
Saytlar, qəzetlər bir sorağı geniş tirajlamaqdadırlar: “Bulla-dənizdə yanğın! Bu yanğına görə Azərbaycan hər gün 6 milyon manat itirir!” Sözsüz, Bulla-dənizdəki yanğın sonucu olaraq ölkəmizin hər gün 6 milyon manat itirməyi çox pisdir. Bu 6 milyon manatla seçki qabağı xalq üçün 10 faizlik yox, 11 faizlik artım etmək olardı, hakimiyətyönlü mass-media da prezidenti öyüb göylərə qaldırmaqdan ötrü 10 faizlik yox, 11 faizlik haray-həşir qoparardı. Xalq adamları – Fəzail Ağamalı, İlhamə Quliyeva, Bilal Əliyev də prezidenti daha çox sevərdilər. Yanğın qoymadı.
Azərbaycanın Bulla-dəniz yanğınından hər gün 6 milyon manat itirməyi pisdir, çox pis, ancaq heydərizmin dövlət siyasətinə çevirdiyi rüşvət-korrupsiya üzündən ölkəmizin hər gün milyardlarla manat itirməyi bundan qat-qat pis deyilmi? Sözsüz, pisdir, ancaq… bununla bağlı susqunluqlar daha pisdir. Ölkə bu başından o başına – polisindən məhkəməsinə; gömrüyündən səhiyyəsinə, təhsilinədək od tutub yanır. Bu ölkəboyu yanğın içində hər gün, dediyimiz kimi, milyardlarla manat pul itirilir – bunlardan danışılmır…Bulla-dənizdən danışılır. Bunun bir sıra bəlli nədənləri var, onlardan biri budur: birinci sürəc-prosesdir, o biri olay. Biz daha qorxulu görsənişdən – sürəc-prosesdən qaçıb, olaya uğraşan xalqıq. O da ötəri, elə-belə, hansısa çözüm üçün yox, “özüm üçün”. Başqa cür desək, “özümün ötəri istəyim üçün”. Buna görə Azərbaycan yana-yana gedir. Bu yanğından qazananların aktivliyi, bu yanğından itirib-yananların passivliyi yanğına yağ tökür, sonsuzluq xarakteri verir. Yanğını söndürmək istəyən bir ovuc təpərli YURDSEVƏRLƏRsə yardımsızlıqdan yana-yana qalır. İçdən yana-yana qalanların qıraqdan yardım ummaq gərəyi yaranır…
Bir neçə gün qabaq Qroznıda Azərbaycan müsəlmanlarını prezident İ.Əliyevə səs verməyə çağıran Qafqaz Müsəlmanları İdarəsinin başçısı A.Paşazadə indi ABŞ-a çağırışda bulunur: “Suriyaya hücum etməyin!” Çağırışda deyilir: “Amerika Birləşmiş Ştatları tərəfindən Suriyada hərbi əməliyatlara başlanacağı xəbəri bütün dünyanı, o sıradan Qafqaz Müsəlmanları İdarəsini narahat edib və diqqət mərkəzindədir”. Soruşmaq gərəkir: müsəlman ölkələrindəki diktatorların, despotik rejimlərin illərlə xalqa qan uddurmaları, illərlə xalqı əzmələri, illərlə xalqın hüquqlarını tapdamaları, illərlə xalqı yağmalama faktları din başçılarında “narahatlıq” doğurmur, onların “diqqət mərkəzində“ olmur, niyə?
Çağırışda vurğulanır: “Heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi, təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil”. Bunu doğru saymaq olardı, ancaq… Bütün müsəlman ölkələrində din başçıları despotik rejimlərlə, diktatorlarla bağrıbadaş olursa, hər seçki öncəsi xalq yüksək din tribunasından illərlə xalqa TƏCAVÜZ, xalqın hüquqlarına MÜDAXİLƏ yolu tutan despota səs verməyə şağırılırsa, beləliklə, sonucda Amerika Birləşmiş Ştatları kimi bir gücə güvənmək gərəyi yaranırsa, kimdir suçlu? Qıraqdan ölkəyə demokratiya gətirmək pisdir, olsun. Ancaq… hər seçki öncəsi dini duyğularından yararlanaraq “müsəlman bacı-qardaşlarımızı” antidemokratik rejimə səs verməyə çağırmaqla ölkədə demokratiyanın yoxluğuna – Şərin toxluğuna çalışma çabalarına nə ad verək? Belə yerdə okeanın o tayındakı bir sıra neqativ siyasətləri bilə-bilə adamın deməyi – diləməyi gəlir: Sevgilimsən, Amerika!
MSK İ.Əliyevin birinci, İ.Ağazadənin ikinci olaraq imzalarını “prav” sayıb. Bunun nə demək olduğu bizə – çoxdan siyasətə uğraşan kimsələrə yaxşı bəllidir. Donuz piyindən HALAL kolbasa düzəldən müsəlman bugünlərdə Suriyaya atılacaq ABŞ raketlərindən insanlıq üçün daha qorxuludur. Bunu seçki öncəsi prezidentliklə bağlı ortaya çıxan bir çox faktlar aydın göstərir. Sabir nə demişdi: “Harda müsəlman görürəm, qorxuram!”