Bir yandan ölkədə açıq-aydın sosial-siyasi, mənəvi-psixoloji qırğın siyasəti yürüdür, o biri yandan muğamı DİRİLDİR, muğamı YÜKSƏLDİRLƏR. Özü də görün bu sayaq işlərin başında kim durur? 40 ildən bəri “ümummilli liderlə” yanaşı milləti yenmə siyasətlərinin başında duran adam. Ilham Əliyev uğurlu NEFT-QAZ, uğurlu KÜRÜ, uğurlu DOLLAR diplomatiyasından sonra AŞ PA-dan kart –blanş aldığı kimi, R.Mehdiyevin son çağlar İlham Əliyevdən kart-blanş aldığı açıq görünür.
Baxın, çoxlarının işdən çıxarılacağını saniyə-saniyə gözlədiyi R.Mehdiyev gözlənilmədən Antikorrupsiya komissiyasının (gerçəkdə Korrupsiya komissiyası) başçısı olaraq televiziyalara çıxıb özünün yeni təhsil startegiyasından, təhsili rüşvətdən təmizləyəcəyindən danışdı. Bu, danışılmış mesaj idi: İ.Əliyevdən hələlik toxunulmazlıq statusu, “mən varam!” kart-blanşı almış bir kimsənin – R.Mehdiyev adlı görkəmli H.Əliyev yetirməsinin mesajı.
R.Mehdiyev tutduğu posta, statusuna uyğun olaraq 20 ildən bəri Azərbaycan təhsil sistemini darmadağın edənlərdən biridir. Özü də bu çoxillik darmadağın siyasəti yalnız rüşvət almaq, milyonlar toplamaq üçün yürüdülməyib. Bu, obrazlı desək, sürüləşdirmə siyasətidir. Uzun illər hakimiyətdə qalmaq, gərəkirkən hakimiyəti asanlıqla yetirmələrinə ötürmə siyasəti. Bu, 20 ildən bəri ardıcıllıqla yürüdülən özümlü ölkəni İŞĞAL siyasətidir. R.Mehdiyevin son çağlardakı təhsili rüşvətdən təmizləmə çıxışı bir yandan ölkəni bürüməkdə olan sosial-siyasi yanğınlar, o biri yandan qarşıdan gələn çətin seçki ilə bağlı xalqı ələ almaq, başını tovlamaq-qatmaq üçün edilən çıxışlardır. Muğam da o sıradan…
Soruşulur: 20 il ölkədə rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SİYASƏTİNƏ çevirən kimsələr birdən-birə dönüb gerçək antikorrupsiya – doğru-düzgünlük yolu tuta bilərlərmi? Birdən-birə yox, R.Mehdiyev başda olmaqla indiki hakimiyət adamlarını – heydərizim yolçularını Norveçə 100 illik antikorrupsiya kursuna göndərsən, qayıdandan sonra yenə korrusiyaya qurşanacaqlar. Toyuq demişdi, axı: tökülmüşlərim öyrəşib. Atvyorka texnologiyasını yadınıza salın. Bu yalnız bir rüşvət çamadanını açma texnologiyası deyi; bu, 20 ildən bəri (44 ildən bəri) bütöv bir ölkəni, dövləti yönətim texnologiyasıdır. Bunlar buna öyrəşiblər, bunlar buna alışıblar.
Britaniya parlamentinə bağlı vergi qurumu yalnız 1993-2010-cu illərdə ata-oğul Əliyevlərin bircə ofşor zonalara ölkədən 48 milyard pul oğurlayıb çıxarmaları faktının üstünü açdı. Ata-oğul Qarabağdan, Qarabağ problemdən, Qarabağ ağrısandan danışa-danışa altdan-altdan görün nə nələr törədiblər. 48 milyard faktı onların son 20 ildə etdikləri çoxsaylı oğurluqların yarısı ola bilər. Ölkənin bütün yeraltı, yerüstü var-yatırı onların deyilmi? “Azadlıq”da İsmayıllıdan olan hüquqçu Şükür Məmmədlinin məktubu yayılıb. Şükür bəy İsmayıllıdakı çoxsaylı qanunsuz özəlləşdirmə faktlarını sadalayır. Faktlardan göründüyü kimi, Füzulu, Nizami Ələkbərov qardaşları İsmayıllıdakı ayri-ayrı obyektləri deyil, bütün İsmayıllını özəlləşdiriblər. İstər-istəməz yada Prezident Administrasiyasının altından vurub üstündən çıxan Sevinc Babayevanın Elşad Abdullayevə dediyi düşür: “Gəl Binəqədi rayonunu qardaşına alaq”. Rayonu özəlləşdirən ölkəni özəlləşdirənin əlaltısıdır.
İsmayıllı Ələkbərov qardaşları üçün göydən düşmə bir rayon deyil. Onlar onu alıblar. İlham Əliyev satıb (R.Mehdiyevlə birgə), onlar alıblar. Direktor, rektor yerləri, bütün başqa görəvlər kimi 20 ildi bu ölkədə bütün rayonlar alınıb-satılır. Ələkbərov qardaşları da İsmayıllını alıblar. İsmayıllının adamları ilə birlikdə alıblar – 18-ci yüzilin təhkimçilik Rusiyasında olduğu kimi. Onların aldığı eləcə dağ-dərə, gözəl Talıstan meşəsi deyil; onlar İsmayıllıya öz bildikləri kimi yiyələnmək, rayonu öz bildikləri kimi yönətmək statusunu satın alıblar. Bu baxımdan İ.Əliyevin Tofiq Yaqublu ilə İlqar Məmmədovu tutdurması… anlaşılandır.
05.02.1013
“Azadlıq”da çapına qadağa qoyulub- ÇQQ.