Birinci Bölüm:
Sənə¬tə, Elmə, Fəlsəfəyə, Ruhaniyyata yönəlik
ATA SÖYLƏMLƏRİ – DƏYƏRLƏNDİRMƏLƏRİ
MÖMİNLİK ÇEŞİDLƏRİ
Katolisizm – Kilsə ibadəti.
Protestantizm –Şəxsi ibadət.
İslam – İlahi Qismət itaəti.
21 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı.
RƏŞİD BEHBUDOV
İstedadlı Lotuydu – arsız, hiyləgər, yaltaq.
SÜLEYMAN RÜSTƏM
Manşırlanmış Şər nökəri, abırsız, idraksız, məddah, təmənnalı şüarşünas, pozğun boyunduruqpərəst, ehtiraslı xalqsatan.
MİRZƏ İBRAHİMOV
Şöhrət Aşiqi – həm oynadılan, həm oynadan, həm çalınan, həm çalan; həm sürünən, həm süründürən; əxlaq tanımayan, əqidə tanımayan – əxlaqlı tanınan, əqidəli tanınan.
13 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı.
MANQURTLUQ
Çingiz Aytmatovların daxilində bitən Ağac.
FƏALİYYƏT
Sovet ədəbiyyatı adamları yalana alışdırdı.
14 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.
TÖHFƏ
Zeynəb Xanlarovada sənət küçələşdi.
16 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı.
FƏRQ
Qız seçmək – Ticarətdir, Qız sevmək – Sevda.
VAQİF
Bambılı, ruspərəst molla, təbli şəhvət müəllimi.
PUŞKİN
Əxlaqsızlığıyla fəxr edən, murdar, çirkin, qafiyəçi.
18 İnam günü, Şölə Ayı, 11-ci il. Bakı.
RUHSUZLUQ
Avropa mədəniyyətində dressiləşmə ruhsuzluğu hökm sürür.
OYUNA SƏCDƏ
Kino-aktyorlardan Allah düzəldir Avropa – Oyunu ilahiləşdirir.
DÜNYASIZLIQ
Abırsızlıq – Dünyasızlıqdır. Avropalılar Dünyasızlaşırlar.
AVROPA NAŞILIĞI
Maddi Tərəqqi vasitəsiylə Səadətə çatmaq niyyəti.
MADDİYYATÇI QİYMƏTİ
Dünyanı maddiyyatla qiymətləndirdilər – Dünyanı qiymətdən saldılar.
AVROPA MÖMİNLİYİ
Əşyanı o qədər sevdilər ki, Əşyaya çevrildilər.
İCTİMAİ QİYMƏT
Bacarıq qazancla ölçüləndə əşyalaşır – satılır, alınır.
Bu baxımdan milyonçu, əslində əşyadır.
HƏQİQƏT
Ağalıqdan böyük Gədalıq yoxdur əslində.
AVROPA ZAHİRİLİYİ
Avropada Daxili Boşluq var – Zahiri Fəallıqla doldurulan.
Daxili Süstlük var – Zahiri Həşirlə pozulan.
Daxili Həqarət var – Zahiri Mədəniyyətlə pərdələnən.
Avropada şux murdarlıq var, süni təbiilik, cazibəli qəddarlıq var, mərhəm yağılıq var, yetkin oyunçuluq var.
Avropa sürətlə Mənadan qaçır.
“Yeni sosialistlər” Avropaya çatmağa tələsiyir.
NƏTİCƏ
Açıq-saçıqlıqda heyvan aşkar oldu.
Çılpaqlandıqca – bədənləşdilər.
19 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı.
AVROPA AQİBƏTİ
Avropada Vatikan var, Kilsə var – ancaq Avropalıların Allahı Maddiyyatdır.
MİRZƏ FƏTƏLİ AXUNDOV
Antişərq məfkurəli çar çinovniki, İmperiya nökərlərinin üfürdüyü köpük – Sənətkar olmayan, Filosof olmayan, Tənqidçi olmayan.
20 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı.
AVROPA ŞUXLUĞU
Həyanı özlərinə Yük eləmirlər.
GÜNƏŞSİZLİK
Melodiya – musiqinin Günəşidir.
Bu səbəbdən də yeni Qərb estradası – Günəşsizdir, çünki melodiyasızdır.
FƏRƏHSİZLİK
Arsız fərəh olmur – Arsızın Fərəhi olmur.
YAZIÇI NİFRƏTİ
Yazıçıların çoxu Əsərlərində nifrət etdiklərinə həyatda məhəbbət bəsləyirlər.
SOVET TƏNQİDÇİSİ
Ədəbi Hambal.
SOVET FİLOSOFU
Dövlət nökəri.
BOŞLUQ
Cəmiyyət nə yaradıbsa – Boş yaradıb, əslində böyük bir Boşluq yaradıb!
Dəhşətli Boşluğa düşüb İnsan – çıxa bilmir!
21 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.
MÜASİR ƏDƏBİ QAZANLAR
İçəriləri boşdur – ona görə danqıldayırlar.
22 Mərhəm günü, Şölə Ayı, 11-ci il. Bakı.
ADSIZLAR
Aşıq Hökumətdən ad istəyir,
Xanəndə Hökumətdən ad istəyir,
Şair Hökumətdən ad istəyir,
Alim Hökumətdən ad istəyir –
Aşıq, Xanəndə, Şair, Alim adlarından iraq.
KONSERVATORİYA BEYNƏLMİLƏLÇİLİYİ
Azərbaycan xalq mahnılarını əcnəbisayaq oxumaq.
24 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı.
GÖZƏLLİK MÜSABİQƏSİ
Ruhani Eybəcərlik.
8 Murad günü, Od Ayı, 11-ci il. Bakı.
JURNALİZM ŞƏRİ
Həşirlik – Şərlikdir.
MƏTBUAT HƏQİQƏTSİZLİYİ
Gün Həqiqəti olmur, Ay Həqiqəti olmur, İl Həqiqəti olmur, Zaman Həqiqəti olmur – Həqiqət həmişəlikdir.
Bu səbəbdən də Mətbuat – Həqiqətsizdir.
9 İnam günü, Od Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Müasir Teatr əslində camaatı süniləşdirir, aktyorlaşdırır.
7 Arzu günü, Qürub Ayı, 11-ci il. Bakı.
DƏB
Mövcud olan – Var olmayan.
25 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Materializm Dünyanı Ayağı üstə qoymur – Ayağa salır.
HƏQİQƏT
Azərbaycan maarifçiləri (Axundov və s.) xalqı Yadlaşma yoluyla irəli aparırdılar, əslində uçuruma salırdılar.
HƏQİQƏT
İnqilabdan qabaqkı Azərbaycan millətçiləri çarizmə dözürdülər – bu, onların ən böyük fəlakəti idi – xalqa verilən.
HƏQİQƏT
Təzəliyi bizə özgələr gətirdi – bu səbəbdən də Təzəlik bizi özgələşdirdi.
23 Mərhəm günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Şəhvətdə Həyat insanı oynadır –Məhəbbətdə İnsan Həyatı.
HƏQİQƏT
Şəhvətə yumulan Göz – Məhəbbətə açılır.
HƏQİQƏT
Məhəbbət – Şəhvətin üzünü ağardır, üstünü örtür.
HƏQİQƏT
Həyatın Rəmzi –Şəhvət.
Amalın Rəmzi – Məhəbbət.
Ailə – məhəbbətləşən Şəhvət, Amallaşan Həyat.
HƏQİQƏT
Sevda – İlahi münasibət kimi başlayır – cinsi münasibət kimi davam eləyir.
Həyat Sevdanı ilahilik taxtından salır – İnsanı Əksildir.
Ailə – cinsiliyə Atalıq, Analıq ülviliyi gətirir; cismani – ruhaniləşir, həyatın bəd əməli yarımçıq qalır; məhəbbət Ocağının közü sönmür.
24 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Gün görməyən – Günü görür.
Gün görən – Günü görməyir.
26 İnam günü, Qürub Ayı, 12-ci il. Bakı.
B.VAHABZADƏNİN “ŞƏHİDLƏR” POEMASI
Bugünün səviyyəsində Haray: Allahlı, Şeyxli, Xəlil Rzalı, Puşkinli…
29 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Təbiət – Zorakıdır. Zorla gətirir, Zorla aparır.
4 Ümid günü, Ata Ayı, 12-ci il. Bakı.
BƏDİİ HADİSƏ
Kədər Kosmetikası.
7 Qismət günü, Ata Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Adam – Zamanın Yavrusu.
İnsan – Zamanın Yağısı.
1Arzu günü,Xəzan Ayı, 12-ci il. Bakı.
VƏZİYYƏT
Ailə – Adamı Həyat üçün böyüdür – Amal üçün Böyütmür, bu səbəbdən də o, Adamlığı qoruyur, İnsanlıqdan qorunur.
RUHANİ PEDOQOQİKA
Tərbiyə – Zamanı ötmək.
Tərbiyəsizlik – Zamana uyğunlaşmaq.
3 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı.
(ardı var)