dəyişdirməyə sövq edir. Bu cəhətdən mühitin taleyi fərdin əlində olur.
Ruhanilik fərdi əslində mühitin sahibinə çevirir.
İnsani cismanilik heyvani cismanilikdən yerdən göyə qədər fərqlənir.
İnsani cismanilik insanın mahiyyətini ifadə etmir. Əslində insani mahiyyət cismanilikdən kənardadır. Bu baxımdan, fərd cismanilikdən hədsiz dərəcə artıqdır, öz mahiyyəti etibarilə o, qeyri-cismanidir.
Fərd ruhani mahiyyət kimi sonsuzdur, kamildir, əbədidir, bədən isə keçicidir, qeyri-kamildir, ölümlüdür.
Fərd – sonlu cismdə sonsuz mahiyyətin yaşamasıdır.
Buna görə də insan həyatı həm də ruhun bədənlə döyüşüdür. Fərddə ölümlə ölümsüzlük, sonluyla sonsuz daim vuruşur. Fərd həmişə nisbi hadisələr, keyfiyyətlər, xassələr arasında yaşayır, fəqət heç vaxt onlarla kifayətlənmir, barışmır, nisbidən kənara çıxmağa, Mütləqə yaxınlaşmağa can atır. Nisbi fərdi qane etmir, buna görə də fərdin daxili dünyasında əbədi bir narahat­lıq oyanır. Ürək Mütləq arayır, tam, bütöv hadisələr, keyfiyyət­lər, məziyyətlər həsrətiylə qovrulur və bu, onun yönünü Mütləqə tərəf çevirir.
O, arzularında, təsəvvürlərində, xəyalında Mütləqi görür, öz həyatını Mütləqin tələbləri əsasında yenidən qurur.
Fərdin daxili aləminin əsas cəhəti, mənası, qayəsi bundan ibarətdir. Bu səbəbdən də o, dünyada dünyadan böyük, insanda insandan böyük mahiyyət kəşf edə bilir.
İnsan təbiətə baxır və təbiətdə təbiətdən böyük, nisbidən böyük, maddiyyatdan böyük, Mütləq, Ruhani, əbədi məna tapır, təbiət insaniləşir, yəni Mütləqləşir…
Fərd insana baxır və onda nisbidən, cismanidən böyük, Müt­ləq, Ruhani İnsan, ətrafında həmişə ətrafdakılardan böyük, ali, yüksək məna görür. Çünki insanın dünyaya münasibəti əslində Mütləq axtarışıdır. Mütləqi tapmaq ehtirasının təzahürüdür.
Təbiətə qovuşmaq – Mütləqə qovuşmaqdır.
İnsana qovuşmaq – Mütləqə qovuşmaqdır.
Amala qovuşmaq – Mütləqə qovuşmaqdır.
Məhəbbət, dostluq – Mütləqə qovuşmaqdır.
Nisbi görünənin Mütləq mənasını, cismani görünənin ruhani mənasını kəşf etməklə insan müqəddəsliyi kəşf edir və ona tapınır.
Müqəddəs olan Mütləq mənada qiymətli olandır. Fərd ruhani xilqət olduğundan onu dərk edir.
Dünyada, insanda Müqəddəslik tapmaqla o, dünyanın gözə görünməyən, hadisələrə sığmayan mənasını kəşf edir. Ruhani­lik insana həm də dünyada öz dünyasını, ətraf dünyadan fərqli, ondan daha yüksək, daha böyük olan aləmini yaratmaq imkanı bəxş edir. İnsan dünyada öz yeni, ikinci dünyasını yaradır, dünyayla yarışır, Mütləq tələbini, Mütləq ehtiyacını, Mütləqə canatma ehtirasını həyata keçirməyə cəhd göstərir. Dünya dərk edilir, həm də dünya əsasında yeni dünya yaradılır. Nəhayət, fərd xalq adlanan cəmdə özünün Mütləq, ruhani, müqəddəs mahiyyətini təsdiq etməyə imkan tapır.
Xalq ruhuyla fərdi ruhun birləşməsi insanın ali qələbələ­rindən biridir. Ancaq fərd burada xalq ruhuna yad olan, fərdi özünə yadlaşdıran, özgələşdirən, əşyalaşdıran ictimai münasi­bət­lərlə qarşılaşır. Həmin münasibətlər sözün əsil mənasında ruhani olmayıb, orada bərqərar olan qanunlar maddiyyata, cis­ma­ni­liyə, nisbiliyə əsaslanıb. Fərd həmin münasibətlərdə müf­lis­ləşib, kiçilib, onun daxilində həmin əlaqələrə qarşı etiraz duyğu­su yaranıb, həmin duyğu daim artıb və bəzən fərdi cəmiyyətdən əl çəkməyə, özünə qapılmağa, özünü özündə tapmağa vadar edib, fərd ilə cəmiyyət arasında uçurum yaranıb.
Nicat yolu – cəmiyyəti ruhaniləşdirmək, onu xalq ruhunun tələblərinə tabe etmək, ruhaniliyi, Mütləqiliyi əsillik meyarına çevirməkdir.
Fərd ruhani xilqət olduğundan, onun mövcudluğu ruhani cəmiyyət tələb edir. Bəşər indiyə qədər belə bir cəmiyyət yarada bilməmişdir, fəqət yaratmalıdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv