Xaliq Bahadır. Xədicə epoxası

Qadınların kişilərə, daha doğrusu, kişi ola bilməyənlərə, kişiliyini pula-görəvə satanlara örnək olduğu bir dönəm içindəyik. Bu bəlli bir rejimin korrupsiya yoluyla soyub-yağmaladığı Ölkəni repressiya yoluyla susdurmağa çalışdığı dönəmdir. Burada bütün dövlət qurumları ən yuxarılardan ən aşağılaradək korrupsiya-yolsuzluq yolundadır. Bunu son çağlar korrupsiya-repressiya məhkəmələrində əl atılan bir metod da açıq göstərir.

Ən yuxarıdan verilən siyasi sifarişə uyğun olaraq kiməsə qondarma cinayət işi açılır. Müstəntiq qorxutma, ələ alma yoluyla “soruşdurma” aparır. Beləliklə, ortaya qondarma cinayət materialı çıxarılır. Sonra bu material  “məhkəmə baxışına” yönəldilir. Hakim, prokuror siyasi sifarişə uyğun məhkəmə prosesinə başlayır. Qabaqlar necəliyindən asılı olmayaraq yalançı xarakter daşısa belə, məhkəmə prosesi bir az abırla aparılırdı. İndi görün abırsızlıq nə yerə çatıb: siyasi sifarişli məhkəmələrə ən balaca zal ayrır, sonra da bu zala korrupsiya-repressiya rejiminin sonuncu instansiya adamlarını – jek-mek işçilərini doldururlar! Bu isə rejimin bütünlüklə çürüyüb-aşınma göstəricisi, regionda ANALOQU olmayan böyük polis, ordu gücünün bitdiyi yerdir. Dövlət hakimiyətinin məhkəmə kimi önəmli qurumunda qanunun gücünə deyil, jek-mek gücünə arxalanmalı olan rejim diri görünsə belə, ölü rejim deməkdir!

Xədicənin məhkəmə çıxışına baxıram – prokurorun yarıda dözməyib yarımçıq saxladığı çıxışına. Prokuror Məhkəmə hakiminə göstəriş verir: “Bu çıxış dövlətə, dövlətçiliyə qarşı olduğundan dayandırılmalıdır!” Hakim çıxışı dayandırır. Bununla bir daha “məhkəmənin”, eləcə də prosesə “hakimlik” edənin hansı status daşıyıcısı olduqları bəlirlənir. Sən demə, “məhkəmənin”, “məhkəmə” hakiminin statusu jek-mek işçilərinin stausu yerindədir: tapşırığa-göstərişə uyğun davranış sərgiləmək! “Qalxın, məhkəmə gəlir!” – bizi niyə aldadırsız?! Sizin “məhkəmənizin”, “məhkəmə” hakiminizin hüququ-statusu jek-mek işçilərinin hüququ-statusu yerindədirsə, onda onları zala dolduranda da bizi ayağa qaldırın: “Qalxın, jek işçiləri gəlir!” Utanmaqdan keçib, rejimə sayğı-urvat qazandırmaq üçün bunu da edin!

Rejimin “əbədi” baş prokuroru Z.Qaralov 2013-cü ildə demişdi: “Dövlətçiliyə qarşı, hər cür qəsdlərə qarşı barışmaz mübarizə aparılacaq”. Deyildiyi kimi də etməkdədirlər: korrupsiya-repressiya dövlətçiliyinə qarşı çıxanlarla gerçəkdən barışmaz “mübarizə” aparırlar. Bu “mübarizənin” necə prinsipiallıqla aparıldığını indilikdə sonuncu olan Xədicə faktından da görmək olar. Başlıcası da, bunu Xədicənin indiki son məhkəmə çıxışından görmək olar. Çıxışında konkret faktlarla  Xədicə dövlətin başında özəl biznes obyektinin başında oturmuş təki oturanların, demək olar, gündəlik QAZANDIQLARINI ortaya çıxarır.

Moskva, Vircin adaları, Dubay, Sinqapur, London, Çexiya… bu özümlü özəl biznes obyektinin qaranlıq uzantılarıdır. Xədicənin suçu hansısa prokurorluğun funksiyasını öz üzərinə götürərək bir sıra qaranlıqlara işıq salmağındadır. Qaranlıq dövlətçilik işığı sevməz, Xədicə! Polis, məhkəmə, prokurorluq bütünlüklə bu qaranlıq dövlətçiliyin qoruyucusu rolunda çıxış edirkən, nə etməli? – səni, sənin kimiləri İŞIĞIYLA birgə tutub damlamaq gərəyi yaranır. Axı, polisin, prokurorun, məhkəmənin yaxşı yaşamaq istəyən özü-ailəsi-arvad-uşağı-balaları var! Bax, bunlar hamısı var, bircə qanunsuzluğa YOX! – deməyə MƏNLİK yoxdur! Bu isə pull-görəvlə alınan, diplomla qazanılan nəsnə deyil!

Leyla Yunusdan sonra  Xədicəyə iş verdilər: 7 il 6 ay! Oğru yollu “kişilərin” doğru yollu qadınları damladığı bir dönəm yaşayırıq. Bir var damğalı yaşamaq, bir də var damlanıb yaşamaq – indiki dönəmdə sonuncu mənliyini itirməyənlər üçün açıq qapıdır: tez-gec. Repressiyalara güc vermək gərəyi istənilən rejim üçün qapının ağzını kəsdirib duran ölüm aktıdır!

33.00

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv