Klançılığı, regionçuluğu dövlət siyasətinə dönüşdürmüş indiki rejim yetkililəri tez-tez “dövlətin imici” deyilən bir nəsnədən danışırlar. Hakimiyətə lat-lüt gəlib adambaşına, ailəliklə biznes imperiyası quranların dövlət imicindən danışmalarının özü dövləti, dövlətçiliyi ələ salmaqdır –xalqla birlikdə. Başqa bir yandan, ən başlıcası, klançılığın, regionçuluğun dövlət siyasətinə dönüşdürülməsi – dövlət, dövlətçilik adına bağlı bütün əyriliklərin, aşağı-yuxarı yamanlıqların, neqativlərin özülündə bu durur! Bu, əliyevçi rejim dövləti, əliyevçi rejim dövlətçiliyidir. Bir də var Rəsulzadə adına bağlı gerçək Ulu Öndər dövləti, gerçək Ulu Öndər dövlətçiliyi!
Əliyevçi dövlət millətə yağı dövlətdir, əliyevçi dövlətçilik dövləti millətin qulluqçusuna deyil, milləti dövlətin qulluqçusuna, başqa cür desək, bu dövlətin başında duranların qulluqçusuna çevirən dövlətçilikdir. Belə dövlət, belə dövlətçilik xalq üçün deyil, hakimiyəti quldurcasına ələ keçirmiş, quldurcasına da yönətən bir ovuc kimsə üçündür.
Rəsulzadənin, o Ulu Öndərin, dövlət, dövlətçilik idealı bütünlüklə başqadır. Gəlin onun “Millətçilik – patriotizm” anlayışlarına baxaq. Rəsulzadə buyurur: “Milliyət etnik bir anlam ikən, millət siyasi bir anlamdır”, – dedik. Başqa cür desək, milliyət bəlirli qayıtlar, olaylar sonucunda ortaya çıxmış durğun (statik) varlıqdır, millət isə bu statik varlığın düşüncələşən dinamik biçimidir. Durğun özəllikli milliyət baxımından vətən coğrafi bir anlamıdır. Ancaq düşüncəsi, istənci olan millət baxımından vətən siyasi anlam daşıyır.
Etnik özəllik daşıyan milliyət üyələri üçün yaşadıqları yerə bağlı coğrafi vətən dinamizmi olmayan passiv bir sevginin qonusudur. Ancaq siyasi düşüncəsi, dövlət qurmaq istəyi olan bir millət üçün vətən sevgisi aktiv xarakter daşıyır. Etnik milliyətçilik, coğrafi vətən sevgisi bir topluluğun yaşadığı yerlərə: dağlara, dərələrə, yaylalara, ovalıqlara dənizə, çöllərə duyulan ilgidir. Ancaq millətçi üçün vətən eləcə maddi ilkələrlə sınırlanmaz. Milliyətdə siyasi düşüncə güdən millətçi vətəndə də mənəvi bir öz, bir ruh arar. Onun üçün vətən maddi deyil, mənəvi varlıqdır. Maddi özəllikləri mənəvi özəlliklərlə canlanmadıqca, coğrafi bir bölgənin, sözün gerçək anlamıyla, gerçəkdən vətən olması olamazdır. Maddi vətən ilkələrindən başqa, hər aydın kimsənin bildiyi: din, dil, ədəbiyat, musiqi, fəlsəfə, sənət, tarix kimi mənəvi vətən ilkələri vardır. Bu ilkələr coğrafi vətən dışı içində yoğrulub, mənəvi vətən içi yaradırlar – cansız maddə canlı ideyaya çevrilir.
Millətin, dövlət olmaq istəyində dirəniş göstərən bir milliyət olduğunu sosioloqlar tapıb anladıblar. Bir millətçinin vətən anlayışı coğrafi anlamdakı vətəni bağımsız bir dövlətə çevirmək istəməsidir. Bir millətçi hər nədən öncə bağımsızlıq savaşında olan bir vətənçi – patriotdur. Avropalıların patriot termini ilə anlatdıqları anlam bizim millətçi sözü ilə anlatmaq istədiyimiz anlamla birdir. Bu, avropalıların nasionalizm sözü ilə anlatdıqları milliyətçilikdən bütünlüklə seçilən anlayışdır. Nasionalizm batı Avropa demokratiyası anlayışınca, saldırıcı, genəl gəlişmə yoluna gəlmək istəməyən, dünyanın gedişindən ayrılmış geriikçi axımdır. Patriotizm bir millətin özbaşına yaşaması, özümlü bir milli dövlət qurması axımıdır.
Bəlirli qayıtların etkisiylə milliyətdən millətə çevrilmiş topluluqların bağımsız bir dövlət qurmaq istəyinə, eləcə də bağımsızlığını itirmiş yurddaşlarının (Quzeyli, Güneyli Azərbaycan) bağımsızlığını geri almaq uğrunda çarpışma aparanlara kəsinliklə Avropa terminlərilə bir ad gərəkirsə, bunlara milliyətçi (nasionalist) deyil, millətçi (patriot), axımlarına da milliyətçilik (nasionalizm) deyil, millətçilik (patriotizm) demək gərəkdir!