Xaliq Bahadır. Bir yanda korrupsiya, bir yanda repressiya…

Başımızın üstündən, yan-yörəmizdən milyardlar gəlib keçdi – neft milyardları! Hamısı oğurlandı, mənimsəndi. İndi bizə neftlə bağlı unutqanlq aşılanır: unudun, getsin. Var idi, indi yoxdur. Elə bilin olmayıb. Unudardıq, elə bilərdik. Ancaq nə unutmaq olur, nə elə bilmək. Axı, bütün bunlar gözümüzün qabağında olub: gözümüzün qabağında kimlərsə bizi – xalqı aldada-aldada milyardlara yiyələnib. “Əsrin müqaviləsi”, “neft xalqın sərvətidir” yalanlarıyla xalqı, xalqın neft başda olmaqla bütün var-yatırını yağmalaya- yağmalaya özünə plutokratiya, xalqa yoxsulluq yaradanlar gözümüzün qabağındaykən necə unutmalı, necə elə bilməli?

Təkcə “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı” adına 51 milyard manat yoxa çıxıb. Bu 51 milyard manatla bütün ölkəni söküb yenidən tikmək, dağıdıb yenidən qurmaq olardı. Bu 51 milyard manatdan ortada olan yalnız hər rayonda bəlli bir park, uzağı bəlli bir küçədir. Qalanı sağ-sol, qarşı-arxa yoxluq, yoxsulluqdur. Biz gözümüzlə Azərbaycan tarixində görünməmiş İŞĞAL, yeyinti-mənimsəmə faktını görənlərik. Biz bu görünməmiş yeyinti-mənimsəmə, bu görünməmiş yeyinti-mənimsəmədən yaranan görünməmiş harınlıq ortamında qadınlı-kişili, yaşlı-gənc bir çox yurddaşımızın yoxsulluqdan, dolanışıq dözülməzliyindən, bütün bunlara bağlı kredit kriminallığından özünü yandırıb, asıb, atıb öldürdüyünü görənlərik. Biz indi susuruq, ancaq bizim indiki susqunluğumuz… qurulmuş mina susqunluğudur!

O 51 milyarda Azərbaycanı yüksək infrastrukturlu geniş turizm ölkəsinə çevirmək olardı. O 51 milyarda ölkənin hər yanında çoxlu iş yeri açmaq, adamlara normal yaşayış, dolanışıq olanağı yaratmaq  olardı.  Bütün bunların yerinə biz indi nə görürük: gündən-günə genişlənən, daha açıq xarakter alan korrupsiya. Korrupsiya ilə yanaşı gündən-günə daha kəskin xarakter alan, bütün ölkəni bürüyən repressiya. Bir yanda kredit-vergi repressiyaları gedir, o biri yanda siyasi repressiyalar. Bu gün Azərbaycanda iki işlək mexanizm var: korrupsiya mexanizmi, repressiya mexanizmi!

Azərbaycan ana-uşaq ölümünə görə dünyanın ən geridə qalmış ölkələrinin lideridir. Bu ilin yanvar-fevral aylarında ölkəmizdə 2 min ailə dağılıb. Bunlar korrupsiya rejiminin, korrupsiya adlı dağıdıcı bir dünyagörüşün DÖVLƏT SİYASƏTİNƏ DÖNÜŞMƏYİNİN doğal görsənişidir. Bu gün Azərbaycanda sosial yetkinliyə, ideya-mənəvi üstünlüklərinə görə dağılmayacaq çox az ailə qalıb. O ailələrdən biri Arif Yunusla Leyla Yunus ailəsi idi – onu da rejim dağıtdı. Dövlətin özülü ailədir. Bunlar indi ailələri dağıtmağa girişiblər. Kim rejimə yenilmirsə, rejim qanunlarına boyun əymirsə, repressiya maşını ilə üzləşdirilir. Arif Yunusun məhkəmə çıxışından: “İnsan həyata bir dəfə gəlir. Bu baxımdan kiminlə yaşayırsa, onunla həmfikir olması çox vacibdir. Biz azərbaycanlılar “həyat yoldaşı” ifadəsini işlədirik. Bu yolda çətinliklər də olur, xoş günlər də. Mən çox şadam ki, həyat yoldaşım Leyladır. Yenidən gənclik dövrünə qayıtsaydım, yenə də həyat yoldaşı olaraq Leylanı seçərdim”.

22 illik reimin yürütdüyü yağıcasına siyasətlər üzündən indi bizdə belə düşünən, belə düşüncəylə yaşayan, var olan çox az ailə tapmaq olar. Belələrini də rejim özü dağıdır. Ölkədə yığıncaq özgürlüyünü yasaqlayan – oxşar düşüncəli yurddaşların bir araya gəlməsindən qorxan rejim getdikcə ailə-düşüncə birliklərindən də qorxmağa, bu üzdən də siyasi partiyalardan siyasi ailələrə soxulmağa başlayır, belə ailələri dağıtmağa girişir. Beləliklə, yalnız korrupsiya yoluyla deyil, sosial dağıntı yoluyla da Dövlətin özülü sarsıdılır. Bu baxımdan da biz hamımız indiki dönəmdə Arif Yunus, Leyla Yunusuq!

İstər ayrı-ayrılıqda, istərsə də ailəliklə strateji düşüncə adamlarını özünə düşmən sayan rejim korrupsiya kimi repressiyanı da özünün Dövlət siyasətinə dönüşdürüb…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv