Asif Ata. HÜQUQ TƏLƏSİ

I. Təbii  hüquq

 “İnsanlar bir-birinə bərabərdir” – deyirlər.
Əslində isə insanlar bir-birinə yalnız maddi baxımdan  bərabərdirlər.
Yəni hamı təbiətdən eyni dərəcədə bəhrələnə bilər, bəhrə­lən­məlidir. Mənəvi cəhətdən insanlar bir-birinə bərabər deyillər.
Bərabərlikdən danışırlar, həm də maddiyyatı ləyaqət ölçü­­sünə çevirirlər.
Maddi imtiyaz – cəmiyyətdə labüd şəkildə ictimai imtiyaz yaradır.
Maddiyyatdan ən çox bəhrələnən – cəmiyyətdə ən çox dəyərlənir.
Mənəvi ləyaqət maddi məziyyətə qurban verilir.

Bərabər­likdən danışırlar – süni və eybəcər bərabərsizlik yaradırlar.

 

II. Vətəndaşlıq  hüququ

 

“Mülkiyyət toxunulmazdır!” – deyirlər.

Mülkiyyəti əməkçinin əlindən alıb dövlətə verirlər. Mülkiy­yət hamılaşır, yəni əslində hamı mülkiyyətdən məhrum olur.

Mülkiyyətsizlərə mülkiyyət toxunulmazlığı hüququ verilir.

Mülkiyyəti geri qaytarmaq – cinayət sayılır.

“Dövlət mülkiyyəti toxunulmazdır!” – deyirlər.

Zəhmətkeşdən alınan mülkiyyətə – zəhmətkeş toxuna bil­məz!

Mülkiyyətsizliyi əbədiləşdirirlər və mülki hüquqdan dəm vururlar.

Söz azadlığından danışırlar və naqis cəmiyyəti azad sözdən qoruyurlar.

“Cəmiyyətə toxunma!” – deyirlər.

“Naqisə naqis demə!” – deyirlər.

“Həqiqətdən azadsan!” – deyirlər.

“Vicdandan azadsan!” – deyirlər.

Azad seçkidən danışırlar.

Seçiciləri istədikləri səmtə sürürlər. Onların İdrak ehtiyac­larını söndürürlər, Mənəviyyat ehtiyaclarını söndürürlər, İradə ehtiyaclarını söndürürlər.

İstədiklərini seçdirirlər.

Etiqad azadlığından danışırlar. Ağılları, ürəkləri isə zəncir­ləyirlər – insanları “müstəqillik buxovundan” azad edirlər.

Etiqad azadlığından azad edirlər.

 

III. Beynəlxalq  hüquq

 

Ərazi toxunulmazlığından danışırlar. “Bir xalq digər xalqın ərazisini Zəbt edə bilməz!” – deyirlər. Sonra da Zəbt eləmək zəruriyyəti yaradırlar, Zəbt eləmək tələbatı yaradırlar, Zəbt eləmək ədaləti yaradırlar.

Özgə ərazisi zəbt olunur, ancaq quldur – cinayətkar sayılmır!

“Bir xalq digər xalqın azadlığına qəsd edə bilməz!” – deyirlər. Sonra da Qəsdin ləyaqətindən, mərifətindən, məhəb­bətindən dəm vururlar.

Xalqları azadlıqdan məhrum edirlər, ancaq cinayətkar sayılmırlar!

“Bir xalq başqa xalqın daxili işlərinə qarışa bilməz!” – deyirlər. Sonra da “sübut edirlər” ki, Zorakı müdaxilə – gərəklidir, labüddür, fədakarlıqdır!

Deyirlər ki, “bir xalq başqa xalqın ictimai quruluşu əleyhinə təxribat əməliyyatı aparmamalıdır!” Sonra da “sübut edirlər” ki, Təxribat olmasa, özgə xalq məhv olar, bu əməliyyat – əslində nicatdır!..

Bəşəriyyət hüquq tələsinə düşüb – çıxa bilmir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv