XALİQ BAHADIR. YANĞINDAN BİR GÜN SONRAKI İLHAM ƏLİYEV

Nobel prospektindəki yanğından sonra Bakıda gündəlik gözlənilən böyük yanğın baş verdi – 16 qatlı bina yanıb kül oldu. 16 adam öldü, bir ailə bütünlüklə varlıqdan yoxluğa döndü. Ortada baş verəcəyi qabacdan bəlli bir cinayət var: Markesin “Gözlənilən bir qətlin tarixçəsi” kimi. Binalara tez alışan materialdan üzlük çəkilmişdi. Bununla bağlı “Azadlıq” qəzetində, Feysbukda çıxışlar olmuş, hökumətə ardıcıllıqla soraqlar ötürülmüşdü. Ancaq hökumət özü, daha doğrusu, hökumətdəki bir çox qandancandan belə pul çıxarmağa öyrəncəlilər özlərini sonadək kar-kor yerinə qoydular. İndi bunlar dövlət komissiyası oluşdurub xalqı yalanla yatırmaqdadırloar.
Prezident İ.Əliyev yanğının ertəsi günü çox düzgün olaraq özünün başlıca məmurlarını topalayıb yığıncaq keçirdi. Bir daha demək gərəkir: bu yığıncağın keçirilməsi çox düzgün idi – başlıca suçluları, ölkədəki çoxillik, çoxsaylı, çox-çox çeşidli yanğın törədicilərini xalqın bir yerdə, bir arada, bütünlüklə görməsi üçün! İ.Əliyevin bu yığıncağı bütünlüklə başqa anlam daşıyır, bütünlüklə başqa xarakterli idi: burada İ.Əliyev özünü xalqın, xalqısa özünün yerinə qoymuşdu. Başqa cür desək, burada Xalq prezident, İ.Əliyev xalq idi. Buna görə də İ.Əliyev bir daha çox düzgün olaraq Xalqa, sözsüz, prezident Xalqa gileydə bulunurdu. Onun gileyi məmurlardan idi – onu eşitməyən, prezident olaraq onun sözünü, tapşırıqlarını urvatlı tutmayan, qulaq ardına vuran məmurlardan.
Bu yerdə, mən biləni, yeni, çox önəmli bir görsənişdən ayrıca yazmağa dəyər. İ.Əliyev bu yığıncaqda bükülmüş durumda idi. Anlaşıqlıdır: böyük çoxluq gözlənilən Avropa oyunlarının sevinci ilə yaşayırkən sarsıntılı bir faciə baş vermişdi. “Azərbaycan” qəzetinin dedikcə ünlü baş redaktoru B.Sadıqov bu görsənişi “məsuliyət məsələsi” adlandırardı, düz də edərdi. Buna sözümüz yox, ancaq, məmurlara, onların oturuş-duruşuna, danışıq-davranışına gəlincə.., nəyə görəsə onlar başqa cür görünürdülər: başqa çağlarda görünmədikləri kimi; çiyinləri dikəlmiş, köksü qabarıq, sözü-danışığı bəlli çağ gərginliyindən, eləcə də prezident etkisindən uzaq! Türkiyəli keçmiş qardaşlarımız ( bir sıra ilginc nədənlər üzündən indi onlara gerçəkdən qardaş deməyə adamın dili gəlmir) demiş, bayıldım. Düzdür, türkiyəlilərin bayılmaları çox yerdə çox şişirdilmiş olduğu sayaq, mənim də bayılmamda şişirtmə ola bilər – necə olsa, yenə qardaşıq, axı! Ancaq, doğrusu budur: görünməmiş görsəniş idi: İ.Əliyev xalq rolunda çıxış edərək prezident Xalqa məmurların özbaşınalığından gileylənir, məmurlarsa (başlıca məmurlar) çiyinlərini dikəldib, kökslərini qabardıb durur, hələ üstəlik, qalxıb baş verən faciənin onlarlıq olmadığı kimi çıxışlarda da bulunurdular. Elə bil onlar iş başına bu gün keçmişdilər, dünənədək olub-bitənlər onlarlıq deyildi. Böyük bir binanın yanması da, 16 ölü də, 70-dək yaralı da, tezalışan materialdan az qala bütün Bakıya üzlük çəkilməsi faktı da! Tağı Əhmədov demiş: burcutmağa yer yoxdur – dönə-dönə yazmışdıq, demişdik. Pul üçün xalqı qıranlar, dövləti bir belə itkiyə uğradanlar onlar deyilsə, kimlərdir? Ortada ən azı sertifikat, lisenziya kimi faktlar var. Qabaqlar kolbasaya lisenziyanı Şeyxülislam verərdi, ini onu da onun əlindən alıblar: nədi, nədi kolbasaya donuz piyi qatılır! Bu ölkədə qatqısız yanacaq gördünüzmü, qatqısız da kolbasa görəsiz?!
İ.Əliyev məmur özbaşınalığından, onların onu eşitmədiklərindən çox gileyləndi. Özü də çox düzgün olaraq. O indiyədək dönə-dönə yaşıllıqların qırılıb yerində nəsə tikilməsinə qarşı çıxıb – baxan kimdir? İndi mən bu yazını yazırkən baş-beynim traktor-KamAZ səsindən getməkdədir. Yasamal rayonunun suveren prezidenti İbrahim Mehdiyev bu rayonda, başlıcası da bizim yaşadığımız Yeni Yasamalda satmadığı tin-bucaq qoymayıb. İndi mənim pəncərəmin qarşısındakı hündür, yamyaşıl ağacları qırıb, yerində kotlavan qazırlar. İ.Əliyev məmurlardan xalqa gileylənirsə, biz kimə gileylənək?! Ya Xalq – qalx!!!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv