Xaliq Bahadır. İlyas İsmayılov – bütövlüyün özü

(Bütövlük Böyüklükdür)

Gərəkən giriş
Bu dünyadan İlyas İsmayılov keçdi-böyüklüyün, bütövlüyün özü kimi!Nə yaxşı, sağlığında onu dəyərləndirənlərdən oldum.
Şair nə deyir: Sağlığında qiymət verin insanlara!
İndi, özündən sonra, onu bəyənən, öyən, yüksək dəyərləndirən tanınmış politikanları görürük.Onu sağlığında saymazdan gələn politikanların ona sonrakı sayğısını görürük.Kimə, nəyə gərəkdir belə çağı keçmiş yalançı sayğı, yalançı dəyərləndirmə?!
Bunlar çağında olsaydı, çox ola bilsin, biz indi bütünlüklə başqa sosial-politik, eləcə də kültürəl koordinatlar sistemində olardıq.

İlk tanışlıq

Onu uzaqdan-uzağa çoxdan tanıyırdım. Qardaşım Ənnağı S.M.kirov adına ADU-nun hüquq fakültəsini yenicə bitirmişdi. Pulla deyil, pulsuzluqla. Mülkü hüququ çox yaxşı bildiyinə görə ona Sovet mülkü hüququnun aslarından sayılan Qribanovun adı verilmişdi. Tanıdığım müəllimləri ona “Qribanov” deyirdilər.

Mülkü hüququ çox yaxşı bilən biri olaraq onu Universitetdə müəllim saxlamaq istəyirdilər. Atam da, mən də bunu istəyirdik. Gözlənilmədən Baş prokuror İlyas İsmayılovla “qrşılaşmalı” olduq. Qardaşımı qatıldığı dövlət imtahanından tanımış İlyas İsmayılov Mülkü hüquq bilicisi olaraq onu Respublika prokurorluğunda işə götürmək istəyirdi. Atam da, mən də bu istəyə qarşı çıxırdıq. İkimiz də onun Universitetdə qalıb bilimlə uğraşmasını istəyirdik. O özü də bu istəkdə idi.Onun Prokurorluqda rüşvətə bulaşmasını istəmirdik.

Evdən-ailədən bizə soy-kökümüzə bağlı doğru-düzgünlük aşılanmışdı. Bizim soy gələnəyimizdə, görünür, Güneydən qaynaqlanan özüllü dövlətçilik kultu vardı. Daha dərinə getsək, bu, min illərin arı-duru Türk dövlətçilik gələnəkləriylə genə keçmiş görsənişlərdəndir.Prokurorluq isə rüşvətin geniş yayıldığı bir ölkənin prokurorluğu idi. Öncə mən, sonra qardaşım- ikimiz də Universitetə pulsuz girmiş, pulsuz da oxumuşduq. Atam mənim də bilimlə uğraşmağımı istəmişdi. Müəllimlərimizdən mənim Universitetdə qalıb işləməyimi istəyənlər vardı, ancaq mən orta oxul çağlarından sevdiyim jurnalistikanın ardınca getdim.

İlyas İsmayılov dirənib durmuşdu. Bununla bağlı bir neçə yol rayona gedib-gələsi oldum. Sonda atam eşidib-bildiklərindən çıxış eləyərək dedi: “Prokurorluğa adamları elə-belə götürmürlər, pulla götürürlər, İlyas İsmayılov belə inad göstərirsə, deməli, o, düzgün adamdır, qoy gedib işləsin”.

 

Böyüklük yolçusu

 

Ənnağı Prokurorluqda bir az işləyəndən sonra bəlli oldu: İlyas İsmayılov orda rüşvətdən uzaq bir sistem qurmaqdadır. Bu, Sovet dövlət sisteminin içində sağlam düşüncə adamının yaratmağa çalışdığı sağlam hüquq sistemi demək idi. Bu,üstün düşüncə adamının yiyələndiyi yetkilərdən yararlanaraq, başında durduğu qurumurüşvət kiçikliyindən çıxarmaqla rüşvətüstü böyüklüyə qovuşdurmağa çalışdığıBöyüklük görsənişi idi. Belə yerdə deyilir: görəv adamı böyütmür, adam görəvi böyüdür. O, ölkə ilə birgə rüşvətə bulaşmış Prokurorluq sisteminə, genəldə isə dövlət hüquq sisteminə rüşvətüstü böyüklük qazandırmaq üçün ortaya çıxmış Böyüklük yolçusu idi.

 

General adını doğruldan general

 

Altı aylığında atasını itirmiş, yetim böyümüşdü. Ağlı kəsəndən ona “yetim İlyas” deyildiyini eşitmişdi. O, yetimliyinə yenilmədi, gecə-gündüz oxuyub öyrənmə çalışmalarında bulundu. Doktorluq savunmasını da buralarda deyil, Leninqradda etdi.

Yetimlik duyğusuna,yoxsulluq acılarına yenilərək, pul yığmaq, var-dövlət  toplamaq hərisliyinə qapılaraq milyonlar yiyəsi ola bilərdi.Ancaq o, durmadan bilgilənmək yolunu seçmişdi. Bizdə daha çox tamah-pula, varlanmağa hərislik kişiləri kişilikdən salır, qadınları qadınlıqdan eləyir. İlyas İsmayılov tamahını yenən Kişilərdən idi.O, özünü yetişdirən gerçək bir intellektual olaraq içində olduğu sistemin sıra adamı deyil,sıradışı böyüklərindən idi.

 

İlk görüş

 

Yanılmıramsa, onunla ilk görüşümüz 2000-ci ilin sonlarında oldu. Özü də mənim istəyimlə.

H.Əliyevin sağlıq durumu ilə bağlı hakimiyətdə bir sıra gəlişmələr yaşanmaqda idi. Hakimiyətin “x” günü üçün toparlandığı deyilirdi. Sözsüz, müxalifət də toparlanıb gücünü bir axara yönəltməliydi. Ancaq müxalifətdə dəyişməz durğunluq görsənişləri sərgilənirdi. Tərpəniş olsaydı belə, öncə baş verənlərə görə mənim müxalifətlə, daha doğrusu, müxalifətin gerçək birlik yaradacağı ilə bağlı güvənli gözləntim yox idi.

Birincisi, birillik hakimiyətdəki komandaiçi barışmaz qarşıdurma faktı, ikincisi, 1998-ci il prezident seçkisi ilə bağlı baş verənlər gerçək birliyə güvən sağlamırdı.

Xalqa verilən bir çox sözlərin doğrulmaması, eləcə də ölkədə yaranmış ağır sosial-ekonomik durum üzündən 1998-ci ildə hakimiyət dəyişikliyi, demək olar, qaçılmazlığa dönüşmüşdü.

Elçibəy qəzetlərdə keçmiş komanda yoldaşlarına üz tutaraq az qala yalvarışla demişdi: “Biz bir komandada olmuşuq, bizim hakimiyətimizi deviriblər, gəlin birləşib hakimiyətimizi bərpa eləyək”. İ.Qəmbər isə açıq-açığına yalana əl atmaqla birliyin baş tutmasını əngəlləmişdi. (Sonrakı illərdə də müxalifətin seçki öncələri yaradılan bütün birliklərini başlıca olaraqo dağıdacaqdı).

Hərəkata tanınmaz biriləri olaraq gələnlər Xalq hərəkatı dalğasında tezliklə necə şişmişdilərsə, balacalıqdan, cılızlıqdan, düşüncə dayazlığından, ola bilsin, daha çox da kuklalıqdanbir-birini saymaz duruma gəlmişdilər. Onların hər biri ancaq özünü prezidentliyə yararlı görürdü. Bütün bunlara görə qarşıdakı 2003-cü il seçkisi ilə bağlı özlüyümdə alternativ axtarışına çıxmış, uzun-uzadı analizlərdən sonra İlyas İsmayılovun üzərində dayanmışdım. Mənim düşüncəmə görə, yalnız İlyas İsmayılov ortaq aday olaraq müxalifətin başında duranları hamılıqla bir araya gətirə bilərdi.

Elə ilk görüşdəcə onu yaxından öyrənmək üçün çoxlu sorular sordum. Düşüncələrimdə yanılmadığımı gördüm: qarşımda oturan potensial prezident idi. Onunla bağlı “Azadlıq” qəzetinə “Üstünlük” adlı bir səhifəlik yazı yazdım. Yazı süngüylə qarşılandı. Onu uzun dartışma sonucunda çap etdirə bildim. Elliyin çıxarı, bütün demokratik düşərgənin, genəlliklə, bütün ölkənin yararı üçün düşünülmüş o yazı ilə adım özündənbəy birilərinin “qara siyahısına” düşdü. Yazının ardınca, danışdığım İsa Qımbər İlyas İsmayılovun adını eləcə özünə özgü ironik gülümsəməylə qarşıladi, Pənah Hüseynov İ.Qəmbərə baxaraq onun demədiyini açıq dedi:“İlyas İsmayılov kimdi biz olan yerdə, bizim öz namizədimiz var”. Görüşüb danışdığım başqa biri acıqla: “Mən niyə hamıya güzəştə getməliyəm?”- dedi. Onun hardasa, kiməsə güzəştə getdiyi görülməmişdi.

 

İki illik proje

 

İki illik proje ilə çıxış edirdim. Nə idi? İki illiyə İlyas İsmayılovu prezident seçək, ölkəni hamılıqla çalışma sonucunda yasal olaraq demokratik platformaya keçirəndən sonra beş illiyə prezident seçək. Nə üçün iki illik? Onların yalnız bu yolla bir araya gələcəklərinin olasılığını düşünürdüm. Onların başlarından qat-qat böyük ambisiyaları, dəyərlərinə dəyməz istəkləri üzündən iki illik proje də baş tutmaz oldu.

Aradan 30 ildən artıq keçib, onlar indiyədək “müxalifət lideri” olaraq qalırlar. Bu gedişlə beləcə də qalacaqlar. “Çeşmə” qəzetində az qala 30 il oncə AMİP sədri E.Məmmədovla bağlı belə “bildiriş” getmişdi: “Canımız müxalifətdə çıxdı”…

O ikiillik proje keçərli olsaydı, beş illik dəyişimlə indiyədək onların hamısı prezident olmuş olardı.

 

Çağında gərəkənlər edilsəydi…

 

Çağında gərəkənlər edilsəydi, müxalifətbir belə sorunlar yaşamayacaqdı.Başqa sözlə, çağında qanunçuluq olsaydı!..

FB-də belə status paylaşmışdım: “Bu gün onun- üstün dövlət adamının- üçüdür. Ölkəmizin, Dövlətimizin başı sağ olsun!”

Statusa qarşılıq olaraq FB aktivlərindən biri yazmışdı: “Xalq yolunda kimlər can və qan qoyubsa yalnız onlar xalqın qəlbində daimi yaşayacaqlar. Bəs bu?” Ona yanıtım belə olmuşdu: “Xalq yolunda “can və qan” qoyan çox olur, onlara sayğımız sonsuzdur. İçində olduğu rejimdən asılı olmayaraq, xalq yolunda QANUNÇULUQ yolu tutan Kişilər isə TƏK-TƏK olur. Bunu biz 10 ayda “ölkədə rüşvət baş alıb gedir” doğrultusunun qabardığı birillik AXC hakimiyətində də gördük. O TƏK-TƏK qanunçular olur ha, bax, onlar yerlərində olanda bütün xalqın, ölkənin, dövlətin dayağına çevrilirlər. Eləcə də xalq yolunda canından, qanından keçənlər onların qanunçuluğuna görə urvatlı tutulurlar.Ola bilsin, siz bilmirsiz, ancaq mən bilirəm: AXC hakimiyətinin qurulması üçün canından, qanından keçənlər çox oldu. Sonuc nə oldu? 10 ayın içində “ölkədə baş alıb gedən rüşvət”. İndi özünüz tutuşdurun, dəyərləndirin. Yazını oxuyan çox, bəyəni qoyan az. Bilirsizmi, niyə? Çoxları sizin kimi düşünür. Ancaq burasını bilmək gərəkdir: küçədə, meydanda xalq yolunda qanından, canından keçməklə gerçək uğur, gərəkən uğur qazanılmır. Başlıca uğur, dönməz, dayanıqlı uğur kabinetlərdəki  QANUNÇULUQ yoluyla yaradılır, qazanılır.Qanunçuluq baxımından birillik AXC hakimiyəti gerçəkdən demokratik hakimiyət ola bilmədi. Bunu dartışmağa belə dəyməz. Demokratiyanın dörd özül ilkəsindən biri QANUNÇULUQdur. Demək, demokratiya olsaydı, 10 ayda ölkədə rüşvət baş alıb getməzdi!

Nə deyirdi: “Hüquq mühafizə orqanları bunları bilməmiş deyil”. İstər dünən, istər bu gün olsun, ölkədə rüşvər baş alıb gedirsə, bu, hüququ qoruma qurumlarının özlərinin rüşvətə bulaşması deməkdir. Bu, saya gerçəyi bilən prezident nə etməliydi? Tələbə auditoriyasından gətirib dövlət hüquq bölümünün  başında oturtduğu Fazil Mustafayev başda olmaqla güc qurumlarının başında duranları sorğuya çəkməli, cəzalandırmalıydı.

O nə etdi? Boşuna göstəri düzəltdi. Birilərinin çox bəyəndiyi o “demokratik” çıxışdan 10-15 gün sonra televiziya ekranından əlini fırlatmaqla dedi: “Qanunun yanından keçmək də olar”. Sözsüz, qanunun yanından onu heç sayaraq keçmək olar, ancaq qanunçuluq olmayan yerdə! Demokratiyada “qanunun yanından keçmək” anlayışı yoxdur, QANUNUN ÜSTÜNLÜYÜ anlayışı var!

 

Dönüklər kim, yeniklər kim?

 

Bayıl türməsində olarkən yaxın gələcəklə bağlı qonuşma arasında soruşdu: “Hakimiyətə gələndə birinci nə etməliyik?” “Hakimiyətə gələndə,- dedim,- birinci korrupsionerləri tutub türməyə göndərməli, oğurladıqlarını xalqa qaytarmalıyıq”. Səsini qaldıraraq acıqla dedi: “Sən nə danışırsan, korrupsioner də bu millətdəndir!” Şaşırdım, gerçəkdən bu, çox şaşırdıcı idi: bir neçə il sonra xalqın özünə prezident seçəcəyi adam xalqla xalqa yağı kəsilənləri bir gözdə görürdü!

Gəlin birlikdə sözügedən anlayışın nə demək olduğuna baxaq: “Korrupsiya- hakimiyət adamlarının, politiklərin (hakimiyətli-müxalifətli) mənəvi pozğunluğu, qanunsuz varlanması, rüşvətxorluğu, soyğunçuluğu, mafioz qurumlarla birliyi”. Korrupsionerləri xalqdan-millətdən saydığı üçün Rəsul Quluyev kimilərini hakimiyətin üst qatına qaldırdı. Sonra da qəzetdə belə deməli oldu: “Məni sən yıxdın, Rəsul, sənin pulların yıxdı!”

Rəsul suçluydu? Deyildi! Cəbhə ideyalarına yad-yağı olanları Cəbhə hakimiyətinin başına çıxaranlardönüklük etdilər. O dönüklük üzündən də onlar qaçılmaz olaraq korrupsionerlərə yenik düşəcəkdilər. Düşdülər!

AXC hakimiyətinin az bir arada yenilməsi ilə bağlı gerçəkləri dilə gətirdiyim üçün Bakıdan Avropayadək məni söyüb yamanlayanları iki qrupa bölmək olar: 1) o çağlar nə baş verdiyini, xalqın seçdiyi hakimiyətin nədən elə TEZBAZAR yenildiyini bugünədək yetərincə anlamayanlar; 2) aşağı-yuxarı görəvələ keçirib, tamahına yenilməklə yolsuzluq yolu tutanlar.

Onlar da, onlar kimilər də qanunçuluğa sayğı göstərilməyən ortamda qanunçuluq yolu tutanları anlaya bilməzlər…

Bakıda korrupsioner birilərinihakimiyətin üst qatına çıxarıb göz üstündə tuturkən, qanunçuluq adına Astarada bir yurddaşın evini bombalayıb, tifaqını dağıtdılar. Ola bilsin, o yurddaşın gerçəkdən suçu vardı, ancaq o,Bakıdakı hakimiyəti içindən yenməyə yönəlik qanunsuzluqların, dönüklüyün uzantısının uzantısı da ola bilməzdi!

 

Tofiq Qasımovla bağlı bir neçə söz

 

Tofiq Qasımovu AXC Təşəbbüs mərkəzindən tanıyırdım. Dedikcə doğru-düzgün, qanunçu adam idi. AXC-nin qurulmasında, quruluş bəlgələrinin işlənib ortaya çıxarılmasında taysız əməyi olmuşdu. AXC-də çıxarılan son qərara görə Tofiq Qasımov Milli Məclisin sədri, İsa Qəmbər Xarici işlər naziri olmalıydı. Hakimiyət dəyişikliyindən sonra Tofiq bəyin bizə danışdığına görə, Elçibəy gecə saat üçdə ona zəng etmiş,onunla bağlı qərarın dəyişdiyini demişdi. “Gündüz verilən qərarı gecə kim, necə dəyişə bilər?- sorusunun yanıtı belə olmuşdu: “Sənlik deyil”. Burası qanunun, qanunçuluğun başdan tapdanması görsənişidir. AXC hakimiyətinin bir il sonra bir əldən başqa ələ ötürülmə nədəni ilə bu fakt arasında bağlılıq var…

 

Bir gün “Azadlıq” redaksiyasına gedən yolda qarşılaşdıq.Rəşid Behbudov küçəsinə çatırkənsvetaforda qırmızı işıq yandı. Tofiq bəy dik dayandı. Yolun sağına, soluna baxıb, dedim: “Tofiq bəy, yol boşdur, keçək”. Tofiq bəy gülümsünərək: “Mən qırmızı işıqda yolu keçmirəm, qırmızı işıqda yolukeçmək qanunu pozmaqdır”,- dedi.Boynuma alıram, qanunçu biri olsam da, o çağadək Tofiq bəyin dediyini düşünməmişdim. Yolu qırmızı işıqda keçmək gerçəkdənqanun pozuntusudur. Ola bilsin, kiçik qanun pozuntusudur, ancaq önəmsiz deyil. Toplum böyüklüyündən-balacalığından asılı olmayaraq, qanunla yaşamağa alışmalıdır. O çağdan Tofiq bəy mənə unudulmaz bir örnək aşılamış oldu.

Azərbaycan kimi iki yüz il yağı basqıları altında kimyası dəyişdirilmiş bir ölkədə yaxşılığa doğru kəskin dönüş yaradılması üçün Tofiq Qasımov, İlyas İsmayılov kimi işində dönməz, yaşamında örnək QANUNÇULAR toplumu qanunçuluqla yaşamağa alışdırmaq baxımından, yol göstərən deyil, Yolu gedən LİDERLİK açısındanolduqca önəmli olur, QANUNÇULUĞA ayrıca dəyər qazandırırlar.

Fransanın sosialist prezidenti (1981-1995) Fransua Mitteran deyirdi: “Mən yol göstərmirəm, yolu gedirəm”. Onlar da eləcə Yolu gedən örnək Dəyərlər idilər.

Qanunların aşağıdan yuxarıya, yuxarıdan aşağıya hamı üçün işlək olduğu ölkələrdə toplumun sağlam düşüncəli, o üzdən də güclüolduğu bəlli görsənişlərdəndir.

Burası ayrıca vurğulanmalıdr: Tofiq bəy, AXC hakimiyətində gəldiyi kimi gedən çox az, TƏK-TƏk Kişilərdən biri, birincisi idi.

Tofiq Qasımovun yeri niyə dəyişdirilmişdi? Sözsüz, dönməz qanunçu olduğuna görə! Sonralar onun-Xarici işlər nazirinin- parlamentdə, ardınca da televiziyada çıxışları yasaqlanmışdı. İş o yerə çatmışdı o, məndən-AZTV İnformasiya studiyasının direktorundan-televiziya çıxışına yardımçı olmağı istəmişdi.Mənsə, buna görə Məmməd İsmayılla dartışmalı olmuşdum.  M.İsmayıl buyruğa uyğun olaraq Tofiq bəyin televiziyada çıxışnı yasaqlamışdı.Beləcə, Xarici işlər naziri postuna ötürməklə onu legitim hüququ olan hakimiyətözəyindən “xaric” etmişdilər. Sözsüz, Tofiq bəy Milli Məclisin başında dursaydı, çoxlarının əl-qolu bağlı qalacaqdı. O üzdən, işlər başlanğıcdan “yaxşı” qurulmuşdu.

Tofiq bəy də İlyas İsmayılov kimi intriqanlıqdan, intriqalardan uzaq, üstün intellektual, dönməz  qanunçu, dəyərli dövlət adamı idi.

Hakimiyət dəyişikliyindən sonra Tofiq bəy AXC-yə qayıtdı. Qayıtdı, ancaq… boz üzlə qarşılandı, dışlandı. Onda onunla bağlı bir səhifəlik yazı yazdım. Xalq hərəkatının doğurduğu qəzeti-  “Azadlıq”ı özəlləşdirmək yolu tutmuş biriləri yazının çapına qarşı çıxdılar. Yazını uzun dartışmadan sonra çap etməli oldular. Ancaq harda? Mənim də, Tofiq bəyin də acığına “Azadlıq”ın son səhifəsində!

Hakimiyətin “Tofiq Qasımov, sən nə istəyirsən?” deyə dışladığı adam AXC-dən dışlandığı kimi, sonra üz tutduğu “Müsavat”dan da dışlandı.

Bəlli deyil, o ayrılıq nədən oldu: hakimiyətdən gələn göstərişdənmi, “yerimizi dar eləyəcək” qorxusundanmı?Qanunçuluq olmayan yerdə qanunçular qorxulu olur!

 

AXC hakimiyətində Ədliyə naziri

 

AXC hakimiyətində İlyas İsmayılov Ədliyə naziri oldu. Dönməz qanunçu olaraq o çağ üçün onun yeri ora deyildi. Bütün güc qurumlarını gözətim altında tutması üçün o, dövlət hüquq bölümünün başında durmalı, ən azı Baş prokuror olmalıydı.

Tofiq Qasınov kimi İlyas İsmayılov da ayrıca xarizması, ayrıca liderlik özəllikləri ilə seçilir, tanınırdı. O üzdən Tofiq Qasımov kimi onun da parlaq varlığını gözardı edə bilmədilər. O biri yandan Tofiq Qasımov kimi onu da dövlət yönətim özəyindən dışlanmış duruma gətirdilər. Düzdür, dövlət yönətim yöntəmində (sistemində) Ədliyə nazirliyi çox önəmli qurumdur, ancaq üstün qanunçu olaraq o çağlar İlyas İsmayılovun ən azı Baş Prokuror olması gərəkirdi.

Bir daha vurğulamaq gərəkir: o çağlar üçün! Hansı çağlar? Bağımsız dövlətin yenicə qurulmaqda olduğu çağlar üçün! Dövlətin qurulub bərkinməsinə, bərkinib güclənməsinə yol verməmək üçün birilərinin güdükdə durduğu, ov üstünə atılmağı girəvələyən yırtıcı kimi marığa yatdığı o çağlar üçün! Tofiq Qasımovun Parlament başında yetkili,  İlyas İsmayılovun Baş Prokuror olması ölkədəki bir çox dəngələri eləcə dəyişməklə qalmayacaq, yeni, bağımsız dövlət quruculuğuna dönməz xarakter qazandıracaqdı. Bunların olmaması üçün onların yeni, bağımsız dövlət quruculuğ yöntəmindəki yeri haralardasa çox düzgün bəlirlənmişdi. Düzgün bəlirlənmişdi, ancaq onları başlıca yönətim özəyindən “xaric” etmək, dışlamaq, belə desək, qapı arxasında qoymaq baxımından.

 

“Dövlət quruculuğu ili”

 

Prezident adlanan adam ilin başlanğıcından 1993-cü ilin “dövlət quruculuğu ili” olduğunu bildirmişdi. Bildirmişdi, ancaq bir çox görsənişlərdən göründüyü kimi, o qutsal quruculuq üçün gərəkənlərin biri də edilməmişdi. Onda ən başlıca edilməli olan nə idi: prezidentliyin, başqa sözlə, yeni hakimiyətin ilk çağlarından DEMOKRATİK DÜZƏNƏ yol açacaq YÜKSƏK QANUNÇULUQ yaratmaq!

Bundan ötrü nələr edilməliydi? Ən azı 1992-nin sonlarına yaxın kadrların yerləşdirilməsinə yenidən baxılmalı, özünü doğrultmayanlar işdən atılmalı, kimlərinsə yerləri dəyişdirilməliydi. Bunların biri də edilməmişdi. Bircə fakt: Çingiz Qəniyev Bakı şəhər prokuroru, sonrala Gəncədə basqı altında prezidentlə bağlı sanksiya qollayan, tutduğu yüksək görəvi dəyərsizləşdirən İxtiyar Şirinov hansı nədənləsə Baş prokuror olaraq qalırdı.Sovet illərində belə bir komik mahnı geniş yayılmışdı: “Ağ şalvarda qara yamaq,/ Komunizmə gedirik biz!”. O “dövlət quruculuğu ili” də eləcə “Komunizmə getmək” yolçuluğu idi.Prezident adlanan adamın topluma gileyləndiyi kimi: ÖLKƏDƏ RÜŞVƏT BAŞ ALIB GEDİRDİ!..

Hə, özünün də vurğuladığı kimi, ən yaxın çevrəsindən aşağılaradək onun görəvləndirdiyi “hüquq-mühafizə”, başqa sözlə, hüququ qoruma  böyükləri dururdu. Oturub yüksək tribunadan topluma söylənmək yerinə onları bağlı qapı arxasında sorğulamalı, sonra da hər biriylə bağlı gərəkən ölçü götürməliydi. Birillik hakimiyəti boyunca qanunçuluq baxımından o nə etmişdi? Onların çıxardıqları “İqtisadi cinayətkarlığa və sabotaja qarşı mübarizə tədbirləri haqqında” qanunu əlinin alıtında tutmaqla o qanunu gündəlik işdə uyğulayan Az TV İnformasiya studiyası direktorunun qandallanıb Bayıl türməsinə aparılması üçün yeni Daxili işlər naziri Abdulla Allahverdiyevə göstəriş vermişdi.Korrupsionerləri deyil, korrupsiyaya qarşı çıxanı tutdururdu! Sonra da deyəcəkdi: “Məni aldatmışdılar”…

Onlar özlərinin çıxardığıqları çox gərəkli, hakimiyəti qoruyub gücləndirməyə yönəlik qanunu birillik hakimiyətləri boyunca bütünlüklə unutmuş, sonra da o qanunu gündəlik işdə uyğulayan adamın tutulub etkisiz duruma gətirlməsinə qərar vermişdilər. Bu görsənişin adı nə idi? Tərsinə qanunçuluq!

O sayaq tərsinə qanunçuluq içdən yenilməyə gətirməyə bilməzdi!

Türkiyədə belə deyim var: “Hamı gedər, Mərsinə, /Biz gedərik tərsinə”. Tələsdikləri üçün deyil, hakimiyət-dövlət quruculuğunda tərsinə getdikləri üçün çox keçmədən. “təndirə” düşdülər. Kim bilir, bəlkə də, onlara yüklənmişyolçuluq, görəv gərəyi elə bu imiş…

Tərsinə gedişləriylə onlar yalnız birillik hakimiyətlərində deyil, eləcə də çoxillik “müxalifətçilik” dönəmindədəyişməz BOZLUQ yaratdılar!O dəyişməz bozluq içində yüzlərlə, minlərlə hərəkatçı-müxalifətçi çoxillik işsizliyin, yoxsulluğun doğurduğu xəstəliklər içində istəyi-diləyi gözündə köçünü çəkib getdi. Eləcə də ağgünlü etmək üçün çıxdıqları yolda ailələrini, yaxınlarını-doğmalarını çoxillik çalışmalarına baxmayaraq, qaragünlü qoyub getdilər. Nədən? Başa çıxan-çıxarılan birilərinin gərəksizliyindən, dönüklüyündən!

 

İllər öncəsi “Arqumentı i faktı” qəzetində rus jurnalistinin İngiltərənin baş baxanı, İngiltərəni illərin durğunluğundan qurtarmış Marqaret Tetçerlə qonuşmasını oxumuşdum. Rusiyanın korrupsiya bataqlığına batdığını deyən, qurtuluşun nədə olduğunu soruşan jurnalistə Tetçer belə demişdi: “İstənilən ölkəni batdığı rüşvət-korrupsiya bataqlığından qurtarmaq üçün bir neçə (“neskolko”) namuslu, doğru-düzgün adam gərəkir”.

Azərbaycandakı o bir neçə namuslu, doğru-düzgün adamın ikisi Tofiq Qasımovla İlyas İsmayılov idi! (İkisi də bir ildə doğulmuşdu).

 

Hər bir adam dövlət olmalıdır

 

Buddizmdə belə bir olduqca önəmli deyim var: “Hər bir adam dövlət olmalıdır”. Onlar ikisi də dövlət-adam idi. Özquralları, öz strategiyası, öz taktikası olan dövlət-adam: xalq dövləti, bağımsız, özgür, demokratik dövlət.

Başqası (başqaları) dövlət deyildi. Xalq cəbhəsinin Proqramı ilə hakimiyətə gəlib, özgə proqramla işləyən biri (biriləri) dövlət ola bilməz, olamazdılar! Başqa sözlə, bağımsız-suveren dövlət olamazdılar. Eləsi yalnız vassal ola bilərdi, özü də bugünədək o orbitdən çıxmayan, çıxa bilməyən çevrə ilə birgə.

Onun ən sevimli, ən başarılı kadrı olan Pənah Hüseynov 2009-cu ildə qəzetdə demişdi: “Biz AXC hakimiyəti olaraq kadrları Heydər Əliyevin məsləhəti ilə seçib yerləşdirirdik”. Hakimiyətə Xalq cəbhəsinin Proqramı ilə gəlmək, KQB proqramı ilə işləmək nə deməkdi?Absurd teatrı! Bunu bəlirləyəndən sonra qalır rejissoru bəlirləmək…Arxivlər niyə açılmalıydı?!

 

Sağlığında dəyər verin insanlara!

 

Onun yaşamı filosof yaşamı, davranışları filosof davranışları idi. “Ağıl olan yerdə zora gərək yoxdur”- deyirdi, eləcə də yaşayırdı. Gücü dərin, ölçülü-biçili düşüncəsinə, ağlına bağlıydı.

Konfusi deyir: “Yüksək insanlar doğru-düzgünlük (ədalət) üçün, alçaq insanlar qazanc üçün çalışar”. Tofiq Qasımov da, İlyas İsmayılov da yüksək insan kateqoriyasından idi.

Tofiq Qasımovla aramızda elə bir yaxınlıq olmamışdı. İlyas İsmayılovla yaxın olmuş, belə desək, dostlaşmışdıq. Arada zəng vurur, deyirdi: “Gəlin bir oturaq”. Gedirdim. Gedəndə də daha çox onu dinləməyə, ondan öyrənməyə çalışırdım. Çox kitab oxumuşdu, oxuyurdu. Yaddaşı da çox güclüydü, antik filosoflardan, hüquq uzmanlarından günümüzədək bilir, yeri gəldikcə bildirirdi.

Bütünlüklə Mövlanə Ruminin dediyi idi: “Olduğun kimi görün, göründüyün kimi ol” Bu isə böyüklüyün, bütövlüyün özü deməkdir.Gerçək bir Türk olaraq özünüreklam ona yad idi. Bir qonuşmamızda ondan gözlənilmədən bunu eşitdim: “Mən Qarapapaq Türklərindənəm!”. Bu, bir kod anlatımı idi: onun gerçək Türklüyəözgü yaşamına, davranışlarına yön verən kod anlatımı!

O, biriləri kimi sözdə “millətçi-türkçü” deyildi, olanı-olmazıyla Türkün özüydü!Türklərdə yaranışdan etnik müllətçilik olmayıb, belə desək, ELLİK ulusalçılıq (millətçilik) olub. Başqa sözlə, bir dövlət çatısı altında birləşənlərin yurddaş millətçiliyi olub: hamının hüquqlarını tanıyan, hamının hüquqlarını qoruyan ulusalçılıq-millətçilik.İlyas İsmayılov o genetik kodun tipik daşıyıcılarından idi.

 

AXC hakimiyətinmdəki bəlli çoxluqla bağlı deyilmişdi: “Tank qabağında dayanan oğullar rüşvətin qabağında dayana bilmədilər”. Bu tezisi düzgün saymamışam, düzgün saymıram: rüşvətin qabağında dayana bilməyənlər tank qabağında dayananlar deyil, Hərəkata da, Xalq cəbhəsinə də tapşırıqla göndərilənlər, özəl qazancı üçün qatılanlar, başqa sözlə, kabab iyinə gələnlər idi: birilərinin göstərişli, birilərinin partiya-qrup çıxarlarına bağlı özgüdükçü seçimləri onların AXC hakimiyətində çoxluğuna nədən olmuşdu.

Bir də, meydan-küçə qaəhrəmanlığı ilə kabinet qəhrəmanlığı başqa-başqa kateqoriyalardan olan anlayışlardır. Kabinet qəhrəmanlığı ən birinci özüylə savaş deməkdir. Bu, adamın öz özüylə Kişilik, Ərdəmlik savaşıdır: tamahını yenmək, çoxlarının yenildiyi yetənəksizliyə yenilməmək Kişiliyi, Ərdəmi-Adamın Böyüklüyü, Bütövlüyü burada ortaya çıxır, burada doğrulanır! Adam yalnız bu böyük, çoxları üçün əlçatmaz sınaqdan uğurla keçməklə Kabinet Qəhrəmanına çevrilə bilir!

 

Xəlil Rza Ulutürkbizdə çox olmayan belə kimsələrlə bağlı demişdi:

 

Sanki Günəşi də oğurlayıblar,

Qaranlıq nə qədər qatıdır, sıxdır.

Bu çirkab içində təmiz qalanlar,

Bəlkə də, ən böyük qəhrəmanlardır!

 

Bəlkəsis, bəlkəsiz, bəlkəsiz belədir! Onlar ikisi də-Tofiq Qasımov da, İlyas İsmayılov da o Qəhrəmanların özüydülər! Onlar bölgəsəl (regional) ayrımçılıqdan uzaq yüksək yurddaşyetənəyinə yiyələnmiş üstün dövlət adamıydılar! Bəlli bilinməlidir: yüksək yurddaş yetənəyinə yiyələnməyən kimsə üstün dövlət adamı ola bilməz, olamaz!

 

Sağlığında dəyər verin insanlara!

 

Bilin: özgüdükçülüklə, başqa sözlə, dəyərliləri dışlamaqla özünüzü böyütmək güdüyünüz sizin dəyərsizlik göstərgənizdir. Bunun başqa adı yoxdur, olamaz!

 

26.02.2025

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv