ASİF ATA. Sənət və Kəşf

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.
İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq”, “Koroğlular və Həmzələr”, “Xaqanilik”, “Nəsimilik” adlı əsərləri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Hesab edirik ki, ədəbi-tənqidin təxminən sıradan çıxdığı bir zamanda bu əsərlərin ciddi etkisi olacaqdır.
Qeyd edək ki, Asif Atanın “İnam və Şübhə” kitabı 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən Asif Əfəndiyev imzası ilə çap edilmişdir.

Asif Ata

SƏNƏT VƏ KƏŞF

(Ədəbi-tənqidi fraqmentlər)

I. KƏŞFLƏR ALƏMİ

Sənət kəşflər, bədii tapıntılar, ixtiralar aləmidir. Kəşf olmayan yerdə sənət yoxdur. Bədii həqiqət həyatı sadəcə təsvir etməklə deyil, onun daxili qanunauyğunluqlarını kəşf etmək vasitəsiylə yaranır. Digər tərəfdən, həyatda adi görünən bir hadisə sənətdə qeyri-adi məna kəsb edir. Sənət, həyat axını içərisində seçilməyən, fərqlənməyən hadisələrin daxili imkanlarını ifadə edir, beləliklə, o bu hadisələri yenidən kəşf edir, ona qarşı yeni münasibət yaradır.
Sənət – həyata yeni nöqteyi-nəzərdən, yəni estetik baxımdan yanaşmaq deməkdir. Ona görə də o, həyat hadisələrinin estetik xassələrini – gözəlliyini, ülviliyini, faciəviliyini, eybəcərliyini,
komikliyini kəşf edir. Bu səbəbdən də sənətin inkişafı – estetik münasibət dairəsinin daim genişlənməsi, insanın həyat haqqında estetik biliyinin daim zənginləşməsi və kamilləşməsi ilə nəticələnir.
Sənət həm də bir-birindən fərqlənən, müxtəlif mənalı, müxtəlif biçimli, müxtəlif üslublu sənətkarları kəşf edir. Sənətdə həyat hadisələri müxtəlif qanunlar əsasında nizama salınır, tədqiq, təsdiq, yaxud inkar edilir. Eyni bir həyat, dövr müxtəlif şəkildə, müxtəlif səpkidə təzahür edir. Beləliklə də, sənətdə L.Tolstoy, F.Dostoyevski, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, Mussorqski, Şişkin və Levitan aləmləri yaranır.
Sənət həyatdakı gözəlliyin sadəcə vəsfi və eybəcərliyin sadəcə tənqididirmi?
Xeyr, gözəlliyin daha yüksək, daha kamil səviyyəyə qaldırılması, eybəcərliyin daha bariz şəkildə meydana çıxması, inkarıdır. Həyatda Hamlet, Otello, Peçorin, Kefli İsgəndər olmamışdır. Həyatda Hamletlərin, Peçorinlərin, Otelloların prototipləri olmuşlar. Onlardan Hamlet, Peçorin, Otello, İsgəndər surətləri yaradan sənətkar idealı, təxəyyülü və şəxsiyyətin qüdrəti olmuşdur.
Həyatda bəlkə də minlərlə balaca Faustlar olmuşdur. Lakin böyük və ölməz Faustu yalnız Höte yarada bilərdi.
Əsil sənətkar bir dünyadır. Bu dünyanın öz qütbləri, iqlimi, dağları, çayları, çəmənləri var.
Kamil təfəkkür və ülvi duyğular dünyası – Füzuli!
Böyük niyyətlər və coşğun ehtiraslar dünyası – Nəsimi!
Xalq taleyinin kədər, ümid və mübarizə dünyası – Mirzə Cəlil!
Sənətdə kəşf böyük və kiçik ola bilər. Burada biz Tolstoy kəşflər silsiləsi ilə yanaşı, Pisemski kəşfinə, Puşkin kəşflər aləmi ilə yanaşı Baratınski kəşfinə, Şopen kəşflər sistemi ilə yanaşı Ogunski kəşfinə rast gələ bilərik.
Lakin kəşfsiz sənət – meyvəsiz ağacdır.
Kəşfsiz sənətkar silahsız əsgər, alətsiz musiqiçi kimi bir şeydir.

II. CAHANDAR AĞA VƏ ONUN FACİƏSİ

İnsan müəyyən vaxt öz fəaliyyətinin mənasını dərk etməz, azad, firavan, rahat bir həyat sürər. İstədiyini eləyər. Gözünə xoş görünən özgə arvadını tərkinə aşırıb, evinə gətirər. Vicdan əzabı çəkməz. Bunu adi hal hesab edər. Yaşayar.
İnsan başqasının namusuna qəsd edər, lakin öz namusunun keşiyində möhkəm durar, tüfəngi rəqibinin sinəsinə boşaldar. Düşünməz, daşınmaz, yaşayar.
Kişi qeyrətini hər şeydən yüksək tutan insan, quyruğu kəsik atın belinə qalxmaz, ürək ağrısıyla, göz yaşıyla onunla vidalaşar. Ağasının tüfəngindən çıxan güllə atı yerə sərər, Kürün dalğaları onu ağuşuna alar və udar.
Qüdrətli insan çətin ayaqda çar kazaklarının qabağına çıxmaqdan çəkinməz və bu anda camaatın havadarına, xilaskarına, el namusunun müdafiəçisinə çevrilər. İnsan az savadlı olar, lakin oğlunu kənddə birincilər sırasında Qori seminariyasına göndərər.
İnsan uzun bir dövr, zəkanın tələbindən daha çox, instinktin hökmünə əməl edər, öz çılğın hisslərini açıq şəkildə büruzə verməkdən çəkinməz, şəxsiyyətini nəyin bahasına olursa-olsun təsdiq edər.
Bu nöqteyi-nəzərdən onun insani mahiyyəti bəhs etdiyimiz əsərdə Dəli Kür timsalında ifadə olunmuş bir həyat tərzinin əksi kimi meydana çıxır. Dəli Kür, yəni ipə-sapa gəlməyən, cilovu gəmirib qıran Kür. Hiddəti böyük, sakitliyi aldadıcı, qəzəbi qorxunc, xisləti coşğun, nərəsi heybətli Kür!
Yarımçıq ehtirasların, yarımçıq mərdliyin, yarımçıq xeyirin, “nəzakətli” bəd əməlliyin, pambıqla baş kəsməyin, az ölçüb çox biçməyin antipodu dəli Cahandar.
O, düşməni Allahyarı qəfildən, yaxud diplomatik üsulla yox, qabaq-qabağa döyüşdə məhv edir. Şahnigarı öldürməklə öz kişi namusunu təsdiq edir. Bu səhnə nə qədər ağır, məşəqqətli bir səhnə olsa da, biz burada qatili yox, özü öz bağrını yaran, ürəyini qoparan bir adamın faciəsini görürük.
Başqa bir kişinin arvadı olan Mələyi qaçırmaqla biz Cahandar ağanı ittiham etmək istədikdə, hiddətimiz tez soyuyub gedir. Çünki məlum olur ki, Mələk əvvəlki ərini sevmirmiş.
Cahandar ağanın şəxsiyyətini dərk etmək üçün onu yetirən mühitə nəzər salmaq lazımdır.
Bu mühitin birinci xüsusiyyəti həyat idealının ailə, məişət, namus və qeyrət məsələsi çərçivəsindən kənara çıxmamasıdır. Bu mühitin əsas imperativi, tələbi – min illərlə bərqərar olmuş ailə münasibətlərinə, məişət prinsiplərinə ciddi riayət etmək, şəxsi ailə və kişi ləyaqətini təsdiq etmək və qorumaqdır.
Həmin mühitin ikinci xüsusiyyəti hər cür cilovlanmaya, inzibati qayda-qanunlara qarşı instinktiv nifrət, fərdi hisslərin çox şiddətli bir şəkildə təzahür etməsidir. Heç təsadüfi deyil ki, romanda Cahandar ağanın bütün fəaliyyəti ailə-məişət dairəsindən kənara çıxmır. Heç təsadüfi deyil ki, məsələn, çar hökuməti ilə münasibətdə də Cahandar ağanı həyəcanlandıran əsas məsələ “bir az da keçəndən sonra lap kişiliyimizi də əlimizdən alacaqlar” məsələsidir.
Buna görə də əsərdə ailə-məişət aləmi bütün dolğunluğu, ilkinliyi və ziddiyyətləri ilə gözümüzün önündə canlanır.
Cahandar ağanı tənqid etmək olar və lazımdır. Lakin heç kəs onu cılız, balaca, ikiüzlü, qorxaq, başqaları ilə eyniləşən, fədri xüsusiyyətlərdən məhrum olan bir şəxs saya bilməz. Cahandar ağa quru, ehtirassız, namərd, zavallı adam deyil.
O, həyatda tısbağa addımları ilə yox, geniş kişi addımları ilə yeriyir.
Mərd və təbii həyat tərzi sərt və amansız formada meydana çıxanda belə, insanlar tərəfindən namərd və süni həyat tərzindən yüksək qiymətləndirilir. Çünki mərd və təbii həyat çox hallarda ən rasional, lakin praqmatik həyat tərzinin əksinə olaraq, özündə bir şeiriyyət, bir daxili təravət gizləyir.
Bu nöqteyi-nəzərdən Cahandar ağanı romanın digər qəhrəmanı Molla Sadıqla müqayisə etmək məqsədəuyğundur. Molla Sadıq Cahandar ağa kimi başqasının arvadını evinə gətirmir, öz bacısını öldürmür, qan tökmür, lakin onun bütün hərəkətləri bizdə nifrət və ikrah hissi oyadır.
Çünki Molla Sadığın hərəkətləri Cahandar ağa mühitinə xas olan mərdlik və şəxsi ləyaqət prinsipinə tamamilə ziddir. Çünki Molla Sadıq təhlükəli, lakin eybəcər fəaliyyət göstərir. Çünki Molla Sadıqlığa xas olan “Məqsədə çatmaq üçün bütün vasitələr yaxşıdır” prinsipi heç vaxt insanlarda xoş duyğular oyatmayıb. Bu prinsip Cahandar ağa mühitinə xüsusilə yaddır. Ona görə də kənd camaatı Mola Sadığa hörmət etmir.
Molla Sadıq da Cahandar ağa kimi hiss adamıdır. Lakin bu hisslər – cılız və eybəcər fəaliyyət doğurduğundan Molla Sadığın bir şəxsiyyət kimi yüksəlməsinə, alçalmasına gətirib çıxarır.
Cahandar ağanın silahı – tüfəngdirsə, Molla Sadığın silahı məkr və xəyanətdir.
Cahandar ağanın hərəkətlərinə biz müəyyən dərəcədə bəraət qazandırırıqsa, Molla Sadığın, hətta namusu təhqir olunmuş Allahyara kömək etməsi bizdə ikrah hissi oyadır.
Cahandar ağa heç vaxt düşməninin bakirə qızını qaçırmaq, yaxud kazaklarla əlbir olub ona arxadan zərbə vurmaq kimi üsullara əl atmaz, bunları şəxsiyyətinə sığışdırmazdı.
Molla Sadıq dəli Cahandar deyil, ona görə də qüdrətli, qeyrətli, parlaq şəxsiyyət də deyil.
…Cahandar ağa şəxsiyyətinin mənasını ifadə edən üç leytmotivlə – papaq, arvad və at leytmotivləri ilə yanaşı, romanda təbiət leytmotivi də ardıcıl, simvolik planda səslənir.
Kür, meşə, səma – bu üç varlıq Cahandar ağa şəxsiyyətinin dərk olunması nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd etdiyimiz kimi Kür, romanda Cahandar ağa xarakterinin bütün xüsusiyyətlərini təmsil edən bir varlıq kimi təsvir edilir. Müəllif yazanda ki, “Yuxarılarda yağan yağışdan sonra hava bürküləşmişdi. Nəfəs almaq olmurdu. Deyəsən yenə Kürün dəliliyi tutub” – bu sözlər qeyri-iradi olaraq bizi Cahandar ağa aləminə aparır, onun çılğın, ehtiraslı təbiəti ilə bizi tanış edir.
Meşə, Cahandar ağa qurbanlarının məskəni olaraq qalmır, o, qəhrəmanın həyat tərzinin, düşüncələrinin, ümumiyyətlə, mövcudluğunun ifadə vasitəsinə çevrilir.
Şimşəkli, yağışlı, yağmurlu səma, dağ köçü, dəyələr, yaylaqda bulaq başında yaranan məhəbbət dastanları, təmiz və bakirə gənclik münasibətləri Cahandar ağa mühitinin şairanə cəhətlərini göz önündə canlandırır.
Cahandar ağa mülkədardır. Mülkədar olmasaydı, o öz istəklərini belə azad, sərbəst şəkildə həyata keçirə bilməz, bütün qəzalardan sağ-salamat qurtarmazdı. Onun arxasında böyük bir tayfa, nökərləri durur, Cahandar ağanın mülkədarlığı qudası qoca gəmiçiyə münasibətdə də meydana çıxır. Oğlu Şamxalın kasıb bir qızla evlənməsini o, günah sayır və bu “günahı” oğluna bağışlamır.
Lakin Cahandar ağa şəxsiyyətinin sinfi mənası oğlu Əşrəflə aşağıdakı söhbətində daha bariz şəkildə aşkara çıxır:
Əşrəfin “Olmazmı öz torpağımızdan bir az kasıblara verək?” təklifi onu hiddətləndirir:
– “Bunu sənə kim öyrədib? Yoxsa qardaşın lüt qaynatasının qarnını mənim hesabıma doldurmaq istəyir?.. Bir də mənim yanımda belə sözlər danışma. Mənim sümüyümü it sümüyünə caladığınız bəsdir”.
Cahandar ağa mülkədardır. Lakin mülkədar olmaqla bərabər o, mühitinin bütün cəhətlərini özündə cəmləşdirən mürəkkəb, ziddiyyətli və güclü bir xarakterdir.
İnsan uzun müddət istədiyi kimi yaşayar, öz daxili aləminə qapılmaz, hərəkətlərini təhlil etməz, özünə bəraət qazandırar, məhv etdiyi adamların xəyalı onu sarsıtmaz. Yaşayar.
Lakin elə bir gün gələr ki, o öz fəaliyyəti haqqında düşünər, onun vüqarlı, şax görkəmi sarsılar, beli əyilər, işgəncəli düşüncələr ürəyini yeyər, ağlını çaşdırar.
İnsan həmişəki instinktin hökmü ilə yaşaya bilməz. Bir gün zəka, təfəkkür öz hökmünü verər, qanunauyğun sayılan bir həyat tərzi əqlin tələbinə cavab verməz, əqlin hökmü ilə rədd edilər.
Onda insan keçmişinə nəzər salar və bütün həyatının dolaşıq, qeyri-məntiqi, qeyri-münasib olduğunu duyar.
İnsan uzun müddət maarifdən, mədəniyyətdən təcrid olunmuş halda keçinər, lakin vaxt gələr amansız bir hiddət icazəsiz onun mühitinə daxil olar, hətta evinə gəlib çıxar və oğlu Əşrəfi əlindən qoparıb çox uzaqlara aparar; oğlu atasına yad bir qüvvəyə çevrilər.
Cahandarın ağalıq etdiyi mühit, pərəstiş etdiyi ideallar, Cahandar ağa istəsə də, istəməsə də məhvə məhkumdur. Ona görə də Cahandar özü dərk etsə də, etməsə də, faciəvi qəhrəmana çevrilməlidir.
Hər şey bir hadisədən – Cahandar ağanın bacısı Şahnigarı öldürməsindən başlayır. Bu hadisədən sonra onun qəlbində əvvəllər yaranmayan hisslər baş qaldırır.
Bu hadisədən sonra yanıqlı, iniltili, sızıltılı nidalar Cahandarın həyat ahəngini pozmağa və tədricən yox etməyə başlayır. Günahsız bacısının xəyalı onu bir an da rahat qoymur. Daxili iztirab, vicdan əzabı, bəlkə də özünə qarşı çevrilən hiddət hissi Cahandar ağanın sabit həyatına dəhşətli bir narahatlıq, qeyri-müəyyənlik gətirir.
Böyük ustalıqla canlandırılmış səhnələrdə biz öz çılğın hisslərinin qurbanı, fanatik qulu olan və öz fəaliyyətinin amansız mahiyyətini dərk etmiş bir insanın faciəsini dərindən duyuruq:
“Kin-qəzəb, dərd-ələm, peşmançılıq onu əzir, ağırlaşıb qurğuşun yükü kimi qəddini əyir, Cahandar ağa canını dişinə tutub özünü saxlayır, daxildən püskürüb çıxmaq istəyən, vilkan kimi alovlanmağa hazır olan qəzəbini hələlik boğur”.
Lakin Cahandarın əsil faciəsi bu deyil. Onun faciəsi ictimai bir faciədir. Bu faciənin səbəbi Cahandar ağa mühitinə yad və düşmən olan həyat tərzinin həmin mühitə daxil olması və onu sarsıtmasıdır. Cahandar ağa bu prosesin bəzi xüsusiyyətlərini dərk etməklə kifayətlənmir, o, eyni zamanda onun labüd şəkildə bərqərar olacağını da anlayır. Anladıqca dərdli-nisgilli duyğular qəlbini yandırır. Yeni həyat tərzi, yeni aləmlə Cahandar ağa bu aləmin iki əks tərəfini təmsil edən çar hökuməti nümayəndələrinin və Əşrəfin şəxsində qarşılaşır.
Birincilərə Cahandar ağanın münasibətini müəllif aşağıdakı şəkildə təsvir edir:
“O (yəni Cahandar ağa – A.Ə.), dədə-baba qaydası ilə dolanmış, atın belində gəzib ağayanalıq etmişdi. Ancaq indi vəziyyət dəyişirdi… Belə getsə onlar… kəndi ayaq altında qoyacaq və hər işə qarışacaqlar.
…Demək bundan sonra gərək onların dediyi ilə oturub-duraq, onlara boyun əyək. Görüm səni qara gələsən, ay zamana!..”
Gördüyümüz kimi, Cahandar ağanı hiddətləndirən yeni həyat tərzinin onun bağlı olduğu ideala yadlığı, düşmənçiliyi, yabançılığıdır. Cahandar ağa labüd bir dəyişiklik dövrünün başlanmasını hiss etmişdir. Bu dövrü o, qocalıq, böyük bir itki, qarşısıalınmaz bir fəlakət kimi duyur. Epik vüsətli romanda qəmli nidalar səslənməyə başlayır:
“Kim isə astadan bayatı deyirdi:

Eləmi qar qalandı,
Qış gəldi, qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.

Kişi dəhşətli gəldi. Yerinə qor düşmüş kimi bədəni ani alışdı. Beyni güyüldədi. Dərindən köksünü ötürdü:
“Ay gidi dünya, gör axırın hara gəlib çıxdı”.
Yaxud: “Yenə mahnıya qulaq asdı:

Belə zaman hara, qoç igid hara,
Mərdləri çəkirlər namərdlər dara
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qoşalmışam, ya zəmanımi?”

Zəmanənin dəyişdiyinə digər dəlil Cahandarın oğlu Əşrəfdir. Ata oğlunun idealını, amalını mübarizəsini dərk etmək qabiliyyətindən məhrumdur. O, Əşrəfin inqilabi ideyalara bağlanmasını, Kipianilərdən dərs aldığını, Radişşev ideyalarından ruhlandığını bilmir. Eyni zamanda o, Çernışevski, Semyonov kimi tərəqqipərvər rus maarif xadimlərinin Azərbaycan xalqına olan dərin məhəbbətini, nəcib arzularını, fədakar əməllərini də qiymətləndirməkdən uzaqdır.
O, yalnız bircə şeyi – oğlu Əşrəfin “zəndini itirəcəyini” dərk etmişdir. “Elə oxumağın quyruğundan yapışıb buraxmaq istəmir. Ata-ana vecinə deyil”.
Cahandar ağa başa düşmüşdür ki, artıq dəyişilməyə doğru gedən zəmanədə ona onun idealına, həyat tərzinə yer yoxdur. Buna görə də Cahandar ağanın mənəvi ölümü fiziki ölümünü qabaqlayır.
Buna görə də Cahandar ağanın fiziki ölümü zəruri, labüd bir faciənin təsdiqi kimi meydana çıxır.
Lakin ölüm ayağında da o, köklü budaqlı, nəhəng ağaclar kimi məğrur, qüdrətli və güclüdür. Sanki möhtəşəm bir qaya yerindən tərpənib nəriltiylə uçuruma yuvarlanır və Dəli Kürün qanlı sularına qərq olur.
Cahandar ağa tarix tərəfindən məhvə məhkum edilən şəxsiyyətdir. Onun həyat idealı, məhdud, fəaliyyəti birtərəfli və qeyri-kamil, qayəsi ibtidaidir. Lakin o, qəribə bir şeiriyyəti, qəribə bir gözəlliyi və ahəngi də özüylə bərabər Kürün dalğalarına tapşırdı.
Bütün bu deyilənlərdən aydın olur ki, yazıçı İ.Şıxlı Cahandar ağa surətilə Azərbaycan sovet ədəbiyyatını yeni bir bədii xarakterlə zənginləşdirmişdir. Cahandar ağa surəti – kəşfdir. Özü də ciddi, əhəmiyyətli və sanballı bir kəşf.

(ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv