Xaliq Bahadır. Türkcə 170 söz. Oxu, unutma!

Türk dili dünyanın ən ulu, ən dolğun dilidir. Dilimiz çox dolğun olsa da, bu dolğunluq özünü istər danışıq, istərsə də yazı dilində çox az göstərir. Bu görsənişin də bir başlıca nədəni var: biz dilimizin söz saxlancına gərəyincə yetik deyilik; başqa cür desək, dilimizi yetərincə öyrənməyə, onun söz saxlancında olanları mənimsəməyə çalışmırıq. Çağlar boyu belə olub. Belə olduğundan da dilimiz gəlmə-yad sözlərlə yükləndikcə yüklənib. Öz sözlərimizdən çox özgə sözlərə üstünlük verə-verə dilimizi dəyişib, gerçək Türk dili olmaqdan çıxarmışıq. Başqa cür desək, öz sözlərimizə sayğısızca yanaşaraq özgə sözlərə qucaq açmaqla dilimizi ulu, uca, üstün, dolğun TÜRK DİLİ gerçəyindən uzaqlaşdırmışıq.

Bu gün İngiltərə, Fransa kimi Avropa ölkələrində, bizə qonşu Rusiyada dilin yad sözlərdən qorunması, arınması dövlət işinə çevrilib. Adı çəkilən ölkələrin parlamentləri bu yöndə çalışmalarda bulunur. Ən əski çağlardan Türk dil kültürünün başlıca daşıyıcısı olan Azərbaycanda bu gün dil yiyəsiz qalıb, başlı-başına buraxılıb. Bunu biz gündəlik olaraq qəzetlərdən, teleradiolardan, eləcə də qarmaqarışıq, çağ baxımından yararsız dildə yazılmış orta,  yüksək oxul dərsliklərindən görürük. Çoxu dilimizə yatmayan, dilimizin quruluşu, səs-söz düzümü, düzəni ilə uyuşmayan gəlmə sözlər dilimizdə at oynatmadadır…

Bəlli olduğu kimi, dünyada bütünlüklə arı dil yoxdur, ola da bilməz. İstər qonşular arasında, istərsə də dünyanın bu başından o başına ilişkilər, çeşidli alış-verişlər bu dildən o dilə, o dildən bu dilə sözlər aparır, gətirir. Bunlar olub, olacaq. Bunlarla yanaşı, dilin qorunması yönündə çalışmalar da olmalı, dilə yalnız dıldə olmayan, dili dolğunlaşdıracaq sözlər gətirilməlidir! Belə bir baxış bucağından yanaşsaq, dilimizin yersiz-gərəksiz sözlərlə necə dolduğunu (zibilləndiyini!) görərik. Gəlin dilimizə ötəri bir baxış keçirək. Burada dilimizi başına götürən yersiz-gərəksiz ərəb-fars sözləri ayrıc içində göstəriləcək.

Arzu(f)- dilək, istək; azad(f)- özgür; bariz(ə)- açıq, aydın, qabarıq, gözəçarpan; davam(ə)- dözüm, sürək; davamlı -dözümlü; davam edir- sürür; dır, dir şəkilçilərinin yerində də işlədilir; qüvvə(ə)- güc, bacarıq; qədər(ə)- say bildirir, qoşma olaraq işlədilir; dər(f)hal(ə)- tez, əlüstü, yubanmadan; qayda(ə)- qural-kural; qəti(ə)- kəsin; qətiyyətlə- kəsinliklə; qeyd(ə) etmək- bildirmək, vurğulamaq, göstərmək; qəbul(ə)- almaq, götürmək, qarşılamaq; qəbuledilməz- yolverilməz; qeyri(ə)- başqa, özgə, yad; istirahət(ə)- dincəlmə; istiqamət(ə)- yön, səmt; istisna(ə)- ayırma; ittiham(ə)- suç; istinad(ə)- dayanma, söykənmə; vətən(ə)- yurd, ölkə; cənub(ə)- güney; şimal(ə)- quzey; qərb(ə)- batı; şərq(ə)- doğu; vətəndaş- yurddaş; cəmiyyət (ə)- toplum; müvafiq (ə)- uyğun; məfhum (ə)- anlayış; mənbə (ə)- qaynaq; mötəbər(ə)- sayqın; mütləq(ə)- səlt; mülayim(ə)-  yumşaq; münasib(ə)- uyğun, yaraşan, yerində; münasibət(ə)- ilişki, yaxınlıq; mümkün(ə)- olabilir, olası; qeyri-mümkün- olamaz; müraciət(ə)- çağırış, başvuru; müjdə(f)- muştuluq; müvafiq(ə)- uyğun, uyar, yarar, yaraşan, əlverişli; müqəddəs(ə)- qutsal, arı, ulu, yüksək; möhür(ə)- damğa; müqəssir(ə)- suçlu; məhv(ə)- yox etmə, aradan qaldırma; nazir(ə)- baxan; əksər (ə)- çox; əksəriyyət- çoxluq; əsas(ə)- özül, əsaslı- köklü; işarə(ə)- göstərgə; istifadə (ə)- yararlanma; müdafiə (ə)- qorunma, savunma; digər (f)- ayrı, başqa; əfv(ə)-bağışlama; sahib(ə)- yiyə; inkişaf(ə)- gəlişmə; bəli(f)- HƏ; xeyr(ə)- YOX; həmin(f)- nəyisə, kimsənisə göstərmə; həm(f)yaşıd- yaşıd; lüğət (ə)- sözlük; fikir (ə)- düşüncə; lazım (ə)- gərək; məlum (ə)- bəlli; əgər (ə)- sa, sə şəkilçiləri ilə bir arada işlənən artıq-yararsız söz; istehsal(ə)- ürətim; ixtiyar(ə)- ərk; ictimai(ə)- ellik; intihar(ə)- özünüöldürmə; tərəf(ə)daş- yandaş; tərəfindən (ə)- dilimizin özümlü quruluşunu pozan saldırğan söz; təxir(ə)ə salmaq- ertələmək; tamam(ə)- bitmə, qurtarma; tamamilə- bütünlüklə; təcili(ə)- tez, tələsik, əlüstü, çapıq; məhz (ə)- artıq-gərəksiz söz – ancaq, yalnız, tək, təkcə, ona görə də, buna görə də anlamını bildirir ; tələb (ə)- istək; təşəkkül (ə)- oluşma; təşkilat (ə)- qurum; təşkilatlanma (ə)- qurulma; təkzib(ə)-yalanlama; təzahür(ə)- görsəniş; təyinat(ə)- atama, göndərmə, qoyma;  təqsir(ə)- suç; günah(f)- suç; təklif(ə)- önərmə; cənab(ə)- sayın, sayğılı; nəsil(ə)- soy, quşaq; ( nisbət(ə)-oran; nümayiş(ə)- göstəri; nümayiş etdirmək- göstərmək; nişan(f)- bəlirti; məhsul(ə)- ürün; məna (ə)- anlam; vasitə (ə)- araç; amma, lakin (ə)- ancaq; mütəmadi (ə)- sürəkli, ardıcıl; müayinə (ə)-yoxlama, baxış; müavinət (ə)- kömək, yardım; idarə (ə)- yönətim; nümayiş (ə) etdirmək-göstərmək; tədqiqat (ə) araşdırma; tədqiq (ə) etmək- araşdırmaq; təqdir (ə) etmək- bəyənmək; dəstək (f) olmaq- yardım, yardımçılıq; tələb (ə) etmək- istəmək; sabiq (ə)- keçmiş; mövcud (ə)-var, olmaq; mövcudluq- varlıq; əlaqə (ə)- ilişki, bağlantı; müqayisə (ə)- tutuşdurma; məğlub (ə)-yenilmiş; məğlubedilməz- yenilməz; möhtəşəm(ə)- böyük, azman; müddət(ə)- sürə, sürəc; məruz(ə) qalmaq- uğramaq; mübarizə(ə)- çarpışma; mücadilə(ə)- savaş; mükafat(ə)- ödül; mübarək(ə)- qutlu; mükəmməl(ə)- yetkin, əksiksiz; məşğul(ə) olma- uğraşma; məsuliyyət(ə)-sorum; məsuliyyətli- sorumlu; müvəffəqiyyət(ə)- uğur; məsələ(ə)- sorun; möhtərəm(ə)- sayın, sayğılı; müxtəlif(ə)- qarışıq, dürlü; müəllif(ə)- yazar; müzakirə(ə)- danışma; məyus(ə)- üzgün; müttəfiq(ə)- bağlaşıq; müqavilə(ə)- bağlaşma; müdaxilə(ə)- qarışma; mütəxəssis(ə)- uzman; müşahidə(ə)- gözləm; müşahidəçi- gözləmçi; müsadirə(ə)- əlqoyma; şərik(ə)- ortaq; şey(ə)-nəsnə; iştirak(ə)- qatılma; təməl(ə)- özül; tərk(f) etmək- qoyub getmək, çıxıb getmək, atıb getmək; həm(f)rəy(ə)lik- birlik; həbs (ə) etmək- tutmaq, tutuqlamaq; müvəqqəti (ə)- keçici, ötəri; mühüm (ə)- gərəkli, başlıca; həyat (ə)- yaşam; həyata keçirmək- gerçəkləşdirmək; etibarən (ə)- dan, dən şəkilçilərinin, eləcə də başlayaraq sözünün yerində işlədilir; əvvəl (ə)- ilk, birinci, qabaq; rəğmən(ə)- qarşı, acığına, baxmayaraq, tərsinə; inşa (ə)- qurma, tikmə; inşa olunan- tikilən; inşaat- tikinti; təsis (ə)- qurma, yaratma; səbəb (ə)- nədən; ərazi (ə)- yer; xəbər (ə)- soraq; nəzər(ə) salmaq- baxmaq; daxil(ə) olmaq- girmək; təxliyə (ə)- boşaltma, köçürmə; təhlükə(ə)sizlik- güvənlik; təminat (ə)- güvəncə, qarantiya; müstəqil(ə)lik- bağımsızlıq; nöqteyi-nəzər- baxış, baxım; nümunə (f)- örnək; nəticə(ə)- sonuc; hiss (ə)- duyğu; vəziyyət (ə)- durum; şəffaf (ə)- açıq; malik (ə) var, olan, eləcə də dır, dir şəkilçilərinin yerində işlədilir; zaman(ə)- çağ; təqdir(ə)də- sa, sə şəkilçisi yerində işlədilir; vəssəlam(ə)- bitdi, qurtardı; xuda(t)hafiz(ə)- sağ ol! sağ olun!

 

Örnəklər:

– Əfv və bağışlama komissiyası (başçısı administrator-filosof  R.Mehdiyev).

– Bağışlama komissiyası.

– Terror aktı həyata keçirilib (Azadlıq qəz.)

– Terror aktı törədilib.

– Kanalın idarə olunması Robert Parsons və Yekaterina Kotrikadze tərəfindən təsis olunmuş özəl        “Key 1” MMC tərəfindən həyata keçirilir (Turan).

– Kanalın yönətimini Robert Parsonsla Yekaterina Kotrikadzenin qurduğu özəl “Key 1” MMC     gerçəkləşdirir.

– Dövlətimiz tərəfindən göstərilən qayğının bariz nümunəsidir (AzTV).

– Dövlətimizin göstərdiyi qayğının açıq (aydın, qabarıq, gözəçarpan) örnəyidir.

– Qurum tərəfindən monitorinq keçirilib (Xəzər TV).

– Qurum monitorinq keçirib.

– Fond tərəfindən kompüter verilib (İTV).

– Fond kompüter verib.

– Ötən il 20 min uşaq anaları tərəfindən doğulub (AzTV).

– “Anaları tərəfindən doğulub”. Bu yerdə böyük Sabir yada düşür: “Qah-qah, əcəb gülməlisən”… Görün dilimizi nə günə qoyurlar!

– Tərəfimizdən araşdırılır (müstəntiq).

– Araşdırırıq.

– Tərəfimizdən göstəriş verilib (DİN başçısı, baş prokuror).

– Göstəriş vermişik.

– Aksiyalar polis tərəfindən dağıdılıb (Azadlıq qəz.).

– Aksiyaları polis dağıdıb. Polis aksiyaları dağıdıb.

– MTN tərəfindən müəyyən edilmişdir (Speys).

– MTN bəlirlədib (bəlirləşdirmişdir).

– O, erməni silahlı qüvvələri tərəfindən əsir götürülüb (ANS).

– Onu erməni yaraqlı gücləri əsir götürüb.

– Məlumata görə, ticarət mərkəzinin sökülməsinə səbəb həmin ərazidə inşa olunan yeraltı keçidin inşasıdır (Azadlıq qəz.).

– Bilgiyə görə, ticarət mərkəzinin (alış-veriş yeri) sökülməsi orada yeraltı keçid tikilməsi ilə bağlıdır.

– Top meydanı tərk edir (AzTV).

– Top meydandan çıxır.

– Qalmaqda davam edir (ANS).

– Qalmaqdadır.

– Sona qədər müdafiə edəcəyəm (Azadlıq qəz.)

– Sonadək qoruyacam.

– İnsident (anlaşılmazlıq, olay, toqquşma, çəkişmə, qalmaqal. X.B.) anlaşılmazlıq nəticəsində baş verib (ATV).

– İnsident anlaşılmazlıqdan baş verib.

– Son zamanlar (Lider TV).

– Son çağlar.

– Mütəmadi siyasət yürüdür (ATV).

– Sürəkli (ardıcıl) siyasət yürüdür.

– Bura gəlməmişdən əvvəl (ATV).

– Bura gələndən qabaq (öncə).

-Bu gündən etibarən (Xəzər TV).

– Bu gündən. Bu gündən başlayarq.

– Həmin gündən (ANS).

– O gündən.

– Əvvəlcə baş xəbərlərə nəzər salaq (ANC).

– Qabaqca (öncə) baş soraqlara baxaq.

– 2012-ci ildən etibarən başlayacaq (Xəzər TV).

– 2012-ci ildən başlayacaq.

– Misir pasportu nümayiş etdirilib (ATV).

– Misir pasportu göstərilib.

– Mədəniyyət kanalı fəaliyyətə başlayır (AZTV).

– Mədəniyyət kanalı işə başlayır.

– Biletlərin əksəriyyəti internet vasitəsilə satılıb (İTV).

– Biletlərin çoxu internetlə satılıb.

– Tədqiqatlar şəffaf aparılacaq (ANS).

– Araşdırmalar açıq aparılacaq.

– Hal-hazırda təhsil alıram (AzTV).

– İndi oxuyuram. (“Oxuyuram” da demək olar).

– Hal-hazırda qonağımız Röya Ayxan olacaq (Lider TV).

– Qonağımız Röya Ayxan olacaq

– İndi hal-hazırda (ATV).

– İndi. (hal-hazırda” elə “indi; deməkdir).

– Durum daha da gərginləşəcək vəziyyətdədir (SİTM-nin direktoru M.Əhmədoğlu).

– Durum daha da gərginləşməkdədir.

– Xəzərin mövcud vəziyyəti (İTV).

– Xəzərin durumu.

– Türkiyə-“Ermənistan” sərhədi açılacağı təqdirdə… (Lider TV).

– Türkiyə-“Ermənistan” sınırı açılacaqsa… (açılarsa…)

– Çox gözəl yumor hissinə malikdir (ANS).

– Çox gözəl yumor duyğusu var.

– 183 sm boya malikdir (ATV).

– 183 sm boyu var.

– Şurada veto gücünə malikdir (Azadlıq qəz.).

– Şurada veto gücü var. (“veto gücü” yox, “veto hüququ” olmalıdır).

– Digər tərəfdən (Azadlıq qəz.).

– Başqa yandan.

– İşğal edilmiş yerlərə qayıdan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qarantiyasına   təminat yaradılmalıdır (Az. Prez. İlham Əliyev).

– Ələ keçirilmiş (işğal edilmiş) yerlərə qayıdan yurddaşlarımızın güvənliyinə qarantiya yaradılmalıdır.

– Əhali təxliyə olunub (İTV).

– Əhali köçürülüb.

– Kilsəyə daxil olaraq  (ANS).

– Kilsəyə girərək.

– Kim əgər torpaq almaq istəyirsə, zəng eləsin (Xəzər TV).

– Kim torpaq almaq istəyirsə, zəng eləsin.

– Əgər belə olarsa… (Azadlıq qəz.)

– Belə olarsa…

– Onu həmyaşıdlarından fərqləndirən (ANS).

– Onu yaşıdlarından ayıran.

– Hazırkı vəziyyət (AzTV).

– İndiki durum.

– Ərəb dilindən keçmə “və”, fars dilindən keçmə “ki” bağlayıcısının başlıca yararı dilimizi ağırlaşdırmaq, onu ərəb-fars biçiminə salmaqdır. Onlarsız, dilimiz çevik olur, gözəl görünür.

 

                                              Sözardı

Başda duranların bütünlüklə biliksizliyi, yararsızlığı üzündən bizim İNDİKİ DURUMUMUZ yalnız dil baxımından deyil, hər baxımdan acınacaqlıdır. Bu durğunluq durumundan qurtulmağın bir yolu var: İNDİKİ DURĞUNLUQ DURUMUNDAN (diktatura rejimindən!) qurtulmaq!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv