Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər. (II hissə)
HÜRUFİLİK –
AZƏRBAYCANIN RUHANİ MAHİYYƏTİDİR
(davamı)
Ağşın Ağkəmərli: Siz çox gözəl bir məsələyə toxundunuz.
Hürufilikdə belə bir hal var ki, başqa bir yerdə qiblə axtarmaq yox, Azərbaycanı qiblə görmək istəyirdilər. Müqəddəsliyi Kəbədə, Məkkədə yox, Təbrizində, Bakısında görmək istəyirdilər.
Soylu Atalı: Doğrudur. Bayaq mən dedim ki, bəşər övladını Allah sayırdılar. Ancaq burada bir məsələ var ki, kim idi İnsanı Allah sayan?! Axı bu təkcə saymaq məsələsi deyildi. Onun təlimini yaratmışdılar. Və bu təlimdə insan özünü görürdü, öz həqiqəti ilə görüşürdü. Bu isə Azərbay-canda yaranmışdı. Ona görə Azərbaycan təbii olaraq qiblələşir. Azərbaycanda yeni Allahlıq məzmunu təcəlla tapır, yön insana çevrilir, insan özü məbuda çevrilir, qiblələşir. İslam dininin yayıldığı, qaynaqlandığı ünvan Kəbə idi. Bəlkə də ərəb üçün oranın qiblə olması təbii bir haldır. Bu başqa məsələ ki, o ünvan bəşər övladının taleyini Məna ilə nə dərəcədə bağlayır, onun ömrünü məzmunla nə dərəcədə doldurur. Təlim harda yaranır, onun qaynağı haradır, düşüncə harda formalaşıb – bu çox əsasdır. Düşüncənin formalaşdığı ünvan insan üçün qibləyə çevrilir. İnsan qibləni seçəndə gərək ciddi düşünsün ki, onun tapınağı ona nə verir, nə dərəcədə onun ruhu azad olur, nə dərəcədə o öz mənasına bərabər yaşayır?! Bilirsinizmi, insanı əsarətə salan qiblə də var, onu əsarətdən qurtaran qiblə də. İnsan qibləni ürəyi ilə, düşüncəsi ilə seçib, yoxsa qiblə ona zorla sırınıb?! Biz də deyirik ki, insanı ruhani əsarətdən xilas eləyən yön gərəkdir. Və Hürufilik insana ruhani azadlıq verən yön idi. Bəli, Nəiminin dayandığı, Haray çəkdiyi ünvan müqəddəs qiblə idi və bu bütövlükdə bəşəriyyətə gərək idi. Heç kim bizə deyə bilməz ki, siz Kəbəni özünüzünkü saymırsınız, ancaq Nəiminin dayandığı ünvanı bəşər üçün müqəddəs bilirsiniz. Biz heç nəyi bəşəriyyətə sırımağın tərəfdarı deyilik. Ancaq insanı insan eləyən, özünə bənzədən hadisəyə bəşərin biganə qalmasını da doğru saymırıq. Əsarətdən qiblə olmaz. Qiblə Azadlıqdan olar. Hürufilik ruhani azadlıq demək idi və Azərbaycan bu ruhani azadlığın yurdu idi.
Bilirsiniz ki, bəşər tarixi böyük həngamələr tarixidir. Nə qədər döyüşlər, zülm, əsarət mövcud olub bütün dövrlərdə. İnsan gah əsarətə düşüb, gah əsarətdən çıxıb. Əsarətə düşüb nə deməkdir, əsarətdən çıxıb nə deməkdir?! Nə qədər qılıncla insanın boynunu vurub özlərinə tabe edirlər, nə qədər ayrı-ayrı məmləkəti işğal edirlər. Ancaq bunların heç birini əldə saxlamaq, tabeçilikdə saxlamaq qılıncla baş tutmur. İşğal elədikləri yerlərdə ruhani dəyişiklik, mədəni dəyişiklik törədirlər və yalnız bunun hesabına əsarətin ömrünü uzada bilirlər. Əsarət mədəniyyət vasitəsilə, ideya vasitəsilə insanın ruhuna hakim kəsilir və bərkiyib qalır. Təkcə qol gücünə əsarət yaşamır. Əsarət – ruhani assimilyasiya deməkdir. Ona görə də Hürufilik Azərbaycanın ruhunun azadlığı məsələsi idi.
Biz bu məsələni araşdırdıqca təbii şəkildə mühüm bir məqamın üzərində dayanırıq. Hürufiliyin yarandığı tarixi bir şərait var idi. Bu şərait cahanşümul bir imperatorun – Teymurun gücü ilə formalaşmışdı. İmperator heç bir təriqət-filan tanımırdı, Nəimi, Nəsimi tanımırdı, tanımaq belə istəmirdi. Ancaq bizim müasir cəmiyyətimiz də ayrı-ayrı vətənsevərlər Teymurla da öyünür, Hürufilərlə də. Halbuki Teymur başının üstünə İslam bayrağı qaldırmışdı, Hürufilərin bayrağı isə Azərbaycanın ruhani mahiyyətini ifadə edirdi. Yəni insanın qul olması ideyası hara, Allah olması ideyası hara. Bu səbəbdən də əslində Teymur Azərbaycanın ruhani mahiyyətinə qarşı idi. Asif Ata deyir “Teymur türkün hədər getmiş enerjisidir”. Biz Teymurla öyünə bilmirik. Məsələyə hərb tarixi nöqteyi-nəzərindən yanaşanda bəlkə də öyünmək olar. Ancaq məsələyə insanilik baxımından yanaşanda öyünmək üçün heç bir əsas tapmırsan. Çünki Teymur Azərbaycana ciddi zərbə vurdu. Mahiyyətcə bütövlükdə türkə zərbə vurdu. Nəimiyə, Nəsimiyə vurduğu zərbə türkə vurulan zərbə idi. Hökmdarlara Allah lazım deyildi, – yəni İnsan adında Allah. Hökmdarlara qul lazım idi, kölə lazım idi. Hökmdarlara ağlında köləlik oturuşmuş əsgər lazım idi ki, ona, onun səltənətinə xidmət eləsin, onun iradəsinə tabe olsun – “Bir”in hökmdarlığına itaət göstərsin. “Bir”in iradəsinə tabe olan əsgər yalnız qol işlədirdi. O qolu da əslində özünə qarşı işlədirdi, mahiyyətinə qarşı işlədirdi. İnsanlığa qarşı işlətmək – əslində özünə qarşı işlətmək idi. Ona görə də heç bir dövrdə fatehlər, hökmdarlar insanilik axtarışında olmayıblar. İnsanilik onlara lazım olmayıb. Bu səbəbdən də Teymur Nəimini atın quyruğunda Bakıdan Səmərqəndə qədər sürütdürüb parça-parça elətdirdi. Nəsimi baş götürüb Hələbə getdi, orada edam olundu. Yəni bu cür halların baş verməsi – İnsanlığın böyük bir faciəsi idi. Bu əməllər Azərbaycanın özündən ayrılmasına yönəlik atılan imza idi, vurulan möhür idi.
Əgər “İnsan Allahdır” ideyası hökmdar qılıncına tuş gəlib, hökmdar səltənətinə qurban verilməsəydi, əminliklə demək olar ki, Azərbaycanın dünyada özünəməxsus yeri olacaqdı. Dünyanın halında dəyişikliklər olacaqdı. Asif Atanın təbirincə desək, “Azərbaycan indiki səviyyəsindən qat-qat yüksək olacaqdı – Hürufilərin Allah dediyi insanı Teymur diri-diri divara hördürməsəydi”.
Fatehlik – fiziki və mənəvi soyqırım deməkdir, Bəşəri mahiyyətə qarşı yönəlmiş cinayətlər səbəbidir. Və belə bir şəraitdə İnsanilik təlimi yaratmaq və yaymaq – çox böyük qüdrət idi, qəhrəmanlıq idi. Bu yenilməz bir cəsarət idi. Hürufilikdə insana aid olan bütün ali keyfiyyətlər üzə çıxmışdı. Və o keyfiyyətlər doğrudan da insanın Allah olmasını göstərirdi. Əgər hökmdarlıq qılıncı olmasaydı, bəlkə də Hürufilik geniş yayıla bilərdi. Qılınc onun qabağını kəsdi.
Əsarəti qılıncla vermək olur, insanları qorxutmaqla yavaş-yavaş əsarətə alışdırırlar. Bununla da insan öz Allahlıq mənasından ayrılır. Ancaq insanı azadlığa yönəltmək, alışdırmaq çox böyük əzab tələb eləyir. O, qılıncla başa gəlmir, o məsələ hədə ilə, qorxu ilə əmələ gəlmir. Burada insan qəlbinin böyüməsi lazımdır. Bax, belə bir işin başlaması çox mühüm bir hadisədir. Bizim yurdumuzda başlayan bu cür böyük işlər təəssüf ki, zaman-zaman məhv edilib. Bu da bizim ruhani talanmağımızın, hətta coğrafi talanmağımızın əsasını qoydu.
Abil Ulusoy: Mən bir məsələyə toxunmaq istəyirəm. Azərbaycanda bu gün də ruhani bir Hərəkat var – Mütləqə İnam Ocağı. Azərbaycanın potensialı bir millət olaraq imkan verir ki, yaşasın, inkişaf eləsin. Burada başqa bir məsələ də var – Dövlət və bu dövlətin mənsub olduğu xalqın yaratdığı ruhaniyyat. Dövlətin həmin ruhaniyyata niyə yiyəlik eləyə bilməməsi məsələsi. O dövrdə dövlət öz yurdunda yaranan ruhaniyyatı qurban verdi. Bəşəriyyətin ali söz deyənlərini dövlət müdafiə eləyə bilmədi. Azərbaycanda bu gün də belə bir hadisə baş verə bilər, onun sabahkı tarixində də belə bir şey ola bilər. Bunları önləmək üçün nələr eləmək lazımdır?! Bu da bir məsələdir. Əgər Nəimi müdafiə olunsaydı, Soylu bəyin dediyi kimi, Azərbaycan hansı səviyyədə olacaqdı?! Azərbaycanın həmin dövr üçün tutduğu mövqe məhz elə Hürufilik idi. Hürufilər Azərbaycan xalqının iradəsini ifadə eləyirdilər. Və çox gözəl ifadə eləyirdilər. İstəyərdim ki, Azərbaycanda bir örnək yaransın ki, addımlarımız yurdumuzda yaranan yaxşı nə varsa, onun məhv olunmasına doğru deyil, yaşamasına doğru atılsın. Burada mən bir müqayisə aparmaq istəyirəm: Quranda deyilir: “Allahdan qorxun, bəlkə xoşbəxt oldunuz”. Hürufilikdə deyilir: “İnsan Allahı özündə tapanda xoşbəxt olur”. Quran: “Dindarlar, özünüzə köməyi səbr və duada tapın”. Hürufi: “İnsan böyükdü, onun arzusu yerinə yetməlidi”.
1394-cü il sentyabrın 2-də Nəimi edam olundu. Əslində bu, insanlığın, insana ali səcdənin edamı idi. Soylu bəy doğru vurğuladı ki, fatehə insan lazım deyildi. Ona “göydəki” lazım idi ki, özünü “yerdəki böyük” kimi qəbul elətdirsin. Hürufilərin dediyi ki, nə istəyirsən özündən istə – bunu qəbul eləmirdilər. Bütün müqəddəslikləri isə Azərbaycandan kənarda axtarırdılar. Müqəddəsliyin Məkkədə axtarıldığı bir vaxtda 46 yaşında bir papaqçı gəlib Təbrizdə öz təlimini ortaya qoyur və elan eləyir ki, İnsan Allahdır. İnsan kamillik səviyyəsinə qalxmalıdır. Kamil İnsan Allah ola bilər, cahil insan Allah ola bilməz. Fatehlikdə döyüş qabiliyyəti var, hərbi bacarıq var, ancaq o, kamillik deyil. Onun ətrafında olanlar kamil olmaq istəmirdilər, yaxşı döyüşçü olmaq istəyirdilər. Qana susayırdılar, qənimətə susayırdılar. Ancaq onların qarşısına biri çıxıb deyirdi ki, “Haqqa əyan oldu, gəlin Həqqi görün!” Yenə əvvəlki fikrimə qayıdıram ki, Azərbaycanda güclü dövlət olmalıydı ki, belə böyük bir təlimə yiyəlik eləsin, onu özünün ideologiyasına çevirsin. Elə indi də vurğulamaq istəyirəm ki, Azərbaycanın Quzeyində yaranan dövlət burada yaranan çağdaş ruhani həyatımıza sayğı ilə yanaşsın, bu Hərəkatın təsirləri Güney Azərbaycana yerisin, onun zəvvarları Türk Dünyasına yayılsın. Azərbaycandan başlayan bu Ruhani Hərəkat bütün bəşəriyyətə yayıla bilər. Asif Atanın carı olan “İnsanlaşın – İnsanlaşdırın!” harayı ümumbəşər səviyyəsində böyük hadisəyə çevrilə bilər.
Ağşın Ağkəmərli: Hürufiliyin haqlı və doğru olduğu onunla sübut olunur ki, bu gün ondan sevgi ilə bəhs olunur. Teymur isə insanlığın faciəsi kimi araşdırılır. Ən əsası odur ki, Teymur yad ideya daşıyıcısı idi, Hürufilik isə Azərbaycan ruhunun ifadəsi idi, türk varlığını bildirirdi. Çox təəssüf ki, Şah İsmayıl Xətaimiz də Hürufliyi doğru qiymətləndirə bilmədi, faciəmizdən dərs götürmədi.
Hürufilik insanın görünməyən tərəfini açırdı. Bir otaq yalnız daş, palçıq deyil, qapı təkcə ağac, ya dəmir deyil, onun içində bir əmniyyət vardı. Bu qoruculuq əmniyyətidir. Bu qoruculuqda bir varlıq var. Qapı ona görə hansısa bir mənanı daşıyır. Hürufilik – insanın içindən qurulması, qorunması təlimi idi, insana yaradıcılıq imkanı verən bir təlim idi. Ona görə də bizim Hürufiliyə ötəri yanaşmağımız, yan keçməyimiz haqlı deyil. Ondan dərs götürməyimiz vacibdir.
Hürufilik və Xürrəmilik bir-birinə doğma ideyalardır. Onlar arasında bir bağlılıq var. Bu bağlılıq türk millətinin ruhuna hopan bir məsələdir. Onu daim gündəliyə gətirmək lazımdır. Keçmişdəki səhvlərə gələcəyimizdə yol verməməliyik. Tariximizdən dərs götürməliyik. Mən Xürrəmiliyi Hürufilikdən ayrı götürmürəm, Füzulinin yaradıcılığındakı insan varlığını onlardan kənarda götürmürəm, mən Moləviçiliyi bu hadisələrlə bağlı götürürəm. Və Asif Atanı bu deyilənlərin sintezi, zirvəsi kimi qəbul edirəm. Asif Atanın məfkurəsi, düşüncəsi təkcə bir şəxsin düşüncəsi məsələsi deyil, bunun mahiyyətində, görünməyən tərəfində həm Nəsimiçilik var, həm Nəimiçilik var. Bu danılmaz bir faktdır ki, Ocağın mahiyyətində, Asif Atanın ideyasında bütün Xürrəmilik, Sufilik, Hürufilik, Füzulilik öz əksini tapır. Biz hər bir hadisəmizə doğru yanaşmasaq, xalqımızın problemlərinin həlli yollarını əldə edə bilməyəcəyik. Biz indiyə qədər itirə-itirə gəlmişik. İnsanlarımızı itirmişik. İnsanlarımızın öz kimliyini başqa yerlərdə axtardığına görə biz bir bütöv kimi ortaya çıxa bilmirik və dünyaya öz sözümüzü deyə bilmirik.
Bu gün mən evimdə böyüyən uşağın yad ruhda böyüməsinin qarşısını ala bilmirəmsə, o mənim adamım deyil, mənim evimdə yadlığı təmsil eləyir. Çünki kimliyini başqa yerdə axtarır. Bu faciəmizin təməli dünən, srağagün qoyulmayıb, deyərdim ki, 1400 ildir başlayıb faciələrimiz. Faciədən çıxmaq üçün itirdiklərimizin fərqinə varmalıyıq. Öz milli-ruhani istəyimizi ortaya qoymalıyıq. Bunun da özülündə, dediyim kimi, Asif Ata ideyaları durur. Asif Atanın ideyalarında həm tarixi faciələrimiz dərk olunur, həm də ruhani xilasımız meydana çıxır.
arxivdən
(ardı var)