Xaliq Bahadır. Litvadan əsən küləklər

İşə bax: qabaqlar Azərbaycana Rusiyadan küləklər əsərdi, indi… Litvadan əsir. Bunu  nədən bilmək olar? Böyük Rusiyanın Balaca Litva qarşısındakı qorxusundan! “Avronyus”dan sonra çox Rusiya kanallarına, daha doğrusu, informasiya proqramlarına baxıram. Yaxın, böyük, üstəlik aqressiv qonşumuz olaraq Rusiyada nələr baş verdiyini bilib-öyrənmək Azərbacanın jurnalist- siyasət adamlarına çox gərəkdir. Ancaq burasını da bildirmək gərəkdir: Putin dönəminin, başlıcası da son çağların Rusiya televiziyaları informasiya proqramları, informasiyanın sunulması baxımından Sovet çağlarındakına çox bənzəyir. Dünyanın “kaqebeşnik” olaraq tanıdığı Putin yalançı-gopçu informasiya siyasəti baxımından Rusiyanı yenidən Sovet dönəminə qaytarıb. Kimsə soruşa bilər: elədə Rusiyanın informasiya proqramlarını niyə izləyirsən? Bildirirəm: ayıq, bilgili jurnalist-analitik istənilən yalandan, yalançı proqramlardan özünə gərək olan sonucları çıxara bilər.

“Rossiya – 1”, 4 yanvar, Azərbaycan çağıyla saat 21 informasiya proqramı. Ba, birdən nə olsa yaxşıdır? Litva prezidenti ilə bağlı geniş bir süjet. Süjetdə göstərilənlər, ortaya çıxarılanlar nə? Kompromat dalınca kompromat! Özü də hardan? KQB arxivindən! Sən demə, Litva prezidenti Dalya Qribauskayte KQB agenti olub. Onun gerçəkdən-gerçəyə KQB agenti olduğunu “sübutalnı-dokumentalnı” bütün dünyaya yaymaq, dünyanı buna bütünlüklə inandırmaq üçün ortaya bir-birinin ardınca KQB materialları çıxarılır. Hamı öz gözüylə oxuyub bilsin deyə, böyüdülmüş hərflərlə! Sən demə, Qribauskaytenin atası NKVD agenti imiş (KQB arxivlərində bununla bağlı materiallar da var), o özü də atasının yolunu gedərək, Leninqradda universitet öyrəncisi olduğu çağlarda KQB agenti olub. Görünür, izləyicilərdə daha böyük inam yaratmaq üçün Sovetin son dönəmində KQB-nin başına gətirilmiş Çebrikovun portreti ekran boyu irəli çəkilir. Sən demə, Qribauskayte öyrənci olan çağlarda  Çebrikov Leninqrad KQB-sinin başında dururmuş. Onun direktiv göstərişinə uyğun olaraq, bilikli öyrənciləri seçib KQB agenturasına qatırmışlar. Qribuaskayte bilikli öyrənci oluduğu üçün yubanmadan onu KQB agentinə çeviriblər. Sonra da, sözsüz, KQB bu bilikli, çalışqan qızın, başqa cür desək, agentinin qabağa getməsində, tezliklə yüksək karyera qazanmasında çox böyük, çox önəmli rol oynayıb. “Rossiya – 1” burasını demir; burası Qribauskaytenin bioqrafiyası ilə tanışlıqdan bəlli olur.

Dalya Qribauskayte 1956-cı il martın 1-də Vilnüsdə anadan olub. Leninqrad dövlət universitetinin ekonomika fakültəsində (axşam) oxuyub. Bu gün Rusiyada yaxşı tanınan Andrey İllarionovla Aleksey Kudrin onun fakültə yoldaşı olub, ancaq gündüz bölməsində. Universiteti 1983-cü ildə “politekonomika” professiyası üzrə bitirən Qribauskayte elə o il də Vilnüsə qayıdıb. Qayıtcağın da o, Litva Elmlər akademiyasında çox ilginc bir işə düzəlib. Bununla yanaşı, o, 1983-90-cı illərdə Vilnüs yüksək partiya oxulunda öyrətmənlik edib. Qribauskayte 1988-ci ildə Moskvada Sov.KP MK yanındakı İctimai elmlər akademiyasında namizədlik dissertasiyasına yiyələnib.1990-91-ci illərdə Vilnüs Ekonomika institutunda elmi katib işləyib. 1991-ci ildə Vaşinqtondakı Corctaun universitetində başqanlar üçün uluslararası ekonomik ilişkilər üzrə proqram öyrəncisi olub. 1991-2009-cu illərdə Qribauskayte Avropa Birliyi ilə Litva arasında paralel çalışmalarda olub. İstər AB-da, istərsə də Litvada onin işi uğurlu alınıb, ikisində də illəri uğurla, yüksəlişlə yola salıb. AB-da komissarlığa, Litvada prezidentliyədək gəlib çıxıb.

AB-dakı uğurlarına görə, The Wall Street Journal 2004-cü ildə Qribauskayteni Marqaret Tetçerə bənzədərək “dəmir ledi” adlandırıb. European Voice həftəliyi 2005-ci ildə Qribauskayteni AB büdcəsi ilə bağlı reforma çalışmalarına görə “ilin komissarı” adlandırıb. 2008-ci ildə Qribauskayte Litvada “ilin qadını” adlandırılıb. Bu, Qribauskayte Litva hökumətinin ekonomik siyasətini kəskin qınağa tutduğu çağlarda olub.  Qribauskayte 2009-cu ildə Litva prezidenti seçilib. 2014-cü ildə o, ikinci dönəm prezident seçilib. Qribauskayte karate üzrə QARA KƏMƏR yiyəsidir,.. hələ ərə getməyib. Öz aramızdı, belə güclü qadına hansı kişi ürək eləyib yaxın durar!

Mən Qribauskaytenin bioqrafiyasına qısaca toxundum. Yaşına görə onun olduqca dolğun bioqrafiyası var. Sovet dönəmində gənc yaşlarından belə bioqrafiya yiyəsi olmaq elə-belə başa gəlmirdi: bundan ötrü ya güclü arxa-dayağın olmalı idi; ya da bir sıra bəlli orqanlarla əməkdaşlıq etməli idin. Göründüyü kimi, başlanğıcda Qribauskaytenin arxasında KQB dayanıb. Sonra, SSRİ-nin dağılması ilə Qribauskayte daha böyük arenaya çıxıb. Burada onun bir arxa-dayağı biliyi, çalışqanlığı olub, ikincini bilmirik. Kim bilir, ola bilsin, ortaya onun KQB-yə bənzər yeni arxa-dayaqları çıxıb – çağdaş dünyada belə örnəklər çoxdur. Başqaları ilə yanaşı, KQB hələ lap son illərədək Qribauskayteyə yardımlarda buluna bilərdi – keçmiş agenti olaraq ondan sonadək əlini üzmədiyi üçün! Bu versiyaların hamısının ayrı-ayrılıqda yaşamaq hüququ var. Ancaq… “Rossiya – 1” kanalındakı 2015-ci il 4 yanvar süjetindən sonra KQB versiyasını bitmiş saymaq olar. O süjet KQB-Putin Rusiyasının əlinin Qribauskaytedən biryolluq üzülməsi deməkdir. Demək, alınmayıb. Buna görə bütün kartları açmaq kəsməti kəsilib. Beləliklə, Putin çıxılmazlıqdan özünün sonuncu gedişini edib. Bu isə daha çox Rusiya çevrəsindəki başqa əlaltı-agentura hakimiyyətlərini qorxutmaq üçündür.

Bəlli olduğu kimi, Putinin Krımı tutmasından, Ukraynaya gizli ordu yeritməsindən sonra Qribauskayte bir çox toplantılarda Putini sərt qınağa tutanlardan biri, bəlkə də, birincisi oldu. Ötən ilin sentyabrında Qribauskayte daha sərt çıxışda bulunaraq Rusiyanı TERRORÇU DÖVLƏT adlandırdı. Gerçəkdə bu, Putinin özünü terrorçu adlandırmaq demək idi. Belə çxışları kimsəyə bağışlamayan Putin bu çıxışı unutmuş kimi ilin sonunda Qribauskayteni 9 Mayın 70 illiyi ilə bağlı bayram şənliyinə çağırdı. Obama başda olmaqla bir çox dövlət baçıları çağırışı hələlik susqunluqla qarşılayırkən Qribauskayte kəsinliklə Putinin çağırışına “yox!” dedi. Sözügedən süjet də buradan başlayır: “Obama Putinin çağırışını susqunluqla qarşılayırkən, Qribauskayte ona kəsinliklə “yox!”dedi”. Demək, Obamanın çağırışa “hə” deyib-deməyəcəyi hələlik bəlli deyil – ola bilər, “hə” deyər – gələr. Qribauskaytenin gəlməyəcəyi bəllidir. Birdən… çevrədəki hakimiyyət başçılarından da Qribauskaytenin yolunu getmək istəyən olar, onda necə olsun?! Qabaqlama işləri görməklə, daşdan keçən KQB kompromatları ilə  başqalarının gözünü qorxutmaq gərəyi yaranır – özü də yalnız 9 Mayla bağlı yox!

Çox ola bilsin, Qribauskaytenin KQB-yə bağlılığı ABŞ-da da, AB-da da bəlli olub, ancaq bilərəkdən buna önəm verilməyib. Bu yöndə Qribauskayte ilə qarşılıqlı danışıma-uzlaşma da ola bilər, başqa versiya da. Başlıcası budur: Qribauskayte faktiki olaraq KQB ilə üzülüşərək ölkəsinə, xalqına, demokratiya işinə qulluq yolu tutub. Düzgün yol tutduğundan, o, indi Putinin ortaya çıxardığı KQB “kompromatından” qorxub-çəkinməyib. Rusiyadan getmiş bir sıra KQB əməkdaşlarının bildirdiyinə görə, bizdəki YAP hakimiyyətində ən aşağılardan ən yuxarılaradək KQB-nin çoxli agenti var. Bu, korrupsiyaçı oliqarxiya rejimi olduğundan burada Qribauskayte faktına bənzər faktın ortaya çıxması gözlənilməz olardı. Burada bizneslə siyasi hakimiyyət bütünlüklə çulğaşdığından, istər biznes yoluyla, istərsə də siyasi yolla bu hakimiyyət daha çox Rusiyaya bağlı olduğundan, Qribauskayte yolu burada gedilməzdir. Ancaq dünyada gedən geniş dəyişmə-demokratikləşmə sürəci istər-istəməz Putin Rusiyasını qorxuya salır, buna görə də bir KQB kompromatı ilə bir çoxlarını qorxudub susdurmaqla buyruq quluna çevrimək gərəyi yaranır…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv