İki körpə uşaq atası, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını şərləyib tutduran Gülər Əhmədova özü indi dustaqdır. Əvəz Zeynallı sevmədiyi rejimin dustağıdır, Gülərsə bir könüldən min könülə aşiq olduğu, qurulmasında, bərkinməyində ayrıca rol oynadığı rejimin dustağı! Olduqca ilginc görsənişdir.
Əvəz Zeynallı dustaqlıqda da dediyindən dönmür, bu rejimlə döyüşür, rejimin iç üzünü açıb tökən çıxışlarda bulunur. Bəs Gülər? G.Əhmədova YAP-dan çıxarılsa belə, sözün gerçək anlamında YAP-çı olaraq qalır. Türmədə belə, YAP-çı olaraq qalmaq nə deməkdir? YAP saxtakarlığı etmək! Bütün başqa bəlli işləri bir yana, iki körpə uşaq atasını şərləyib tutduran G.Əhmədova türmədə namaz qılmağa girişib – bu, bir. Ikinci, G.Əhmədova “Heydər Əliyev dövlətçiliyinə sonadək sadiq qalacağı” ilə bağlı türmədən mesaj yollayıb. Hər ikisi olduqca ilginc görsənişdir: uzun illər bir çox əyri-dolaşıq işlərdə bulunmaq, dələduzluq üstündə türməyə düşüb namaza girişmək, o biri yandan da TÜRMƏDƏ “Heydər Əliyev dövlətçiliyinə sadiq qalmaq”.
Bəlli dövlət orqanları Bakının ortasında G.Əhmədovanın doqquz evini, bir çox obyektlərini tapıb ortaya çıxarıb – budur Heydər Əliyev dövlətçiliyinə SADİQLİYİN anatomiyası! Bu dövlətçilik yalan, yaltaqlıq, əyrilik, oğurluq, soyğunçuluq, dələduzluq yolu tutanlar üçün böyük GƏLİR qaynağı deməkdir. Bu dövlətçiliyi sevənlər, bu dövlətçiliyə bağlı olanlar kimlərdir? Şər rejiminə arxa durmaq, qulluq yolu tutmaqla millətin əzilməyindən, dövlətin yenilməyindən qazanc güdənlər! Qanunsuz hakimiyətə qanunçuluq donu geydirməyə uğraşanlar! Antimilli, antidemokratik hakimiyətə milli, demokratik görüntü yaratmağa çalışanlar!
Bu günlərdə Hüseyn Abdullayev adlı birisinin prezident İlham Əliyevə açıq məktubu yayıldı. O, məktubunda özünü iş adamı olaraq tanıtmağa çalışır, iş adamı hüquqlarından danışır. Bu “iş adamı” Heydər Əliyev Mərkəzinin qarşısındakı böyük ölçüdə torpağını ABŞa satmaq istəyib. ABŞ da ondan torpağı alıb özünə elçilik binası tükmək istəyib. 5-6 milyon dəyərində bağlaşma bağlanıb. İ.Əliyev bağlaşmadan soraq tutunca onun pozulmasına göstəriş verib. “İş adamı” H.Abdullayev ABŞla başladığı alqı-satqı prosesini Alatava küçəsi 2 ünvanına – atasının buradakı böyük ölçüdə torpağına keçirmək istəyib. Hakimiyət orqanlarının işə qarışması ilə yenə istəyi baş tutmayıb. İş qalıb prezidentə üz tutmağa.
H.Abdullayevin məktubunda çox ilginc bir yer var: tarix yadasalması. “Bilirsiniz ki, sizin atanız, mərhum prezident Heydər Əliyevin və Azərbaycanın ən çətin vaxtlarında, müstəqilliyimizin təhlükə altında, ölkəmizin isə vətəndaş müharibəsi ərəfəsində olduğu vaxtlarda hər zaman onun yanında olmuşam. Bütün Azərbaycan xalqına məlumdur ki, hakimiyyətin güc strukturlarının zəif olduğu dönəmlərdə mən və ətrafımdakı vətənpərvər gənclər həyatımızı riskə ataraq Heydər Əliyevin təhlükəsizliyini təmin etmiş və əlimizdən gələn hər cür dəstəyi göstərmişik. Bu, mənim Tarix, Vətən, Millət qarşısında vətəndaşlıq borcum idi”,- deyir dünənki dəstəbaşı, bugünkü “iş adamı”.
Onun dediyi çağlarda Azərbaycan ordusu Qarabağda ölüm-dirim savaşı aparır, minlərlə Azərbaycan oğlu VƏTƏN uğrunda canından keçməklə torpaqlarımızı düşmən tapdağından qurtarırdı. O isə Naxçıvanda cəbhəçiləri əzişdirməklə H.Əliyevi yüksəldirdi. H.Əliyevsə ağ bayraq qaldırıb separat bağlaşmalara gedərək ermənilərin Naxçıvandan arxayınlaşıb bütün güclərini Qarabağa yönəltmələrinə yardımçı olurdu. Ermənilərlə Naxçıvanda yaradılan ATƏŞKƏS rejimi sonradan Qarabağın 6 qıraq rayonla birgə verilməsi, minlərlə Azərbaycan oğlunun şəhid edilməsi bahasına Bakıya – bütün ölkəyə keçirildi. H.Abdullayev də, onun getdiyi yolu gedənlər də bilməlidirlər: bütün bunlar unudulmayıb, unudulmayacaq!
XALİQ BAHADIR. ÜZLƏŞDİYİMİZ QANUNSUZLUQLAR
Mart 15th, 2013 admin