Müstəqillik arzuladıq. Arzularımızda müstəqil olduq. Ümumi axara qoşulduq, tarixi şəraitlə yetərləndik. Özümüz Yol yaratmadıq, şəraitin göstərdiyi yol ilə getdik. Şəraitin göstərdiyi yol tarixin dolanbaclarında qırılır, bir yana çıxmır. Bir yana çıxa bilmədik. Asılılığın girdabından dartındıq, dairəsindən çıxa bilmədik. Başımızın altına yastıq qoyanlara güvəndik. Ağlımızı aldadanlara inandıq. Özümüzü qəyyumsuz təsəvvür etmədik. Mahiyyətimizdə Azadlıq Həsrəti yaşadığı halda, Azadlığı sədəqə kimi aldıq. Döyüşdük, əslində sədəqə uğrunda döyüşdük. Özümüz də özümüzü aldatdıq.
Qədimliyimizdə Qəhrəmanlığımızın olduğunu bilsək də, Qədimliyimizlə birləşmədik, Qədimliyimizi şüara çevirdik. Hid¬dətimizi şüarlara boşaltdıq, içimizi yüngülləşdirdik, sanba¬lımız azaldı. İmperiyadan ayrıldıq, fəqət imperiya təsirindən çıxmadıq. Çünki özümüzü yaratmadıq. Əsrlərin taleyimizə yüklədiyi özgəçiliklə bir addımladıq. Özgəçiliklə bir yerdə özümüz olmaq istədik. Ola bilmədik, ola bilmərik də. Çünki nisbi özümlük olmur, yarımçıq bütövlük olmur, asılı azadlıq olmur.
Zamanın gedişiylə barışdıq. Günahı «keçid dövrü»nə bağladıq. «Keçid dövrü» qurtarandan sonra diriləcəyik dedik. İçimizdəki Özgəçiləri də «keçid dövrü»nə bağışladıq. Demokratiya hər şeyi düzəldəcək dedik. Anarxiyanın, özbaşınalığın, müstəbidliyin fərqinə varmadıq. Demokratiya belə istəyir, dözməliyik dedik. Müstəbidliyi başımıza çıxartdıq. Ləyaqətimiz girova çevrildi, haqqımız qurban getdi.
Vətənimizi satdılar, döyüşə atıldıq. Xəyanət içimizdən gəldi, əllərimizi bağladı, təcavüzkar yağılarla döyüşə bilmədik. Başımıza minənlər yağının dəyirmanına su tökdülər. Şəhid olduq, çolaq olduq – vətənimizi xilas edə bilmədik. Daxili yağılarımızla xarici yağıların birliyinə yenildik.
Xalqı özgələşdirə-özgələşdirə gözümüzdən salırlar. Vətəni sata-sata gözümüzdən salırlar. Vətənə yiyəlik duyğumuzu azaldırlar. Vətəni vətənsizlərin inhisarına buraxırıq. Vətənsizlərə acıq edirik, vətəndən soyuyuruq. Vətənpərvərliyə xəyanət edənlərdən güzəran istəyirik. Təhqirə meydan veririk. Kiçilməyimizlə döyüşmək əvəzinə, özümüzü söyürük. «Bu xalq öləsidir» deyirik, «bu xalq satqındır, xaindir» deyirik, yağını sevindiririk.
Başımıza minənlər də bu səviyyəmizdən istifadə edirlər. Bizi qruplara bölür, təbəqələrə ayırır, satın alır, bir-birimizə qarşı qoyurlar. Yağlı vədlərə uyuruq, mükafatlara, kürsülərə aldanırıq. Bir təbəqədə siyasətçilər, birində müharibə iştirakçıları, başqa bir təbəqədə bitərəflər, daha nələr… Bölünürük, bölünməyimizlə yağıya gərək oluruq.
İnamımıza üz tutaq,
İdrakımıza üz tutaq,
Mənəviyyatımıza üz tutaq,
İradəmizə üz tutaq – üzümüzü ağardaq, özümüzə gərək olaq. Qədimliyimiz əsasında düşünək, Sabahımız uğrunda düşünək. Mütləqə İnam Ocağından Od alaq – Od qalayaq Yurdumuzda. İşıqlansın Qəlbimiz. Özümüz Yaradaq Özümüzü. Özümüz xilas edək Özümüzü. Özümüz Qoruyaq Haqqımızı!
Atamız Var Olsun!
(arxiv)