Soylu Atalı (Ocaq Yükümlüsü). MİLLİ DÖVLƏT SORUNUMUZ

Uzun zamandır Azərbaycan-Türkiyə münasibətlərinə dövlət səviyyəsində soyuq küləklər əsir. İctimai-siyasi aləmdə bunun nədəninə fərqli yanaşmalar var. Özünün siyasi mənafeyini əsas götürən qüvvələr hesab edirlər ki, Türkiyə demokratik, Batı dəyərləri ilə qaynayıb-qarışmış (inteqrasiya etmiş) ölkədir. Azərbaycan isə demokratik olmayan, özbaşınalıqlarla, anarxiyaya yuvarlanmaqla nüfuzunu itirmiş durumdadır. Bir az türk sevgisi ilə düşünənlər hesab edərlər ki, Türkiyə oturuşmuş, təcrübəli dövlətdir, Azərbaycan isə gəncdir, imperiya təsirindən təzə çıxıb. Ancaq soyuqluğun əsil nədəni başqadır. Ola bilər ki, indi deyəcəyimiz fikirlərlə ortaq olanlar da var. Bizə görə münasibətlərdəki soyuqluğun birinci nədəni həm Türkiyə hökumətinin, həm də Azərbaycan hakimiyyətinin türklüyə arxa çevirmələridir. Bu gün Türkiyədə Ərdoğanın başı hakimiyyətini qorumağa qarışıb. Sayəsində hakimiyyətə gəldiyi Fətullah Gülənin ABŞ-dan tolazladığı sapandların zərbələrindən yayınmaqla uğraşır. Bunun üçün də özünü türk sevdalısı, Türkiyənin qoruyucusu kimi qandırmağa qalxıb: “40 il boyunca dövlətin içinə sızmağa çalışmış bir sistemdən söhbət gedir” deyərək, “xaç atası” Fətullah Güləni Türkiyə üçün təhlükəli, özünü isə məsum göstərməyə çalışır. Görəsən Ərdoğan, Atatürkün qurduğu dövlətin içinə girmək üçün 40 il fəndlər düşünən, planlar cızan bir örgütün ayağına çarıq olduğunu yaddaşlardan silə biləcəyinə özü inanırmı?! Bəlkə hakimiyyətə gəlmək üçün “örgütlərin lideri”nə (özü F.Güləni belə adlandırır) baba deməsi Türkiyə dövləti üçünmüş?! Ömrünü türklüyün qorunmasına bağlamış onlarca türk fədailərini şərləyib zindanlara doldurmasını Gülənin ayağınamı yazacaq?! Özünü “Orta Doğu müsəlmanları idarəsi”nin “baş mollası” kimi sırıyanda “ mənim millətim kürddür, türkdür, arapdır, lazdır” deyirdi. Atatürkün “nə mutlu türkəm deyənə” fikrini bəşəriliyə zidd bir mövqe kimi təlqin etmək istəyir. Ancaq Ərdoğanlar heç vaxt anlamaq istəmirlər ki, milləti böyütmək və sevmək bəşəriliyi inkar etməz, təsdiq edər. İndi Nurçuluğun “baş mollası” onu hədəfə götürəndə Türkiyə dövlətinin mənafeyindən “çıxış edir”. Halbuki bu qədər nala-mıxa vuran adamın Türkiyə Baş Bakanlığına gəlməsi Gülənlərin hesabına baş tutdu. Yəni toplumun dini hisslərini işğal etməklə Atatürk prinsiplərinə vurulan zərbənin bir başı Gülənin əlində idi, bir başı da Ərdoğanın. 40 ildir bu cütlüyün mənsub olduğu bir sistem Türkiyəni sarsıtmaq üçün gücləndirilən PKK-nın da dolayısı ilə himayəçisi olmuşdur. Bu PKK məsələsində onların siyasi məsuliyyət daşıyıb-daşımamasını Türkiyə dövləti qiymətləndirə bilər. Ancaq onların mənəvi məsuliyyət daşımalarını heç kim inkar edə bilməz. Bu iki xarici qüvvə “oyuncaqları”ndan biri Türkiyə siyasətinin içinə soxulmuş, separatçılığın ideoloqu olan o biri isə ABŞ-da himayə edilmişdir. Təəssüf ki, çağdaş Türkiyə siyasətində bu “oyuncaqlar”ı ifşa edib aradan qaldıra bilən güclü Milli Qüvvə yoxdur…
Azərbaycanda da 40 ildir manqurtlaşdıran idarəçilik iş başındadır. Bu illər içrə türklüyün başını davamlı olaraq kəsən bir rejimin Türkiyə ilə hər hansı bir ortaq dəyəri ola bilməz. Talançılıq, genefondun məhv edilməsi elə bir həddə çatıb ki, gedişatı tənzimləmək üçün rejimin özü qərar vermək zorundadır. Uğurlu qərar vermək də heç vaxt mümkün olmayacaq. Çünki ictimai pozuntunun qarşısını almaq üçün köklü dəyişikliklər tələb olunur. Bu tələblərin qısa müddət ərzində gerçəkləşməsi isə rejimin özünün çökməsi demək olar. Əlində kapital toplanmış qüvvələr dağıdıcı gücə malikdir… Fikrimizi bir misalla genişləndirsək daha yaxşı anlaşılmaq olar: Bu günlərdə Milli Məclisin sədri Oqtay Əsədov yas yerlərində Quranın türk dilində (onlar Azərbaycan dilində deyirlər) oxunmasını təklif edir. Allahşükür Paşazadə isə ultimativ dildə danışıraq: “yas yerində Quranın Azərbaycan dilində oxunması müzakirə mövzusu ola bilməz!” deyir. Baxın, qanunla din dövlətdən ayrıdır, ancaq Allahşükür Paşazadə qanunverici orqanın başında duran adamla hökmlə danışır. Kimə güvənir, nəyə güvənir?! Niyə türk yası ərəbcə ifadə olunmalıdır? Əlbəttə, türk xalqını güclə mənəvi geriliyə bağlayan mollabaşılara yerini göstərmək üçün türklüyün hakim olduğu dövlət gərəkdir. O da ki yoxdur. Olsaydı, bu Qurumun (QMİ-nin) başbilənindən soruşardı ki, niyə məhz ərəb dili, ərəb quralı icra olunmalıdır?! Niyə Allah türkə ərəb qibləsinə yaşamaq əmri verib?
O. Əsədovun təklifi çox gecikib. Artıq dövlətin içində “uzun saqqal, gödək şalvar” bir çete özü üçün ictimai idarəetmə biçimi oluşdurur. Dövlətin ağzının içində vətəndaşdan terrorçu düzəldib xarici ölkələrə göndərir. Nə vaxta qədər tolerantlıq oyunu ilə onların əməllərinə göz yumub, torlarına düşən gəncləri isə zindanlara dolduracaqsan?! Güvənc yerimiz olan dövlətimiz talançıların əlində oyuncağa çevrildi, heç kimimizə, heç nəyimizə sahib çıxa bilmir.
Bir sözlə, münasibətlərə zərər verən misallar bəs qədərdir. Məqsədimiz onları saymaqda deyil.
Bəs nə etməli, iki türk dövlətinin – Azərbaycanla Türkiyənin idarəçiliyi əldən çıxıb, durum da getdikcə çətinləşir. Hesab edirik ki, həşirlərə düşmədən, uymadan Milli Qüvvə oluşmalı, həm orda, həm burda. Və birləşməlidirlər!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Köçəri Ayı, 35-il. Atakənd.
(fevral, 2014. Bakı.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv