Azərbaycan özünün ən çətin dönəmlərindən birini yaşayır. El diliylə desək, bu, it yiyəsini tanımayan bir dönəmdir. Bu dönəmi yaradan indiki rejim, eləcə də bu rejimi quran, arxasında duran güclərdir. Şah İsmayıl dönəmi başda olmaqla Azərbaycanda ən əski çağlardan güclü dövlətlər qurulub. Doğuyla Batının arasında yerləşən Azərbaycan yalnız yerləşim, yalnız doğal resurslar baxımından deyil, eləcə də çağına görə qabaqcıl, üstün, yüksək ideyalar ölkəsi olaraq tanınıb. Böyük, üstün, güclü Türk Birliyi baxımından da Azərbaycanın dünya düzənində ayrıca yeri var. İç, dış yağıların çağlar boyunca əlbir çalışmaları Azərbaycanın yaranış atamasına (atama – təyinat) uyğun olaraq özünü göstərməsinin qarşısını almağa yönəlib. Bu baxımdan gerçək Azərbaycan dövlətçiliyi bu gün çıxdaş durumdadır. Elə bu dövlətin – bu dövlətçiliyin başlıca, ölümsüz ideoloqu olaraq tanınan Ulu Öndərimiz Məhəmməd Əmin Rəsulzadə də indilər çıxdaş durumdadır.
İndilik çox yerində olan doğal görsənişdir: ortada nə ulusal-milli dövlətçilik var, nə də Rəsulzadə. Doğallıq nədədir? Ortada gerçək Azərbaycan dövləti – gerçək Azərbaycan dövlətçiliyi olsaydı, Rəsulzadə də olardı, eləcə də tərsinə, ortada Rəsulzadə yolu – Rəsulzadə gerçəkliyi olsaydı, gerçək Azərbaycan dövləti – gerçək Azərbaycan dövlətçiliyi də olardı. İndilikdə buna görə o yoxdur, ona görə bu yoxdur. İndiki durumda dövlət hakimiyətinə bağlı bütün informasiya qurumları: teleradiolar, qəzetlər, saytlar Ölkənin, Ulusun, Dövlətin deyil, bəlli bir ailənin qulluqçusu rolunda çıxış edir. Özü də Azərbaycan adından, Azərbaycan dövləti adından yararlanmaqla. Hər hansı qazanc baxımından ortada nə Azərbaycan var, nə də Azərbaycan dövləti. Hər baxımdan yararlanan-qazanan bəlli bir ailədir, bu ailənin yaxın çevrəsidir, yaxın-uzaq çevrədə bu ailəyə qulluq yolu tutanlardır – hakimiyət düşərgəsindən tutmuş, müxalifət düşərgəsinədək. (Müxalifət düşərgəsindəki Rəsulzadə adına bağlı informasiya-partiya qurumuna baxın: onlar Rəsulzadə adı altında Rəsulzadəyə yağı rejimlə əlbirlikdə, bu rejimə qarşı çıxanlarla tərbiyə, əxlaq sınırlarını aşan qarşıdurmadadırlar!) Rəsulzadə dünənlər olduğu kimi, bugünlər də mənliyini pula-görəvə-mandata satanların deyil, böyük ideya yolçularının – idealistlərin lideridir!
İndi Azərbaycan adına bağlı bütün radio dalğalarında, televiziya kanallarında ən çox bunu eşitmək olur: “Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır; biz Azərbaycanı dünyaya idman ölkəsi olaraq tanıtdıq”. Bunu milyardlarla neft gəlirləırini mənimsəmiş, göyə sovurmuş 22 illik ANTİMİLLİ rejimin məhkəmə qarşısındakı son sözlərindən də saymaq olar. “Dövlətin strateji inkişaf siyasəti” adına onlar yalnız bundan – Azərbaycanı dünyaya idman ölkəsi olaraq tanıtdıqlarından danışa bilərlər. Milyardlarla neft gəlirlərindən yararlanmaqla onlar Azərbaycanı dünyaya ən yeni texnologiyalara yiyələnmiş bir xalqın yaratdığı, milyardlarla gəlir gətirən AQRAR ölkə olaraq tanıda bilərdilər. Milyardlarla neft gəlirlərindən yararlanmaqla onlar Azərbaycanı yüksək texnologiyalı qabaqcıl SƏNAYE ölkəsi olaraq tanıda bilərdilər. Onlar Azərbaycanı dünyaya Babəklər ölkəsi olaraq tanıda bilərdilər. Onlar Azərbaycanı dünyaya Nizamilər, Nəsimilər, Füzulilər ölkəsi olaraq tanıda bilərdilər. Onlar Azərbaycanı dünyaya Bəhmənyar, Tusi ölkəsi olaraq tanıda bilərdilər. Onlar Azərbaycanı dünyaya böyük Rəsulzadə ideyalarına bağlı Özgürlük, Demokratiya ölkəsi olaraq tanıda bilərdilər. Yox, onlar milyardlarla neft gəlirlərindən yararlanmaqla yalnız indiki kimi yoxsul, yolsuz, əli-qolu bağlı dustaq durumunda Azərbaycan yarada bilərdilər. Yaratdılar! İndi onu dünyaya idman ölkəsi olaraq tanıtmaq qalır. 22 illik hakimiyət boyunca özündən 5 dənə idmançı yetişdirə bilməyən “idman ölkəsi”…