Xaliq Bahadır. Döydürən tutuldu, döyənlər tutuldu, qaldı öldürənlər

Jurnalist Rasim Əliyevi döydürən də tutuldu, döyənlər də, bəs Rafiq Tağı kimi Rasimi də öldürən həkim-tibb personalı? Başdan başlayaq. Çoxillik rejim praktikasından çıxış edərək, inamla deyə bilərik: bugünkü tutquların nədəni Rasimin xəstəxanadakı son sözləridir. Rejimə bağlı bir çox bəlli subyektlərin, əlaltı deputatların Rasimi qınağa qalxmalarından da aydın görünür: rejim indiyədək baş vermiş oxşar cinayət-ölüm faktları kimi bu faktı da çoxillik yalançı “istintaqla” ört-basdır etməyə çalışacaqdı. Ancaq Rasimin konkret adlar çəkməklə cinayətkarları tanıtması hakimiyətə alternativ yeri qoymadı. Buna görə də rejimin xarakterinə uyğun olaraq hüquq orqanlarına “Tutun!” göstərişi verildi.

Ortada başqa bir sorun da vardı: qarşıdan gələn parlament seçkisi. Seçkiöncəsi xalqa, demokratik dünyaya bir qanunçu rejim görsənişi yaratmaq da gərəkdi. Yaratdılar, ancaq bütünlüklə korrupsioner diktatura qanunlarına uyğun olaraq, özümüzünküdür deyə, yalançı-yarımçıq. Bunu biz olayda başlıca fiqurant olaraq adı keçən Cavid Hüseynova açılan işdən çıxış edərək deyirik: cinayəti bilib bildirməmək. Soruşulur: C.Hüseynov birbaşa özündən qaynaqlanan cinayət faktı ilə bağlı kimə nə bildirməli idi? C.Hüseynova açılan cinayət işindən də, rejimə bağlı subyektlərin apardıqları kompaniyadan da bilmək olar: indiki maddə C.Hüseynov üçün tramplin rolunu oynayır. Bu maddə ilə o, uzağı seçkiyədək tutuqlu olacaq, sonra buraxılacaq. 2013-cü il prezident seçkisi qabağı Gülər Əhmədova ilə bağlı ortaya çıxan, rejimin çoxillik seçki cinayətlərini açıb göstərən faktlar hakimiyətin bəlli bir çevrəsində çox sevilsə də, G.Əhmədovanın HƏLƏLİK tutulmasını qaçılmaz edirdi. O çağlar, – Gülər Əhmədova tutulandan çox qabaq – “Azadlıq”da bir yazım çıxmışdı. Yazıda G.Əhmədovanın seçkidən öncə tutulub seçkidən sonra buraxılacağını bildirmişdim. Elə də oldu. Demək olar, indi də oxşar durumdur: “indi tutaq, az sonra buraxarıq”.

Keçək xəstəxanaya. Söhbət 1 saylı klinik xəstəxanadan gedir. Bir daha demək gərəkir: Rasim kimi Rafiq Tağını da bu xəstəxana öldürmüşdü. İdmançıların yerə yıxıb təpiklədiyi adamı yubanmadan rentgen aparatına salıb hansı yaraları aldığını öyrənmək yerinə, Rasimə ağrıkəsici iynə vurmaqla elə bil başdan eləməyə çalışmışdılar. Çox xarakterik bir görsənişdir: gərək xəstənin adamı gələ, gərəkən həkimlə danışa, tibb personalına bəri başdan görüm-baxım eləyə, ondan sonra xəstə ilə bağlı qərar verilə. Rasimin dalağının çıxarılmasına gəlincə, 1 saylı xəstəxana başda olmaqla bu indi bizdəki xəstəxanalarda geniş yayılmış praktikadır: başları nədənsə çıxmayanda, pul əldə etmək üçün son variant olaraq dalağa əl atırlar. Daha doğrusu, xəstənin dalağını kəsib atmaqla pul qazanırlar. Onlar, bilindiyi kimi, Rasimlə də bağlı başlıca gərəkən operasiyaları qoyub dalaq variantına əl atıblar.

Bir neçə yol yazmışam, bir daha yazmaq gərəyi yaranır. Ötən ilin sonlarında yaxınlarımızdan biri insult olmuş, ”tezyardım” onu aparıb 1 saylı klinikanın reanimasiya bölümünə yerləşdirmişdi. Bizim xəstə reanimasiyada 6 gün qaldı. O 6 günün altısında da gözümüzün qabağında reanimasiyadan ölü çıxarıldı. Dava-dərmandan qulluğadək hər gün bizimkilər tibb personalına 250-300 manat pul verməli olurdu: hamı necə, bizimkilər də elə. Əliyevlərin “sosial dövləti” xəstə yiyələrini quldurcasına soyurdu. Xəstənin durumu getdikcə ağırlaşsa da, həkim ciblərə baxa-baxa: “Arxayın olun, hər şey yaxşı olacaq”, – deyirdi. Xəstənin başını aparata salmaq gərəkirkən “bizdə elə aparat yoxdur”, dedilər. Uzaq rayonların birindən tanışlıqla gərəkən aparat gətirildi. Həkim tomoqrafiya göstəricilərinin “yaxşı” olduğunu bildirdi. Başqa yerdən gətirilən tanış həkim tomoqrafiya göstəricilərinə uyğun olaraq birincinin yalanını çıxardı: müalicə düzgün aparılmır, xəsətinin durumu kritikdir”. Beləcə, başqa klinikaya üz tutmaq gərəyi yarandı…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv