Göylü Atalı. TƏBRİZ – BÜTÖVLÜYÜN HƏSRƏTİ

Özümü dərk edəndən içimdə Təbrizi görmək sevdası gəzdirmişəm. Asif Atanın Mütləqə İnam Ocağına Evlad olandan sonra bu sevgi qarşısıalınmaz bir həsrətə çevrildi. Doğrusu bu çağacan istəyimi gerçəkləşdirməyə fürsət bula bilməmişdim. Bir az da gerilikçi İran rejimindən ehtiyat edirdim. Böyük diləklərim var, yarı yolda qoya bilərlər…
Bu arada ailəlikcə yaxın olduğumuz O Taylı bir dostumuz bizi evlənmə törənlərinə çağırdı. Elə bu çağırışla da Təbrizi görmək diləyimi gerçəkləşdirə bildim.
İlk baxışdan Təbriz adama baxımsız, köhnə, inkişafdan geri qalan, orta çağ şəhəri etkisi bağışlayar. Məni isə ora aparan duyğu başqa idi. Diləklərimdəki Böyük Azərbaycanın baş kəndində idim. Əyilib torpağını öpmək, Eynalı dağından bu qutsal şəhəri seyr etmək başqa bir duyğu, hal yaradırdı. Həm sevinirdim, həm kədərlənirdim. Bura mənim torpaqlarım idi. Həm də mənim deyildi… İçimdə hiddətlənirdim: niyə axı – babalarımızın yanlışları ucbatındanmı, bunca parçalanıb dağıldıq. Niyə get-gedə kiçildik?! Təbii ki, içimi ağrıdan nədənləri qonaq olduğum ailədən başqa (evin atası çalışqan millətçi olub) kimsəylə bölüşə bilmədim.
Təbriz toplumu çoxluq olaraq türklərdir. Çox mehribandırlar, eyni zamanda şah və fars rejiminin etkisi hələ də üzərlərindədir: yad ailələr bir-biriylə ehtiyatlı davranırlar. Ancaq fars rejimi toplumu basqı altında saxlasa da, içdəki bütövlük həsrəti gözlərində, duyğularında adamı çağırır.
Asif Ata görüşlərində deyərdi: Spartakı Babəkə tən sayırlar. Spartak qul idi, özgür olub vətəni Frakiyaya qayıtmaq istəyirdi. Babək isə Özgürlük aşiqi idi, o, Bütöv, Böyük Azərbaycan Amalı uğrunda 23 ilini qurban verdi.
Tarixdə devrimlər (inqilablar) şəhəri olmuş Təbriz toplumuna bu tutuşdurmadan baxanda Babəki yox, Spartakı andırdı mənə. Təbrizlilər fars rejimindən canını qurtarmaq, özgələşdirmə basqısına son vermək diləyi ilə sıxıntılar içində yaşayırlar. Böyük Ruhsal Özgürlük dərk olunmayıb. Ona görə də qurtuluşun verdiyi umud xeyli uzaqda görünür. Böyük Özgürlük üçün Böyük Ölçü gərəkdir. Bu səfərdə bir daha anladım ki, Böyük Azərbaycan üçün Ölçü Asif Ata Yoludur.
Güney Azərbaycana səfərimlə qeyrətimin təpəri yeniləndi. Ancaq hələlik O Taydan Bu Taya bir parça torpaq gətirə bildim. Bu bir tikə torpaq ulusal döyüşümün simgəsi kimi hər gün gözlərimi oxşayacaq, ürəyimdə tükənməyən bütövlük nəğməsi bəsləyəcəkdir…

Ata Ruhu Ürəyimdədir!
Atamız Var olsun!

Qürub Ayı, 37-ci il. Təbriz.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv