Asif Ata. Əzəli, Əbədi Türkçülüyümüz

ASİF ATA

ƏZƏLİ, ƏBƏDİ TÜRKÇÜLÜYÜMÜZ
(İzhar)

1. Mahiyyətimiz

Türkçülüyümüz bizim mahiyyətimizdir. Ötəri, keçici, sonlu keyfiyyətimiz, xassəmiz deyil. Yəni mahiyyətimiz dedikdə, biz ruhaniyyatımızı deyirik. Türkçülük bizim xilqətimizdir deyirik. Türk inamından danışırıq, türk idrakından danısırıq, türk iradəsindən danısırıq. Ona görə də türkçülüyü zamanla ölçmək, şəraitlə ölçmək, cəmiyyətlə ölçmək, mühitlə ölçmək, siyasətlə ölçmək çox zahiri, çox səthi bir təmayüldür. Təəssüf ki, o təmayül hökm sürür indi. Azərbaycançılığımız öz Şərq mahiyyətini Türkçülükdə ifadə edir. Bu həqiqətdir və bu həqiqətin çox möhkəm təməli, çox ülvi aqibəti, çox üzvi gələcəyi var. Dövrümüzdə siyasətin həyata hədsiz müdaxiləsi – yüksək, ali Ruhaniyyatın dərkinə çox mane olur. Siyasət hədsiz dərəcədə dəyişkəndir, mahiyyət isə əzəlidir, əbədidir və əzəli, əbədi olanı keçiciynən təyin eləmək istəyirlər, müəyyənləşdirmək istəyirlər və nəticədə mahiyyət itir. Siyasət ölçüsündə hər şey nisbidir və Türkçülük kimi Mütləq mahiyyəti də nisbiləşdirirlər. Və bu səbəbdən də həqiqətdən uzaq düsürlər. Təbiidir, Türkçülüklə bağlı dəyərli fikirlər yox deyil – xüsusilə Türkçülüyün banilərində – ikisində: Ziya Göyalpda və Ə.Hüseynzadədə. Amma ümumən türkçülüyə Ruhani baxış hələ özünün əsil təcəssümünü tapmayib. Ruhani baxış olmayan yerdə isə türkçülük anlaşılmaz. Türkçülük öz mənasından ayrı düşər və bu təhlükə artıq indi göz qabağındadır. Fəlsəfi, Ruhani baxımdan sumerlik təzahürüdür Türkçülük. Şumerlik mədəniyyət deməkdir, ülviyyət, idrak, fəlsəfə, şəhər, dövlət, yüksək ənənə – düşüncə ənənəsi, duyğu ənənəsi, mənaçılıq ənənəsi, inamçılıq ənənəsi və mahiyyətcə dünyanın ilkin mənası, İnsani həyat adlanan Varlığın təməli deməkdir. Hansı Avropamərkəzçi Türkçülüyü Sumerlikdən ayırsa da, buna nail ola bilməyib. Türkçülüyün Dünya insaniliyinin təməli sayılmasında heç bir uydurma yoxdur, bu həqiqətdir. Ona görə də Türkçülük mahiyyəti Şumerçilik mahiyyəti deməkdir.

2. Xilqətimiz

Türk zamana baş əyməyib, Türk zamanüstü yaşayıb. O zaman türk özünə bənzəyib. Zamana bənzəməyən dərəcədə türk özünə bənzəyib.
Atillanı Atilla eləyən zamana bənzərlik deyildi, bənzərsizlik idi. Səlcuqu Səlcuq eləyən bənzərsizlik idi, zamandan üstünlük idi. Osmanlı səltənətini yaradanlar zamandan üstün idilər; zamanın arxasınca yüyürmürdülər, zamanın qabağındaydılar, zamanı çəkib özləriylə bərabər aparırdılar yüksək səmtə… Türklər zamandan üstün olublar – o zaman həmişə qələbə çalıblar. Kamal Atatürk də zamandan üstün idi. Cəlaləddin Rumi də zamandan üstün idi… Türk vüqarlı idi, mütəşəkkil idi, qorxmaz idi; ölümlə öcəşirdi, lakin öldürməkdən həzz almırdı. Türklər Həmzəlikdən uzaq idilər, Koroğluydular. Türk sadəlövhlüyü əslində sadəlövhlük deyildi, ləyaqət idi. Türk aldatmağı öz ləyaqətinə sığışdırmırdı. Ticarət türk işi deyildi. Türkün Fordu olmayıb, Morqanı olmayıb, məncə olmayacaq da. Türk itaət bilmirdi, tabeçilik bilmirdi, quldarlıq da bilmirdi. Türk Bizansı ləğv eləmədi, məhv eləmədi – xilas elədi. Hara gəlir – hansi şəhərə, hansı ölkəyə gəlirdi türk – Osmanlı türkü də, o biriləri də – orada qulları azad eləyirdi. Türk qadına pərəstiş eləyirdi.
Bütün fəlakətlərimiz onda başlandı ki, türk öz türklüyünü itirdi, bəyənmədi və özgələrin arxasınca getdi… Bu saat bizim xilqətimiz necə lazımdı bu dünyaya – xilqətsiz dünyaya, qorxaq dünyaya, əxlaqsız dünyaya, həris dünyaya, mazoxist dünyaya!.. Bu cür düşünmək lazımdır, bu cür yanaşmaq lazımdır Türk.. Ümumiləşdirmələr vaxtıdır. Ayrı-ayrı hadisələri əxz eləmək əbəsdir, o bizə heç nə vermədi.

3. Mənəviyyatımız

Türk Ruhunun əsasında Ocaq Mənəviyyatı yaranıb. Vicdançılıq olmayan dünyada, indi xüsusilə olmayan tələb, vicdanın özünün hakimiyyəti, başqa hakimliyin ləğvi, ictimai hakimliyin ləğvi, onun əvəzinə vicdanın özünün hökmü. Nə qədər ki, vicdan hakim olmayıb insana – heç bir cinayət ölməyəcək. Olsa-olsa canini cəzalandırır cəmiyyət. Cani cəzalandırılır, cinayət ölmür. Deyin görək hansı cinayət ölüb? Neçə əsrdir ictimai hakimlər var, mühakimələr var, cəzalar var – hansı cinayət məhv olub? – hamısı yaşayır. Yalnız vicdanın hakimliyi zamanında, dövründə cinayətlər ləğv oluna bilər. Ona görə də bizim mənəviyyatımız – Vicdançılıqdır. Özün özüyün hakimi olmalısan. Niyə sən başqasından qorxursan, özündən qorxmursan? Bundan ötrü özünnən döyüşməlisən, özündəki canavarı öldürməlisən. Sən dünyaya kamil gəlməmisən – kamil olmalısan. Çünki sənin daxilində kamilliyə meyil var və kamilliyin canı, meyarı olan Mütləqilik var. Əgər Mütləqilik varsa, deməli, sən özünü dəyişə bilərsən, içindəki tülkünü, canavarı öldürə bilərsən. Əgər bunu özün eləməsən, heç kəs bunu eləməyəcək – heç bir cəmiyyət, heç bir cəza, heç bir tərbiyə, heç bir kollektiv, heç bir pedaqogika. Bunu heç kəs eləməyəcək. Sən özün eləməlisən, özündə bu əzəmət var, yalnız Türk Ruhunda döyüsməlisən – özünə çatmaq üçün. Yalnız Türk Ruhunda bu qüdrət var, yalnız Türk Ruhunda bu əzəmət var, yalnız Türk Ruhunda bu qətiyyət var. Türk ruhu qəti Ruhdur. Burada qətiyyət lazımdır. Başladınsa, axıra qədər getməlisən. Addım atdınsa, yola çıxdınsa – əbədi yolçusan, dayanmaq yoxdur, dönmək yoxdur. Bu dönməzlikdən doğur bu inamçılıq.
Türklük fədakarlıq tələb eləyir; bugünkü, bu həqiqət. uyuşmayan təmənnasızlıq. Əgər sən istəyirsənsə bu günün eybəcərliyini məhv eləyəsən – özün təmənnasızlığa çat. Çünki bu dünya bütövlükdə təmənna üzərində qurulub, dəllalçılıq üzərində qurulub, faydaçılıq üzərində qurulub.
Burada təmənnasız heç nə yoxdur, hər şey satılır, alınır. Fayda verməyən nə varsa, hamısı ləğv olunur. Xeyirdən mükafat alırlar. Mükafatsız xeyirə xeyir demirlər və dünya böyüklükdən uzaqlaşır. XX əsrin mükafatları kimi heç vaxt mükafat olmayıb. XX əsrin böyüklüyü hədsiz dərəcədə praqmatikdir – ümumən götürdükdə bir Tolstoya, bir Dostoyevskiyə, bir Taqora minlərlə yalançı böyüklər düşür. Bir Kamal Atatürkə, bir Qandiyə minlərlə yalançı böyüklər düşür. Budur XX əsrin nəticəsi! Çünki hər şey təmənnadır. Və hər kəs özünün xeyrindən bəhrələnir. Xeyirin gərək maddi ekvivalenti, maddi dəyəri, maddi əvəzi olsun. Və maddiyyatı ruhaniyyatnan birləşdirəndə, ruhaniyyatın maddiyyat adlı biçimini yaradanda, bəşərin iflasını düşünən olmayıb. İndi həmin o iflasdır. Kommunistlər beş dəqiqənin içində öz əqidələrindən elə əl çəkdilər ki, heç olmayan kimi. Çünki onların hamısı gəlmişdi mükafat üçün, pul üçün, mənsəb üçün. Dəhşətli bir mərifətsizlik, dəhşətli bir hərcayilik, dəhşətli bir riyakarlıq baş alıb gedir…
Praqmatizm yarandı. Amerika fəlsəfəsi başdan-ayağa praqmatizm murdarlığıdır. Həqiqətin özünün də ölçüsü birdir – xeyir. O şey ki, xeyir verir, – o yaxşıdır, vermir – pisdir. Əgər əqidə üçün çarmıxa çəkilirsən, – o pis şeydir. Əqidəni satıb özünə bir saray tikirsən, – o əla şeydir. Səhl onda böyük adamdır, Babək pis adamdır… Bura gəlib çıxır Qərbin müasir əxlaqı. Ocaq buna qarşıdır. Nə qədər çətin də olsa – bu, gözəl işdir. Çünki bu, təmənnasızlıqdır, vicdançılıqdır, fədakarlıqdır.

4. Türkçülük və müasir siyasət

Heç cür Türkçülük adlanan hədsizliyi, dərinliyi, özünəməxsusluğu siyasət adlanan mənfəətnən, fürsətnən yaxınlaşdırmaq, eyniləşdirmək olmaz. Siyasət üçün türkçülük mənfəətdir və fürsətdir. Türkçülük vasitəsiylə türkçülükdən kənar olan faydalı bir niyyətin təsdiqidir. Hansısa bir hökumətin, yaxud hansısa bir qurumun türkçülük adı altında özünü təsdiq eləmək və türkçülüyü məqsəd yox, vasitə saymaq, özünü türkçü kimi qələmə vermək, əslində isə hakimiyyətçiliyini təsdiq eləmək – zahiri türkçülükdür, türkçülüyə qarşıdır. Siyasi türkçülük mahiyyətcə türkçülükdən qazanc əldə etməkdir – maddiyyatçılıq səviyyəsində də, hakimiyyətçilik səviyyəsində də. Siyasətin Kamal Atatürk səviyyəsində o, ruhaniyyata yüksələ bilir. Atatürk xilaskar idi. Atatürk Türkiyəni Avropa adlanan ilanın ağzından çıxartdı. Bu, türkçülüyün böyük qələbəsiydi. Burada siyasət siyasətdən artıq oldu. Bu, unikal bir hadisəydi. Hər halda türkçülüklə Qərbçiliyin birləşməsi, türkçülüklə Qərbçiliyin az qala paralel inkişafı bir ölkədə və ya bir neçə ölkədə – bu, siyasi türkçülükdür və bunun türkçülüyə yalnız ziyanı var, gələcək nöqteyi-nəzərindən. Belə bir türkçülüyün müəyyən vaxt üçün maddi nailiyyətləri ola bilər, amma mahiyyətcə türkçülük ruhuna yad olan bir özgəçilik, bir eklektika – hər şeydən bir az, bir yarımçıqlıq, bir qeyri-qətilik yaranır. Bunun mənfi cəhətləri göz qabağındadır. Məqsəd türkçülüyün ruhani, mənəvi, fəlsəfi, idraki yüksəkliyini, ucalığını izhar eləmək və dünyaya yaymaqdır. Dünyanın türk., türk mahiyyətinə ehtiyacı sonsuzdur, lakin dünyanın bundan xəbəri yoxdur.

Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Söhbət izhar biçimində
Soylu Atalıya diktə edilib.

14 Qürub ayı, 15-ci il. Bakı.
(Avqust, 1993).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv