Xaliq Bahadır. Dələduzluq – korrupsioner rejim fabriki

Sosial-siyasi xarakterindən asılı olmayaraq dələduzluq faktı istənilən rejimdə ola bilir. Ancaq onun azlığı, çoxluğu, ötəri, xarakterik olması var. Demokrarik rejimlərdə dələduzluq az-az, o da ötəri olur. Bu isə demokratik rejimlərin xarakterindəki açıqlığa, qanunçuluğa, ən önəmlisi, hakimiyətin bölünməsi prinsipinə bağlıdır. Bütün bunlara görə demokratik rejimdə tək-tək görsənən dələduzluq faktı geniş yayıla bilmir, ortaya çıxınca ortadan qaldırılır.
Bəs diktatura rejimində? Diktatura rejimi qanunsuzluğa bağlı qapalılıq, gizlilik üzündən özünü dələduzluq fabriki kimi göstərir. Polis-prokurorluq-məhkəmə-türmə öz işində olur, dələduzluq da öz işində: bunların dələduzluqla “çarpışması” dələduzluğun azalmasından çox artmasına gətirib çıxarır. Bir kimsənin ağalığına bağlı diktatura korrupsiya doğurur, korrupsiya isə yuxarıdan aşağıya dələduzluğun geniş yayılmasına gətirir. Əliyevlər diktaturası bunun parlaq örnəklərindəndir. Ölkədə dələduzluq faktları durmadan artır. İş o yerə çatıb, indi bunu rejimin başlıca, özü də çoxillik  qanunbaşıları olan Ədliyə naziri Fikrət Məmmədovla PA hüquq başqanı Fuad Ələsgərov da dilə gətirir. Özləri də elə bil indiki postlarına yenicə gətirilmiş kimsələrdir.  Onlar 15-20 ildən bəri indiki postları tutan adamlardır. Demək, onlar ölkəni bürüyən dələduzluq faktları ilə bağlı sorumlu tutulacaq başlıca kimsələrdir. Sözsüz, ölkəni bürüyən şoxsaylı qanunsuzluq-dələduzluq faktları ilə bağlı onların özlərinə cinayət işi açıb türməyə göndərmək olar. Ancaq, bu nəyisə dəyişməyəcək – sorun bundadır!

Bugünlərdə AŞ PA Monitorinq komitəsinin hesabatı yayıldı. Hesabatda Azərbaycandakı korrupsioner-repressiv rejim neqativləri bir-bir göstərilir. Onlardan bir neçəsinə baxaq: məhkəmələrin asılılığı; QHT-lər üzərində sərt kontrol; tənqidçi jurnalistlərə, vəkillərə yağıcasına yanaşma; Ombudsman institutunun bağımsız olmaması; parlamentin yetki yetərsizliyi. Bunlar göstərilən neqativlərin bir azıdır, ancaq rejimin xarakterinə bağlı bu az neqativlər də hakimiyətin ən aşağılarından tutmuş, ən yuxarılarınadək geniş dələduzluq ortamı yaradır. Buna görə də burada tək-tək kadr dəyişikliyi pozitiv dəyişikliyə gətirə bilməz. Burada gerçək, pozitiv dəyişiklik üçün SİYASİ SİSTEM dəyişməlidir. Bunu isə indiki korrupsiya komandasından kimsə istəmir. Elə buna görə də onlar bütün demokratik dünya ilə savaşa qalxıblar. Xalqın boğazından kəsib milyardlar tökməklə Avropa oyunları keçirirlər, adını da qoyurlar “Azərbaycanı dünyaya tanıtmaq istəyi”. Bəs Oyunlara gələn başlıca dövlət başçıları kimlərdir? Diktatura yönətimçiləri: Putin, Lukaşenko, Ərdoğan kimiləri! Beləliklə, Azərbaycanı bütün dünyaya tanıtmış oldular: dünyanın diktatura-despotik rejim komandasında!

Deyli Teleqraf qəzeti görün nə yazır: “Azərbaycan prezidenti İlham Əliyev kimi tiranlar bu cür idman olaylarından özlərini yaxşı göstərmək üçün yararlanmağa çalışırlar”. Çox “imic, imic” deyirsiz, budur sizin dünyadakı imiciniz! “Avropa oyunları dostluğun bayramına çevrilməlidir; idman sülh və insanların birliyinə xidmət edir”, deyirsiz. Doğruluq-düzgünlük yolçularını, qanunçuluq istəyənləri repressiya maşınının qabağına qataraq türmələrə doldurandan, ölkədə barış, birlik yollarını illərlə qapayandan sonra idmana bir belə sevgi, bağlılıq sərgiləmək ikiüzlülükdən, korrupsioner yanaşmadan özgə nə ola bilər?! İllər uzunu xalqla savaş aparanların, xalqı soyub yağmalamaqla idman yarışı keçirənlərin idman adına barış, birlik söyləmələrinə necə inanmaq olar?! Yuxarıda sözügedən hesabatda belə yer var: “Mərkəzi seçki komissiyası hökumətyönlü çoxluqdur. Komissiyada faktiki müxalifətçi yoxdur”. Belədir, belə olmalıdır: korrupsiyanın – onunla birlikdə dələduzluğun! –  DÖVLƏT SİYASƏTİNƏ çevrildiyi rejimdə müxalifətə yer ola bilməz!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv