Soylu Atalı. Türklük Tərəqqinin ölçüsüdür

Ötən yüzilin 90-illərində geniş yayılmış bir şüar var idi: – XXI yüzil türk yüzili olacaq. Bu söz ictimai həyatda yeriməkdən daha çox dəbləşməyə uğradı (dəbləşən nə varsa köhnəlib aradan gedir). Bunun da səbəbi bəllidir. Mixail Qorbaçovun Sovetlər Birliyində hakimiyyətə gəlişindən sonra Batı siyasətinin bu Birliyi dağıtmaq planları öz işini görməyə başlamışdı. Hər kəs hesab edirdi ki, Sovetlər Birliyi dağılandan sonra onun əsarətində olan türk respublikaları bağımsızlıq əldə edəcək, bununla da Türk Birliyi labüd şəkildə inkişaf edəcək. Ancaq bu gün bu fikri əsaslandırmaq heç də mümkün deyil.Artıq XXI yüzilin türk yüzili olduğunu, yaxud olacağını dilə gətirənlər də yoxdur. Çünki Sovetlər Birliyi türk toplumlarının bağımsızlıq uğrunda apardıqları mübarizə nəticəsində dağılmadı. İmperialist güclərin iqtisadi və siyasi anlamda genişlənmək istəklərinin gerçəkləşməsi nəticəsində dağıldı. Dünya üzərində ağalığını genişləndirən qüvvələr də özlərinə mane olan bir “Birliyi” dağıdıb, yerində başqa “Birliyin” yaranmasına göz yuma bilməzlər axı. Ona görə də bağımsızlıq əldə edən türk ölkələrinin içərisində başqa meyillərə təkan verildi. Baxın, millətçilik kimi konseptual bir dəyəri necə gözdən salıb sıradan çıxartdılar. İndi millətçilikdən danışan az sayda insanlara gerilikçi, konservativ baxışların daşıyıcısı kimi baxırlar. Türklüyü dilə gətirəndə deyirlər bunun vaxtı keçib, indi demokratikləşmə – kürəsəlləşmə zamanıdır. Ancaq islamlaşmaya meyil edənlərə də mane olmurlar. Məntiq isə odur ki, bu millət islamlaşa da bilər, kürəsəlləşə də, ancaq türkləşə bilməz. Dərhal əsaslandırırlar da, – “kürəsəlləşmə başqa şeydir. Burada yeni texnologiyaların işləməsi var. Bundan qıraqda qalmaq olmaz. İslam isə inancdır, onu da danmaq olmaz” və s. Məsələ burasındadır ki, bu məntiqi öz soydaşlarımıza dedizdirirlər. Deməli, nə olursan ol, özün olma.
Dinin etkisiylə içimizə yeriyən qüvvələr (əsasən İran) həmişə “din əldən getdi” deyə həşir saldırır. Sadəlövh soydaşlarımız da buna inanırlar. Əslində isə din əldən getmir, etnik kimliyimiz əldən gedir. Biz etnik keyfiyyətlərimizi itiririk. Din min ildir necə var elə də davam edir: namaz qılan namazını qılır, oruc tutan orucunu tutur, molla ölünü od bahasına kəfənə bükür, “qara toyuğunu” alıb duasını yazır, və b.k. Ancaq biz həmişə milli kimliyimizə üz tutmaq istəyəndə, “din əldən getdi” həşiri salırlar. Bununla da çabalarımızın yönü dəyişir, biz yenə də simasız müsəlman oluruq, millət ola bilmirik. “Din əldən getdi” çağırışı isə heç də mənəviyyat, vicdan, ədalət əldən getdi anlamına gəlmir. “Mövhumatçılıq kuralları icra olunmadı” anlamına gəlir. Müsəlmanlaşdırmanın heç bir dönəmində din vicdana, ədalətə, həqiqətə bərabər yaşam hadisəsi olmayıb. Olsaydı, bütün zamanlarda türklüyü sıxışdırıb üstündən xətt çəkməzdilər. Olsaydı, Babəki amansızcasına doğrayanda qışqırmalıydılar ki, din əldən getdi; olsaydı, Nəsiminin dərisini soyanda qışqırmalıydılar ki, din əldən getdi; olsaydı, bu gün milyonlarla türkün haqqı İranda ayaqlandıqca qışqırmalıdırlar ki, din əldən getdi…
Ölkəmiz avropalaşır, bu yandan İran həşir saldırır ki, din əldən getdi. Həşir salanlara da ən böyük örnək Nardaran kəndinin özbaşınalığı. Avropalaşmaqla özünəməxsus mədəniyyətimiz, milli gələnək və görənəklərimiz sıxışdırılır, buna görə millət əldən getdi demirlər, din əldən getdi deyirlər. Məsələ aydındır, ¬– İranın üzərimizdə etkisini Avropaçılıq sıxışdırır. Biz milliliyimizin zədə götürməsindən ağrımırıq, “klassik yağı”mızın yeni yağıyla əvəzlənməsindən ağrıyırıq. Çox əcayib oyuna düşmüşük.
Avropaçılığın qarşısında müsəlmanlığı qoruma var, türklüyün qeydinə qalan yoxdur. Halbuki etnik anlamını itirən xalqın ruhani varlığı bilinməz. İşin düşündürücü cəhəti odur ki, toplumda dini hiss milli hissdən dərindədir. Toplum varlığının dərinliyində – özülündə yanılıb, yəni özgələşib. Ona görə də dirçələ bilmir. Bizə görə Türklük özündə dərin bəşəri dəyərlər daşıyır. Bu millətdə olan keyfiyyətlər İnsanlığın əbədi örnəyidir. Başqa cür desək, Türklük Tərəqqinin ölçüsüdür. Asif Ata bu millətin özüldə sarsıldığını anladır və böyük dəyişikliyi məhz özüldən başlayır. İnam həqiqətləşməlidir, saflaşmalıdır. İnamda millilik bərpa olunmalı və Millətləşmə Hərəkata çevrilməlidir. Millət öz qüdrətinə dayanmaqla üzərindəki basqıları aradan qaldırmalıdır. Var olmanın meyarı İçdən Yaranmadır!
Təəssüf ki, bu cür sorunlarımız doğru araşdırılmır. Milli varlığımızın anlamı dini, yaxud kürəsəl etkilərlə kölgələnir. Ona görə sağlam düşüncəli aydınlar Türklüyün üzərində vurğu etməli, onun bütün incəliklərini aydınlaşdırmalı və Türk Ulusunun yaşamına qaytarmalıdır.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv